1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman əhalisinin kütləvi qırğını
-
 1918-ci il Quba hadisələri – Azərbaycanın müsəlman əhalisinin kütləvi qırğını planlarının tərkib hissəsi kimi

“... Fövqəladə Təhqiqat Komissiyasına bildirirəm ki, Quba şəhərinin I hissəsinin ərazisində (1) erməni quldurları tərəfindən yaralanan və şikəst edilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrast atırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra isə meyitləri eybəcər hala salırdılar”... Quba şəhər pristavının – polis idarəsi rəisinin raportundakı bu sətirlər 1918-ci ilin aprel-may aylarında Quba şəhərində və Quba qəzasını kəndlərində baş vermiş qanlı hadisələr barədə yüzlərlə şəhadətlərdən yalnız biridir. Öz polietnik tərkibi ilə seçilən, say etibarilə üstünlük təşkil edən Azərbaycan türkləri ilə yanaşı ləzgi, tat, yəhudi, rus, erməni və digər xalqların nümayəndələrinin kompakt şəkildə yaşadığı Azərbaycanın bu bölgəsinin əhalisinin “günahı” nə idi? Axı bu əyalətin müxtəlif milli-etnik və dini-sektant əhali qrupları arasında daima mehriban qonşuluq əlaqələri mövcud olmuş və uzun yüz illər ərzində qorunub saxlanılmışdı. Həmçinin, Quba şəhərinin yerli erməni əhalisinin sayı “500 nəfərdən” çox deyildi (2), fəallığı isə Bakı və Şamaxı şəhərlərinin və ya Qarabağın erməni əhalisinin fəallığı ilə müqayisəyə belə gələ bilməzdi.

Bu suala cavab verməzdən əvvəl, Quba əyalətinin tarixinə və 1918-ci ilin yazında baş vermiş qanlı faciələrə gətirib çıxaran hadisələrə nəzər salmaq münasib olardı.

* * *

Qubanın kökü orta əsrlərə gedib çıxan tarixi haqqında hələ qədim alban, ərəb, fars və türk mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının və səyahətçilərinin əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur. Tarixdə “Quba” kimi qeyd edilmiş coğrafi ərazilər – tam mərkəzdə yerləşən şəhərin adına uyğun – qədim dövrlərdən Böyük Qafqaz sıra dağlarının
şimal-şərq qollarından başlayaraq Samur-Dəvəçi çökəkliyinədək uzanıb getmişdir. Daha qədim coğrafi ad olan “Quba” toponiminin özü kifayət qədər geniş – “Xəzərətrafı əyalətlərdə, habelə Şirvan və Şimali Qafqazı əhatə etməklə, Monqolustandan Rusiyanın mərkəzi zolağınadək olan ərazilərdə” yayılmışdır. (3) Bu toponimin yaranması haqqında, o cümlədən Azərbaycanın Quba şəhərinin adı haqqında bir çox müxtəlif xarakterli və bəzən bir-birini inkar edən yozmalar mövcuddur ki, onların arasında həqiqətə daha çox uyğun olanları qeyd edək: Məkkə şəhərinin yaxınlığında Məhəmməd peyğəmbər tərəfindən tikilmiş ilk məscid Quba adlandırılmışdır. X əsrdə Azərbaycanın hakimi Ənuşirəvan tərəfindən indiki Qubanın ərazisində tikilmiş qala da “Bade-Firuz-Qubad” adlandırılmış və öz adını Sasanilər çarı I Qubadın adından götürmüşdür. “Ərəb tarixçisi əl-Məsudi (943-cü il) bunu xatırlayaraq yazırdı: “əl-Bab haqqında, Kəsra Ənuşirəvanın atası Qubad ibn Firuzun Məsqət deyilən yerdə daşdan tikilmiş şəhərə bənzər qəribə tikililər inşa etməsi haqqında ...çoxlu xəbərlər var...”. Müəllif Məsqətdən danışarkən, ehtimal ki, indiki Quba rayonunu və Firuz-abad şəhərini, öz adında onun əsasını qoymuş Sasani çarı Firuzun oğlu I Qubadın (488-531) adını qoruyub
saxlamış müasir Quba şəhərini nəzərdə tuturdu”. Bu sətirlərin müəllifi, tanınmış Azərbaycan tarixçisi Sara xanım Aşurbəyli göstərilən iki faktı birbiri il əlaqələndirərək hesab edir ki, Quba adı Xilafətin Azərbaycanı və Dağıstanı istila edərkən Mədinə yaxınlığındakı Quba şəhərindən gəlmə ərəb tayfalarının VII əsrdə özləri ilə gətirdikləri eyniadlı toponimlər sırasına daxildir. “Bu adın ərəb Xilafətinin istila etdiyi ərazidə geniş yayılma arealı, eləcə də, Quba şəhərini təsvir edən Zeynalabdin Şirvaninin (XIX əsr) aşağıdakı məlumatı bu fərziyyəni təsdiq edir: “Qədimdə ərəb tayfalarından biri Qubaya köçərək burada məskən salmışdır”. Firuz Qubada köçüb gələn ərəblər Mədinənin yaxınlığındakı şəhərin adı ilə səsləşən adı eşitdikdə, Məsqət kimi, da tanış olan Quba adı ilə adlandırmışlar. (4)


Həmçinin belə versiyalar da var ki, XII əsrdən məlum olan və indiki Azərbaycanın, habelə Şimalı Qafqazın, Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Altay əyalətinin müxtəlif ərazilərində geniş yayılmış “quba” və “quva” komponentli toponimlər hansısa bir türk etnonimini təsvir edir. Məsələn, qırğızlarda “quba” adı ilə məşhur olan tayfanın qıpçaqlardan əmələ gəldiyi hesab olunur. (5)


XII əsrdən etibarən Quba adına artıq bir çox ərəb mənbələrində rast gəlinir: ərəb alimi Həməvinin (XIII əsr) coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında “Kubba” adı da xatırlanır, XVI əsr səfəvi arxiv mənbələrində “Qubba” əyaləti haqqında bir çox məlumat vardır, digər qaynaqlarda isə şəhərin adı “Qübbə” kimi çəkilir. Artıq qəbul edilmiş faktdır ki, müasir Qubanın bünövrəsi XIV əsrdə qoyulmuşdur. “Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn Keyqubadın (h.774 (1373-cü il) Quba yaxınlığında gözəl türbəsini gördüyünü xəbər verir ki, bu da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə qəsəbə və ya şəhər olduğunu fərz etməyə imkan verir. XVI əsrə aid daha sonrakı mənbədə yerli sakinlərin dilindən xəbər verilir ki, “dağın yamacında olan Quba qalası çoxdan dağılmışdır. Həmin vaxt (1582-ci il - S.A.) Quba çoxlu kəndi əhatə edən nahiyənin adı idi”. Beləliklə, Quba adı XVI əsrədək gəlib çıxmışdır. Bu dövrdə Quba adı altında nahiyə mövcud olmuş, qala isə dağılmışdı”. (6) Quba şəhəri-qalası və ya Quba nahiyəsi yarandığı dövrdən başlayaraq Şirvan adlı geniş ərazilərdə yerləşən və Azərbaycanın orta əsr böyük feodal dövlətlərindən biri olan Şirvanşahlar dövlətinin torpaqlarına daxil olmuşdur. Orta əsr mənbələrində Şirvan və ya Şarvan adı altında Kür çayından şərqə doğru, Xəzər dənizinin qərb sahillərini əhatə edən və qədim Qafqaz Albaniyasının və ya ilk orta əsrlər Aranın tərkib hissəsi olan ərazilər nəzərdə tutulurdu. Şirvan əyalətinin sərhədləri orta əsrlər boyu müxtəlif siyasi hadisələr və işğallar nəticəsində ölkənin inzibati bölgüsünün dəyişdirilməsi nəticəsində dəfələrlə dəyişikliklərə uğramışdır. Bəzi dövrlərdə Şirvanın bir hissəsi Atropatenanın tərkibinə daxil olmuş, onun şimal sərhədləri isə uzun müddət Cənubi Dağıstanın şəhər və kəndlərinə qədər uzanmışdır. (7) Təsadüf deyil ki, “Quba” adı həmçinin orta əsr Azərbaycanının məşhur ticarət və mədəniyyət mərkəzi olan Şirvanın paytaxtı – “Quba-Şirvan xalçalarını almaq üçün dünyanın hər yerindən insanların axışıb gəldiyi” Şamaxı şəhəri haqqında yazılan mənbələrdə də xatırladılır. (8) Quba nahiyəsinin əhalisinə gəldikdə isə qeyd edilməlidir ki, uzun minilliklər boyu
Şirvan torpağı bir-birini əvəz edən qafqazdilli, irandilli və türkdilli tayfalar arasında rəngarəng əlaqələr və təmas meydanı olmuşdur. Bu yalnız yazılı mənbələrlə deyil, həm də arxeoloji və toponimik məlumatlarla da təsdiq edilir. Şirvanın qafqaz, iran və türk mənşəli qədim əhalisindən əlavə, burada VII-IX əsrlərdən başlayaraq ərəblər də yaşamışdır. “Mənbələr və toponimik məlumatlar göstərir ki, Qafqaz, irandilli və türkdilli tayfalardan ibarət yerli əhali eramızın əvvəlindən etibarən köçəri türklərlə intensiv surətdə qaynayıb-qarışmışdır. Türk tayfalarının burada dərin kök salması Azərbaycan xalqının etnogenezində mühüm komponentlərindən biri olmuşdur.

Azərbaycanda məskunlaşmış ərəb tayfaları yerli əhali ilə qaynayıbqarışmış, dilləri aradan çıxmış, onun izləri yalnız toponimikada və məhəlli leksikada qalmışdılar. Bu, ərəb istilasınadək Azərbaycanda türk və İran ünsürlərinin davamlı və sabit olduğunu göstərir”. (9) Artıq XVI – XVIII əsrlərdə Azərbaycanın etnik mozaikasının nəzərə çarpan hissəsini Türkiyədən Azərbaycana yeni kürd tayfalarının köçməsi, habelə digər kürd tayfalarının Cənubi Azərbaycandan Şimali Azərbaycana ölkədaxili yerdəyişməsi təşkil etmişdir. (10)

Şirvanın şəhərləri və digər yaşayış nahiyələri Səfəvi İranı ilə Sultan Türkiyəsi arasında müharibələrin faciəvi və dağıdıcı nəticələrini müntəzəm olaraq öz üzərilərində hiss etmişlər. Belə ki, XVI əsrdə osmanlılarla səfəvilər arasında artıq 6-cı müharibə nəticəsində, türklər, 1578-ci ildə Şirvanı ələ keçirərək, onu 2 əyalətə – Böyük və Kiçik Şirvana bölmüşlər. Quba 3-cü inzibati sancaq qismində, mərkəzi Dərbənd şəhəri olmaqla, Kiçik Şirvanın tərkibinə daxil edilmişdir. (11) Mənbələrdən göründüyü kimi, qubalılar səfəvilərin tərəfində vuruşsalar da, qızılbaş hökmdarlarının hakimiyyətindən, xüsusilə də Şah sarayının yerli məmurlarından və hərbi nümayəndələrindən heç də razı deyildilər. (12)

“Azərbaycanın demək olar ki, bütün ərazisinin, cənub-şərq küncü istisna olmaqla, osmanlılar tərəfindən müntəzəm olaraq tutulmasına və hətta uzunmüddətli işğalına baxmayaraq, bununla belə, Azərbaycan bu dövrdə də artıq İranın Səfəvi dövləti sistemində özünün inzibati baxımdan xüsusi mövqeyini itirməmişdi... 1593-cü ildən etibarən, Azərbaycanın qızılbaşların əlində qalan əyalətləri: Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Talış, Qızılağac və Lənkəran – Qızılüzən və Kür çaylarının arasında olan geniş ərazilər – vahid “Azərbaycan” bəylərbəyliyində birləşdilər. Bu bəylərbəyliyin başında bir-birini əvəz edən Fərhad xan və Zülfüqar xan Qaramanlı qardaşları dururdu. Bəylərbəyliyin 1595-ci ilədək sayı 10 minə çatdırılmış silahlı qüvvələri (atlı və piyada) “Azərbaycan qoşunları” adlandırılırdı. (13) Sultan Türkiyəsinin Səfəvi dövlətinə müntəzəm həmlələri, müharibələr zamanı
türk qoşunlarının ilk növbədə Cənubi Qafqaz və Azərbaycan ərazilərinə hücumu Səfəvi dövlətinin paytaxtının əvvəlcə Təbrizdən Qəzvinə (1548-ci il), sonra isə İsfahana köçürülməsinin yeganə və həlledici səbəbi olmuşdur ki, bunun da nəticəsində Azərbaycan Səfəvi dövlətinin mərkəzi və ya paytaxt əyaləti olması kimi əvvəlki əhəmiyyətini itirmişdir”. (14) Bu hadisə həmçinin ona səbəb olmuşdur ki, dövlətin mərkəzindən şimala təcrid olunmaqla Azərbaycan bilavasitə İran ərazisindən daha çox ayrılmışdır. Bu isə, öz növbəsində “Azərbaycan xalqının öz əzəli tarixi torpaqlarında ərazi baxımdan sabitləşməsinə müəyyən mənada şərait yaratmışdır ki, bu da dilin bütövlüyü ilə yanaşı istənilən xalqın formalaşması üçün ikinci vacib şərtdir”. (15)


1638-ci ildə İran ilə Türkiyə arasında bağlanan müqavilə bu iki ölkə arasında 80 ildən artıq davam etmiş (1639-1723) sülh münasibətlərinin qurulmasının başlanğıcını qoymuşdur. Bütün bu dövrdə Azərbaycan, İranın şimali-qərb ucqarlarını təşkil etməklə, İranın hakimiyyəti altında qalsa da, bununla belə bütöv inzibati vahid idi. Belə ki, Azərbaycanın yalnız
Qızılüzən çayının yuxarı sərhədlərindən Böyük Qafqaz silsiləsinədək olan bütün torpaqlarını deyil, həm də Şərqi Ermənistanın bir hissəsinin daxil olduğu ərazini təşkil edirdi. Bütün bu dövr ərzində “Azərbaycan” anlayışı hüdudlarına dörd bəylərbəylik daxil idi: Təbriz – Araz çayından cənuba doğru Azərbaycanın bütün ərazilərindən başqa Talış və Muğanı əhatə edirdi; Şirvan – mərkəzi Şamaxı olmaqla, Kür çayından şimala doğru Dərbəndi də əhatə edən bütün ərazilər; Qarabağ – mərkəzi Gəncə olmaqla, Kür və Araz çaylararası bütün torpaqlardan Ağstafa və Ordubadadək əraziləri əhatə edirdi; Bununla bərabər Azərbaycan bəylərbəyliyinin tərkibinə “bu dövrdə əhalisinin çox hissəsini azərbaycanlıların təşkil etdiyi Çuxursaad bəylərbəyliyi adlı Şərqi Ermənistan da daxil idi”. (16)

Beləliklə, həmin dövrdə "Azərbaycan” anlayışı Talış və Kaspiana ilə birlikdə tarixi Atropatenanı, habelə Qafqaz Albaniyasının torpaqlarını tam şəkildə əhatə edirdi.

Qeyd etmək lazımdır ki, bəylərbəyi vəzifəsinin irsi olmadığına baxmayaraq, faktiki olaraq bu vəzifəyə kübar feodal tayfalarının yaxın çevrəsindən olan azərbaycanlılar təyin edilirdilər. Məsələn, Təbrizin və bütün Cənubi Azərbaycanın hökmdarları Pornaklar nəslinə aid idilər (Pirbudaq xan, Şahbəndə xan, II Pirbudaq xan, Rüstəm xan və digərləri). Qarabağın bəylərbəyi qismində Gəncəyə adətən Qacarlar nəslinin eyni köklü nümayəndələri təyin edilirdi (Ziyad oğlu Qacar, Məhəmməd Qulu xan Qacar). Şirvanın bəylərbəyi Keyxosrov özünün demək olar ki, müstəqil fəaliyyəti ilə seçilirdi. Rusiyanın İrandakı diplomatik nümayəndəsi (1717 – 1719-cu illər) A.P.Volınski artıq həmin dövrdə Şirvanı İrandan fərqləndirərək göstərirdi ki, “Şirvan hakimləri... şah xəzinəsinə özlərinin istədikləri qədər (...) göndərirlər”. (17) Təxminən həmin illərdə Muğanda da “şah hakimiyyəti tanınmırdı”. (18)

Bütün bunlar özlüyündə Azərbaycan torpaqlarının İran dövlətindən ayrılması prosesinin “müqəddiməsi” kimi qiymətləndirilə bilərdi. XVII əsrin sonlarından başlayaraq İsfahanda mərkəzi hakimiyyətin zəifləməsi ilə yanaşı həddən artıq güclü iqtisadi tənəzzül keçirən İran dövlətinin “ucqarlarla əlaqələrinin itirilməsi” isə bu prosesi gücləndirən amillərdən biri idi. (19)
Artıq XVIII əsrin əvvəllərində mərkəzi əvvəlcə Xudatda, sonra isə Qubada olan Quba xanlığının yaranması faktı deyilənlərin daha bir təsdiqidir.

* * *

Quba xanlığının sözün həqiqi mənasında əsasını Hüseyn Əli xan qoymuşdur (1722-1758-ci illər), Quba xanlarının əcdadı isə Dağıstanın tanınmış Qaytaq usmilərinin (hökmdarlarının) nəslindən olan I Hüseyn hesab edilir. Qaytaq tayfalarının iki qolu arasında qanlı ixtilaf zamanı sağ qalmış və sonradan İsfahana köçmüş I Hüseyn burada tanınmış Qacar nəslindən
olan zəngin zadəganın qızı ilə evlənmiş və bu nikahdan oğlu Əhməd – Quba xanlığının gələcək məşhur hökmdarı Fətəli xanın babası doğulmuşdur. I Hüseyn igidliyinə və alicənablığına görə səfəvi Süleyman Şah tərəfindən Qubada və Salyanda xan təyin edilmişdir. I Hüseyn Qubaya gəldikdən sonra Xudatda qala tikdirmiş, bağlar saldırmış, Xudatı özünün iqamətgahı etmiş və bu vilayəti 1680 – 1689-cu illərdə idarə etmişdir. I Hüseynin, habelə onun oğullarının və nəvələrinin 1718-ci ilədək (Sultan Əhməd Xan öldürülənədək) olan hakimiyyət dövrü əsasən Quba hökmdarlarının öz irsi mülklərini – Başlı şəhərini qaytarmaq məqsədilə Qaytaq usmiləri ilə apardıqları müharibələrlə yadda qalmışdır. Həmçinin belə bir rəvayət mövcuddur ki, I Hüseyn İsfahanda olarkən şiəliyi qəbul etmişdir ki, bu da onun bütün gələcək nəsli tan Əhməd (I Hüseynin nəvəsi) öldürülmüş, Sultan Əhmədin azyaşlı oğlu
Hüseyn Əli isə qohumları tərəfindən xilas edilərək, Axtıya aparılmışdır. 1718 - 1822-ci illərdə Qubada hakimiyyət Şirvanın Şamaxı şəhərini ələ keçirmiş iki feodal – Qazıqumıklı Surxay xan ilə Müşkürlü Molla Hacı Davud arasında bölüşdürülmüşdür.

Bu vaxt İran da təlatümlü günlərini yaşayırdı. 1721-ci ildə Mahmud xanın başçılığı ilə üsyan qaldıran əfqan-gilzay tayfaları 1722-ci ildə Hüseyn şahı devirməyə müvəffəq oldular. Lakin İranın əfqanlara tabe olmayan üç şimal əyaləti – Gilan, Mazandaran və Cənubi Azərbaycan Hüseynin oğlunu, Azərbaycan şəhəri Ərdəbildə oturmuş II Təhmasibi şah elan etdilər.
XVII əsrin sonunda – XVIII əsrin əvvəlində Azərbaycan torpaqları artıq Rusiya dövlətinin diqqət mərkəzinə düşdü. Belə ki, I Pyotrun çarlıq etdiyi dövrdə əhəmiyyətli dərəcədə güclənmiş Rusiyanın Qafqazın cənub ərazilərində, xüsusilə də Azərbaycanda bol olan xammal mənbələrinə ehtiyacı var idi. Xəzər sahilinin ələ keçirilməsi, Qafqaza, daha sonra isə Orta Asiyaya doğru irəliləmək yolunda əhəmiyyətli addım kimi Rusiya imperatorunun əsas strateji məqsədi olur. 1722-ci ilin yazında I Pyotr böyük qoşunla Həştərxana doğru yürüş etdi, 1723-cü il yayın əvvəlində rus qoşunları Dərbəndi tutdu, 17 iyulda isə rus hərbi gəmiləri Bakı buxtasına daxil oldular. 1723-cü ilin sentyabrında II Şah Təhmasib Rusiya ilə müqavilə bağladı və bu müqaviləyə əsasən əfqanlara qarşı mübarizədə ona vəd olunan yardıma görə Dərbənddən Astrabada qədər, yarımmüstəqil Quba xanlığının ərazilərinin də daxil olduğu, Xəzərin sahilyanı torpaqlarını Rusiyaya güzəştə getdi. Həmin vaxt Qubanı (Şirvanın tərkibində) ələ keçirmiş Surxay xan və Hacı Davud isə öz üzərilərində 1723-cü ildə İran ilə müharibəyə başlayan Sultan Türkiyəsinin hakimiyyətini tanıdılar.

