|
I FƏSİL: Fövqəladə Təhqiqat Komissiyasının
yazışmaları.
AXC və Az. SSR-in məhkəmə-istintaq
orqanlarının sənədləri.
Fövqəladə Təhqiqat Komissiyasının yaradılması
haqqında Azərbaycan Hökumətinin Qərarları
HÖKUMƏTƏ MƏRUZƏ
Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında özbaşına erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə yönəldilir. Ümumdövlət maraqları, əhalinin zərərçəkən qruplarının mənafeyi hökmən, elə bir təşkilatın yaradılması zərurətini irəli sürür ki, o, aşağıdakılarla məşğul olsun: 1. bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; 2. həmin zorakılıqların törədildiyi şəraitin müəyyən edilməsi; 3. müqəssirlərin aşkar olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləşdirilməsi; Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası1 xarakteri daşımalıdır, habelə bu komissiyanın işinin nəticələri Avropanın əsas dillərində (rus, fransız, alman, və, təbii ki, türk dillərində) elan edilməli və geniş yayılmalıdır.
Bu komissiyanın təşkilinə yubanmadan başlamaq lazımdır, çünki, bu gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan bir çox işləri - şəxslərin dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər əşyayi-dəlillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır.
Əgər Hökumət bu təkliflə razılaşırsa, onda mən xahiş edərdim ki, həmin Komissiyanın yaradılması Nazirlərdən birinə həvalə edilsin və Komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 000 rubl pul ayrılsın.
Xarici İşlər Naziri M. Hacınski2
Yelizavetpol. 15 iyul 1918-ci il
Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061,
siyahı 1, iş 95, vərəq 1 (bundan sonra: AR DA, f. s. iş. v.)
Azərbaycan Respublikası Hökumətinin
qərarlar jurnalından
ÇIXARIŞ
15 iyul 1918-ci il
Dinlənildi: Müsəlmanlara və onların əmlaklarına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasının təşkil edilməsi haqqında Xarici İşlər nazirinin məruzəsi. Qərara alındı: Xarici İşlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırılsın ki, Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasını təşkil etsin.
Əsli ilə düzdür:
Katibin köməkçisi (imza).
AR DA, f. 1061, s. 1, iş. 95, v. 2
QƏRAR
31 avqust 1918-ci il, Gəncə şəhəri.
Hökumətin 15 iyul 1918-ci il tarixli Qərarının icra olunması üçün sədr – andlı iclasçı Ələkbər bəy Xasməmmədovdan3 və aşağıdakı üzvlərdən ibarət olan tərkibdə Fövqəladə Təhqiqat Komissiyası
yaradılsın: Gəncə Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev4 və Andrey Fomiç Novatski5, həmin dairə məhkəməsinin prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski6, Gəncə Köçürmə idarəsinin üzvü Nikolay Mixayloviç Mixaylov7 və Barışdırıcı hakimlər qurultayının keçmiş Sədri, həqiqi mülki müşavir V.V.Qudvillo8 və müəllim Məmməd Cavad Axundzadə. Gündəlik maaş təyin edilsin: Komissiya Sədrinə – 60 rubl məbləğində, dövlət xidmətində olan komissiya üzvlərinə gündəlik 40 rubl, qalanlarına isə 50 rubl məbləğində. Səfərlər üzrə xərclər həqiqi qiyməti üzrə ödənilsin. Komissiyaya katib, ekspertlər və ehtiyac olan digər şəxsləri dəvət etmək imkanı verilsin.
Xarici İşlər Naziri əvəzinə F. Xoyski9
Komissiyanın Sədri: Ə.Xasməmmədov (imza).
AR DA, f. 1061, s. 1, i. 95, v. 3
Sənəd № 1
Azərbaycan Hökuməti
Ə.N.
Fövqəladə Təhqiqat Komissiyası
11 dekabr 1918-ci il
№ 12 Quba şəhəri
Təcili
Quba şəhərinin cənab Pristavına
Fövqəladə Təhqiqat Komissiyası Sizin Cənabınızdan xahiş edir ki, ümumən müsəlman əhalisinə və, o cümlədən də Quba şəhərinin və Quba qəzasının müsəlman əhalisinə qarşı heç bir zorakılıq əməli törətməmiş, erməni quldur dəstələrinin Quba şəhərinə hücumu, onun talan edilməsi və müsəlman əhalisinə qarşı zorakılıq halları haqqında məlumat verə biləcək Quba şəhərinin təxminən 15-20 nəfər daimi sakininin, habelə digər xalqların nümayəndələrindən bir neçəsinin adlarını bildirəsiniz.
Komissiyanın üzvü: Novatski (imza)
Vərəqin arxasında qeyd:
Bu yazışmanı siyahı ilə birlikdə Quba şəhərindəki Fövqəladə Təhqiqat Komissiyasına göndərirəm. Hal-hazırda Quba şəhərinin I hissəsinin ərazisində başqa dinə mənsub olanlardan kimsə yoxdur .
11 dekabr, 1918-ci il
Quba şəhərinin I hissəsinin pristavı (imza)
AR DA, f. 1061, s. 1, iş. 96, v. 3
Sənəd № 2
Quba şəhərinin hörmətli şəxslərinin siyahısı
1. Hacı İsmayıl Orucov – dindirilib
2. İsa Şıx Rəcəb oğlu – dindirilib
3. Hacı Hidayət Musayev – dindirilib
4. Məşədi İbad Bağırov – dindirilib
5. Abdul Xəlif Mustafayev – dindirilib
6. Hacı Mirqasım Miriyev – dindirilib
7. Əlihüseyn Hacı İbrahim – gəlməyib
8. Xalid Hüseynqulu oğlu – dindirilib
9. Məşədi Soltan Əsgərov – dindirilib
10. Məşədi Hüseynqulu Bağırov – dindirilib
11. Hacı Möhsün Allahverdiyev – gəlməyib
AR DA, f. 1061, s. 1, iş. 96, v. 4
Sənəd № 5
Azərbaycan Respublikası
Quba Şəhər Duması
12 dekabr 1918-ci il.
