1918POGROMS.COM: Layihə haqqında
-


Layihə haqqında


İnternet sayt, 1918 – ci il ərzində erməni hərbi dəstələrinin, tarixi Azərbaycan torpaqlarında dinc azərbaycanlı-müsəlman əhaliyə qarşı bu əraziləri azərbaycanlılardan təmizləmək məqsədi ilə həyata keçirdiyi etnik təmizləmə və kütləvi qırğın əməlləri haqqında bəhs edir. Azərbaycanlılara qarşı törədilən qırğınlar, erməni millətçilərinin gələcəkdə öz dövlətlərini qura biləcəkləri ərazilərdə müsəlmanların sayını maksimal dərəcədə azaltmağa dair iri miqyaslı planlarının bir hissəsi idi.

 

Bu sənədlər Azərbaycan Demokratik Respublikası hökumətinin 15 iyul 1918 – ci ildə yaratdığı azərbaycanlı-müsəlman əhaliyə, habelə onların əmlakına qarşı bütün Zaqafqaziya hüdudlarında Birinci dünya müharibəsi başlanandan bəri törədilmiş zorakı cinayət əməllərinin araşdırılması üzrə Fövqaladə Təhqiqat Komissiyasının topladığı və tərtib etdiyi sənədlərdir. Komissiyanın sədri vəzifəsini hüquqşunas, andlı iclascı Ələkbər bəy Xasməmmədov icra edib.

 

Komissiyanın üzvləri Bakı və Gəncə şəhərlərinin, istintaq və məhkəmə orqanlarının əməkdaşlarından ibarət olub. Komissiyanın fəaliyyət dövründə (15 iyul 1918 – 1 noyabr 1919) 36 cild və 3500 vərəqdən ibarət material toplanıb. Onlardan 6 cild, 740 vərəqdən ibarət materiallar Bakı və ətraf ərazilərin azərbaycanlı əhalisinə qarşı, törədilmiş zorakılıq əməllərinə həsr olunub.

 

Diqər cildlər erməni hərbi dəstələrinin Nuxa, Şamaxı, Qarabağ, Zəngəzur, Ərəş, Cavad, Quba, Göyçay, Lənkaran, qəzalarında və Gəncə quberniyasının kəndlərində dinc əhaliyə qarşı törədilmiş cinayətlərə həsr olunub. Komissiyanın işinin nəticəsi kimi, 128 məruzə hazırlanmış və müxtəlif cinayətlərdə təqsirləndirilən 194 nəfərin barəsində cinayət işlərinin açılması qərarı verilmişdir.

 

Saytın yaradılması zamanı tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin elmi əsərlərindən geniş istifadə olunub.




Flag Counter