Xəzəryanı ərazilərdə Rusiya dövlətinin uğurlarından narahat olan Osmanlı imperiyası öz qoşunlarını Cənubi Qafqaz ərazilərinə göndərdi və 1724-cü ildə İrəvanı, sonra isə Həmədan şəhərini ələ keçirdi. 1724-cü ilin 23 aprelində Türkiyə ilə Rusiya arasında Konstantinopol müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən Türkiyə Xəzəryanı torpaqları Rusiyanın ərazisi kimi tanıdı, Rusiya isə Türkiyənin qərbi İranı işğal etməsinə öz razılığını verdi. 1725-ci ilin avqustunda türklər Gəncəni, sonra Təbrizi, payızda isə Ərdəbili və Qəzvini tutdular. 1727-ci ildə Türkiyə İsfahanda taxtı ələ keçirmiş Əşrəf ilə müqavilə bağladı. Bu müqaviləyə əsasən Türkiyə yalnız Rusiya ilə bağladığı Konstantinopol müqaviləsində nəzərdə tutulmuş bütün torpaqlara deyil, həm də Zəncan, Qəzvin, Sultaniyyə, Təbriz və hətta Xuzistana sahib oldu. Beləliklə, Rusiyanın himayəsi altında qalan Quba xanlığının da daxil olduğu Xəzəryanı torpaqlar istisna olmaqla, Azərbaycanın demək olar ki, bütün ərazisi yenidən Sultan Türkiyəsinin əlinə keçdi. 1726-cı ildə Rusiya dövləti Quba xanlarının varislik hüquqlarını tanıyaraq, Rusiyaya sədaqət andı (həmçinin şiə) ilə Qaytaq usmiləri – ənənəvi sünnilər arasında çəkişmələrə səbəb olmuşdur. (20) Bu müharibələr, bir qayda olaraq gah bu, gah digər
tərəfin qələbəsi ilə bitsə də, nəticədə Əhməd xan (I Hüseynin oğlu) və Suliçmiş gənc Hüseyn Əli Xanı (Sultan Əhmədin oğlunu) Qubanın hökmdarı təyin etdi. (21) Belə bir ehtimal da mövcuddur ki, bu hadisə 1726-cı ildə deyil, 4 il əvvəl, 12 yaşlı Hüseyn Əlini Quba xanı təyin etmiş və sonra bu təyinatı təsdiq etmiş I Pyotrun özünün iştirakı ilə baş vermişdir. (22) Rus
mənbələrinin göstərdiyi kimi, Quba xanı öz əməllərində kifayət qədər müstəqil idi, Rusiya xəzinəsinə vergi (xərac) vermirdi və öz üzərinə yalnız tələb olunan vaxt öz təbəələri ilə birlikdə hərbi əməliyyatlarda iştirak etmək - təbii ki rus qoşunlarının tərəfindən - öhdəliyi götürmüşdü. (23)

Quba xanlığının tarixinin bundan sonra necə təşəkkül tapacağı təbii ki, məlum deyildi, lakin təsvir olunan həmin hadisələrin gedişi zamanı qonşu İranın siyasi səhnəsində yeni bir şəxs olan fəal və istedadlı sərkərdə Nadir Qulu, “Azərbaycanda Səfəvilər dövründə başlanmış xanlıqların yaranma və formalaşma prosesini bir qədər ləngitmiş” (24) gələcək Nadir Şah Əfşar peyda olur. Onilliklərlə döyüşlərdən sonra Nadir şah Rusiya və Türkiyə tərəfindən zəbt edilmiş torpaqları geri, İranın nəzarətinə qaytara bildi. 1732-ci və 1735- ci illərdə Nadir Rusiya ilə sülh müqaviləsi bağladı və həmin müqaviləyə əsasən Rusiya öz qoşunlarını Azərbaycanın Xəzəryanı torpaqlarından çıxardı. 1734-cü ildə Nadir ona müqavimət göstərdiyinə görə Şamaxını tamamilə dağıtdı, şəhərin əhalisini isə Ağsuya – Yeni Şamaxıya köçürdü. 1736-cı ildə o, Türkiyə ilə sülh müqaviləsi bağladı və həmin müqavilə əsasında Türkiyə 1722-ci ilədək İrana məxsus olan bütün əraziləri geri qaytardı. Elə həmin 1736-cı ilin lap əvvəllərində (yanvar-mart aylarında) Nadir Muğanda “qabaqcadan seçilmiş tərkibdə” qurultay çağırdı və “şah seçildi”. Bu “seçki” ilə razılaşmayan Qarabağ bəylərbəyi Uğurlu xan Qacar“ bir qədər sonra öz torpaqlarının üçdə iki hissəsini itirdi”. (25) Muğanda qurultayın çağırılması
və ondan sonra baş verən hadisələr, o cümlədən müstəqil Car-Balakən cəmiyyətlərinə və Dağıstana qarşı cəza yürüşləri (1741-1743-cü illər), Türkiyə ilə üçillik müharibə (1743-1746-cı illər), Xəzər dənizində donanma yaratmaq cəhdi və sairlər göstərir ki, Nadir şahın hakimiyyəti illərində (1736-1747-ci illər) siyasi hadisələrin mərkəzi yenə də Azərbaycan ərazisi olmuşdur. “Bütün bunlar Azərbaycanın əhalisi üçün yaxşı heç nə vəd etmirdi. Əksinə, onun ərazisi itaət etməyən dağlılarla mübarizədə Nadir tərəfindən Dağıstana göndərilən cəza ekspedisiyalarının tapdağı altında qalan çöllərə, habelə Azərbaycanın özündə, əsasən də Şirvanda üsyançılara qarşı döyüş meydanına çevrilmişdi”. (26)

Şirvan hakimlərindən fərqli olaraq, mövcud feodal özbaşınalığı şəraitində, İranın və Türkiyənin siyasi ambisiyaları və Rusiyanın işğalçı planları qarşısında daha təmkinli siyasət aparan Qubalı Hüseyn Əli xan bu zaman heç kimlə münasibətləri korlamamağı üstün tutur və Rusiyaya olduğu kimi İrana da dostluq münasibəti göstərir və bunun müqabilində mükafatlandırılır: Nadir Azərbaycana ilk yürüşündə Salyanın idarə edilməsini Hüseyn Əli xana həvalə edir. Lakin tezliklə Salyan yenidən Hüseyn Əli xanın əlindən alınır və Nadir şah ona “yalnız Qubanı idarə etməyi” tapşırır. (27)

Bu dövr Quba əhalisi sənətkarlıqla və ticarətlə məşğul olan kiçik bir şəhər idi. Akademik İ. Beryozinin fikrincə “böyük Qubanın” yaranmasına səbəb Xudat şəhərinin inzibati mərkəz kimi öz əhəmiyyətini itirməsi və 1735-ci ildə xanlığın paytaxtının Qubaya köçürülməsi olmuşdur ki, bundan sonra Xudat əhalisinin çox hissəsi də Quba şəhərinə köçmüşdür. Paytaxtın
köçürülməsinin 1747-ci və ya 1748-ci ildə baş verdiyi barədə digər fərziyyələr də mövcuddur. (28) Beləliklə, Quba şəhəri 1735-ci ildə Hüseyn Əli xanın dövründə eyni adlı xanlığın paytaxtı olur. Xanlığın tərkibinə əhalisi əkinçiliklə, bağçılıqla və heyvandarlıqla məşğul olan yüzlərlə kiçik kəndlər də daxil idi. Quba xanlığının özündə nisbi siyasi sabitliyə baxmayaraq, 1740-cı illərdə onunla qonşu olan ərazilərdə – Şirvanda, Dağıstanda, Qarabağda, Şəkidə Nadir şahın qoşunları ilə hələ də mərkəzi İran hakimiyyətinə tabe olmaq istəməyən yerli hakimlərin silahlı qüvvələri arasında hərbi əməliyyatlar bitmirdi. 1743-cü ildə Şirvan ərazisində şah İranına qarşı xalq üsyanı başlandı. Üsyan yalnız Nadir şahın artilleriyasının tətbiqi sayəsində yatırıldı və bunun da nəticəsi olaraq üsyanın mərkəzi Yeni Şamaxı – Ağsu şəhəri tutuldu. Elə həmin ilin noyabrında Nadir şah 15 minlik qoşunla Hacı Çələbi
xanın rəhbərliyi altında üsyan etmiş şəkililərə qarşı yürüş etdi. Yalnız iki illik mübarizə və Şəki şəhərinin (Gələsən-Görəsən qalasının) mühasirəsindən sonra, 1745-ci ilin fevralında Çələbi xan Nadirin hakimiyyətini tanımağa məcbur oldu. Lakin bütün bu hərbi yürüşlər İran dövlətinin özü üçün də iz buraxmadan keçmirdi. Nadir şahın hakimiyyətinin son illərində onun dövləti kəskin surətdə yoxsullaşmışdı. Vəsaitlərə ciddi ehtiyacı olan Nadir şah birbirinin ardınca yeni fövqəladə vergilər haqqında sərəncamlar verməyə başladı ki, bu da rejimə qarşı silahlı üsyanlar üçün bir təkan oldu və nəticədə “xəracın ağırlığı ucbatından həm Gəncə, həm Samux, həm İrəvan, həm də Aranın digər şəhərləri və təbəələri ondan ayrıldılar”. (29)

Beləliklə, Nadir şah hələ sağ ikən Azərbaycanın bu və ya digər əyalətlərinin mərkəzi hakimiyyətə tabeçiliyi sona yetdi və İrandan asılı olmayan gələcək Azərbaycan xanlıqlarının əsası qoyulmağa başladı. Bu prosesin Nadir şahın ölümündən (19 iyun 1747-ci il) sonra güclənməsi uzunsürən İran hökmranlığının ləğv edilməsinə və on beş xanlığın yaranmasına gətirib çıxardı: «... XVIII əsrin ortalarında artıq Azərbaycanın bütün ərazisində kiçik, lakin faktiki olaraq İranın mərkəzi şah hakimiyyətindən asılı olmayan 17 xanlıq yaranmışdı. Onların hamısı şimalda İranın öz sərhədlərindən Böyük Qafqaz sıra dağlarınadək, qərbdə Sultan Türkiyəsinin, Ermənistanın və Şərqi Gürcüstanın sərhədlərinə, Xəzərin sahillərinədək Azərbaycanın tarixi torpaqları hüdudunda yerləşirdi. ...Bütün bu xanlıqlar, bir qayda olaraq, ayrıayrı tayfa nəsillərinə başçılıq edən Azərbaycan feodallarının kübar nəsillərin nümayəndələri tərəfindən yaradılmışdı”. (30) Qeyd etmək lazımdır ki, Azərbaycan xanlıqlarının yaranmasını uğurlu edən amillərdən biri də İran taxtı uğrunda Nadir şahın varisləri arasında başlamış və demək olar ki, 10 il davam etmiş (1748-1758-ci illər) mübarizə olmuşdur.


Beləliklə, XVIII əsrin ortalarından etibarən Azərbaycanın tarixində, “siyasi cəhətdən bir sıra müstəqil və yarımmüstəqil xanlıqlara parçalanaraq, siyasi səhnədə vahid dövlət kimi çıxış etməsə də”, çox mühüm dövr - ölkənin müstəqillik əldə etdiyi bir dövr başlayır. (31) Bu bir neçə onilliyi əhatə edən mərhələ (yarım əsrdən çox) həm də Azərbaycan xanlıqlarının - Şəki, Qarabağ, Quba, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Dərbənd, Təbriz, Sərab, Ərdəbil, Xoy, Urmiya, Qaradağ, Talış, Marağa və Makunun dövlətçilik funksiyalarını yerinə
yetirməsi dövrü də hesab edilə bilər. Bu dövr daha kiçik dövlət cəmiyyətləri kimi Qutqaşen, Qəbələ, Ərəş, Qazax, Şəmşədil, İlisu sultanlıqları yaranmışdı. İlisudan şimal-qərbdə Car-Balakən cəmiyyətləri yerləşirdi. Bununla belə, XVIII əsrin ikinci yarısında Azərbaycanda vahid iqtisadi mərkəzin olmaması, ayrı-ayrı əyalətlərin kifayət qədər qapalı şəkildə
dolanması, yerli feodalların – xanların, sultanların, məliklərin, bəylərin çox hissəsinin yalnız öz şəxsi müstəqilliyinin qayğısına qalması və feodal parçalanmanın saxlanılmasında maraqlı olması ölkənin birləşməsinə və mərkəzləşdirilmiş hakimiyyətin yaradılmasına ciddi şəkildə əngəl törədirdi. Azərbaycanın demək olar ki, bütün xanlıqlarının tarixi fasiləsiz müharibələr
və saray çevrilişləri ilə zəngindir. Bu dövrdə Urmiya, Şəki, Qarabağ, Quba, Xoy daha qüdrətli xanlıqlar olmuşlar. Təsadüf deyil ki, bu xanlıqların başçılarının sırasından Azərbaycanı öz hakimiyyəti altında birləşdirməyə səy edən çox güclü şəxsiyyətlər çıxmışdır ki, bu da XVIII əsrin ikinci yarısında Azərbaycanın siyasi həyatında son dərəcə mühüm hadisə olmuşdur. Belə tanınmış siyasi xadimlərdən cənubda Urmiya xanlığının əsasını qoyan Fətəli xan Əfşar, şimalda isə Fətəli xan Qubalı olmuşdur (1736-1789).

Azərbaycanın tarixində məhz Hüseyn Əli xanın oğlu, atasının ölümündən sonra hakimiyyətə gəlmiş Fətəli xanın hakimiyyəti dövründə (1758-1789) Quba xanlığının rolu və əhəmiyyəti kəskin surətdə yüksəlmişdir. 1760-1780-ci illərdə Fətəli xan on ildən artıq bir müddətdə (1757-1768) göstərdiyi səylərdən sonra Azərbaycanın şimal-şərq torpaqlarını – Salyan sultanlığını, Dərbənd, Bakı və Şamaxı xanlıqlarını öz torpaqlarına birləşdirə bilir. Tezliklə Şəki xanlığı da Quba xanlığından asılı vəziyyətə düşür. XVIII əsrin 60-cı illərində Azərbaycan torpaqlarının böyük hissəsini bir dövlət hüdudlarında cəm edən Quba xanlığı ən qüdrətli xanlıqlardan birinə çevrilir. Belə ki, həmin dövr Quba xanlığının sərhədləri cənubda Talış xanlığı, qərbdə Şəki xanlığı, cənub-qərbdə isə Qarabağ xanlığı ilə həmsərhəd idi. (32)

Lakin şimal-şərqi Azərbaycan torpaqlarının siyasi birliyinin bərpa edilməsi təkcə Fətəli xanın bilavasitə rəqiblərini – Qaraqaytaq usmisi Əmir Həmzəni, Şamaxıdan Ağası xanı, Qarabağdan İbrahim xanı və Kartli-Kaxetiyanın çarı II İraklini deyil, həm də 1763-cü ildə öz rəqibləri üzərində qələbə çalaraq İranı yenidən birləşdirmiş, təmiz fars sülaləsi olan Zəndlərin nümayəndəsi Kərim xan Zəndin şəxsində İranın mərkəzi şah hakimiyyətini də narahat edirdi. Mənbələrdən göründüyü kimi, Kərim xan Zənd Gilan xanı Hidayət xanın vasitəsilə “öz elçilərini Fətəli xanın yanına göndərmiş və ona, Rusiyadan əl çəkəcəyi təqdirdə yüksək vəkillik dərəcəsinin veriləcəyini bildirmişdir”. (33)

Burada Rusiyanın xatırladılması təsadüfi deyildi. Belə ki, rus qoşunlarının Fətəli xan üçün ən çətin bir dövrdə ona ciddi yardım göstərməsi və Dərbəndin mühasirədən çıxarılması uğrunda dağıstanlılarla döyüşdə (1774-cü il) qubalılarla birlikdə fəal iştirak etməsi hamıya bəlli idi.

Mümkündür ki, Kərim xan Zənd Fətəli xana belə təklifləri bir neçə dəfə etmişdir və bunu Fətəli xan özü də təsdiqləyir: “Hazırda bütün İranın hökmdarı olan Kərim xan məni öz xidmətinə və razılığa təhrik etmək niyyətilə paytaxt şəhəri Şirazdan mənim yanıma bir çox hədiyyələrlə...və böyük pul xəzinəsi ilə inandığı elçilərindən ibarət bir neçə adam göndərmişdir, amma mən ... onu qətiyyən qəbul etmədim”. (34) Bu imtina Fətəli xana qarşı yenidən hərbi əməliyyatların başlanması ilə nəticələnir və bu əməliyyatlarda onun
Azərbaycan xanlarından olan düşmənləri də iştirak edirlər. Lakin Kərim xan Zəndin 1779-cu ildə vəfatı İranda mərkəzi hakimiyyətin yenidən zəifləməsinə gətirib çıxardı və son nəticədə İran dövləti yenidən parçalandı.