№ 204. Quba şəhəri
Təcili
Fövqəladə Təhqiqat Komissiyasının cənab üzvünə
11 dekabr tarixli və 9 №-li məktubunuzla əlaqədar Sizin
Cənabınıza aşağıdakıları bildirməklə şərəf duyuram:
1) Quba şəhərində onun Amazaspın cəza dəstəsi tərəfindən talan edilməsinə qədər hər iki cinsdən təxminən 20 min əhali və 10 minə yaxın ev var idi.
2) Quba şəhərinə hücum və onun darmadağın edilməsi 1918-ci il mayın 1-də baş vermişdir.
3) Bazar, Komendant, Bakıxanov və Bulvar küçələrində müsəlmanlara məxsus olan 2 yüzə yaxın ev və digər tikililər yandırılmış və dağıdılmışdır.
4) Yandırılmış və dağıdılmış məscidlər olmamışdır, lakin yandırmaq cəhdi edilmişdir ki, onun da qarşısı sui-qəsdin şahidi tərəfindən vaxtında alınmışdır.
5) Quba şəhərində ermənilər bütün şəhərə səpələnmiş şəkildə yaşayırdılar və onların sayı təxminən beş yüzə yaxın idi.
6) Qubanın yerli özünüidarəetmə binasında yerləşən şəhər planı idarənin binasında yanmışdır, bu səbəbdən Sizə dəqiq məlumatlar verməkdə çətinlik çəkirəm və mən bunu Sizə ifadə verilərkən təsdiq edəcəyəm.
Quba Şəhər rəisi: Əlibəyov10 (imza)
Katib: Vahabov (imza)
AR DA, f. 1061, s. 1, iş. 96, v. 1-2
Sənəd № 12
Azərbaycan Respublikası
Ə.N.
Fövqəladə Təhqiqat Komissiyası
12 dekabr 1918-ci il.
№ 15 Quba şəhəri
Təcili
Quba şəhərinin 1-ci hissəsinin Cənab Pristavına
Fövqəladə Təhqiqat Komissiyası Sizin Cənabınızdan xahiş edir ki, Quba şəhərində erməni quldur dəstələrinin Quba şəhərinə hücumu zamanı yaralananlar və şikəst edilənlərin olub-olmadığını, əgər varsa, onların adlarını və soyadlarını bildirəsiniz.
Komissiyanın üzvü: Novatski (imza)
Vərəqin arxasında qeyd: 12.XII.1918-ci il.
Bu məktubu göndərməklə Fövqəladə Təhqiqat Komissiyasına bildirirəm ki, Quba şəhərinin I hissəsinin ərazisində erməni quldurları tərəfindən yaralanan və şikəst edilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrast atırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra isə meyitləri eybəcər hala salırdılar.
12 dekabr 1918-ci il.
Quba şəhərinin 1-ci hissəsinin pristavı (imza)
AR DA, f. 1061, s. 1, iş. 96, v. 13.
Sənəd № 14
Erməni quldur dəstələrinin hücumu zamanı
Quba şəhərinin 2-ci hissəsi üzrə
yaralanan və şikəst edilənlərin
Siyahısı
1. Avraam Avşalumov
2. Nuri Raxamil
3. Rəfael İsrail Nafşal
4. Qurşum Peax
5. Zaxariya Nisim
6. Şulum İsxay
Quba şəhərinin 2-ci hissəsinin pristavı Məmmədbəyov (imza)
AR DA, f. 1061, s. 1, iş. 96, v. 21
Sənəd № 16
Baxış protokolu
22 dekabr 1918-ci il, Quba şəhəri.
Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski, şahidlər – Quba şəhər rəisi Əli Abbas bəy Əlibəyovun və Əyyub bəy Xanbudaqovun11 iştirakı ilə, erməni qoşunlarının cəza dəstəsi tərəfindən şəhər talan edilərkən Qubada yandırılmış evlərin sayının müəyyənləşdirilməsi məqsədilə Quba şəhərinin yuxarı hissəsinə baxış keçirmişdir, bu zaman fotoqraf Bağırovun vasitəsilə aşağıdakı binaların xarabalıqlarının fotoşəkli çəkilmişdir: Məmməd Əli Hüseynovun evi, Qəza İdarəsinin binası, Milli Müsəlman Komitəsinin yerləşdiyi Hacı Müslim Bağırovun evi, Hacı Məcid Məmmədovun evi və Məmməd Hüseyn Hüseynovun evi. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir:
1) Bulvar küçəsində 10 ev yandırılmışdır, onlardan ikisi müsəlmanlar İbrahim bəy Şıxlarskiyə və Məşədi Əli Hüseynova, qalan 8 ev isə ermənilərə məxsus idi. Həmin küçədə ermənilərə məxsus olan
yandırılmamış iyirmi iki ev vardır. Şahid Əlibəyovun bildirdiyinə görə, erməni evləri onların cəza dəstəsi Quba şəhərindən çıxıb gedərkən ermənilərin özləri tərəfindən yandırılmışdır.
2) Adsız küçədə aşağıdakı evlər yandırılmışdır: müsəlman Oruc Əli Əhmədovun evi, Şəhər Dumasının yerləşdiyi müsəlman Bəkir Mehrəliyevin evi, erməni Sona Xanım Ter-Qriqoryanın evi, müsəlman Səttar Məmmədyarovun evi, müsəlman Məmməd Əli Əliyevin evi, erməni Ter-Sarkisova məxsus olan Sülh şöbəsinin binası, erməni Karakoz Telmyarovun evi. Sülh şöbəsinin qarşısında həmin erməniyə məxsus yandırılmamış ev durur. Şahid Əlibəyovun bildirdiyinə görə, erməni evləri ermənilərin özləri tərəfindən Quba şəhərindən çıxıb gedərkən yandırılmışdır.
3) 2-ci adsız küçədə müsəlman Hidayət Əmirbəyova məxsus ev yandırılmışdır.