Zəndlərin hakimiyyətini tanımayanların sırasında Qacarlar nəslinin nümayəndəsi olan Ağa Məhəmməd xan da vardı ki, öz hakimiyyətini Mazandaranda möhkəmlədərək, onu İranın şimal əyalətlərində genişləndirməyə başlayır və ilk olaraq Gilan xanlığına hücum edir. Öz ölkəsindən sıxışdırılmış Gilanlı Hidayət xan Fətəli xan Qubalının yanında sığınacaq taparaq ondan yardım istəyir. 1781-ci ilin yazında Fətəli xan Gilana yürüş təşkil edir. Bu yürüşün ən diqqətəlayiq cəhəti ondan ibarət idi ki, ilk dəfə olaraq İranın şah taxtına iddiaçı olan Qacara qarşı müharibədə Azərbaycanın demək olar ki, bütün əyalətlərindən – Quba, Dərbənd, Bakı, Şamaxı, Cavad, Şəki, Qarabağ, Talış və Ərdəbil xanlıqlarından olan hərbi qüvvələr və dəstələr birləşmişdi. Bu yürüşdə həmçinin Tarkov Şamxalı və Qaraqaytak usmisinin qoşunları da iştirak edirdilər... O dövrün mənbələrinin şəhadətinə görə “gətirilmiş bütün
qoşunlar daha çox Fətəli xanın cəhdləri sayəsində toplanmışdı, ümumi komandanlığı isə Quba sərkərdəsi Mirzə bəy Bayat həyata keçirirdi”. (35) Tanınmış Azərbaycan tarixçisi A.S.Sumbatzadənin fikrinə əsasən: “Gilana yürüş iştirakçılarının belə mötəbər tərkibi şah İranına qarşı mübarizədə azərbaycanlıların şüurunun yetkinlik dərəcəsini və birlik hissini nümayiş etdirirdi”. Məhz “Gilandakı qələbədən ruhlanan Fətəli xan Cənubi Azərbaycan xanlıqlarının heç olmasa bir hissəsini ozünün yaratdığı birliyə qatmaq haqqında çoxdan düşündüyü planı həyata keçirmək qərarına gəlir”. (36)

1784-cü ilin yazında Fətəli xan Ərdəbilə yürüş təşkil edir və may ayında onu ələ keçirir, sonra Meşkini də tutaraq cənub-qərbə hərəkət edir. Lakin Fətəli xana öz planlarını həyata keçirmək qismət olmur. Belə ki, onun bu cəhdləri yalnız Azərbaycanın bir neçə güclü xanlarının, gürcü çarı II İraklinin və bir sıra Dağıstan hakimlərinin deyil, həm də əsasən, Rusiya hökumətinin müqaviməti ilə qarşılaşır. Əlbəttə, Fətəli xan artıq həmin dövrdə “knyaz Potyomkin-Tavriçeskinin məxfi planının” mövcud olduğunu ağlına gətirə bilməzdi. Həmin
plana əsasən “İrandakı qarışıqlıqdan istifadə edilərək, Bakı və Dərbənd ələ keçirilməli, Gilan da onlara birləşdirilməli və Albaniya adı ilə böyük knyaz Konstantin Pavloviç üçün gələcək miras kimi qoyulmalı idi”. (37)

80-ci illərin ikinci yarısında İranda şah taxt-tacı uğrunda mübarizədə Ağa Məhəmməd xan Qacar üstün gəlməyə başlayır. Hələ şah olmadan Ağa Məhəmməd xan Qacar Fətəli xan Qubalıya və II İrakliyə məktublar göndərərək onun hakimiyyətinin tanınmasını və Rusiya ilə bütün əlaqələrin kəsilməsini tələb edir. Yaxınlaşan təhlükədən qorunmaq üçün 30 ilə yaxın rəqib olmuş və bir-birinə düşmənçilik etmiş Cənubi Qafqazın bu iki ən güclü siyasi xadimi ilk dəfə həm İran, həm də Türkiyədən gözlənilən təhlükələrdən birgə müdafiə
olunmaq haqqında müqavilə bağlayırlar (1787-ci il). Fətəli xan sonrakı illərdə öz müttəfiqləri ilə birlikdə Ağa Məhəmməd xan Qacarın Cənubi Azərbaycan vasitəsilə Cənubi Qafqaza hücumlarının qarşısını müvəffəqiyyətlə alırdı. Lakin, 1789-cu ilin martında öz şöhrətinin və yaratdığı şimal-şərqi Azərbaycan birliyinin qüdrətinin ən yüksək zirvəsində olan Fətəli xan vəfat etdi. Tanınmış Azərbaycan tarixçisi A.S.Sumbatzadə Qubalı Fətəli xan fəaliyyətini xarakterizə edərək “onun bütün həyatından qırmızı xətlə keçən üç cəhəti” xüsusi olaraq qeyd edir: “Birinci, Azərbaycanın İrandan ayrılması uğrunda qeyrişərtsiz mübarizə və vahid Azərbaycan dövlətinin yaradılması; ikinci, Sultan Türkiyəsindən açıq-aşkar surətdə aralanması, və üçüncü, Rusiya ilə ittifaqa və dostluğa daimi sədaqəti”. (38)

Əlbəttə, Fətəli xanın Qafqazın və o cümlədən Azərbaycan torpaqlarının gələcəyinə dair Rusiya dövlətinin “məxfi plan və niyyətlərindən” xəbəri olacağı təqdirdə, onun Rusiya ilə sonrakı münasibətlərinin necə düzələcəyini söyləmək çətindir. Lakin, heç şübhəsizdir ki, Qubalı Fətəli xan hakimiyyətinin artıq ilk illərində öz irsi xanlığının – Qubanın hüdudlarından xeyli kənara çıxaraq formalaşmaqda olan Azərbaycan xalqının maraqlarının və məqsədlərinin təmsilçisi kimi, XVIII əsrin ikinci yarısında Azərbaycanın görkəmli siyasi və dövlət xadimi olmuşdur.

Qeyd etmək lazımdır ki, Fətəli xanın dövründə Quba xanlığının siyasi tarixi hərbi yürüşlər və hücumlar kimi faktlarla zəngin olsa da, bu dövr, ümumilikdə həmin əyalətin tarixində ən parlaq bır dövr sayıla bilər. Eyni zamanda, bu dövr, təkcə Qubanın deyil, bütün Azərbaycanın ərazisinin Fətəli xanın hakimiyyəti altında olan böyük hissəsinin dinc sakinləri üçün daha
sakit və sabit bır zaman kəsiyi hesab edilə bilər. Belə ki, bu ərazilərdə yaşayan əhali etibarlı şəkildə müdafiə olunmaqla, sonsuz müharibələrdən və dağıdıcı işğallardan dinclik əldə edə bilmişlər.

Xüsusi olaraq bunu da qeyd etmək lazımdır ki, Fətəli xan tərəfindən yaradılmış Azərbaycan torpaqlarının Şimal-şərqi birliyinin dəftərxanasında bütün dövlət aktlarının və rəsmi yazışmaların dili Azərbaycan dili olmuşdur ki, bu da Azərbaycan dilinin bu dövrdə dövlət dili kimi rəsmi statusunun təsdiq edildiyini göstərir.

Fətəli xanın ölümündən sonra onun varisləri olan oğulları Əhməd xan (1789-1791) və Şeyxəli xan (1791-1810), həm şəxsi keyfiyyətləri, həm də yaranmış siyasi şərait səbəbindən, artıq hakimiyyətin yüksək mövqeyini və müstəqilliyini qoruyub saxlaya bilmədilər və atalarının Quba xanlığı ətrafında yaratdığı Azərbaycanın birliyi parçalandı.

XVIII əsrin sonu – XIX əsrin əvvəlində Azərbaycanın daxili vəziyyəti və onun hüdudlarının xaricindəki siyasi vəziyyət kifayət qədər mürəkkəb olaraq qalırdı. Bir tərəfdən ölkənin sosial-iqtisadi geriliyi, Rusiya və İran qoşunlarının aramsız və saysız yürüşləri, digər tərəfdən isə müxtəlif xanların şəxsi iddiaları, öz aralarında barışmazlıqları və digər amillər Azərbaycan
torpaqlarının birləşmə prosesinə və vahid dövlətin yaranmasına imkan vermirdi. Belə bir şəraitdə, Qafqazı tamamilə tabe etmək niyyətlərini açıq-aşkar nümayiş etdirməklə, həmin dövr xüsusilə fəallaşan istər Rusiyanın, istərsə də İranın imperiya planları qarşında Azərbaycanda davam gətirə biləcək vahid qüvvə yox idi.

1795-ci ilin yayında Ağa Məhəmməd xan Qacarın qoşunları Cənubi Qafqazın hüdudlarını keçdi və Talış, Naxçıvan, İrəvan xanlıqlarını talan etdi. Lakin Şuşa qalasını tutmaq cəhdi uğursuz olduqdan sonra, Ağa Məhəmməd xan qalanın 33 günlük mühasirəsinə son qoyaraq öz qoşunlarını Gürcüstana yeritdi.

İran qoşunlarının Cənubi Qafqaza soxulmasından narahat olan və yerli hakimlərin İrana qarşı mənfi əhval-ruhiyyəsini nəzərə alan Rusiya hökuməti də 1796-cı ilin aprelində V.Zubovun komandanlığı altında öz qoşunlarını Azərbaycana göndərdi. Ağa Məhəmməd xan Cənubi Qafqaz hüdudlarını tələsik tərk etdi. Bu dəfə rus qoşunları demək olar ki, qısa müddət ərzində
maneəsiz (Dərbənd qalasının azmüddətli müqaviməti istisna olmaqla) Quba, Bakı, Şamaxı və Gəncəni tutdular. Lakin 1796-cı ildə II Yekaterinanın ölümündən sonra taxta oturmuş I Pavel rus qoşunlarını təcili surətdə geri çağırdı. Ağa Məhəmməd xan bundan ruhlanaraq 1797-ci ildə yenidən saray əyanlarının və yerli feodalların sui-qəsdi nəticəsində öldürüldü, lakin onun ölümü Azərbaycan xanlıqları üçün İran tərəfdən olan təhlükəni aradan qaldırmadı. İranın yeni şahı – Fətəli xan yenidən Qafqaz hökmdarlarının itaətkarlığına nail olmağa çalışdı.

Həmin bu vaxtlar hiss olunacaq dərəcədə güclənmiş Rusiya regionun istilasının ikinci mərhələsinə başladı. Bu işdə əsas istinad vasitəsi kimi yerli xristianlara, ilk növbədə özlərinin dövlət quruluşu olmayan və rusları öz himayədarları kimi görən ermənilərə ümid edilirdi. Qeyd edilməlidir ki, Rusiya hökumətinin Azərbaycana dair hələ olduqca ehtiyatlı siyasət apardığı
həmin dövrdə bir çox Azərbaycan xanları özləri üçün daha böyük təhlükəni Türkiyədə, və xüsusilə də İranda görürdülər. Rusiya imkan dairəsində, Azərbaycan xanlıqlarını işğal etməyə yox, daha çox onları müqavilələr bağlamaq yolu ilə özündən asılı hakimlərə çevirməyə çalışırdı, bu zaman xanlar da daxili işlərində hədsiz hakimiyyətə malik olaraq qalırdılar. Məsələn, Quba xanlığı ilə Rusiya hökuməti arasında artıq yaranmış münasibətlərdən irəli gələrək, 1802-ci ildə Georgi müqaviləsi bağlanmışdı ki, bu müqaviləyə əsasən Şeyxəli xan Quba və Dərbənd xanlıqlarının idarəçiliyinə təhkim olunmuş və bu xanlıqların Rusiyanın tabeçiliyinə keçməsi rəsmiləşdirilmişdi. Lakin, çox keçmədən rus qoşunlarının yürüşü istila xarakteri almağa başladı. 1801-ci ildə Rusiya imperiyası tərəfindən Şərqi Gürcüstan ələ keçirildi. Gürcülərdən asılı vəziyyətdə olan Qazax və Şəmşədil xanlıqları da Rusiyanın nüfuzu altına düşdülər.

1803-cü ildə rus qoşunları Car-Balakən camaatını zəbt etdilər. 1804-cü ilin əvvəllərində sayca böyük üstünlük təşkil edən rus qoşunları başda Cavad xan və oğlu olmaqla fədakarcasına müqavimət göstərən Gəncə müdafiəçilərini qan içində boğaraq şəhəri ələ keçirdilər. Gəncə xanlığı ləğv edildi, Gəncə şəhərinin adı isə dəyişdirilərək Yelizavetpol ilə əvəz olundu.

Rusiya imperiyasının işğalçı uğurları İranı narahat etməyə bilməzdi və 1804-cü ilin iyununda bu iki dövlət arasında müharibə başladı. İran qoşunları Qarabağa soxuldular, lakin burada İbrahim Xəlil xanın ordusu tərəfindən darmadağın edildilər. Bu hadisənin İran şahı tərəfindən bağışlanmayacağını bilən İbrahim Xəlil xan 1805-ci il mayın 14-də Qarabağ
xanlığı üzərində Rusiyanın protektoratının tanınması haqqında rus generalı Sisianovla müqavilə bağladı. Şəki xanı Səlim xan da Rusiyanın protektoratını qəbul etdi. Rusiya imperatorunun hakimiyyəti Qarabağ və Şəki xanları tərəfindən tanındıqdan sonra İran ordusu bir daha Qarabağa soxuldu, lakin Şuşanı və Gəncəni ələ keçirə bilməyərək, Tiflis üzərinə hərəkət etdi. Bu zaman Sisianov Azərbaycan xanlıqlarını istila etməkdə davam edirdi və Şamaxı xanlığı alındıqdan sonra rus qoşunları dənizdən və qurudan Bakıya yaxınlaşdılar. Bakının təslim olmaqdan imtina etməsinə cavab olaraq şəhər dəniz donanması tərəfindən atəşə tutuldu və yalnız bundan sonra Bakı hakimi Hüseynqulu xan şəhəri təslim etməyə razılıq verdi. 1806-cı il fevralın 8-də Hüseynqulu xan Bakı qapılarının önündə general Sisianovla görüşərkən xanın qohumlarından biri generalı öldürdü.

Komandansız qalan rus ordusu Sara adasına tərəf geri çəkildi. Sisianovun ölümü haqqında xəbər tutan İran qoşunları növbəti dəfə Qarabağa soxuldular və Şuşanı mühasirəyə aldılar. İbrahim Xəlil xan ailəsi ilə birlikdə Xankəndi şəhərinə köçdü. Ruslar bu köçə şübhə ilə yanaşdılar və mayor Lisaneviçin başçılıq etdiyi rus əsgərlərindən ibarət dəstə, xanın düşərgəsinə
hücum edərək, İbrahim Xəlil xanı və onun bütün ailəsini öldürdü. Bu hadisə Şəki şəhərində ruslara qarşı üsyanın başlanmasına səbəb oldu və nəticədə Şəki xanı rus qoşunlarını öz torpaqlarından qovub çıxardı. Rus ordusu isə öz növbəsində Şuşadakı qarnizonunun köməyinə çataraq, Qarabağı İran qoşunlarından azad etdi.

Şahın məğlubiyyəti Bakı və Quba xanlıqlarının taleyini həll etdi. Rus qoşunları Azərbaycan xanlıqları üzərinə hərbi əməliyyatlar apardığı zaman Şeyxəli xan da öz mövqeyini dəyişərək onun düşmənləri – İranın və Türkiyənin xeyrinə Rusiya ilə qarşıdurma yolunu seçdi. Onun bu addımı qarşısında Rus komandanlığı Şeyxəli xanın müstəqilliyinə son qoymağı
qərara aldı. 1806-cı ilin sentyabrında Bulqakovun komandanlığı altında rus qoşunları Quba üzərinə hərəkət etdilər və onlara müqavimət göstərən Azərbaycan qoşunlarını oktyabrın əvvəlində darmadağın edərək şəhəri tutdular. Lakin Qubanın alınması bu əyalətin heç də ruslara tamamilə məğlub olması demək deyildi. Belə ki, Şeyxəli xanın başçılığı altında qubalıların dağlı xalqlarla birlikdə rus istilasına qarşı ittifaqda təqribən 5 illik fədakarcasına müqavimət hərəkatı başlandı. Rus qoşunlarının böyük hissəsinin Quba xanlığını tərk edərək İran və Türkiyə ilə müharibəyə getməsindən istifadə edən Şeyxəli xan öz müttəfiqi Surxay xan Qazıqumuqlu ilə birlikdə 1807- 1808-ci illərdə demək olar ki, bütün xanlıqda öz hakimiyyətini bərpa edə bildi. 1809-cu ilin yanvarında o, Qubanı ələ keçirməyə çalışsa da məğlubiyyətə uğradı. (39)

Qafqazdakı Rus komandanlığının yüksək rütbəli hərbçilərinin 1806- 1811-ci illərdə Qubada olan vəziyyətlə bağlı yazışmaları Qubalı Şeyxəli xan onlar üçün nə qədər ciddi rəqib olduğunu göstərir. Hərçənd, bu yazışmalarda Şeyxəli xan əvvəllər “yelbeyin” kimi qınanırdı. Bunun səbəbi yəqin ki, Şeyxəli xanın “tam səmimiyyətlə tövbə edəcəyi, quldurluq həyatına son qoyacağı və Quba və Dərbənd əyalətlərində narahatçılıq yaratmayacağı təqdirdə İmperator Həzrətləri tərəfindən mərhəmətlə əfv ediləcəyi və ona Böyük İmperatorun torpaqlarında layiqli təminat və sığınacaq veriləcəyi” barədə ona edilən vədlərə məhəl qoymaması idi. (40) Lakin, polkovnik Adrianovun piyada qoşunları generalı Bulqakova 15 avqust 1810-cu il tarixli raportundan məlum olurdu ki, nəinki Şeyxəli xan, heç qubalılar özləri də Quba xanlığının keçmiş torpaqlarını “Böyük İmperatorun torpaqları” hesab
etmirdilər: “Quba əyaləti üsyan qaldırıb, Şeyxəli xanı Tabasarandan çağırıb, o da tabasaranlılarla birlikdə gəlib; Quba qapanıb, çünki yollar həm o tərəfdən, həm də bu tərəfdən kəsilibdir...». (41)

Beləliklə, 1810-cu ilin avqust ayında xalqın müstəqilliyə və azadlığa can atmasının sübutu kimi, yalnız bu əyalətin deyil, həm də bütün Azərbaycanın tarixinə daha bir parlaq səhifə yazmış (1804-cü il Gəncə döyüşlərindən sonra) məşhur Quba üsyanı başlandı.


Rus generallarının 1810-cu il avqust-noyabr aylarında bir-birinə göndərdiyi məxfi sərəncamlar adətən “kədərli” xəbərlərlə başlayırdı: “Mən indi Bakı komendantı general Repindən həyəcanlı xəbər aldım ki, Qubanın demək olar ki, bütün bəyləri və xalqı, xəyanət edərək, Şeyxəliyə satılıblar, yalnız Quba qalasının qalan sakinlər qaladakı iki batalyonla müdafiə olunurlar, lakin onların da Şeyxəlinin dəstəsi və üsyançılar tərəfindən hər hansı bir rabitə əlaqələri kəsilmişdir”; (42)


“4 ildən artıq müddət ərzində Quba əyalətində hədsiz narahatçılıqlar, soyğunçuluq və qətllər yaradan Şeyxəli bu il hətta ona müvəffəq olub ki, Dağıstanın müxtəlif xalqlarından topladığı quldur dəstəsi ilə Quba sərhədində peyda olaraq, Rusiyaya sədaqətini tamamilə unutmuş Quba xalqının demək olar ki, hamısını qiyama sövq etmişdir”; (43)

“Mən təqdim edilən 1039 və 1040 №-li raportları müxtəsər kədərlə aldım; Quba xalqının hiddətlənmiş Quba bəyləri tərəfindən sövq edilmiş ümumi qiyamını və xəyanətini görərək, belə güman edirəm ki, burada xalqın yelbeyinliyindən savayı digər əlavə təhrikçi səbəblər də olmuşdur ki, bunlar da sonradan aydın olacaqdır” – deyə general Tormasov 22 avqust 1810-cu il tarixdə plato-general Repinə yazırdı və bu zaman öz heyrətini gizlətmirdi: “məni ən çox sarsıdan sizin baş rəisinizə tabe edilmiş qoşunların anlaşılmaz məyusluğudur. Mən başa düşə bilmirəm, niyə bütöv 2 alay Quba qalasında qapanıbdır və tamamilə hərəkətsiz qalır, halbuki mən göstəriş vermişdim ki, qala üçün lazımi qarnizon saxlayaraq, dəstə yaratmaq və yelbeyin Şeyxəliyə qarşı hücuma keçmək lazım idi”. (44)

Rus qoşunlarının məyus olması heç də səbəbsiz deyildi. Belə ki, nəinki “qiyamçıların”, hətta rusların Azərbaycan bəylərindən olan “sınanmış və sadiq müttəfiqlərin”in davranışı da buna əsas verirdi. Məsələn, öz dəstəsi ilə Xıdırzində postundan hərəkət edən mayor Levitskinin raportunda deyilirdi: “Ayın 13-ü səhər 2000-ə yaxın piyada və süvarilərdən ibarət düşmən
göründü və mənim öz dəstəmlə yanından keçməli olduğum yüksəklikləri ələ keçirdi. Onu həmin yüksəkliklərdən vurub saldırmaq mümkün olmadıqda, mənim yanımda olan bakılılar bəyan etdilər ki, dağların sağ tərəfində yol var. Həmin yolla gedərkən mənə süvarilər tərəfindən sağdan güclü hücum edildi. Mən yüzbaşı Lyapinə, onları cəbhəyə yaxın buraxmadan atışmağı əmr etdim; ona piyada atıcılardan ibarət yardım verdim, bakılı Manaf bəyə əmr etdim ki, Əsgər Əli bəyi atışmaya göndərsin və özü də ona yardım etsin. Əsgər Əli bəy 74 nəfərdən ibarət bütün Bakı süvari dəstəsi ilə düşmənin üzərinə atıldı və bu zaman mən təəccüblə gördüm ki, Manaf bəy, yanımdakı Mirzə və 3 bakılı da daxil olmaqla, onlar hamisi Şeyxəliyə tərəf keçdilər; və sonra düşmənlərə qarışaraq dəstəmizi atəşə tutmaqda davam etdilər... mən dəstəm ilə aşıb keçilməsi mümkün olmayan xəndəyə gəlib çatdım, düşmən
isə, körpüləri götürərək, keçidin yanında dayanmışdı və irəlidə 2000-ə yaxın əlavə süvari və 1000 nəfərədək piyada görünürdü, – buna görə də mən 120 nəfər piyada əsgər, 40 nəfər kazak və 1 topla buradan keçməyin mümkün olmayacağını anladım. Bir də Qubada da hamı qiyam qaldırıb və “yaşasın xan” – deyə qışqırırdı”. (45)

“Qubalıları ram etmək üçün digər üsullar tapmadıqda”, general L.Repin general Tormasovdan “təcili olaraq 2 batalyon qoşun və kazak polkunun yarısının göndərilməsini” xahiş edir və buna general Tormasov belə cavab verir: “...bu ərazilərdə indi mövcud olan şərait sizə belə əhəmiyyətli gücün ayrılmasına heç cür imkan vermir. Belə ki, buradakı qoşunların ən mühüm
hissəsi indi İmeretiyada üsyana qalxmış imeretiyalılara və onlara yardım edən türklərə qarşı gərgin mübarizə aparır; digəri Kartlidə İran qoşunlarının yardıma gəldiyi Axalsixlı Şərif paşaya qarşı vuruşur, ...üçüncü hissəsi İran vəliəhdi Abbas Mirzə və onun qardaşı Əli şaha qarşı Pambəkdədir; dördüncüsü – 2 alaydan bir az olan qoşunlar Şəki, Yelizavetpol və Şəmşədil əyalətlərini müdafiə edir; beşincisi isə, 4 alaydan ibarət olmaqla, mənim komandanlığım altında mərkəzi mövqeləri tutmaqla, bir tərəfdən Tiflis istiqamətini, digər tərəfdən Qazax istiqamətini mühafizə edir və Kartaliyada yerləşdirilmiş qoşunları dəstəkləyir...”. (46)

General Tormasovun bu ətraflı məktubundan açıq-aydın görünürdü ki, rus qoşunlarına “yerli əyalətlərin” “narazı” və “qiyam qaldırmış” əhalisinin müqavimətini yalnız Quba istiqamətində dəf etmək lazım gəlmirdi. Təsadüfi deyil ki, təkcə rus alayları komandanlarına deyil, süvari və piyada dəstələri “Quba əyalətində nizamın bərpa edilməsində” iştirak etməli olan Azərbaycan xanlarına və bəylərinə də ciddi göstərişlər göndərilirdi: “Şeyxəli xanın özü tutulsun və ya hər hansı vasitə ilə öldürülsün, elan edilsin ki, bunu icra edən
hər kəs çox yaxşı mükafatlandırılacaqdır və mən buna öz sözümlə təminat verirəm”. Bununla yanaşı, general Tormasov hər məktubunda tabeçiliyində olanlara “sadiq qalan və itaətkar” Quba sakinlərinə qarşı “zor tətbiq etməyi” qadağan edir, həmçinin Şeyxəli xandan əl çəkərək, tövbə edən və əfv olunmasını xahiş edəcək qiyamçıların kəndlərinə aman verilməsini
tapşırmışdı: “...çünki viran qoyulmuş torpaqlar İmperator Həzrətlərinə heç bir xeyir gətirməyəcəkdir və ədalətsiz qəddarlıq qubalıları daha da hiddətləndirə bilər”. Yalnız “silahla müdafiə olunan” düşmənlərin cəzalandırılması, “və onlarla müharibənin qanunları üzrə rəftar edilməsi” əmri verilmişdi”. (47)

Lakin, belə görünürdü ki, qubalıların çoxunun heç də əfv barədə xahiş etmək fikri yox idi və bu, general Tormasovu xüsusilə əsəbiləşdirirdi: “Qubalıların açıq-aydın inadkarlığı... düşüncəsizlik deyil, iğtişaşçı ruhu ... elə həddə çatmışdı ki, onlar 4 il ərzində heç vaxt yelbeyin Şeyxəli ilə açıq və gizli əlaqələrdə olmaqdan çəkinməmiş, daima müxtəlif üsullarla onu dəstəkləmiş və düşünmüşlər ki, o, Quba xanı olacaq və bütün xalqın istəyi qarşısında Rusiya Hökuməti nə vaxtsa onun xanlığını təsdiq etməyə razılıq verəcək. Quba torpağındakı indiki çaxnaşma həmin zərərli əlaqələrin və bu xalqın pis niyyətinin nəticəsidir”. (48)


Bu sətirlər zəbt edilmiş “xalqın” – indiki halda Quba əhalisinin – işğalçı tərəfindən qəbul və dərk edilməsində olan dərin səhvləri, anlaşılmazlıqları və ziddiyyətləri çox dəqiq xarakterizə edirdi. Həmin sətirlərin müəllifi gizlədə bilmədiyi bir təəssüflə iddia edirdi ki, “əgər Quba xalqı sadiq olsaydı, nəinki təklikdə Şeyxəli xana və onun quldur dəstələrinə qarşı özü müqavimət göstərə bilərdi, həm də bu yelbeyini gizlədən və dəstəkləyən qonşularına da güclü zərbə vura bilərdi”. (49)

Yazışmalarda bir qayda olaraq “vəhşi” deyə adlandırılan “Quba xalqı” İmperator Həzrətlərinə niyə sadiq deyildi, və əksinə “yelbeyin”, “əxlaqsız”, “quldur” və “əclaf” Şeyxəli Xan Qubalını niyə müdafiə edirdi? Torpaqlarını zorla ələ keçirmiş “yadelli gəlmələrlə” barışmayan qürurlu və azadlıq sevər xalqın Şeyxəli xanın simasında öz başçısını gördüyü fikrini ağlına belə gətirməyən, eləcə də Şeyxəli xanın özünün və müttəfiqlərinin fəaliyyətinin öz mövqeyini, öz torpaqlarını və öz xalqını qorumaq kimi sadə bir məntiqə söykəndiyini ehtimal etməyən və yaxud etmək istəməyən rus generalı görünür ki, özünə yuxarıdakı sualı vermirdi. Bununla belə, onun həddən artıq mürəkkəb vəziyyətdən çıxış yolu axtararkən, sırf hərbi əmrlərdən başqa, irəli sürdüyü aşağıdakı təkliflər qubalıların “inadı” qarşısında müvəqqəti güzəştlərə getmək zərurətini anladığını göstərir: “yaranmış şərait və İmperator Həzrətlərinə faydalı xidmət göstərilməsi nəzərə alınmaqla Qubada xanlıq bərpa edilsin, bu zaman Rusiyanın təbəəliyində olan digər xanlara aid qaydalar əsas götürülsün; mən onlara hörmət əlaməti olaraq bizim idarəçilik üsuluna vərdiş etməmiş qubalıların hökumətdən narazı qalmağa səbəbləri olmayacağını və onların öz üzərilərində xanlarının olması arzularının təmin ediləcəyini təklif edirəm, amma yalnız Şeyxəli olmamaq şərti ilə...». (50)

1810-cu ilin sentyabr ayında Şeyxəli Xanın tutulması və ya məhv edilməsi üçün artıq 1000 çervon qızıl pul mükafatı, maaşlı rütbə və ya həmin şəxsin vəziyyətinə uyğun Qubada mülk verilməsi təyin edilir, (51) “amansız qiyamçıları isə qırmaq”, ...qiyamın əsas səbəbkarlarını tutmaq və ya onların özlərini (itaətli kəndlilərindən savayı) və əmlaklarını ümumiyyətlə məhv
etmək (yaxud dövlət xəzinəsinə daxil etmək) göstərişi verilmişdi. (52)

Üsyançıların şiddətli müqavimətinə və say üstünlüyünə baxmayaraq, Quba üsyanı 1810-cu ilin dekabrında yalnız rus silahının gücünə yatırıldı,belə ki, rus ordusunun artilleriyadan vdigər silah növlərindən genişistifadə edən ən yaxşı hissələri üsyançılara qarşı yönəldilmişdi. Şeyxəli XanDağıstanın dağlarında gizlənə bildi. Sonrakı illərdə o, əvvəlcə Surxay-Xanın Kürə mülkündə, sonra Qazıqumuq xanlığında və Akuşda qalaraq, 1819-cuilədək partizan müharibəsini davam etdirmiş və rus qoşunlarını Dağıstanın içərilərinə buraxmayaraq, ləzgilərdən ibarət olan çoxminli dəstələrlə Qubaya və Quba xanlığının kəndlərinə hücumlar etmişdir. 1819-cu ilin iyununda ailəsi ilə birgə yaşadığı Akuşun Başlı kəndinin yaxınlığında Şeyxəli xan ruslarla növbəti qarşıdurmada parlaq qələbə qazandı. O, Başlının – Quba xanlarının irsi kəndində olan 2000-dək evin hamısını atəşə tutan rus qoşunlarının qarşısına 20 minlik qüvvə çıxarmış və rusları ağır itkilərlə geri çəkilməyə məcbur etmişdi. Lakin, bu Şeyxəli Xanın sonuncu qələbəsi idi. 1919-cu ilin avqustunda general Mədətovun və general Pestelin başçılığı altında çoxminli rus qoşunları müxtəlif istiqamətlərdən Dağıstana yürüşə başladılar. Şeyxəli Xan və onun ətrafı belə güclü hücuma davam gətirməyərək, dağlara çəkildilər və yoxa çıxdılar. Onun sonrakı taleyi haqqında dəqiq məlumat yoxdur, lakin, müxtəlif mənbələrdə belə ehtimallar irəli sürülür ki, Şeyxəli Xan 1821-ci ildə ölmüş və Balakəndə dəfn edilmişdir, digər mənbədə isə onun ölüm tarixi kimi 25 may (06 iyun) 1822-ci il göstərilir. (53) Çar hökuməti Şeyxəli Xanın tərəfdarlarının hamısına qəddarcasına divan tutdu. Şeyxəli xanla bütün bu illər ərzində əlaqədə şübhəli bilinən səkkiz nəfər Dərbənd bəyi Həştərxana sürgün edildi. (54) Quba üsyanının iştirakçılarının aqibəti daha ağır oldu. Onları ümumi siyahılarla, “çox qısa sürən və 24 saat ərzində başa çatdırılan hərbi məhkəmədə xəyanətdə günahlandıraraq” Sibirə sürgünə göndərdilər. (55) Həmçinin Tabasaran əyalətinin “Şeyxəlinin
tərəfini saxlayan” kəndləri də cəzalandırıldı, onların idarə edilməsi “İmperator Həzrətlərinə sadiq və itaət edən bəylərə həvalə edildi”, ”Şeyxəli ilə qaçan xəyanətkarların” əmlakı isə “digər sadiq bəylərin” idarəçiliyinə verildi. “Günahkarlardan mal-qara qismində alınmış kontribusiya”nın “bir hissəsi hərəkət edən qoşunların istifadəsinə verildi, digər hissəsi isə yandırılmış Eren və Ərkit kəndlərinin Rusiyaya sadiq və Şeyxəli üzündən müflisləşmiş bəylərinə paylandı. Diqqətəlayiqdir ki, bütün bu sərəncamlar “qanunun aliliyini” gözləmək
baxımından deyil, “Asiyalılarda bu üsul, həmişə günahkarları cəzalandırmaqla və çalışqan insanlara xeyir verməklə, onları itaətdə saxlamaq üçün ən etibarlı üsuldur” – məntiqi ilə verilmişdi. (56)


Quba xanlığının bu hadisələrdən sonra idarəçiliyinə gəldikdə qeyd edilməlidir ki, nə general Tormasovun Qubada yeni xanın müqavilə bağlamaq yolu ilə təyin edilməsi haqqında təklifi, nə də onun təklif etdiyi namizədin özü (Şaqanlı Cahangir xan) Quba əyalətinin “nizama salınması” ilə məşğul olan polkovnik Lisaneviç tərəfindən bəyənilmədi. Lisaneviç Bakı komendantı general Repindən “Cahangir xanın Quba əyalətinin idarə olunmasına cəlb edilməsi barədə sərəncam alsa da, buna əməl etmədi”. Belə ki, “Quba xalqının Cahangir xan tərəfindən idarə edilə biləcəyinə” inanmadı, çünki, “...bəylər və sadə xalqın böyük hissəsi sünnilər, Cahangir xanın özü isə şiə olduğu üçün, mənim bütün səylərimə baxmayaraq, onlar xanı istəmirlər, və bu səbəbdən xan da heç zaman özünü xalqa sevdirə və ya heç olmasa əsas bəylərin bir hissəsinin etibarını qazana bilməyəcəkdir”. Bunun müqabilində Lisaneviç “müvəqqəti olaraq 4 bəydən ibarət, onların hüquqlarına uyğun, yerli gəlirlərdən maaş verməklə, baş hərbi rəisin sədrliyi altında divan” yaradılmasını təklif edilirdi. (57)

Burada belə bir məqamı vurğulamaq lazımdır ki, Lisaneviç tərəfindən irəli sürülən dəlil, ilk baxışdan inandırıcı görünsə də, Şeyxəli xanın və Quba xanlarının bütün nəslinin şiə inancına etiqad etməsi nəzərə alınarsa, yuxarıdan verilən göstərişin onun tərəfindən icra olunmamağının əsil səbəbini aydınlaşdırmır. Yəqin ki, buna görə o, 2 həftədən sonra (24 noyabr
1810-cu il tarixdə), daha çox əsaslandırılmış dəlillər gətirərək, general Tormasova ikinci raportunu göndərir və bir daha qeyd edir ki, “bütün halları təhlil edərək, mən Cahangir xanın xanlığın idarə edilməsinə gətirilməsini münasib hesab etmədim, çünki: 1) yad xanları xalqın gözü götürmür; 2) onların dini fərqlidir və, nəhayət, xalq Rusiya məmurları tərəfindən idarə edilməyə müəyyən mənada artıq adət etmişdir və bütün hallarda özünü daha təmin edilmiş hesab edir. Mən bunu çox ədalətli hesab edirəm, belə ki, xanlıq idarə üsulunda xalq dövlət xəzinəsinə verdiyi vergidən əlavə xanı və onun bütün əshabələrini saxlamalıdır ki, bu da əhali üçün ağır bir yük olacaqdır. Habelə ahangir xan Qubanın bizə sədaqətli olan nüfuzlu bəylərindən heç birini özünə yaxınlaşdıra bilmir, nəticədə biz xan hakimiyyətinə dözməyən xalqı sakitlikdə saxlamaq üçün orada qoşunlarımızın sayını azaltmaq əvəzinə artırmalı olacağıq”. Həmin bu raportdan məlum olur ki, polkovnik Lisaneviç artıq Qubada podpolkovnik Tixanovskinin sədrliyi altında və 3 bəydən – Həsən əfəndi, Məmməd bəy Buqudski və Musa bəy Əlibəyovdan – ibarət, yerli komendantın iclasçı qismində iştirakı ilə müvəqqəti hakimiyyət üsulu yaratmışdır. (58)

Beləliklə, həm Quba xanlığının, həm də Quba xanlarının tarixinə son nöqtə qoyulur. Bu kiçik raport həm də Rusiyanın təbəəliyini qəbul edən, general olan və öz torpaqlarının hakimləri kimi saxlanılan digər Azərbaycan xanlarının gələcək taleyinin müjdəçisi hesab edilə bilər. Lakin qarşıda yalnız bu xanlar, generallar üçün deyil, həm də bütün Azərbaycan xalqı üçün taleyüklü olacaq hadisələr gözlənilirdi.

1812-ci ildə Napoleon Rusiyaya qarşı müharibəyə başladı. Bu zaman ruslarla danışıqlar aparan İran şahı danışıqları dayandırdı və tezliklə 20 minlik ordu ilə Qarabağa hücum etdi. Lakin rus qoşunları tərəfindən sıxışdırılan İran dəstələrinin Azərbaycanın digər ərazilərinə girmək cəhdləri uğursuz oldu. Nəticədə şah yalnız 1809-cu ildə ruslar tərəfindən zəbt edilmiş Lənkəranı ələ keçirməyə nail oldu. Rusların ordusu isə Araz çayını keçdi və Aslandüz altındakı döyüşlərdə İran ordusunu darmadağın etdi. Bu qələbədən sonra ruslar yenidən Lənkəranı ələ keçirdilər və İran şahı sülh danışıqlarını yenidən bərpa etməli oldu.

1813-cü 12 oktyabr tarixdə Qarabağda Gülüstan kəndi yaxınlığında İran və Rusiya dövlətləri arasında sülh müqaviləsi bağlandı və bu müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvandan başqa, bütün Azərbaycan xanlıqları (Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki, Talış) Rusiyaya verildi.

Yuxarıda deyildiyi kimi, bu zaman rus qoşunlarına müqavimət göstərmiş Gəncə, Bakı və Quba xanlıqları artıq ləğv edilmişdi. Rusların hakimiyyətini könüllü olaraq tanımış əyalətlərdə isə köhnə hakimlər hələ qalsalar da, onların da hökmranlığı uzun çəkmədi: 1819-1826-cı illərdə Şəki, Şamaxı, Qarabağ və Lənkəran xanlıqların ləğv edildi. Bu hadisə ona gətirib çıxardı ki, bir çox devrilmiş və öz doğma yurdlarını tərk etmiş xanlar 1826-1828-ci illər ikinci İran-Rusiya müharibəsində İran şahının tərəfinə keçdilər. Birinci müharibədə məğlubiyyətə uğramış İran şahı, bununla belə, Qafqazı yenidən tutmaq ümidini itirmirdi. Onun bu ümidinə həmçinin keçmiş xanlar və hələlik nisbi imtiyazlı vəziyyətlərini saxlasalar da, rus hökumətinin açıq-aşkar etimadsızlığını hiss edən böyük bəy zümrəsi (istər İrana qaçmış, istər Qafqazda qalmış) də qismən rəvac verirdi. “Çar administrasiyası müsəlman elitasını ... daimi gizli təhlükə mənbəyi kimi qəbul edirdi. Bu, heç də İranın və Osman Türkiyəsinin bilavasitə yaxınlığından irəli gəlmirdi. Sadəcə, çar məmurları islam dünyası haqqında çox qaranlıq təsəvvürə malik idilər. İslam mədəni mühiti onlar tərəfindən yad mənşənin-başlanğıcın təcəssümü və hər şeydən əvvəl – Avropanın proqressiv düşüncəsinin barbarcasına və fanatik inkarı kimi qəbul olunurdu. O dövrün rəsmi dilində islam və “gerilik” sinonim sözlər idi”. (59)

Lakin, Azərbaycan elitasının nümayəndələrinin də əvvəllər əməkdaşlıq etdiyi rus administrasiyasına qarşı münasibəti mənfi idi. Faktiki olaraq müstəmləkə rejimi olan komendant idarəçiliyi dövrü üçün səciyyəvi olan müxtəlif növ qanun pozuntuları, səlahiyyətləri aşmaq, özbaşınalıq, ağır vergilər və s. təbii ki, bu administrasiyaya qarşı rəğbət yarada bilməzdi. Təsadüfi deyil ki, 1826-cı ilin yayında ikinci İran-Rusiya müharibəsi başladıqda və vəliəhd Abbas-Mirzənin, tərkibində bir neçə keçmiş xanların da olduğu 60 minlik ordusu Araz çayını keçdikdə, bir çox bəylər öz maafları, nökərləri ilə birlikdə, habelə kəndlilərin bir hissəsi ona qoşuldular. İranlıların əsas qüvvələrinin hücumu Qarabağ istiqamətində, daha sonra Gəncə, Şəki, Şamaxıya doğru inkişaf edirdi. Şeyxəli Xanın oğlu – Əhməd xan özünün 6 minlik qoşunu ilə Qubanı mühasirəyə aldı. Qoşunların digər hissəsi Lənkəran (23 iyulda alınmışdı) və Salyandan (26 iyulda alınmışdı) Bakıya doğru hərəkət edirdi. Bakıya yaxınlaşan İran qoşun hissələrinin başında Bakının keçmiş hakimi Hüseyn-Qulu Xan dururdu və Bakı qalasından etibarsız sayılaraq çıxarılmış əhalinin bir hissəsi, habelə ətraf kəndlərin əhalisi də bu kəndləri idarə edən bəylərin başçılığı altında ona qoşuldular. (60)

Lakin Bakı onu mühasirəyə alanlar tərəfindən ələ keçirilə bilmədi. Abbas-Mirzənin əsas qüvvələri sentyabrın 13-də Gəncə altında məğlubiyyətə uğradıqda və geri çəkilməyə başladıqda, onun qoşunlarının digər dəstələri də “qiyamçı xanlarla”-müstəqil xanlıqların keçmiş hakimləri ilə birlikdə geri çəkilməyə məcbur oldular. Mustafa xan Şirvanlı Şamaxıdan qaçdı. Həmçinin Qubalı Əhməd-xan da Qubanın mühasirəsinə son qoyaraq dəstəsi də geri çəkildi. (61)

Az sonra hakimiyyətlərini və əvvəlki mövqelərini geri qaytarmaq ümidi və sonuncu cəhdləri boşa çıxan bir çox xanlar və onları dəstəkləyən bəylər Cənubi Qafqazın sərhədlərini tərk etdilər. Çıxıb getməyən müharibə iştirakçıları, xüsusilə də, yüksək təbəqənin nümayəndələri isə rus hökuməti tərəfindən amansızcasına cəzalandırıldı. Məsələn, yalnız Quba əyalətində
1826-1827-ci illərdə həbs edilənlərdən 20 nəfəri yüksək təbəqəyə (3 xan və 17 bəy) mənsub idi. Xanların hər üçü və 7 bəy edam edilmiş, qalanları isə uzun müddətə məhkum edilərək Sibirə sürgün olunmuşdu. Bütün döyüş iştirakçılarının oğulları Həştərxana, hərbi yetimxana bölmələrinə göndərilmişdi. Onların bütün mülkləri, daşınan və daşınmaz əmlakı, bütün
kəndləri, eləcə də 342 nəfərin, o cümlədən Əhməd xanla birlikdə İrana qaçmış 81 bəyin əmlakı dövlət xəzinəsinə götürülmüşdür. (62) İkinci Rusiya-İran müharibəsi yenə də Rusiyanın qələbəsi ilə başa çatdı. Rus qoşunları Təbrizə daxil oldu və onların sonrakı hücumlarının təhlükəsi qarşısında Fətəli şah Qacar nəinki Rusiyanın Gülüstan müqaviləsi üzrə əldə etdiyi torpaqlara qarşı iddiadan əl çəkməli oldu, həm də İrəvan və Naxçıvan xanlıqlarını Rusiyaya güzəştə getdi, və bu da Təbriz yaxınlığındakı Türkmənçay kəndində 10 fevral 1828-ci ildə bağlanmış yeni, Türkmənçay müqaviləsi ilə möhkəmləndirildi. 1804-1813-cü və 1826-1827-ci illər Rusiya-İran müharibələrinin sonu olan Gülüstan və Türkmənçay sülh müqavilələri Quba xanlığını Rusiya İmperiyasının tərkibində təsbit etdi.