4) Bazar küçəsində aşağıda adları çəkilən müsəlmanlara məxsus olan iyirmi üç (23) ev yandırılmışdır: Qafar Orucov, Əli bəy Zizikski12, Rəcəb Orucov, (evlər) Yusif bəy Abusalambəyov, Yusif İsmayılov, İsgəndər Abdullayev, Həmid Məmmədov, Müseyib Dadaşov, Abbas Qulu Cəfərov, Hacı Kərim Orucov, Abdul Xalıq Məmmədov, Məmməd Əli Məmmədov, Səttar Məhərrəmov, Məmməd Rəhimov, Məmməd Əli Hüseynov, Hacı Müslüm Bağırov, Ağa Hüseyn Məmmədov, Bədəl Tahirov, Hacı Bala Məmmədyarov, Cəbrayıl Əfəndi Əfəndiyev, Hacı Hüseyn bəy Xəlilbəyov, Məmməd Tahirov və erməni İsay Arutyunovun evi. Elə həmin küçədə müsəlmanlara məxsus olan əlavə on bir ev yandırılmışdır: Əli Abbas Kərimovun, Yusif Hacı Kərim oğlunun, Hacı Hüseyn Qulu Məmmədovun, Hacı Baba Bağırovun, İsmayıl Hacı Cəfər oğlunun, Məmməd Tağı Tağıyevin, Məmməd Hüseyn Hüseynovun, Hüseyn Qulu Sultanovun, Əli Hüseyn Məlikovun, Hacı Mir Kazım Mir Hüseynovun və dükanları ilə birlikdə Məşədi Abbas Qulu Səmədovun evi.
5) Kiçik Qəbiristanlıq küçəsində Molla Sahib Əfəndiyevin evi yandırılmışdır.
6) Böyük Qəbiristanlıq küçəsində müsəlmanlara məxsus olan evlər və tikililər yandırılmışdır: Hüseyn Qulu Sultanovun evi və taxta körpüsü, Məşədi Məmməd Kərbəlayı Abutalıb oğlunun, Məşədi Abbas Qulu Səməd oğlunun, İsmayıl Hacı Cəfər oğlunun, Hüseyn Qulu Sultanovun və Məşədi Baba Məşədi Əhəd oğlunun.
7) Böyük Şosse və ya Xaçmaz küçəsində Hacı Məcid Məmmədovun evi yandırılmışdır.
8) 3-cü adsız küçədə Məmməd Hüseyn Hüseynovun evi yandırılmışdır.
9) Bazar küçəsində həmçinin Həmid Hüseynovun evi yandırılmışdır. Protokol bununla bitir.
Şahidlər: Quba şəhər rəisi Əlibəyov (imza)
Əyyub bəy Xanbudaqov (imza)
Komissiyanın üzvü: Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş. 96, v. 109-110.
Sənəd № 18
Azərbaycan Respublikası
D.İ.N.
Quba Qəza Rəisi
№ 918, 26 dekabr 1918-ci il. Quba şəhəri
Fövqəladə Təhqiqat Komissiyasının cənab sədrinə
Bununla Amazaspın başçılığı altında Quba qəzasına hücum etmiş erməni cəza dəstəsi tərəfindən mənə tapşırılmış qəzanın Yeni-bulaq kəndində məhəllə mollası Molla Əli Həsən Kərbəlayı Tağı oğlunun evində müsəlmanların yandırılmış müqəddəs Quran kitabını sərəncamınıza verirəm.
Quba qəza rəisi: Xoyski13 (imza).
Katib: Hüseynov (imza)
Vərəqin arxasında:
Baxış protokolu
1918-ci il, 29 dekabr, Bakı ş.
Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski şahidlərin iştirakı ilə Quba şəhərinin sakini ekspert qismində Molla Hacı Baba Axundzadə vasitəsilə müsəlman kitabının yandırılmış qalıqlarına baxış keçirdi və müəyyən olundu ki: Qalıqlar yandırılmış müqəddəs Quran və başqa bir müqəddəs kitabın qalıqlarıdır, lakin məhz hansı kitabın olduğunu müəyyən etmək mümkün deyil, həmçinin başqa Quran və Şəriət kitabının qalıqlarıdır.
Ekspert: İmza (ərəb hərfləri ilə)
Şahidlər: Ə.Xanbudaqov (imza)
Komissiyanın üzvü: Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş. 97, v. 33
Sənəd № 37
Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi
və adı çəkilən şəhərin və kəndlərin sakinləri üzərində törədilmiş
zorakılıq əməlləri haqqında
Fövqəladə Təhqiqat Komissiyasının üzvü
Novatskinin həmin Komissiyanın Cənab Sədrinə
Məruzəsi
1918-ci ilin aprel ayında, Bakı şəhəri və Bakı quberniyası bolşeviklərin əlində olan zaman, bolşevik hakimiyyətinin nümayəndəsi David Gelovani14 187 nəfərlik silahlı əsgərlərdən ibarət dəstə ilə Quba şəhərinə gəldi və özünü Quba Qəza Komissarı elan edərək, əhaliyə dərhal sovetlərin hakimiyyətini tanımağı təklif etdi. Qubalılar bu tələbi yerinə yetirdilər. Gelovani şəhərdə bolşevik idarəçiliyini tətbiq etməyə başladı. Quba müsəlmanlarının dinc əhval-ruhiyyəsini görən Gelovani həbsxanada təcrid edilmiş iki yüzədək ermənini, onlara qarşı müsəlmanlar tərəfindən heç bir təhlükə gözlənilmədiyindən əmin olaraq azad etdi.
Bir neçə gün sakit keçdi. Birdən, qubalılar üçün gözlənilmədən, ətraf kəndlərin ləzgiləri dağlar tərəfdən şəhərə yaxınlaşdılar və Gelovaniyə ya dəstəsi ilə şəhəri tərk etməyi, ya da təslim olmağı təklif etdilər. Gelovani bu təklifi rədd etdi. Ləzgilər şəhəri atəşə tutmağa başladılar. Atışma başlandı və bir neçə gün davam etdi. Gelovaninin köməyinə bir topu və pulemyotları olan əsgər dəstəsi gəldi. Bu köməyə baxmayaraq, Gelovani şəhərdən getməyə məcbur oldu. Gedərkən o, əksəriyyəti ermənilərdən ibarət olan bütün xristian əhalini zorla özü ilə apardı. Ləzgilər geri çəkilənləri təqib edir və güllə atəşinə tuturdular. Atışma zamanı Gelovaninin apardığı mülki xristian əhalidən bir neçə nəfər: ermənilər – Maqak Kasparyan, erməni ruhanisi, Aleksandr Boqdanov, Duxol Pososov, ruslardan – pravoslav ruhani, əczaçı Qolubçik, aksiz məmuru Polesnıy, meşəbəyi Abrosimov, həkim Mixels və bir çoxları öldürüldü. Bundan sonra şəhərdə həyat sakitcə öz axını ilə davam etdi. Gelovanini Qubadan getməyə məcbur etmiş ləzgilərin silahlı dəstələri öz evlərinə dağılışdılar.