* * *


Azərbaycan xanlıqları Rusiyaya birləşdirildikdən sonra hökumət tərəfindən yeni inzibati-dövlət qaydaları tətbiq edildi. Xanlar hakimiyyətdən kənarlaşdırıldı, xanlıqlar isə əyalətlərə bölündü. Rusiya İmperiyasının tərkibinə daxil olmuş Azərbaycanın ərazisi, əvvəlki xanlıqların və sultanlıqların sərhədlərinə uyğun olaraq altı əyalətə, iki dairəyə və iki distansiyaya ayrıldı.
Əyalət və ya dairənin başında baş komandan tərəfindən rus zabitlərinin arasından təyin edilmiş komendant dayanırdı ki, həmin idarəetmə sistemi də öz adını buradan götürərək komendant üsul-idarəsi sayılırdı. Əyalətlərdə köhnə inzibati bölgü sistemi saxlanılmışdı: hər mahalın başında komendantlar tərəfindən yerli bəylərdən, ağalardan, məliklərdən təyin edilən naiblər durduğu. Kənd administrasiyası yüzbaşı (starşina), starşina və darğadan ibarət idi. Hər bir əyalətdə komendantın sədrliyi altında məhkəmə (divanxana) yaradılmışdı ki, onun da tərkibinə iki divanbəyi (yerli feodallardan), iki iclasçı (şəhər sakinlərindən) və bir molla (şəriətin bilicisi qismində) daxil idi. Məhkəmə işləri şəriət və yerli xan qanunvericiliyi əsasında həyata keçirilirdi. Çar hökuməti tərəfindən “hərbi-xalq idarəçiliyi” kimi bəyan edilmiş komendant idarə üsulu, demək olar ki, xan idarəçiliyindən heç nə ilə fərqlənmirdi. Hərbi işğal rejimini təmsil edən “hərbi-xalq” idarəçiliyi “Azərbaycan feodallarının mülkiyyətlərinin aşkar alqı-satqı sistemi idi. O, təslim olmayan xanların, sultanların, məliklərin mülklərini, bağlarını, və kəndlilərini çar xəzinəsinin xeyrinə müsadirə edir və qismən də işğalçı hakimiyyəti yerlərdə dəstəkləyən feodallara paylayırdı. Bu sonuncuların sırasına əsasən öz xanları tərəfindən sıxışdırılan və xanların hakimiyyəti ilə hədsiz səylə mübarizə aparan Qarabağ məlikləri, keçmiş Bakı hakimləri və Naxçıvandan Kəngərli bəyləri aid idi”. (63) “Keçmiş Bakı hakimləri” dedikdə Bakıxanovların nəsli – II Mirzə Məhəmməd xanın özü, oğulları və nəvələri nəzərdə tutulurdu ki, onlara Bakıda və məskunlaşdıqları Quba əyalətində titullu mülklər verilmişdi. Quba xanlığının ərazisi də eyni adlı əyalətə çevrilərək əvvəlcədən mövcud olan 8 mahalı: Quba, Rustov, Müşkür, Şabran, Sədan, Bərmək, Xınalıq və Buduğu əhatə edirdi. Torpaqlar, bağlar, balıq vətəgələri çar xəzinəsinə verilmişdi.

Qubanı ilk idarə edən (naib) yerli feodal Hacı bəy olmuşdur. Həm əyalətin, həm də şəhərin idarəçilik sistemi ilk zamanlarda demək olar ki, dəyişməmişdi. Onun hər bir məhəlləsindən vəzifəsi qoşunlara mənzillərin ayrılmasından və şəhərdə təmizliyə nəzarətdən ibarət olan starşinalar (starşinalar) seçilirdi. Starşinalar ümumi işlərə baxan qalabəyinə tabe idilər. Əvvəllər təsdiq edilən bəy idarəçiliyi 1810-cu il Quba üsyanından sonra 1811-ci ildə ləğv edilmiş və komendant idarə üsulu ilə əvəz edilmişdir. 10 mart 1812-ci il tarixdə Quba əyalətinin daxili idarəetməsi üçün Qubada “Şəhər məhkəməsi” təsis edilmişdi, və o da daha çox inzibati işlərlə məşğul idi. Bu orqanın məhkəmə funksiyası mülki, ticarət və “az əhəmiyyətli” cinayət işləri üzrə çəkişmələrin araşdırılması ilə məhdudlaşdırılırdı. (64) Bu dövr Qubanın xarici görünüşü Şərqin feodal şəhərlərinin tipik cizgilərinin xatırladırdı. Quba Qudyalçayın sağ sahilində mənzərəli yerdə yerləşən və kiçik, lakin çox yaxşı möhkəmləndirilmiş qala idi. Lakin Rus hakimiyyətinin sabitləşməsi ilə əlaqədar qala özünün keçmiş təyinatını itirməyə başlayır. XIX əsrin 30-cu illərində Quba artıq möhkəmləndirilmiş qalaya bənzəmirdi və şəhər qalanın hüdudlarından kənara çıxmağa başlamışdı. XIX əsrin əvvəlində Quba şəhərinin özündə təxminən 600 ev və 310 təsərrüfat var idi. (65)

Q.S.Bronevskinin məlumatlarına görə, 1807-ci ildə ümumilikdə Quba xanlığında 8 min ev vardı, 1832-ci ilin kameral hesablamalarına görə isə – 13 min ev və ya 46 min kişi cinsinə mənsub adam var idi. Bu sonuncu rəqəmə 199 bəy ailəsi və 260 müsəlman ruhani ailəsi daxil idi. Şəhər əhalisi (təxminən 1400 adam) sənətkarlıqla və ticarətlə məşğul olurdu. 292 kənddə kənd sakinləri əkinlə, maldarlıqla və qismən baramaçılıqla məşğul idilər. Sənətlərdən xalçaçılıq, silahqayırma və dulusçuluq işləri geniş yayılmışdı. (66)
Quba xanlığının Rusiyaya birləşdirilməsinin ilk illərində vergilərdə və feodallardan asılı kəndlilərin – rəiyyətin mükəlləfiyyətində əhəmiyyətli dəyişikliklər baş verməmişdi. Kəndlilərdən çoxu mülklərə, tüyüllərə və vəqflərə təhkim edilmişdi. Lakin rəiyyətdən vergiləri təkcə bəylər yox, həm və çar xəzinəsi almağa başlamışdı. 1830-cu illərin əvvəlində Quba əyaləti əraziləri “Kürə xanlığından (Qazıqumuq əyalətindən) şimaldan Samur çayı ilə, cənuba doğru Şirvandan Qafqaz sıra dağları ilə və Qurd-bulaq adlanan təbii sərhədlə, Bakı əyalətindən
Sumqayıt çayı ilə, şərqdən Xəzər dənizinin sahilləri, qərbdən Qafqaz sıra dağları ilə müəyyən edilirdi”. Quba əyalətində əhalinin sayı 88 650 nəfəri təşkil edirdi ki, onlardan 3 830 nəfər – Quba şəhərində, 1 294 nəfər – şəhər kənarı yəhudi qəsəbəsində, 82 150 nəfər isə on mahalı birləşdirən 292 kənddə yaşayırdı. Quba əyalətinə həmçinin “uzaqlığına və vəhşiliyinə görə” kameral hesablanması aparılmayan, lakin sorğular yolu ilə kəndlərin və ailələrinin sayı məlum olan azad dağ xalqları birləşdirilmişdi: 4 mahala daxil olan 32 dağ kəndində təxminən 4 456 ailə yaşayırdı. (67)

F.A.Şnitnikovun “Quba əyalətinin təsviri”ndən (1832-ci il) göründüyü kimi, Quba qəzasının sakinləri əkinçiliklə (Şabran, Müşkür, Tip, Sırt və Şeşpara mahallarında), maldarlıqla (Anaqdərə, Bərmək, Buduq, Xınalıq və Yuxarıbaş mahallarında), bağçılıqla, mahud, xalça, palaz, çuval toxuculuğu ilə məşğul olurdular, bostanları, dirrikləri vardı, tütün və pambıq əkir, tülkü və dələ ovlayırdılar. Buqud və Şabran mahallarında at zavodları var idi. Sənaye ilə yalnız Qubanın və şəhərkənarı Yəhudi qəsəbəsinin sakinləri məşğul olurdular. (68)

XIX əsrin birinci rübünün böhranlı hərbi-siyasi hadisələri Azərbaycanın, o cümlədən Quba əyalətinin etnik mənzərəsini əhəmiyyətli dərəcədə dəyişmişdi. “Qafqaz xalqlarının ram edilməsi prosesində çoxmillətli dövlətin mahiyyəti haqqında çar elitasının təsəvvürü dəyişilmişdi... Çar hökuməti öz vəzifəsini belə etnik rəngarəngliyin kökünü kəsməkdə görürdü. Təsadüfi deyil ki, o bu siyasətini islamın nüfuzdan salınması və müsəlman zadəganlığının legitimliyinə (qanuniliyinə) son qoyulması ilə başlayır. Artıq XIX əsrin birinci rübündə çar hökumətində belə bir plan təsdiq olunur: müsəlman xan və bəylərin hakimiyyətini zəiflətmək məqsədilə, yerli inzibati orqanlara rus nümayəndələri ilə yanaşı iki digər xristian millətinin, erməni və gürcülərin də nümayəndələri cəlb edilsin. 1820-ci illərin sonlarında İrandan və Osmanlı imperiyasından mütəmadi olaraq ermənilərin İrəvan ərazisinə köçürülməsinə başlandı. 1828-ci ildə I Nikolayın əmri ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ümumi “Erməni əyaləti” adı ilə birləşdirildi və xristian qaçqınlarının bu əyalətə yerləşdirilməsi xüsusilə geniş vüsət aldı. 1839-cu ildə Tiflisdə baş komandan erməni əhalisinin müsəlman bəylərinin hakimiyyətindən azad edilməsi haqqında qərar qəbul etdi, çünki, onun fikrinə görə, “xristian olan ermənilər müsəlman ağaların hakimiyyəti altında qala bilməzlər”. (69)

Lakin Quba əyalətinin vəziyyətinin təsvir edildiyi sənədlərdən göründüyü kimi, bu əyalətin əhalisi yalnız dini mənsubiyyətinə görə deyil, həm də hakimiyyətə “bağlılığına” görə nəzərə alınırdı. F.A.Şnitnikov “Quba əyalətinin əhalisinin çox hissəsinin sünni təriqətindən olan müsəlmanlardan, az hissəsinin isə erməni və yəhudilərdən ibarət olduğunu” vurğulayaraq, onların
fərqli xüsusiyyət və xarakterləri barədə öz “təsviri”ndə yazırdı: “Müsəlmanlar bərəkətli və məhsuldar torpaqlarda yerləşməklə, az zəhmətlə həyat üçün lazım olan bütün nemətləri əldə edirlər, daha boş və məzmunsuz həyat sürürlər, bu səbəbdən də onlara bir sıra naqis ehtiraslar hakim kəsilmişdir: pul hərisliyi, şəhvət, məkr, digər dinə mənsub olanlara qarşı nifrət, (bu
sonuncuların qarşısında onlar öz həmməzhəbinin cinayətini gizlədərək, allah qarşısında yalandan and içməkdən belə çəkinmirlər), həmçinin qisasçılıq (bu zaman öz doğmalarına belə rəhm etmirlər). Onların tərifəlayiq cəhətləri isə dinə ciddi riayət etmələri, qonaqpərvərlik və havadarlıq, təqib olunana sığınacağın verilməsidir. Ermənilərin sayı burada son dərəcə azdır, onlar sakit həyat tərzi sürür, zəhmətkeşdirlər və öz qanunlarını ciddi şəkildə müdafiə edərək, rus hökumətinə sadiqdirlər. Yəhudilərin fərqləndirici xüsusiyyətləri inadcıllıq, yalançılığa meyl, vardövlətin yığmağa hərislik, müsbət cəhətləri isə dini qaydalara ciddi riayət etmələridir”. (70)

F.A.Şnitnikov tərəfindən yaxşı “xasiyyətnaməsinə” layiq görülən yeganə millət – ermənilər, bununla belə, kütləvi qaydada yayıldıqları digər Azərbaycan əyalətlərindən fərqli olaraq, Quba əyalətində əhəmiyyətli dərəcədə çoxala bilmədilər. Bunun səbəbi bir sıra amillərlə, o cümlədən əyalətin əhalisinin sıxlığı və bilavasitə “müsəlman” əhalisinin özünün etnik baxımdan rəngarəngliyi ilə izah olunurdu.


Yeni əldə edilmiş Cənubi Qafqaz ərazilərinin, o cümlədən Quba xanlığının, əhalisinin vəziyyətinin öyrənilməsi, demək olar ki, bu diyara müxtəlif vaxtlarda səfər etmiş bütün ekspedisiyaların maraq dairəsinə daxil olmuşdur və bu, öz əksini rus məmur ya hərbçilərinin məruzələrində tapmışdır. Məsələn, P.Q.Butkov 1796-cı ildə hələ rus istilasına qədər olan
hesabat-məktublarında artıq Quba xanlığını “əyalət” adlandırır və göstərirdi ki: “Quba əyalətinin əhalisinin sayı 23.147 nəfərə çatır. Onlardan yerli sakinlər türkü adlandırılan dildə danışır, Öməri təriqətinin ardınca gedərək, müsəlman dininə sitayiş edir; bu yerlərə sonradan gələnlər isə digər yeddi mahalda məskunlaşmışlar; lakin Müskür, Bərmək və Sədan əyalətlərinin əhalisi tat adlandırılan dildə danışır və Ələvi təriqətinə mənsubdur; Buduq və Xınalıq mahallarının əhalisi Öməri təriqətinə etiqad edir və ləzgi dilinə çox yaxın olan dildə danışırlar, Maqan düzündən köçmüş, Fətəli xanın və onun atası Hüseyn-Əli xanın hakimiyyəti dövründə burada məskunlaşmış Şabran əyalətinin əhalisi Ələvi təriqətinə etiqad edir, amma, qubalılar kimi türkü adlanan dildə danışırlar. Böyük hissəsinin Müskür mahalında məskunlaşdığı ermənilər 180-dək təsərrüfat təşkil edir, azad surətdə öz dini
qanunlarına əməl edir, altı kilsələri və on keşişləri var. Yəhudilər Qubanın qarşısında yerləşən xüsusi Kulqat kəndini təşkil etməklə, 200 təsərrüfatda məskunlaşmışlar... Onlar həddən artıq yoxsuldur, öz dillərində danışırlar, öz dini qanunlarına etiqad edirlər, dörd sinaqoqları və dörd ravvinləri var”. (71) Beləliklə, əgər evlərin sayı – “Quba əyalətinə daxil olan 245 kənddə 6364 ev” – də nəzərə alınarsa, (72) asanlıqla müəyyən etmək olur ki, XVIII əsrin sonuna Quba xanlığının əsas əhalisini yerli sakinlər – müsəlmanlar təşkil edirdi.

Yuxarıda qeyd edildiyi kimi, qədimdən Qubanın yerli əhalisini qafqazdilli, irandilli və türkdilli tayfalar təşkil edirdi, müxtəlif tarixi dövrlərdə burada ərəblər, kürdlər və digərləri məskunlaşmışdır ki, bütün bu əhali qrupunu rus hökuməti ümumi bir ad – “müsəlman əhalisi” adı altında birləşdirirdi. XIX əsrin əvvəllərində Quba əyalətinin müsəlmanları arasında türkdilli əhali çoxluq təşkil edirdi. İstər Cənubi Qafqazın, istərsə də İran Azərbaycanın tarixən etnik türk tayfalarından olan əhalisi həm özü, həm də digər xalqlar tərəfindən “müsəlman” və yaxud “türk” adlandırılırdı, və bu zaman onun dini şüuru etnik şüurunu üstələyirdi. Cənubi Qafqaz Rusiya İmperiyasının tərkib hissəsi olduqdan bütün türk xalqlarını ənənəvi olaraq tatar adlandıran rus hökuməti, onları digər türk xalqlarından ayırmaq üçün, “azərbaycanlı adərbaycanlı” və yaxud “Cənubi Qafqaz tatarları” adlandırmağa başladı.

Hökumət tərəfindən “Azərbaycan tatarları” kimi tanınan əhali həm Quba şəhərinin özündə, həm də nə vaxtsa bu yerlərə köç etmiş əcdadlarının - çoxsaylı qıpcak, oğuz və digər türk tayfalarının adını daşıyan kəndlərdə yaşayırdılar (Quba, Alpan, Şabran, Bayat, Qacar, Samur, Çul, Xuc, Çalaxar və d.). Onlar türk dilində danışırdı, islamın həm şiə, həm də sünni məzhəbinə mənsub idilər. (73)

Quba əyalətində irandilli xalqlardan tatlar yaşayırdı ki, onlar, iranlıları nəslindən olmaqla, böyük ehtimala görə, Sasanilər sülaləsi dövründə (b.e. III–VII əsrlərdə) imperiyanın şimal sərhədlərinin müdafiə olunması məqsədilə Cənubi Qafqaza köçürülmüşdülər. Belə bir mülahizə də mövcuddur ki, XIII əsrin əvvəllərində Şirvanın əsas əhalisini təşkil edən tatlar Sasanilər hakimiyyəti dövründə buradakı alban tayfalarının yerini tutmuş və müxtəlif dövrlərdə dini cəhətdən üç qrupa: müsəlman, yəhudi və qriqorianlara
ayrılmışlar. (74)

Qubanın müsəlman-tat əhalisi əsasən adlarında tat dilinin kökləri qorunub saxlanılmış kəndlərində (Gəndov, Afurca, Zərqava, Rustov, Zuxur və d.) yaşayırdı ki, bu kəndlər də dağınıq şəkildə türkdilli Azərbaycan kəndləri arasında yerləşirdi. Tatlar ənənəvi şiə olmaqla - yalnız az hissəsi isə sünni idi – öz aralarında tat dilində, digər xalqlarla isə türk dilində danışırdılar. (75)

Qubanın müsəlman əhalisinin böyük hissəsini ləzgilər – əyalətin qədim əhalisi təşkil edirdi ki, onların da böyük əksəriyyəti Quba əyalətinin Dağıstanla həmsərhəd olan ərazilərində, Samur çayının sağ sahilində məskunlaşmışdı. Cənubi Dağıstanın orta əsrlərdə Şirvanşahlar dövlətinin tərkibinə daxil olması və yaxud onun təsiri altında olması ləzgilərin müntəzəm olaraq Dağıstandan qonşu ərazilərə (o cümlədən Quba xanlığına) köç etməsinə səbəb olmuşdur. Onlar köçdükləri ərazilərdə yeni yaşayış nahiyələri yaradaraq, bir çox hallarda
həmin nahiyələrə özlərinin keçmiş kəndlərinin adını vermişdilər. Məsələn, Quba əyalətinin ləzgilər yaşayan kəndləri – Zeyxur, Muruq, Muruqoba, Ləgər, Gədəzeyxur, Yeni Zeyxur kəndləri Dağıstanın eyni adlı kəndlərindən gələn əhali tərəfindən yaradılmışdı. (76) Ləzgilər sünni idilər, öz ləzgi, habelə türk dillərində danışırdılar. Quba əyalətində ləzgilərdən başqa ləzgi dilinin Şahdağ dil yarımqrupuna daxil olan digər çoxsaylı Qafqaz xalqları: xınalıqlar, qrızlar, buduqlar da yaşayırdı.