Təsvir edilən hadisələrdən təxminən iki həftə sonra Quba şəhərinə xəbər çatdı ki, Bakıdan toplarla və pulemyotlarla silahlanmış böyük qoşun dəstəsi Qubaya tərəf gəlir. Sakinlərdən bəziləri, əmlakını şəhərdə qoyaraq, meşələrə qaçdı, lakin çoxları şəhərdə qaldı, belə ki, dəstə tərəfindən onları təhlükə gözlədiyini ağıllarına gətirmirdilər. 1918-ci il mayın 1-də məşhur daşnaksakan Amazaspın15 və onun köməkçisi Nikolayın başçılıq etdiyi və yalnız ermənilərdən ibarət olan adı çəkilən dəstə şəhəri mühasirəyə alaraq, onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutdular. Dəhşətli çaxnaşma və çaşqınlıq yarandı. Dəstə maneəsiz şəhərə daxil oldu. Şəhərin alınması müsəlman əhalisinin qırğını və müxtəlif cür zorakılıqlarla müşayiət olunurdu.
Ermənilər küçələrdə qabaqlarına çıxan kişiləri, qadın və uşaqları amansızlıqla öldürürdülər; evlərə soxularaq bütöv ailələri qırır, südəmər körpələrə belə rəhm etmədən onları güllələyir, ya da analarının
qucağında xəncərlə doğrayırdılar. Məsələn, bu yolla qətlə yetirilmişlər: Kərbəlayı Məmməd Tağı oğlu 14 nəfərdən ibarət ailəsi ilə birlikdə; Məhəmməd Rəsul oğlu arvadı və uç uşağından ibarət ailəsi ilə birlikdə, bu zaman onun qarnını yırtmış, uşaqlarının isə başını kəsmişlər; Hacı Dadaş Bala Qasım oğlu arvadı Məşədi Bibi Xanım və oğlu Abdul Qasım ilə birlikdə öz evlərində diri-diri yandırılmışlar; Kərbəlayı Abuzər Məstan oğlunun iki qızı – Hökümə və Büstə analarının qucağında; Məşədi Qəmbər Molla Məhəmməd Salah oğlu arvadı və bir neçə azyaşlı uşağı ilə birlikdə xəncərlə doğranmışlar.
Bundan başqa, Molla Şahbaz, Usta Məhəmməd Rəsul Bayram oğlu, Rəsul Kazım oğlu, Əbdül Tuluqçu oğlu ilə birlikdə, Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbəlayı Dadaş Bağır oğlu, Cabbar Məmməd Əli oğlu, Sahibə, Səfər Əli Məşədi Talıb oğlu, Məşədi Musa Zeynal oğlu və digərləri qətlə yetirilmişlər. Həmçinin işgəncə və təhqir halları da olmuşdur: məsələn, əsgərlər hörmətli ağsaqqallara onlar üçün müsəlman qadınların gətirilməsini əmr edirdilər. Belə əmrləri yerinə yetirilməkdən imtina etdiyinə görə Əli Paşa Kərbəlayı Məhərrəm oğlu və onun oğlu qətlə yetirilmişdi, özü də, əvvəlcə oğulun gözlərini çıxararaq, sifətini və qarnını deşərək atasının gözü qarşısında süngülərlə doğramışdılar. Ümumən, iki minə yaxın kişi, qadın və uşaq qətlə yetirilmişdir. Ermənilər, adları qohumları tərəfindən gizlədilən yüzə yaxın müsəlman qadın və qızları zorlamışlar. Müsəlmanların əmlakı qarət edilirdi. İctimai xadimlərin hesablamalarına görə, Quba şəhərində Amazaspın dəstəsi tərəfindən dörd milyon rubl nağd pul, dörd milyon yarım rubl dəyərində qızıl, qızıl əşyaları və qiymətli daşlar, iyirmi beş milyon rubl dəyərində müxtəlif mallar və ərzaq ehtiyatı ələ keçirmişdilər. Bundan əlavə, Amazaspın dəstəsi tərəfindən Quba şəhərində İbrahim bəy Şıxlarskiyə, Məşədi Əli Hüseynova, Oruc Əli Əhmədova, Bəkir Mehralıyevə, Səttar Məmmədyarova, Hidayət Əmirbəyova, Qafar Orucova, Əli bəy Zizikskiyə, Rəcəb Orucova, Yusif bəy Abusalambəyova, İsgəndər Abdullayevə və digərlərinə məxsus olan yüz beş ev və tikili yandırılmışdır. Həmçinin müsəlman müəssisələrinin yerləşdiyi evlər də yandırılmışdır. Zərərçəkənlərə yanğınlardan yüz milyon rubl məbləğində ziyan vurulmuşdur. Amazaspın dəstəsi Quba şəhərinə gələnədək dəmir yolunun hər
iki tərəfində yolboyu yerləşmiş müsəlman kəndlərinə basqın etmiş, onları yandırmış, dağıtmış, əmlakını qarət etmiş, qaçmağa macal tapmamış sakinləri, qadın və uşaqlara rəhm etmədən, qətlə yetirmişlər.
Belə hallar da olmuşdur ki, əhali öz itaətkarlıqlarını bildirmək üçün ermənilərə ağ bayraqlı elçilər göndərmişlər, lakin ermənilər onlarla hətta danışığa da getmir, elçiləri güllələyir, onları göndərən kəndləri isə darmadağın edirdilər. Məsələn, belə bir hadisə Əlixanlı cəmiyyətində baş vermişdir, burada erməni dəstəsi elçi qismində gəlmiş starşina Mirzə Məmməd Dadaş oğlunu və Gül Hüseyn Məhərrəm oğlunu öldürmüşdür. Digər oxşar hadisə Dəvəçi cəmiyyətində baş vermişdi, burada Dəvəçi Bazar və Qızıl Burun kəndlərinin sakinləri hörmətli ağsaqqallardan ibarət 15 nəfər elçini duz-çörəklə ermənilərin qarşısına göndərmişdi. Ermənilər duz-çörəyi qəbul etməmiş və onu gətirənlərin hamısını qətlə yetirmişlər. Amazaspın dəstəsi qəzəbdən hətta müsəlmanların dini hisslərinə də hörmət etmirdilər: onlar çoxlu sayda məscidlərə od vurmuş, müqəddəs Quran kitablarını isə tikətikə cırmış və yandırılmışlar. Müəyyən edilmişdir ki, Quba qəzasında Amazaspın dəstəsi ümumilikdə 12216 müsəlman kəndini yandırmış və darmadağın etmişdir, o cümlədən: Dəvəçi, Sədan, Çarxana, Dərəzarat, Zağlıcan, Əlixanlı, Eynibulaq, Ərəb Əl Məmməd, Ağasıbəyli, Kolanı, Ərəb Hamyə, Tuqay, Nardarin, Siyəzən, Rəhimli, Surə, Gülümlər, But-But, Andreyabad, Xəlillər, Qaraqaşlı, Aşağı Quşçi, Sarvan, Əmirhayım, Tura, Aygün, Cey, Qiblə-Qrız, Qara-Qurtlu, Karac, Narıncan, Xudat, Aşağı Buduq, Xaçmaz stansiyası, Yeni Xaçmaz və Köhnə Xaçmaz, Mürşüd Sübə, Əzizlər, Qaragilli, Nabur, Xasbulat, Bibişi, Babaşlı, Aşalı, Mehrəli, Bəy-Qışlaq, Canafur-Qışlaq, Küləş-Qışlaq, Yusif-Qışlaq, Quyu-Qıraği, Dendenik, Mürsəlli-Qışlaq, Çarxı, Xırda Oymaq, Qaraçaylı, Lanluk oba, Xızrı Fəriz, Ər-Qoç, Qluli, Həsən Əfəndi, Ərəb, Ərəb Sof, Qara Bağı, Çaxmaqlı, Cağatay, Qazennıye İlxı, Avaran, Xural, Çiləkir, 2-ci Xəzri, Acıaxur, Zubul, Dustahir, Okur, Böyük Muruq, Hican, Qusar, İmam Qulu, Yuxarı Zuxur, Həsən Qala, Urva, Aşagəlik, Aşağı Ləki-Xəl, Köhnə Xudat, Avxçik, Zeyxur, Kuzun, Çatkun, Gezun, Əsab, Nügədi, Amsar, Əski İqrix, Daştı Yataq, Təki, Qamış Qışlaq, Əlibəy-Qışlaq, İqrix, Anıx, Aşağı Xuç, Alpan, Digəh, Elzik, Mirzə-məmməd-kənd, Üçkün, Hacı-Qayıb-Qışlaq, Susay, Xuç-Bala, Cim, Buduk, Rustov, Yengi-Kənd, Tələbi, Çiçi, Saxub, Nudin, Zirqova, Axurça17.
Bu kəndlərin talanı zamanı 60 nəfər kişi, qadın və uşaq qətlə yetirilmiş və 5318 kişi yaralanmışdır. Amazaspın dəstəsi evləri, tikililəri, ictimai binaları dağıtmaqla və daşınan əmlakı və mal-qaranı qarət etməklə, adı çəkilən kəndlərin əhalisinə 58 121 059 rubl19 məbləğində zərər vurmuşdur. Artıq adı çəkilmiş Gelovaninin ifadələrindən görünür ki, Amazaspın dəstəsi Qubaya cəza məqsədilə, digər komissarların xəbəri və razılığı olmadan, komissar Şaumyanın20 arzusu ilə göndərilmişdir, qoşunların seçimi isə o dövrdə hərbi komissar olmuş Korqanov21 tərəfindən aparılmışdır, tərkibində yalnız “Daşnaksütün”22 partiyasına mənsub ermənilərin olduğu bu dəstə təxminən iki min nəfərdən ibarət idi,
dəstənin başına məşhur daşnaksakan Amazasp qoyulmuş, dəstənin komissarı isə Velunts adlı bir şəxs təyin edilmişdir, və bu dəstə “Cəza dəstəsi” adını almış və siyasi məqsədlər güdməmişdir. Bu faktı Amazaspın özü qubalılar qarşısında bəyanatında etiraf edirdi: “Mən erməni xalqının qəhrəmanıyam və onun mənafelərinin müdafiəçisiyəm. Mən öz Cəza dəstəm ilə buraya (Qubaya) iki həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm. Mən buraya qayda-qanun yaratmağa və sovet hakimiyyəti qurmağa yox, öldürülmüş ermənilərə görə sizdən qisas almağa göndərilmişəm. Mənə sizin və türklərin öldürdüyü bizim erməni qardaşlarımıza görə, dənizin (Xəzər) sahillərindən