Xınalıqlar, təkcə bir kəndin əhalisi olmaqla, qədim Qafqaz Albaniyası əhalisinin nəslindəndirlər, sünnidirlər, yüksək dağ kəndi Xınalıqda yaşayır, xınalıq, habelə türk və ləzgi dillərində danışırdılar. Buduqlar Şərqi Qafqaz xalqıdır, əsasən Quba şəhərindən 64 kilometr cənubi-qərbdə yerləşən eyni adlı kənddə yaşamışlar, lakin əkin torpaqlarının
çatışmazlığı səbəbindən ətraf ərazilərdə də məskunlaşmışdılar. Köç etmiş buduqlar tərəfindən Müşkür, Şabran mahallarında və digər mahallarda “oba” və ya “qışlaq” tipli yeni qəsəbələr – Vəlioba, Əzizoba, Hacıəlibəy, Ağ-Yazı-Buduq, Digəh-Buduq, Yalavanc və digərləri salınmışdır. Buduqlar da sünni məzhəbinə aid olaraq, buduq və türk dillərində danışırdılar. Ehtimala görə, qrızlar da qədim Qafqaz Albaniyası əhalisinin nəslindəndir, yığcam şəkildə eyni adlı dağ kəndi olan Qrızda yaşayırdılar. Zaman keçdikcə qrızların bir hissəsi düzənliyə köçmüş və təkcə Müşkür mahalında 58 qrız bölməsi yaratmışlar. Düzənlikdə yaranmış kəndlər – Hacıqazma, Hacıəhmədoba, Şərifoba, Mənçəroba, Tikanlı Oba və digərləri dağ kəndləri cəmiyyətinə daxil idilər. Müsəlman-sünni olan qrızlar özlərinin qrız, habelə ləzgi və türk dillərində danışırdılar. Məlumdur ki, Fətəli xan XVIII əsrdə az
sayda yəhudiləri Qrıza köçürmüşdü, və kənddə mövcud olan yəhudi qəbri bundan xəbər verir.


Qubanın Şərqi Qafqaz yəhudilərinin subetnik qrupunu təmsil edən və “dağ yəhudiləri” adlandırılan xalis yəhudi əhalisi yığcam şəkildə yəhudi qəsəbəsində yaşayırdı. Linqvistik və tarixi məlumatlara görə, yəhudilərin Şərqi Qafqaza gəlməsi VI əsrdən gec olmayaraq başlamışdır. Burada onlar şərqi və şimal-şərq ərazilərdə tat dilində danışan əhali arasında məskunlaşmış
və tədricən həmin dilə keçmişlər. Qaytakla Şamaxı rayonu arasında dağ yəhudilərinin məskunlaşdığı bütöv bir yaşayış zolağı mövcud idi. XVIII əsrin ortalarında Quba xanlığında, hazırkı yəhudi qəsəbəsindən 2-3 kilometr yuxarıda, Qudyal çayının sol sahilində, Qurçal kəndinin yaxınlığında Kulqat adlı yəhudi qəsəbəsi mövcud idi. 1742-ci ildə Nadir şah bu qəsəbəni tamamilə dağıtdıqda yəhudilər yalnız özlərini xilas etmək məcburiyyətində qalmışlar. Hüseyn-Əli xanın dövründə Kulqat kəndinin keçmiş sakinləri indiki yəhudi qəsəbəsinin ərazisində yerləşmişlər. Bu qəsəbə Fətəli xanın hakimiyyəti dövründə, başqa əyalətlərdən, o cümlədən Muğan, Şirvan və Dağıstandan əhalinin Quba xanlığına köçməsi təşviq edilən dövrdə xüsusilə böyümüşdür. Dağ yəhudiləri özlərini “yeudi” (“iudey”) və ya cuur (fars dilindən cuhud – “iudey”) adlandırırdılar, “dağ” -“dağlı” sözü isə onların adına XIX əsrdə rəsmi rus sənədlərində bütün Qafqaz xalqları “dağlı” adlandırılarkən əlavə edilmişdir. Dilinə və digər əlamətlərinə görə onlar farsdilli yəhudilərə mənsub idilər. Məhz bu amildən – dağ yəhudilərinin və Qafqaz tatlarının dilinin yaxınlığından irəli gələrək bir sıra alimlər belə bir mülahizə irəli sürürlər ki, dağ yəhudiləri “İran tat tayfasının” nümayəndələridir, hələ İranda ikən
yəhudi dinini qəbul etmiş və sonradan Cənubi Qafqaza köçmüşlər. (77) Artıq qeyd edildiyi kimi, dağ yəhudiləri Qubada yəhudi qəsəbəsində və həmçinin Quba əyalətinin bir neçə kəndində yaşayırdılar. Mənbələrə görə Quba əyalətinin erməni əhalisi bu torpaqlarda XVIII əsrin sonlarında, Fətəli xanın hakimiyyətinin son illərində məskunlaşmış və əsasən Kilvar və Xaçmaz kəndlərində yığcam halda yaşamışlar. Xristianqriqorian məzhəbinə etiqad edən Quba ermənilərinin əksəriyyəti irandilli idi və bu səbəbdən XVIII – XX əsrlərin bir çox qaynaqlarında və nəşrlərində onlar yalnız “erməni tatları”, “xristian tatları” və ya “qriqorian tatları” deyə adlandırılardılar. Hərçənd, bu tatdilli kəndlərin əhalisi özlərini erməni kimi
tanıyır və tat dili ilə yanaşı erməni dilində də danışırdı. (78)


Quba xanlığında, sonra isə Quba əyalətində yaşayan bu əhali qrupları arasındakı həmişə rəvan və mehriban qonşuluq münasibətləri olmuşdur, etnik və ya dini zəmində hər hansı konfliktlər yaranmamışdır. Xüsusi olaraq vurğulanmalıdır ki, Qubanın bilavasitə müsəlman – sünni və şiə əhalisi arasında da nəzərə çarpacaq hər hansı ziddiyyət mövcud olmamışdır,
əksinə: “...Quba əyalətlərindən birinin yarısı Ömər təriqətinin, digər yarısı isə Əli təriqətinin arxasınca gedirlər. Mövhumat təsiri olaraq onların arasında yer alan ədavət, ictimai həyatdakı münasibətlərində əks olunmur. Belə ki, öz torpaqlarını düşmənlərdən qorumaq lazım gəldikdə, onlar birləşir və məzhəbi kənara qoyaraq birgə hərəkət edirlər”. (79)


1840-cı illərdə Qubanın şimal-qərb hissəsində “Rus qəsəbəsi”, yaxud “Qapalı xutor” adını almış və çar hərbi məmurlarının yaşadığı daha bir qəsəbə yaranmışdır. Rusların Quba əyalətində məskunlaşdırılması bu əyalət işğal edildikdən dərhal sonra başlanmış və yerli əhalinin intensiv şəkildə sıxışdırılması ilə müşayiət olunmuşdur ki, bu barədə daha ətraflı aşağıda danışılacaqdır.

Quba əyalətinin etnik mənzərəsi Quba şəhəri üçün də səciyyəvi idi. Quba şəhər sakinlərinin əsas etnik-milli qrupunu yerli türkdilli əhali – azərbaycanlılar təşkil edirdi. Şəhərdə sayca çox olan ikinci etnik qrup dağ yəhudiləri və tatlar idi. Digər milli qruplar – ruslar, ermənilər və s. nə sayı, nə də kifayət qədər etnik sabitliyi ilə seçilmirdi. Qubanın milli strukturunun
formalaşmasına Dağıstandan və İranın şimal əyalətlərindən – Cənubi Azərbaycandan olan işçi miqrasiyası – müvəqqəti mühacirlər də müəyyən təsir göstərmişdir. Qubada müxtəlif dövrlərdə bir neçə Dağıstan xalqı: avarlar, darginlər, kürəlilər, osetinlər və digərləri yaşamışdır. Onların çoxunu təşkil edən və həmçinin etnik azərbaycanlılar olan İran vətəndaşları Qubada günəmuzd, qulluqçu, qara fəhlə kimi işə götürülürdü, müəyyən hissəsi isə sənətkarlıq, ticarət və s. sahələrdə fəaliyyət göstərirdi. (80)

Şəhərin sosial iyerarxiyasında əsas mövqeyi bəylər və ruhanilər tuturdu. Şəhərin yuxarı təbəqələri əkinçilik üzrə sahibkarlıqdan başqa, həm də ticarətlə məşğul olurdular, müflisləşmiş bəzi bəylər sənətlərə üz tutur, mirzəlik, tərcüməçilik və sair işlərə düzəlirdilər. Rus hökumətinin köçürmə siyasəti, şəhər və kənd əhalisinin sıxışdırılması, hədsiz vergilər və mükəlləfiyyətlər, qanunsuz töycülər, habelə çar komendantlarının özbaşınalığı əhalinin ilk iki onillik ərzində artmış narazılığını getdikcə daha da çox gücləndirirdi. “Bütün bu mahallar özlərini Sizin hökumətinizə sədaqətli kimi göstərsələr də, onlar üzərilərinə qoyulmuş xəracı zor gücünə ödəyirlər” – deyə çar məmuru K.K.Krabbe xəbərdarlıq edirdi. (81) 1836-cı ildə Quba əyalətinin kəndlilərindən 31 414 pud buğda və 19248 pud arpa toplanması haqqında çar məmurlarının əmri, habelə qızılla 12973 rubla çatan pul vergilərinin hədsiz dərəcədə artırılması Quba xalqının səbir kasasının son damlası oldu. Çörək və pul müsadirə edildikdən sonra, hökumət 1835-ci ilin vergi qalıqlarının da ödənilməsini tələb etdi. Bundan əlavə, kəndlilər xəzinənin xeyrinə bir neçə mükəlləfiyyət də çəkməli idilər: poçt stansiyalarının və postların saxlanılması, komendantın sərəncamına at və arabaların, yanacağın və işçi qüvvəsinin verilməsi, dövlət tikililəri üçün tikinti materiallarının daşınması, Qubadan keçəcək Bakı-Dərbənd yolunun çəkilməsi. (82) Ağır iqtisadi və siyasi vəziyyət kütləvi çıxışlara gətirib çıxardı
və 1837-ci ildə Quba əyalətində kəndli üsyanı baş qaldırdı. Rus hökumətinin Varşava müsəlman-süvari alayına əsgər yığmaq haqqında tələbi üsyanın başlanması üçün təkan oldu. Lakin kəndlilərin narazılığı o qədər də orduda xidmət etmək arzusunun olmaması ilə deyil, süvarilərin toplanmasının yeni qarət mənbəyinə çevrilməsi ilə bağlı idi. Digər əyalətlərdə bir süvarinin təchizatı 130 – 150 rubl təşkil etdiyi halda, Quba əyalətində yerli məmurların sui-istifadə etməsi nəticəsində bu rəqəm 350 rubla çatırdı. (83) Quba kəndlilərinin üsyanına Xuluq kəndinin starşinası Hacı Məhəmməd başçılıq edirdi, onun köməkçisi isə əyalətin kənd əhalisi arasında böyük nüfuzu olan kəndli Yarəli idi. Kəndlilər bir sıra feodal
mükəlləfiyyətlərinin azaldılmasını, öz ağır vergi və zülmü ilə azğınlaşmış əyalət komendantı polkovnik Qimbutun, habelə iki əyalət naibinin və daha çox nifrət doğuran bəylərin zaqlaşdırılmasını tələb edirdilər. Əvvəlcə üsyançılarla hər hansı təmasdan imtina edən çar hakimiyyəti az sonra Qimbutu və ona daha cidd-cəhdlə xidmət göstərən iki naibi işdən çıxarmaq məcburiyyətində qaldı. Bunun nəticəsində müvəqqəti olaraq kəndliləri evlərinə dağılmağa dilə tutmaq mümkün oldu. Lakin kəndlilərin mahalların böyüdülməsi və vergilərin azaldılması haqqında tələbləri təmin olunmamış qalırdı. Bu zaman Qubada olan general Reutt ona müraciət edən üsyanın rəhbəri Hacı Məhəmmədlə danışıqlar aparmaqdan kobud şəkildə imtina etdi. Qeyd olunmalıdır ki, Quba üsyanın gedişinə Şamilin rəhbərlik etdiyi və qubalıların əlaqə saxladıqları dağlıların mübarizəsinin də müəyyən təsiri var idi. Belə ki, qubalılar hökumətin onların tələblərini təmin etməyə söz verdiyin məktub vasitəsilə Şamilə çatdırdıqda, Şamil öz cavabında kəndliləri çar çinovniklərinə inanmamağa çağırdı. 1837-ci ilin avqustunda Quba əyalətinin kəndlilərinin mübarizəsi yeni qüvvə ilə alovlandı və silahlı üsyana çevrildi.


Sentyabr ayında üsyançıların sayı artıq 12 min nəfərə çatdı. Çar üsulidarəsinin siyasətindən narazı olan bir çox bəylər üsyana qoşuldular, onlardan bir neçəsi Hacı Məhəmməd ərəfindən mahallara naib təyin edildi. Çox keçmədən üsyançılar Qubaya tərəf hərəkət etdilər və onu mühasirəyə aldılar. Sentyabrın 4-dən 5-ə keçən gecə şəhərə hücum başlandı. Döyüşün gedişində 4 minədək qubalılar da üsyançılara qoşuldu. Hacı Məhəmmədin dediyi kimi, “şəhər əhalisi üsyançılara hər şeydə kömək edirdilər: qadınlar çörək, divar və hörmə çəpərlərin kəsilməsi üçün balta verir, şəhərlilər silahları doldurur və hətta özləri atırdılar”. (84) Bununla belə üsyançılar qalanı almağa müvəffəq olmadılar. Sentyabr ayında yeni hücum cəhdi də uğursuz oldu.

Üsyan o dərəcədə ciddi xarakter almışdı ki, Qafqaz üzrə baş komandan Q.V.Rozen general Fezenin Şamil ilə vuruşan hərbi hissələrinin Dağıstandan Qubaya hərəkət etməsini əmr etdi. Üsyançılara qarşı təkcə çar qoşunları yox, həm də Şirvan bəylərinin, Kürə və Qazıqumuq xanlarının süvari dəstələri də cəlb edilmişdi. (85)

Qubanın mühasirədə olan qarnizonunun yardımına gələn bölmələr üsyanı yatıra bildi. Qiyamçılar Qubadan geri çəkilməli oldular. Lakin, bundan sonra da Quba əyalətinin bir neçə dağ mahalları çar hökumətinə müqavimət göstərməkdə davam edərək vergilərin ödənilməsindən boyun qaçırırdı. Baş komandan general Qolovin 1838-ci ildə Qafqazda olan vəziyyət haqqında məruzəsində belə məlumat verirdi: “Bu il Quba əyalətində baş verən qiyamdan sonra Qubanın yalnız ətraflarında sakitlik bərpa edilmişdir, onun yuxarı mahalları açıq-aşkar tabe olmurlar”. (86)

1838-ci ildə çar qoşunları tərəfindən dağ mahallarına iki hərbi ekspedisiya təşkil etdilər. İyun ayında Əcəxur kəndi yaxınlığında qiyamçıların silahlı dəstələri ilə atışma baş verdi. Üsyançılar məğlubiyyətə uğrayaraq Rusiyaya sədaqət andı içdilər və xəzinəyə vergi ödəməyə boyun oldular. Lakin onların böyük hissəsi Rutullu Ağabəyin başçılığı ilə dağlara çəkildi. (87) Beləliklə, Quba üsyanı amansızlıqla yatırıldı, Hacı Məhəmməd və üsyanın bir sıra başqa rəhbərləri həbs edilərək edam olundu, Yarəli isə dağlara qaçdı. Hökumət üsyanın digər fəal iştirakçılarını da qəddarlıqla cəzalandırdı. Lakin, bu əyalət və onun “narahat və etibarsız” əhalisi ilə nə isə etmək vacib idi. Belə ki, Quba üsyanı ilə eyni zamanda və sonrakı illərdə də bir neçə digər kəndli üsyanları baş vermişdi. 1838-ci ildə Şəki əyalətində də belə üsyanlar baş qaldırmışdı. Beləliklə, Qafqaz məmləkətinin idarəçiliyi üçün komendant üsulunun tamamilə yararsız olduğu fikri artıq gündəmə gəlirdi. Hələ 1827 – 1831-ci illərdə Qafqaz üzrə komandan qraf Paskeviç komendant idarəçiliyi üsulunun ləğv edilməsinin zəruriliyini qeyd edirdi. Bu sistem, müstəmləkə hakimiyyətinin açıq-aşkar forması olmaqla, nəinki yerli əhalidə nifrət və qıcıqlanma yaradırdı, həm də Rusiya dövlətinin iqtisadi maraqlarına böyük zərər vururdu. Belə ki, məmləkətin idarə edilməsinə və onun əhalisinin itaətdə saxlanılmasına xeyli xərc tələb olunurdu, müxtəlif vergilər və töycülər şəklində olan gəlirlərin çox hissəsi isə komendantların və digər administrasiya nümayəndələrinin cibinə çökürdü. (88)

1837-ci ildə Cənubi Qafqaza senator P.V.Qanın başçılığı ilə komissiya göndərildi. 1838-ci ilin əvvəlində onun təqdim etdiyi “Cənubi Qafqaz məmləkətinin idarə edilməsi üçün təsisat” layihəsi və təklifləri əsasında Rusiya hökuməti 10 aprel 1840-cı ildə Cənubi Qafqazda inzibatı islahatlar haqqında Qanun dərc etdi. 01 yanvar 1841-ci il tarixdə qüvvəyə minmiş
həmin Qanuna əsasən Cənubi Qafqazda komendant idarəçiliyi ləğv olunur, onun yerində isə ümumrusiya idarəetmə sistemi tətbiq edilirdi. Azərbaycanın böyük hissəsi yeni yaradılmış Xəzər vilayətinə (Bakı, Dərbənd, Quba, Lənkəran, Nuxa, Şamaxı, Şuşa qəzaları), digər, daha az hissəsi isə Gürcü-İmereti quberniyasına (Yelizavetpol, Balakən və Naxçıvan qəzaları) daxil edildi. Beləliklə, Quba əyaləti Quba qəzası oldu, 1843-cü ildən isə Quba şəhəri qəza şəhərinə çevrildi.