Şah Dağa qədər (Dağıstanda dağ) bütün müsəlmanları məhv etmək və Şirvanda (Şamaxıda)23 olduğu kimi, sizin evlərinizi yerlə yeksan etmək əmr olunmuşdu, lakin mən sizə rəhm etdim”. Amazaspın “Cəza dəstəsində” onun özündən, köməkçisi Nikolaydan və komissar Veluntsdan başqa aşağıda adı çəkilən şəxslər, Quba şəhərinin sakinləri də var idi və təsvir edilən zorakılıqlarda bunlar iştirak etmişdilər: Arutyun Ayrapetov, bərbər Cavad, Arutyunov, vətəgə sahibi Avakovun oğlu Avakov, tələbələr Əmircanovlar, tacir Mirzə Əmircanovun qardaşı oğlanları, Mirzə Əmircanovun özü, meyxana sahibi Məlikov, Quba şəhərində evi olan Qriqorinin oğlu Vartan, Arutyun, Mirzəcanın nəvəsi, Arutyun, dəyirman sahibi, Vartan Avakov, Arutyun Baba oğlu, Aleksandr Mukasyans, Tatevos Yaqub oğlu, Babacan oğlu ilə və Arutyun Karapet oğlu iki oğlu və qardaşı oğlu ilə birlikdə. Onları Quba şəhərinin aşağıda adları çəkilən sakinləri tanımışdı: şəhər rəisi Əlibəyov, Hacı İsmayıl Orucov, Hacı Hidayət Orucov, Məşədi İbad Bağırov, Məmməd Musa Məmməd Əli oğlu, Kərbəlayı Abuzər Məstan oğlu, Məşədi Hüseyn Qulu Bağırov, Məşədi Həmdulla Əliyev, Şükür Turab oğlu, Məşədi Molla Yusif mərsiyəxan, Hacı Əhməd Əli Murad oğlu və Molla Hacı Baba Axundzadə. Yuxarıda şərh edilənlər artıq adları çəkilmiş zərərçəkənlərdən savayı, Quba şəhərinin digər zərərçəkən sakinləri: Məmməd Əli
Kərbəlayı İrza Qulu oğlu, Məşədi Hüseyn Qulu Sultanov, Məşədi Sultan, Əsgərov, Məşədi Hacı Ağa Kərbəlayı Əhməd oğlu, Mir Ələkbər Mir Məmməd oğlu, Durna Məşədi Talıb qızı, Kərbəlayı Paşa Turab oğlu, İsmayıl Kərbəlayı Məmməd Tağı oğlu, Zəhra Yusif qızı, Molla Şıx Hüseyn Axundzadə, Dəvəçi kəndinin starşinası Şaban Şərkər oğlu, Sədan cəmiyyətinin starşinası Dadaş Musa oğlu, Əlixanlı cəmiyyətinin starşinası Nəcməddin İsmayıl oğlu, Tuqay cəmiyyətinin starşinası Hüseyn Əli bəy Hüseyn bəy oğlu, Siyəzən cəmiyyətinin starşinası Bala Əli Zülfüqar oğlu, Boyat cəmiyyətinin starşinası Cəlal Məşədi Məmməd Bağır oğlu, Cey cəmiyyətinin starşinası İsrafil Məmməd oğlu, Qiblə Qrız kəndinin məhəllə mollası Molla Seyfəddin Hidayət oğlu, Qaraqurdlu cəmiyyətinin starşinası Şeyda Şıxəli oğlu, Seyidlər kəndinin sakini Hacı Seyid Abdul Xəlil Hacı Seyid oğlu, Naracan kəndinin starşinası Xamməd Barat oğlu, Şollar kəndinin sakini Rəsul Xanməmməd oğlu, Aşağı Buduq kəndinin starşinası Məstan Nəsir oğlu, mülkədar Həsən bəy Şıxlarski, Susay kəndinin sakini Ulubəy Xeyirbəy oğlu, Avaran cəmiyyətinin starşinası Hacı Şeyda Nəzər Əli oğlu, Tarcan kəndinin sakini İbrahim Zaidov, Nügədi kəndinin starşinası Rüstəm Fileydan oğlu, Mahuç cəmiyyətinin starşinası Riza Səfər Əli oğlu, Nügədi kəndinin sakini Həsən Əli Hüseyn oğlu, Mahuç kəndinin sakinləri Murad Rəsul oğlu, Fətulla Cəfər oğlu, Amsar cəmiyyətinin starşinası Tacı Mustafa oğlu, Digah kəndinin sakini Ömər Şıx Kərim oğlu və Alpan kəndinin mülkədarı Bəy Bala bəy Qayıbov tərəfindən, habelə Quba şəhərinə baxış protokolu ilə və zərər çəkmiş cəmiyyətlərin tərtib etdiyi aktla təsdiq olunmuşdur.
Şərh edilənlərin əsasında hesab edirəm ki, Quba şəhərini və Quba qəzasının 122 kəndini talan etmiş Amazaspın “Cəza dəstəsinin” yuxarıda adları çəkilən iştirakçıları: Amazasp, onun köməkçisi Nikolay,
komissar Venunts, Arutyun Ayrapetov, bərbər Cavad, Avakovlar, Əmircanovlar və digərləri Cəza haqqında Qanun Məcəlləsinin 13, 129, 927, 1633, 1634, 1453 və 1607-ci maddələrində nəzərdə tutulmuş cinayətlərdə ittiham edilərək onların haqqında cinayət işi açılsın, keçmiş komissarlar Şaumyan və Korqanov haqqında isə onların ölümü ilə əlaqədar olaraq cinayət işi qaldırılmasın.
Komissiyanın üzvü: А.Novatski (imza)
AR DA, f. 1061, s. 1, iş 95, v. 5-8
Sənəd № 38
QƏRAR
1919-cu il, Noyabr. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası Bakı quberniyasının Quba şəhəri və Quba qəzasının kəndlərinin talan edilməsi və adları çəkilən şəhər və kəndlərin sakinləri üzərində zorakılıq halları haqqında işə və adı çəkilən iş üzrə adı çəkilən Komissiyanın üzvü Novatskinin məruzəsinə baxaraq və nəzərə alaraq ki, aparılmış təhqiqatın əldə etdiyi sübutlarla – deyilən məruzədə şərh edilən şahidlər və zərərçəkənlərin: Quba şəhərinin sakinləri şəhər rəisi Əlibəyovun, Hacı İsmayıl Orucovun, Hacı Hidayət Musayevin, Məşədi İbad Bağırovun, Məmməd Musa Məmməd Əli oğlunun, Kərbəlayı Abuzər Məstan oğlunun, Məşədi Hüseyn Qulu Bağırovun, Məşədi Həmidulla Əliyevin, Şükür Turab oğlunun, Məşədi Molla Yusifin, Hacı Əhməd Əli Murad oğlunun, Molla Hacı Baba Axundzadənin, Məmməd Əli Kərbəlayı İrza oğlunun, Məşədi Hacı Ağa Kərbəlayı Əhməd oğlunun, Mir Ələkbər Mir Məmməd oğlunun, Durna Məşədi Talıb qızının, Kərbəlayı Paşa Turab oğlunun, İsmayıl Kərbəlayı Məmməd Tağı oğlunun, Zəhra Yusif qızının, Molla Şıx Hüseyn Axundzadənin, Dəvəçi kəndinin starşinası Şaban Şərkar oğlunun, Sədan cəmiyyətinin starşinası Dadaş Musa oğlunun, Əlixanlı cəmiyyətinin starşinası Nəcməddin İsmayıl oğlunun, Tuqay cəmiyyətinin starşinası Hüseyn Əli bəy Hüseyn bəy oğlunun, Siyəzən cəmiyyətinin starşinası Bala Əli Zülfüqar oğlunun, Boyat cəmiyyətinin starşinası Cəlal Məşədi Məmməd Bağır oğlunun, Cey cəmiyyətinin starşinası İsrafil Məmməd oğlunun, Qiblə Qrız kəndinin məhəllə mollası Molla Seyfəddin
Hidayət oğlunun, Qaraqurdlu cəmiyyətinin starşinası Şeyda Şıxəli oğlunun, Seyidlər kəndinin sakini Hacı Seyid Abdul Xəlil Hacı Seyid oğlu, Naracan kəndinin starşinası Xamməd Barat oğlunun, Şollar kənd sakini Rəsul Xanməmməd oğlunun, Aşağı Buduq kəndinin starşinası Məstan Nəsir oğlunun, mülkədar Həsən bəy Şıxlarskinin, Susay kənd sakini Ulubəy Xeyirbəy oğlunun, Avaran cəmiyyətinin starşinası Hacı Şeyda Nəzər Əli oğlunun, Tarcan kənd sakini İbrahim Zahidovun, Nügədi kəndinin starşinası Rüstəm Fileydan oğlunun, Möhüç cəmiyyətinin starşinası Riza Səfər Əli oğlunun, Nügədi kəndinin sakini Həsən Əli Hüseyn oğlunun, Möhüç kənd sakinləri Murad Rəsul oğlunun, Fitulla Cəfər oğlunun, Amsar cəmiyyətinin starşinası Tacı Mustafa oğlunun, Digah kənd sakini Ömər Şıx Kərim oğlunun və Alpan kəndinin mülkədarı Bəy Bala bəy Qayıbovun – ifadələri ilə, habelə Quba şəhərinə baxış protokolu və zərər çəkmiş kəndlər tərəfindən tərtib edilmiş aktlarla – ermənilər: Şuşa sakinləri Amazasp, onun köməkçisi Nikolay, Quba komissarı Veluns, Quba şəhərinin sakinləri Arutyun Ayrapetov, bərbər Cavad Arutyunov, vətəgə sahibi Avakovun oğlu Avakov, tələbələr Əmircanovlar, tacir Mirzəcanovun qardaşı oğlu, tacir Mirzəcanovun özü, meyxana sahibi Melikov, Quba şəhərində evi olan Qriqorinin oğlu Vartan, Mirzəcanın nəvəsi Arutyun, dəyirman sahibi Arutyun, Vartan Avakov, Arutyun Baba oğlu, Aleksandr Mukasyans, Tatevos Yaqub oğlu, Babacan oğlu ilə birlikdə və Arutyun Karapet oğlu iki oğlu və qardaşının oğlu ilə birlikdə aşağıdakı əməllərdə kifayət qədər ifşa olunurlar: – müsəlman əhalisinə qarşı dini və tayfa düşmənçiliyindən irəli gələn niyyətlərlə öz aralarında və hələlik istintaqa məlum olmayan şəxslərlə qabaqcadan razılaşmaya əsasən hərəkət edərək müştərək qüvvələrlə odlu və soyuq silahlarla silahlanmış bir neçə min nəfərdən ibarət quldur dəstəsi yaratmışlar, müsəlman əhalisinin qırılmasını, onun əmlakının qarət edilməsini və məhv edilməsini qarşılarına məqsəd qoyaraq, 1918-ci ilin aprel ayı ərəfəsində, Bakı quberniyasının Quba şəhərinə hücum edərək onu darmadağın etmiş, iki minə yaxın kişi, qadın, və uşaqları qətlə yetirmiş, şəhər əhalisinin daşınan əmlakını qarət etmiş, şəhərin tikililərinə od vurmuş, 105-ə yaxın ev və tikilini yandırmışdır, həmin quldur dəstəsi Qubaya gedən yol boyu yerləşən müsəlman kəndlərinə də basqın etmiş, bununla da, Quba qəzasında 122 kəndi yandırmış və dağıtmış, sakinlərin bütün daşınan əmlakını qarət etmiş, qadınlara və uşaqlara rəhm etmədən, bu kəndlərin sakinlərini qətlə yetirmişdir, və buna görə Cinayət
Prosessual Məcəlləsinin 396-cı maddəsinə, Azərbaycan Respublikası Hökumətinin 21 mart 1919-cu il tarixli qərarına və Ədliyyə Nazirinin həmin ilin 25 iyun tarixli və 3066 №-li Təkliflərinə əsaslanaraq, – QƏRARA ALIR: Yuxarıda adları çəkilən Amazasp, Nikolay, komissar Velunts, Arutyun Ayrapetov, bərbər Cavad Arutyunov, vətəgə sahibi Avakovun oğlu Avakov, tələbələr Əmircanovlar, tacir Mirzə Əmircanovun qardaşı oğlanları, Mirzə Əmircanovun özü, meyxana sahibi Melikov, Qriqorinin oğlu Vartan, Mirzəcanın nəvəsi Arutyun, dəyirman sahibi Avakov, Vartan Avakov, Arutyun Baba oğlu, Aleksandr Mukasyans, Tatevos Yaqub oğlu, Babacan oğlu ilə və Arutyun Karapet oğlu iki oğlu və qardaşı oğlu ilə birlikdə, Cəza haqqında Qanun Məcəlləsinin 13, 129, 922, 927, 1630, 1633, 1634, 1453 və 1507-ci maddələri ilə ittiham edilərək, müqəssir qismində məsuliyyət cəlb edilsin.
Fövqəladə Təhqiqat Komissiyası Sədri: Ə. Xasməmmədov (imza)
Komissiya üzvləri: Mixaylov, Aleksandroviç24, Novatski (imzalar)
Qələmlə qeyd: Ələkbər Xasməmmədov (vəfat etmişdir)25
AR DA, f. 1061, s. 1, iş 95, v. 9-10.