Bu qanuna uyğun olaraq ləğv edilmiş köhnə idarələrin əvəzinə yeniləri – quberniya, qəza və nahiyə idarələri yaradıldı, mahallar və onlarla birlikdə mahal naibləri vəzifələri ləğv edildi. Bununla bərabər, azərbaycanlı məmurlar yerlərdəki bütün inzibati aparatlarda işdən qovuldular və onların yerinə rus məmurları təyin edildi. Senator Qanın layihəsində və digər sənədlərdə belə bir fikir irəli sürülürdü ki, məmləkətdə Rusiya mütləqiyyətinin etibarlı dayağı yalnız “xalis rus zadəganlığı” ola bilər və onları burada yerləşdirmək lazımdır. Amma bunun üçün torpaqlar lazım idi və bu səbəbdən Cənubi Qafqazın müsəlman əyalətlərində titullu torpaq mülkiyyətini ləğv etmək qərara alındı. Əgər bu islahata qədər hakimiyyətə qarşı çıxışlarda bəylərin və ağaların yalnız kiçik bir hissəsi iştirak edirdisə, indi vəzifələrindən, eləcə də öz torpaqlarından, kəndlilərindən, bunun ardınca isə gəlirlərindən məhrum edilən
və ya bunu gözləyən bəy və ağalar kütləvi şəkildə hakimiyyətə qarşı barışmaz müxalifətə keçdilər. Onların yaratdıqları silahlı dəstələr mütəmadi olaraq təkcə ayrı-ayrı məmur və zabitlərin deyil, həm də çar qoşunlarının kiçik dəstələrinin üzərinə hücumlar edirdi. Bütün bu hücumlar çar hökuməti tərəfindən rəsmən “talan və soyğunçuluq” kimi təsnif olunurdu, lakin, bu hərəkatın xüsusilə 1842-ci ilin ortalarından etibarən son dərəcə geniş vüsət alması, I Nikolay hökumətini qəbul edilən qərara yenidən baxmağa və son olaraq Qanın islahatlarının həyata keçirilməsini dayandırmağa məcbur etdi. (89)

XIX əsrin 40-cı illərinin əvvəllərində keçirilən inzibatı-məhkəmə islahatları, komendant idarəçiliyinin və keçmişdən qalmış bəzi xanlıq qaydalarının ləğvi, ümumən Azərbaycanda feodal parçalanmasına birdəfəlik son qoyaraq ölkənin iqtisadi inkişafına təkan versə də, eyni zamanda çar mütləqiyyətinin müstəmləkəçilik zülmünü gücləndirirdi. 1841-ci ildə dərc olunan və Azərbaycan qəzalarında 10 ildən artıq müddətdə qüvvədə olan köhnə vergi sistemini ləğv edən “Hər evdən alınan vergi haqqında” qanun natural təsərrüfatın dağılması
və əmtəə-pul münasibətlərinin inkişafı prosesini sürətləndirirdi. Bununla belə, hətta əvvəllər hər cür vergilərdən azad olan rəncbər və əsgərlərdən də pul vergisinin alınması və digər hökumət tədbirləri kəndlilərin vəziyyətini olduqca ağırlaşdırırdı ki, bu da onların tez-tez hökumət əleyhinə çıxışlarına, vergilərdən və dövlət xəzinəsi xeyrinə mükəlləfiyyətlərin icrasından imtina etməsinə səbəb olurdu. 1844-cü ildə Quba qəzasının Qrız kəndinin öz qəddarlığı və kəndliləri sıxışdırması ilə ad çıxarmış starşinası öldürülür. Onun ölümündə ittiham olunan
iki kəndli sürgünə məhkum edilir. Bu zaman kəndin bütün sakinləri, yekdilliklə onların müdafiəsinə qalxaraq, müttəhimlərin azad olunmasını tələb edirlər. Belə həmrəyliyin qarşısında çar çinovnikləri hökmün icrasını dayandırmalı olurlar. 1845-ci ildə Quba qəzasında bir qrup kəndli mülkədar Məmməd Yusif bəyə tabe olmaqdan, vergi verməkdən və mükəlləfiyyətə əməl
etməkdən imtina edirlər. Həmin bəyin qəza rəisinə şikayətindən aydın olurdu ki, kəndlilər artıq 8 ildir ki, onu tanımaq istəmirlər. 1845-ci ildə Quba qəzasının Rustov kəndinin əhalisi öz hakiminə qarşı üsyan qaldırdıqda, hakim həmin kəndə silahlı dəstə göndərərək üsyanı yatırır. Bu dövrdə kəndli iğtişaşları Azərbaycanın digər qəzalarında da baş verirdi. (90)

Kəndli hərəkatının genişlənməsinə çox vaxt yerli feodalların özləri – onların sahibkar hüquqlarını şübhə altında qoyan rus hökumətinin siyasətindən narazı olan bəylər, ağalar təkan verirdilər. Həmin dövr Azərbaycan qəzalarında olan vəziyyət o qədər gərgin idi ki, Qafqazda yerli zadəganların şəxsində etibarlı sosial dayağın yaradılması məsələsi yenidən gündəmə gəlir. Vəziyyəti dəyişmək zərurəti qarşısında rus hökuməti 1844-cü ildə Qafqazda canişinlik təsis etdi və bununla da məmləkətin müstəmləkəçilik idarə üsulu bir daha təsbit olundu. Belə ki, bütün mülki və hərbi hakimiyyət bilavasitə imperatora tabe olan canişinin əlində cəmlənirdi. Qafqazın ilk canişini knyaz M.S.Vorontsov təyin olundu və onun dövründə 1840-cı il islahatına dəyişikliklər edildi.

1846-cı ildə Cənubi Qafqazın quberniyalara bölünməsi əsasında yeni inzibati bölgüsü həyata keçirildi və müvafiq olaraq Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları yaradıldı. Quberniyalar hərbi qubernatorlar tərəfindən idarə olunurdu. Azərbaycan ərazisinin böyük hissəsi Şamaxı quberniyasının tərkibinə, Quba qəzası isə Dərbənd quberniyasına daxil edildi. Sonradan, 1850-ci ildə Azərbaycan torpaqlarının da bir hissəsi daxil olmaqla, İrəvan quberniyası yaradıldı. 30 may 1859-cu il tarixdə Şamaxını dağıtmış güclü zəlzələdən sonra, quberniyanın mərkəzi Bakı oldu, Şamaxı quberniyası Bakı quberniyası adlandırılmağa başladı. 5 may 1860-cı il tarixdən Quba qəzası da Bakı quberniyasının tərkibinə daxil edildi.

1846-cı ilin dekabrında bəy və ağaların hüquqlarına dair I Nikolayın Reskripti dərc edildi. Bu sənədə əsasən bəylərin və ağaların Azərbaycanın usiyaya birləşdirildiyi dövrə qədər sahib olduqları bütün torpaqları üzərində irsi sahiblik hüquqları təsdiq olundu, hətta şərti mülklər – tiyullar da irsi mülkiyyət hesab edildi.

1847-ci ilin dekabrında isə “Kəndli qaydaları” adlanan və çoxsaylı mükəlləfiyyətlər qalmaqla bərabər kəndlilərin mülkədarlardan şəxsi asılılığını qüvvədə saxlayan və möhkəmlədən bir qanun dərc olundu. Həmçinin bəylərin çar ordusunda və idarələrində zabit və məmur qismində xidmət etmək hüquqları qanunlaşdırıldı.

XIX əsrin ikinci yarısı Rusiya imperiyası üçün öz tarixi inkişafının yeni dövrünə – kapitalizm dövrünə daxil olması ilə səciyyələnməklə yanaşı, onun ucqarlarının, o cümlədən ümumrusiya ticarət dövriyyəsinə getdikcə daha çox cəlb edilən Azərbaycan quberniya və qəzalarının iqtisadi və sosial həyatında da əlamətdar bir dövr sayıla bilər. Azərbaycanın xalq təsərrüfatının bir neçə sahəsi tədricən bazar üçün, ilk növbədə isə Rusiya bazarı üçün məhsul istehsal etməyə başlayır. Neft, ipək, kənd təsərrüfatı və digər məhsulların ixracatı Rusiyanın mərkəzi quberniyaları ilə ticarət əlaqələrinin gücləndirilməsinə imkan verir, ticarət dövriyyələri genişlənir, əmlak mübadiləsinin üsulları dəyişirdi. Baş verən bu proseslər Quba qəzasının da iqtisadi inkişafına öz müsbət təsirini qoyurdu. Məsələn, XIX əsrin ortalarında Qubadan Rusiyaya ixracatın ümumi həcmi 80 min rubla, şəhərin illik ticarət dövriyyəsi 500 min rubla çatmışdı ki, bu da həmin dövr üçün kifayət qədər böyük göstərici idi. Şəhərin mühüm ixracat malı xalça idi ki, onun da əsas hissəsi şəhərə qəzadan daxil olur və buradan yaxın və uzaq bazarlara, o cümlədən xaricə göndərilirdi. Rusiya, İran, Dağıstan, habelə Bakı Qubanın əsas ticarət şərikləri idi. Şəhərin iqtisadiyyatında Cənubi Qafqazın, Şimali Qafqazın və Rusiyanın bazarlarına çıxarılan meyvə və tərəvəz ticarəti böyük rol oynayırdı. Bu dövrdə rus toxuculuq sənayesi üçün boyaların hazırlandığı boya otunun istehsalı, habelə, əsasən Volqaboyu şəhərlərə göndərilən ipək xammalının, tütünün, dəri məmulatının istehsalı geniş yayılmışdı. (91) İstehsalın və ticarətin genişləndirilməsi Quba şəhərinin özünün də inkişafına səbəb olmuşdu: burada bir neçə kərpic zavodu, 2 tütün fabriki, çoxlu sənətkar emalatxanaları var idi. Həmçinin şəhərdaxili ticarət inkişaf edirdi: əgər 1832-ci ildə Qubada
155 dükan var idisə, 1893-cü ildə onların sayı artıq 1109-a çatırdı. Ticarət mağazalarının əsas hissəsi Qubanın mərkəzi hissəsində – Baş küçədə, Bulvar, Bazar, Komendant küçələrində yerləşirdi. Şəhər ticarətinin əsas mərkəzi bazar meydanı idi. Bu dövrdə Quba şəhərində və qəzanın nisbətən daha iri kəndlərində bir sıra sənətkarlıq və peşə fəaliyyəti sahələri də mövcud idi ki, onların arasında papaqçılıq, çəkməçilik, dərzilik, boyaçılıq, arabaçılıq, dəmirçilik, gönçülük, silahqayırma, əhəng hazırlama və sairi göstərmək olardı. Bu sənətlərin çox hissəsi artıq ənənəvi kustar sənət formalarından kənara çıxırdı. (92)

Beləliklə, Rusiya imperiyasında kapitalizmin inkişaf etməsi ilə milli ucqarlarda da kapitalist münasibətlərinin rüşeymləri yaranırdı. Lakin patriarxalfeodal münasibətlərin saxlanması, eləcə də çar hakimiyyətinin müstəmləkə siyasəti istər ümumən Azərbaycanın, istər onun ayrı-ayrı şəhər və qəzalarının sosial-iqtisadi həyatında öz əksini tapırdı. Məsələn, 19 fevral 1861-ci ildə II Aleksandr tərəfindən imzalanmış təhkimçilik hüququnun ləğv edilməsi haqqında Manifest imperiyanın ucqarlarına şamil edilmədi və Cənubi Qafqazda, xüsusən Azərbaycanda özünəməxsus xüsusiyyətləri olan bu sosial münasibətlər sistemi neçə illər sonra ləğv olundu. 14 may 1870-ci il tarixində Çar hökuməti “Cənubi Qafqazın Yelizavetpol, Bakı, İrəvan quberniyalarında və Tiflis quberniyasının bir hissəsində ali müsəlman təbəqəsinin, eləcə də erməni məliklərinin torpaqlarında yerləşdirilmiş dövlət kəndlilərinin sakinlik qaydaları haqqında Əsasnamə” dərc edir ki, bu sənəd Cənubi Qafqazda kəndli islahatının əsas qanunverici aktı hesab olunmaqla kəndlilərin bəylərdən şəxsi asılılığının ləğvini nəzərdə tuturdu. Lakin, “Əsasnamə” həmin dövrdə Quba qəzasına və Zaqatala dairəsinə şamil olunmayaraq, yalnız 1880-ci ildə Qubada, 1913-cü ildə isə Zaqatalada həyata keçirilmişdi. 1860-cı illərin sonunda çar hökuməti tərəfindən həyata keçirilmiş məhkəmə və şəhər islahatları da, Rusiyanın mərkəzi quberniyalarına nisbətən, ucqarlarda əhalinin “müxtəlif tayfalardan olması və geriliyi” bəhanəsi ilə ixtisar edilmiş şəkildə aparılmışdı. (93)

Əhalinin “müxtəlif tayfalardan olması və geriliyi” barəsində çar hökumətinin öz mülahizələri var idi. Hələ 1830-cu illərin əvvəllərində senatorlar P.İ.Kutaysov və E.İ.Meçnikov Cənubi Qafqazın bir sıra əyalət və şəhərlərini gəzərək, “Cənubi Qafqaz diyarının qurulması haqqında təkliflər”ini hökumətə təqdim etmişdilər. “Həmin diyarı Rusiya üçün faydalı etmək” məqsədilə hazırlanan bu sənəddə onu “Rusiyaya mülki və siyasi bağlarla vahid bir vücudda bağlamaq və bu yerlərin əhalisini rus dilində danışmağa, düşünməyə və hiss etməyə məcbur etmək” təklif olunurdu. “...Təkliflər” yalnız “mülki və siyasi bağlarla” məhdudlaşmayaraq, həmçinin “diyarın sakinlərini pravoslav dininin işığı ilə şəfəqləndirmək və həyatverici xaçı islamçılığın xarabalıqları üzərində bərqərar etmək” kimi ideya da irəli sürürdü. (94)

Məhz bu vəzifənin həlli üçün çarizmin köçürülmə siyasəti işə salınmışdı və artıq 1830-cu illərin əvvəlindən onun reallaşdırılmasına başlanmışdı. Belə ki, çar hökumətinin 20 oktyabr 1830-cu il tarixli Qanunu ilə təriqətçilərin və sektantların bilavasitə Rusiya ərazilərindən Cənubi Qafqazda yerləşdirilməsinin əsası qoyulmuş və onların Novorossiysk əyalətinə
köçürülməsi dayandırılmışdı. Cənubi Qafqazda rusların ilk məskunlaşdığı yer Bakı quberniyasının Lənkəran qəzasında 1834-cü ildə yaranmış Vəl kəndi olmuşdur.

“Baş komandanın sadiqanə məktubunda” qeyd edilirdi ki, Cənubi Qafqazın müxtəlif tayfalı və müxtəlif dinli ucqarında rus qüdrətinin möhkəmləndirilməsi üçün ən təsirli tədbirlərdən biri yerli əhalinin tərkibinin etibarlı rus elementi ilə gücləndirilməsidir. Bu vəzifə bizim hakimiyyət tərəfindən çoxdan bəri dərk edilirdi və bu məqsədlə 1830 – 1850-ci illərdə rus təriqətçilərinin böyük dəstələri burada yerləşdirilmək üçün göndərilirdi”. (95)

1849-cu il yanvarın 1-nə olan məlumata görə, bütün Cənubi Qafqaza ümumilikdə sayı hər iki cinsdən 19 341 nəfər olmaqla, artıq 3 259 rus ailəsi köçürülmüşdü. Rus kəndlərinin quberniyalar üzrə sayı aşağıdakı kimi əks olunurdu: Şamaxı (1859-cu ildən Bakı) quberniyası – 19 kənd, Tiflis quberniyası – 2 kənd, Yelizavetpol quberniyası – 7 kənd, İrəvan quberniyası – 6 kənd. (96) Göstərilən mənbədən məlum olduğu kimi, Cənubi Qafqazda ilk rus köçkünlərinin ən böyük hissəsi Azərbaycan ərazilərində, xüsusilə də Bakı quberniyasının hüdudlarında cəmləşmişdir və sonrakı bütün mərhələlərdə bu vəziyyət olduğu kimi qalmışdır.

Sürgün edilmiş təriqətçilərin və sektantların Cənubi Qafqazda məskunlaşması ilə eyni vaxtda həmin ərazilərdə daimi mənzil-qərargahlar və ailəli əsgərlərdən ibarət hərbi bölmələr təşkil edilməklə onların yanında təsərrüfatların yaradılması prosesi başlanır ki, bu da artıq hərbi-strateji əhəmiyyət daşıyırdı. Mənzil-qərargahların yaxınlığında xutorlar, zəmilər, otlaq sahələri yaradılır, aşağı rütbəli zabitlər ailə qurur və təsərrüfat sahibi olurdular. Cənubi Qafqazda ilk olaraq mənzil-qərargahlar yanında rus-pravoslav kəndləri – Qusar, az sonra Zurabovka – Quba qəzasında yaradılmışdır. Hökumət yeni köçkünlərin pravoslav kilsəsinə sadiqlik ruhunda tərbiyə olunmasına birinci dərəcəli əhəmiyyət verilirdi və bunu görə də 1836- cı ildə Qusar sahəsində 84-cü Şirvan piyada alayının mənzil-qərargahının yaradılması ilə eyni zamanda Qusar kilsəsi inşa edilmişdi. (97)

Lakin çox tezliklə mənzil-qərargahların yaradılması və təriqətçilərin sürgün edilməsi yolu ilə kəndli müstəmləkəçiliyi prosesi hakimiyyətin nəzarətindən çıxdı və boş torpaq axtarışında olan rus kəndlilərinin Rusiyanın içəri quberniyalarından Cənubi Qafqaza, xüsusilə də Azərbaycana kütləvi şəkildə özbaşına köçü başlandı. Kəndlilərin özbaşına mühacirəti cinayət hesab edilməsinə, hökumətin aktları ilə nizamlanmadığına və qanuniləşdirilmədiyinə baxmayaraq, yerli administrasiya məmurlarının səlahiyyətində” olduğu üçün öz həllini tapırdı. (98)

1860-70-ci illərin məlum kəndli islahatlarından sonra rus kəndlilərinin Cənubi Qafqazda yerləşdirilməsi faktiki olaraq dayandırıldı ki, bu da “sektantların daxili quberniyalardan olan digər kəndlilərə-könüllü köçkünlərə zərərli təsiri... və boş dövlət torpağının çatışmazlığı ilə” izah olunurdu. (99) Kəndlilərin mühacirəti qadağalara baxmayaraq heç də dayanmamışdı
və Quba qəzasında 1890-cı illərin əvvəlindən 1916-cı ilə qədər rus kəndlərinin yaranması buna sübut idi. Bununla belə, kəndlilərin köçürülməsi prosesinin məhdudlaşmasına səbəb kimi yuxarıda göstərilən hər iki dəlil maraq doğurur. Daxili İşlər Nazirliyinin Əkinçilik və Dövlət Əmlakları nazirinə ünvanladığı məktubdan belə məlum olur ki, təriqətçilər rus hökumətinin ümidlərini doğrultmamış, və nəinki bu diyarda “rus işini irəliyə aparmamışlar”, əksinə, “etibarsız, dövlətə zidd ünsür” olaraq, özlərinin “mövcud dövlət quruluşuna mənfi münasibəti ilə” onlar “rus vətəndaşlığı ruhunu hələ kifayət qədər dərk etməmiş yerli əhaliyə ... pozucu təsir” göstərirlər. Məktubda rus təriqətçiləri yerli əhali arasında “rus dövlətçiliyinin əsaslarına qarşı lazımi hörmətin” nüfuzdan salınmasında günahlandırılır və bununla da “diyarın idarə edilməsi işinə yeni ciddi çətinliklər törətmək” təhlükəsi yaratmaqda təqsirkar bilinirdilər. (100)

“Yadelli əhalinin” torpaqlarında təzəcə məskunlaşmış, bu yerlərə hələ kifayət qədər alışmamış və yerli cəmiyyətə qoşulmamış rus əhali həmin cəmiyyətin Rusiya dövlətçiliyinə qarşı “lazımi hörməti”ni necə nüfuzdan sala bilərdilər? Hər halda onların nə ilə təzahür olunduğu bilinməyən” mövcud dövlət quruluşuna mənfi münasibəti” ciddi arqument deyildi. Bu baxımdan məktubda göstərilən ikinci səbəb – “boş dövlət torpaqlarının çatışmazlığı” – daha inandırıcı görünürdü.