Sənəd № 40
Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınması
münasibətilə əhaliyə bəxş edilən imtiyazlar haqqında
QANUNdan maddələr
Azərbaycan Parlamenti tərəfindən
9 aprel 1920-ci il tarixdə qəbul edilmişdir
Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınması, Azərbaycan xalqının həyatında zülm və əsarət dövrünə son qoyan, hüquq və azadlıq prinsiplərinə əsaslanan yeni dövlət quruluşunun
qəti təntənəsi şərəfinə Parlament cinayət törətmiş şəxslərin qismətini və müxtəlif vergi və rüsum ödəyənlərin vəziyyətini aşağıdakı hallarda yüngülləşdirməyi qərara alır:
…..
2. Hazırkı qanun qüvvəyə minən günədək milli ədavətdən irəli gələn məqsədlərlə cinayət əməlləri törətmiş şəxslərin hamısı təqibdən və cəzadan azad edilsin.
…..
10. Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün 15 iyul 1918-ci il tarixdə təsis edilmiş Fövqəladə Təhqiqat Komissiyasının icraatında olan bütün cinayət işlərinə həmişəlik xitam verilsin.
Parlamentin Sədri əvəzi Baş müavin: M.Y.Cəfərov26
Katib: B.Rizayev
Dəftərxana rəisi: M.Vəkilov27
AR DA, f. 895, s. 3, iş 301-17, v. 16
Sənəd № 41
А.S.S.R.
Quba şəhər - qəza İnqilab Komitəsi
7 iyul 1920-ci il
№ 2076 Quba şəhəri
14 iyul
Quba şəhər müstəntiqinə
Bununla Quba Şəhər müstəntiqinin 529, 93, 413, 529, 57, 4, 26, 55, 22, 28, 218, 69, 40, 14, 18, 11, 15, 54, 36, 45, 31, 33, 38, 41, 42, 47 saylı işlərini sərəncamınıza göndərirəm.
İnqilab komitəsinin sədri: İmza
İşlər müdiri: İmza
АR DA, f. 1061, s. 1, iş 95, v. 12
Sənəd № 42
Qərar
1920-ci il, 10 oktyabr
Birinci Quba İstintaq Komissiyası, Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi və adı çəkilən şəhərin və kəndlərin sakinlərinə qarşı törədilmiş zorakılıq halları haqqında üç cilddən ibarət olan hazırkı işə baxaraq, və 1918-ci ilin əvvəlində törədilmiş və bütün işlərdə göstərilmiş cinayət əməllərinin onları törətmiş şəxslər tərəfindən milli ədavət zəminində, yəni milli hisslərindən gələn məqsədlərlə törədildiyini, belə cinayət törətmiş şəxslərin keçmiş Azərbaycan Hökumətinin 9 fevral 1920-ci il tarixli amnistiya qanununa əsasən təqibdən və cəzadan azad edildiyini və bu amnistiyanın Az.SSR Ədliyyə Xalq Komissarlığı Kollegiyasının 1 iyun 1920-ci il tarixli Qətnaməsinə əsasən icraatda olan bütün işlərə şamil edildiyini, yuxarıda göstərilmiş 9 fevral 1920-ci il tarixli yuxarıda deyilən amnistiya qanununa və Az.SSR Ədliyyə Xalq Komissarlığı Kollegiyasının 1 iyun 1920-ci il tarixli Qətnaməsinə əsasən üç cilddən ibarət olan hazırkı işə xitam verilməli olduğunu nəzərə alaraq, İstintaq Komissiyası Qərara alır: Üç cilddən ibarət 413–1920-ci il №-li hazırkı iş 9 fevral 1920-
ci il tarixli Amnistiya qanunu əsasında xitam verilmək üçün mühüm məsələlər üzrə Quba Qəza Xalq məhkəməsinə göndərilsin.
Sədr: (İmza)
Komissiyanın üzvü: imza
AR DA, f. 1061, s. 1, iş 95, v. 13-14
Sənəd № 43
Qərar
1920-ci il 25 dekabr tarixində Quba qəzasının 3-cü İstintaq Komissiyası, hazırkı işə baxaraq və nəzərə alaraq ki, həmin işin mahiyyəti ermənilər tərəfindən 1918-ci ildə Müşkür nahiyəsi kəndlərinin talan edilməsi ilə bağlıdır və milli zəmində törədildiyindən bu növ cinayətlər üzrə işlərə Azərbaycan hökumətinin 9 fevral 1920-ci il tarixli amnistiya qanununa əsasən xitam verilməlidir, Qərara alır ki, həmin iş xətm olunmaq üçün mühüm işlər üzrə Xalq Məhkəməsinə göndərilsin.
İstintaq komitəsinin sədri: İmza
İstintaq komitəsinin üzvü: İmza
AR DA, f. 1061, s. 1, iş 97, v. 188
Sənəd № 44
Quba qəzasının Müşkür nahiyəsi üzrə
İstintaq Komissiyası
26 dekabr 1920-ci il, № 270
Mühüm işlər üzrə Xalq Məhkəməsinə
Bununla xətm olunması üçün № №36 və № 76 işləri göndəririk
İstintaq komitəsinin sədri: İmza
Katib: İmza
AR DA, f. 1061, s. 1, iş 97, v. 189
Sənəd № 45
24№-li İş üzrə ÇIXARIŞ
Quba şəhəri və qəzasının Mühüm işlər üzrə Xalq Məhkəməsinin 16 yanvar 1920-ci il qərarverici iclasında aşağıdakı tərkibdə:
Sədrlik edən xalq hakimi: X.Qayıbov
Xalq iclasçıları: Rzayev, Kazımov, Kuznetsov, Şəmsəddinov, İbrahimov, Gebekov
Katib: Mövsumov
Quba qəzasının Müşkür və Dəvəçi nahiyələrinin talan edilməsi haqqında işə baxaraq
Qərara aldı: həmin iş 9 fevral 1920-ci il qanununa əsasən xətm olunsun və arxivə verilsin.
Düzdür.
Katib: İmza
AR DA, f. 1061, s. 1, iş 97, v. 190
|