Məlumdur ki, ilk köçkünlər ən əvvəl dövlət torpaqlarında, yəni əsasən keçmiş xanların və bəylərin müxtəlif səbəblərdən dövlətin xəzinəsinə keçmiş torpaqlarında yerləşdirilməli idi. Bundan əlavə, hökumət ilk rus köçkünlərinin yerləşdirilməsi üçün nəzərdə tutduğu ərazilərin sırasına kəndlərin istifadəsində olan və nə üçünsə “artıq torpaq” kimi qəbul olunmuş torpaqları da daxil etmişdi. Daha sonra “az öyrənilmiş” adı ilə böyük torpaq sahələri meydana çıxmışdı və s. Lakin işə gəldikdə, məsələ həmin “yadelli” – yerli əhalinin öz doğma
torpaqlarından köçürülməsi və həmin torpaqlarda rus və digər millətlərdən olan köçkünlərin yerləşdirilməsi ilə başa çatmışdı. Məsələn, A.Yunitskinin qeydlərindən göründüyü kimi, Quba qəzasında rus kəndi Yelenovka 1892-ci ildə “yaranmışdır” və aclıq çəkən rus köçkünləri, boş, məhsuldar torpaq sorağında müxtəlif quberniyalardan axışıb gəlmiş kəndlilər” üçün sığınacağa çevrilmişdi. Amma, sənədin aşağıdakı sətirlərindən məlum olurdu ki, “boş torpaq” dedikdə konkret bir azərbaycanlı kəndi başa düşülürdü: “həmin kəndin əvvəlki adı Hacı-Hüseyn idi və onun əhalisini yalnız tatarlar (azərbaycanlılar nəzərdə tutulur - S.R.-T.) təşkil edirdi. 1891-ci ildə tatarlar, digər qonşu kəndlərdən olduğu kimi, öz quldur hərəkətlərinə görə bu kənddən də çıxarılmış, boş qalan kəndlərə isə Rusiyanın mərkəzi quberniyalarından olan köçkünlər yerləşdirilmişdi. Kəndə Yelenovka adı Bakı qubernatoru Roqqe tərəfindən (arvadı Yelena İvanovnanın şərəfinə) verilmişdi”. “Bu dövrdə Yelenovkanın ətrafında əlavə üç pravoslav kəndi yerləşdiyinə görə, onlar üçün kilsənin tikilməsi zərurəti yaranmışdı...”. (101)

Burada kəndlilərin “quldurluğa” görə öz kəndlərindən çıxarılması ifadəsi rus hökumətinin özünün açıq-aşkar zorakılıq siyasətinə bəraət qazandırmaqdan savayı heç bir şey deyildi, belə ki, müxtəlif yaşlı kişi, qadın və uşaqlardan ibarət olan onlarla müsəlman kəndlərinin bütün əhalisi quldur ola bilməzdi. Bir ya bir neçə həqiqətən quldurluq edən şəxsə görə isə (əgər elələri vardısa) kəndin bütün sakinlərini öz doğma yurdyuvalarından köçürmək quldurluqla bağlı xüsusi cəza maddələri olan Rusiya qanunvericilində də nəzərdə tutulmurdu.
Lakin belə aqibət sonradan Nikolayevka adlandırılmış Xuc adlı azərbaycanlı kəndini də gözləyirdi: “Nikolayevkanın tarixi ... hadisələrlə zəngin deyildir. O vur-tut 10 il əvvəl tatar kəndi Xucun yerində yaranmışdır. 1894-cü ilin sentyabrında bura ilk rus köçkünləri gəldi. Onlar Xarkov əyalətinin malorossları (ukraynalılar-S.R.-T.) idi, aralarında velikorosslardan (ruslardan- S.R.-T.) ibarət olan 5 ailə də var idi. “Yeni yaxşı torpaqlar” arzusu və torpaq qıtlığı onları hökumətin Qafqaza köçmək təklifini böyük coşqunluqla qəbul
etməyə vadar etmişdi”. (102)

Quba qəzasının ləzgi əhalisi də doğma kəndlərindən zorla köçürülməyə məruz qalmışdı. Məsələn, “Küsnət (indiki Vladimirovka) kəndinin sakinləri çar komendantlarının təzyiqi altında bol otlaq yerləri, məhsuldar torpaqları və bağları olan kəndlərini tərk etməyə məcbur oldular, məhsul verməyən dağlara köçdülər və köhnə adla yeni kənd saldılar... Ləzgi əhalisinin Qubadan, Qusardan və Xudatdan intensiv surətdə sıxışdırılması davam edirdi”. (103) Qeyd edildiyi kimi, Quba qəzasında rus kəndləri müsəlman kəndlərinin istifadəsində olan “artıq torpaqlarda” da yaradılırdı. Məsələn, hələ 1832-ci ildə öz “ Təəssüratlarında” F.A.Şnitnikov “qoşunların daimi yerləşməsi üçün əlverişli olan yerlərin” böyük bir siyahısını tərtib etmişdi və bu siyahıya Quba qəzasının, Quba qalası başda olmaqla, demək olar ki, bütöv ərazisi salınmışdı. (104) Lakin siyahıda qeyd edilirdi ki, “Qoşunların qalanın daxilində
yerləşdirilməsi evlərin darısqal tikilməsi üzündən yalnız sakinlərin qaladan çıxarılmasından və şəhər təmizlənərək, kazarmalar və digər dövlət tikililərinin inşasından sonra mümkündür”. (105)

Rus qoşunlarının yerləşdirilməsi üçün əlverişli yerlərin arasında “Qaraçay üzərindəki Nügədi kəndinin” və “Qusar çayının üzərində, indiki Yeni Qubanın olduğu Qusar kəndinin” adı çəkilirdi. (106) Son nəticədə 84-cü Şirvan alayının mənzil-qərargahının yaradıldığı yer Qusar kəndi oldu və gələcəkdə burada eyni adlı alayın xidməti və fəaliyyəti şərəfinə Şirvan kəndi salındı. Bir müddət sonra Quba qəzasında Qafqaz administrasiyası nümayəndələrinin adı verilmiş “əlavə iki kənd cəmiyyəti” yaradıldı: “Qaraçay biçənəyində qəza rəisi Kozlyakovskinin adını daşıyan Kozlyakovka kəndi və Hil çöllərində məşhur Qafqaz generalı Yermolovun şərəfinə eyni adlı kənd”. (107) Keçmiş Quba qəza rəisinin soyadı ilə Zurabovka adlanan digər bir rus kəndinin adı az sonra böyük knyaz canişin Mixail Nikolayeviçin şərəfində adı dəyişdirilərək Mixaylovka adlandırılmışdı, sonralar Mixaylovkanın yaxınlığında yerli əhaliyə mənsub olan Axtala ərazisində yeni Axtala yaxud Novo-Mixaylovka adlanan qəsəbə yaradılmışdı. (108)

Beləliklə, 1830-cu illərdən başlayaraq 1917-ci ilədək Quba qəzasında 19 rus kəndi yaranmışdı: Aleksandrovka, Alekseyevka, Alekseyev cəmiyyəti, Borispol, Vasiliy cəmiyyəti, Vladimirovka, Yekaterinovka, Yelenovka, Yermolovka, Kozlyakovka, Qusar (kənd, mənzil-qərargah), Mixaylovka (Zurabovka), Nikolayevka, Novo-Mixaylovka, Pavlovka, Petropavlovka, Radnikovka, Şirvan (Şirvanovka) və İrəvan xutoru. 1 yanvar 1914-cü il tarixə olan məlumata görə, ruslar Quba qəzasının bütün əhalisinin (184 164 nəfər) –3 %-ni – (5419 nəfər) təşkil edirdi. (109) Artıq yuxarıda qeyd edildiyi kimi, hökumət yeni köçkünlərin pravoslav kilsəsinə sədaqət ruhunda tərbiyə edilməsinə birinci dərəcəli əhəmiyyət
verirdi və bunun üçün rus kəndlərində kilsələr tikilir, prixodlar (məhəllə kilsə təşkilatı- S.R.-T.) yaradılırdı.

Qubada “hərbi qulluqçulardan və çox az sayda mülki məmurlardan ibarət olan yerli pravoslav əhalinin” tələbatını ödəməli olan ilk pravoslav kilsəsi 1834-cü ildə tikilmişdi. 1853-cü ildə yararsız hala düşmüş köhnə kilsənin əvəzinə yenisini tikmək qərara alındı və onun üçün bazar meydanında yer ayrıldı. “Bu yer münasib olmadı ...çünki müsəlman əhalisinin
yaşadığı hissənin mərkəzində yerləşirdi... Quba şəhərinin xristian əhalisi yeni kilsə binası üçün şəhərin qərb hissəsində yalnız pravoslavların, və qismən ermənilərin yaşadığı başqa bir yer seçdi. Bu yer ... fərdi bir şəxsə, müsəlmana, əslən qubalı olan Məmməd Əli Mahmud oğluna məxsus idi. Şəhərlilərin xahişinə əsasən, o bu sahəni təmənnasız olaraq kilsə tikintisi üçün güzəştə getdi”. (110) Sonralar digər rus kəndlərində – Mixaylovka, Yelenovka, Qusar, Nikolayevkada kilsələr tikildi, bir çox kəndlərdə həmçinin kilsə-prixod məktəbləri mövcud idi. (111)

Lakin, A.Yunitskinin “Təsvirləri”ndən” göründüyü kimi, qəzada kifayət qədər “allaha ibadət evlərinin” və pravoslav ruhanilərin olmasına baxmayaraq, prixoda mənsub olanların çoxu heç də “pravoslav kilsəsinə sədaqət ruhunda tərbiyə almağa” can atmırdılar... Bu baxımdan Yelenovka kəndinin sakinləri – “daha çox sənətkarlığa və kəndli əməyinə daha az
meylli olan...” adamlar xüsusilə seçilirdilər: “Hər bir evdə – yoxsulluq, bir də içkiyə aludəçilik, qadınlar da içir..., gözə çarpan digər qüsur... demək olar ki, hamısına xas olan xudbinlik, bir-birinə qarşı nifrətdir. Öz həmməsləkinə məhəbbət itirilmişdir, bəzən bir qonşu digərinin bədbəxtliyinə sevinir... Bir çoxları istirahət günlərində günah hesab etmədən işləyir (evdə), və ya bir şey satmaq üçün şəhərə, bazara gedirlər, bu səbəbdən də allaha ibadət evi, ələlxüsus yayda, demək olar ki, boş olur”. Bu cür naqis vərdişlər, xüsusilə sərxoşluq, Borispol və Petropavlovka kəndlərinin sakinlərinə da xas idi: “imkansız dərəcədə kobud və ədəbsiz”, “kilsəyə böyük tənbəlliklə gedirlər.”

Qubanın rus kəndlilərinin “dini” cəhalət səbəbini A.Yunitskinin iqtisadi amillə izah etməsi diqqətəlayiqdir: “Nikolayevka kəndində dinin tərəqqisi iqtisadi maarifçiliklə müşayiət olunmalıdır” – deyən A.Yunitski həmin məsələdə qədim türk məskəni olmuş Xuç kəndində yerləşən bu pravoslav cəmiyyətinə xüsusi rol ayırırdı: “Bu qəsəbəyə tarixən onu əhatə edən
yadmənşəli və yadməzhəbli xalqların arasında rus dini və mədəni-maarifi nahiyəsi olmaq vəzifəsi həvalə edilib. Lakin qəsəbə özü hələ inkişafda çox aşağı səviyyədədir və bu halda heç cür öz missiyasının öhdəsindən gələ bilməz”. (112)

Qeyd edilməlidir ki, bu dövrdə Quba qəzasının ”yadmənşəli və yadməzhəbli xalqları” arasında mədəni-maarifçilik missiyasını hər bir etnik qrupun ənənəvi dini-ruhani strukturları yerinə yetirməkdə davam edirdi. Məsələn, Quba şəhərində bir neçə məscid: Cümə məscidi, XIX əsrin birinci yarısının tanınmış ensiklopedist-alimi Abbasqulu ağa Bakıxanovun şərəfinə
arvadı tərəfindən tikilmiş Səkinə xanım məscidi, Ərdəbil məscidi, və digərləri mövcud idi. Məscidlər, ibadət evləri və xanəgahlar quberniyanın müsəlman kəndlərində də var idi. Həm şiə, həm də sünni müsəlman ruhaniliyi qəzanın sosial iyerarxiyasında əsas mövqelərdən birini tuturdu. Məsələn, 1813-cü ildə təkcə Quba şəhərində 122, 1856-cı ildə – 255 din xadimi var idi, həmçinin hər bir kəndin özünün aşağı rütbəli ruhanisi – mollası, seyidi var idi. Şəhərin maarifləndirilmə sistemində əsas rolu müsəlman ruhani məktəbləri oynayırdı. Sabit tədris proqramı olmayan bu müəssisələrdə dərslər ərəb və fars dillərində keçirilirdi, lakin tədris müntəzəm olmadığından şagirdlərin böyük hissəsinin təhsili, bir qayda olaraq, son nəticədə natamam qalırdı. Şəhərdə həmçinin digər dini məktəblər: 1897-ci ildə açılmış rus pravoslavkilsə-prixod məktəbi, Yəhudi qəsəbəsində (Slobodada) isə yəhudi kilsə məktəbləri (“xederlər”) fəaliyyət göstərirdi. Demək olar ki, bütün sinaqoqların yanında xederlər mövcud idi, burada tədris prosesinə keşişlər – ravvinlər və onların köməkçiləri rəhbərlik edirdilər. Ermənilərin də öz kilsələri, din xadimləri, məktəbləri var idi.

“Tədris sisteminin bütün mühafizəkarlığına və geriliyinə baxmayaraq, qeyd etmək lazımdır ki, Qubada ictimai məktəblərin hədsiz dərəcədə az olduğu bir şəraitdə yerli ruhani məktəbləri şəhər əhalisinin maarifləndirilməsinin inkişafında hər halda müəyyən rol oynayırdı”. (113)

Qubada ilk tək sinifli ibtidai dövlət məktəbi 1854-cü ildə açılmış, 1870-ci ildə isə o, ikisinifli məktəbə çevrilmişdir. Şəhərdə dördsinifli məktəb ancaq 1908-ci ildə açılmışdır. ХХ əsrin əvvəlində Qubada Azərbaycan, rus və fars dillərinin öyrədildiyi rus-azərbaycanlı məktəbi fəaliyyət göstərməyə başlayır. 1898-ci ilin mart ayında Bakı quberniyasında ilk 5 illik tədris proqramı üzrə bağçılıq və tərəvəzçilik məktəbi məhz Qubada açılmış və 1915-ci ilin iyun ayınadək fəaliyyət göstərmişdir. Şəhərdə qadın təhsilinin vəziyyəti olduqca yarıtmaz idi. Məktəblərin nəzdində kiçik qadın şöbələrindən başqa, 1904-cü ildə Quba şəhərində yeganə “yeni üsullu” (üsuli-cədid) qadın məktəbi təşkil edilmişdir. Ümumilikdə isə, şəhər əhalisinin savadlılığına görə Quba Azərbaycanın bir çox şəhərlərindən geri qalırdı. (114)

Qubanın mədəni həyatı 1830-cu illərin əvvəlindən başlayaraq görkəmli tarixçi, filosof, maarifçi və yazıçı, II Mirzə Məhəmməd Xanın oğlu, çar ordusunun podpolkovniki Abbasqulu Ağa Bakıxanovun həyat və yaradıcılığı ilə ağlı idi. O, istefaya çıxdıqdan sonra, 1835-ci ildən həyatının sonunadək, demək olar ki, əsərlərinin böyük hissəsini yazmış olduğu Qubada yaşamışdır. A.Bakıxanovun əsas əsəri – yazıldığı dövr üçün misilsiz sayılan və öz əhəmiyyətini bu günədək qoruyub saxlayan “Gülistani-İrəm” onun doğma eli olan Şirvanın və Dağıstanın çoxəsrlik tarixinə həsr edilmişdir. A.A.Bakıxanov, bu son dərəcə qiymətli tarixi əsəri ilə yanaşı, özünün bütün yaradıcılığı və fəaliyyəti ilə yerli ədəbiyyatın və poeziyanın inkişafında böyük rol oynamış, onun təşəbbüsü ilə Qubada tanınmış Quba şairlərinin, yerli ziyalıların iştirakı ilə “Gülüstan” ədəbi cəmiyyəti (“məclisi”) yaradılmışdır.

1874-cü ildən Qubada yerli həvəskar rus aktyor truppası tərəfindən ilk teatr tamaşaları təşkil edilməyə başlanır. Azərbaycan dilində isə ilk teatr tamaşası yalnız XIX əsrin sonunda göstərilmişdir: 17 avqust 1896-cı ildə M.F.Axundovun “Müsyö Jordan haqqında povest” komediyası böyük uğurla nümayiş etdirilmişdir. Teatr tamaşaları sonralar da müntəzəm olaraq
təşkil edilirdi. XX əsrin əvvəlində Qubada “Nicat” müsəlman mədəni-maari cəmiyyətinin dram şöbəsi yaradılmışdı. (115)

Lakin, XIX əsrin 70-ci illərinin ikinci yarısı qubalılar üçün təkcə canlanmaqda olan mədəni-maarif həyatı ilə deyil, həm də kəndli hərəkatının fəallaşması ilə yadda qalır. Artıq qeyd edildiyi kimi, Rusiya hökumətinin 1870-ci ilin islahatlarından sonra azərbaycanlı kəndlilərin vəziyyətində əhəmiyyətli dəyişikliklər baş verməmişdi. Torpağın azlığı, natural və pul
vergi və mükəlləfiyyətlərinin ağırlığı, suvarma üçün suyun çatışmazlığı, kəndlilərin hüquqi baxımdan hüquqsuzluğu, çar rejiminin müstəmləkəçilik aqrar siyasəti, kənddə kapitalist münasibətlərinin inkişafı ilə bağlı sosial təbəqələşmənin güclənməsi, ağır mənzil-məişət şəraiti bütün Azərbaycan qəzalarının kəndlilərini müxtəlif mübarizə formalarına əl atmağa vadar edirdi.

Kəndlilərin narazılıqları müxtəlif instansiyalara şikayət və ərizələr yazılması, mükəlləfiyyətlərin ödənilməsindən boyun qaçırılması, meşələrin qırılması və mülkədarların mülk və evlərinin yandırılmasından tutmuş kəndlilərlə çar hakimiyyəti arasında silahlı toqquşmalaradək etiraz üsullarında əks olunurdu. Bu sonuncu halda Azərbaycan kəndlilərinin ən böyük torpaq
mülkiyyətçisi olan çar hakimiyyətinə qarşı silahlı kütləvi çıxışlarının səbəbləri artıq dini-milli-azadlıq meylləri ilə üst-üstə düşməyə başlayırdı ki, bu da ruhanilərin, qismən yerli feodalların və ümumən həmin dövrdə yaranmış siyasi vəziyyətin təsiri altında, getdikcə güclənirdi. 1877-ci ildə Quba və Nuxa qəzalarında, o cümlədən Zaqatala dairəsində baş verən kəndli çıxışları bunun parlaq nümunəsi ola bilər.

Azərbaycan qəzalarındakı bu kəndli çıxışları Rusiyada istər xarici, istərsə də daxili siyasi vəziyyətin kəskinləşdiyi şəraitdə baş verməklə yanaşı Qafqaz dağ xalqlarının yeni mübarizə dalğası ilə eyni vaxta təsadüf etdi. 1877-ci ilin aprelində Rusiya Türkiyəyə qarşı müharibə elan etdi və bu hadisə Qafqaz xalqları tərəfindən xüsusilə mənfi qarşılandı. Qeyd edilməlidir ki, bu dövr Şimalı Qafqazda 1859-cu ildə darmadağın edilmiş Şeyx Şamil hərəkatı liderlərinin və müridizm daşıyıcılarının övlad və davamçılarının mövqeləri kifayət qədər güclü idi və çox keçmədən İçkeriyada – Çeçenistanda, ardınca da Dağıstanda ümumi üsyan başlanır. 15 sentyabr 1877-ci ildə üsyançı dağlı dəstələri Samur çayını keçərək, Xudat və Yalama poçt stansiyalarını dağıtdıqdan sonra Quba qəzasına daxil oldular. Dağlıların təsiri altında Quba qəzasının özündə üsyan başlandı. (116) Samur, Kürə və Quba qiyamçıları birlikdə hərəkət edərək Qusardakı mənzilqərargaha həmlə edir, hökumət qoşunlarına qarşı fəal mübarizə aparır, yerli mülkədarların və çar ordusuna xidmət edənlərin mülklərinə hücumlar edərək onların əmlaklarını öz aralarında bölürdülər. Oktyabrın sonu – noyabrın əvvəlində üsyan Nuxa qəzasını və Zaqatala dairəsini də bürüdü. (117) Çar hökuməti üsyanı yatırmaq üçün qiyamçılara qarşı təcili surətdə iri hərbi qüvvələr göndərdi. Ter əyalətindən, Bakıdan, Krasnovodskdan və Rusiyanın daxili quberniyalarından qoşunlar buraya gətirildi. Üsyanın əsas iştirakçıları kəndlilərin yoxsul və orta təbəqələri, habelə müəyyən mərhələdə onlara qoşulmuş və hətta üsyana rəhbərlik edən bəylər və feodallardan ibarət idi: belə ki, üsyana poruçik Məmməd Əli bəy, kapitan Əhməd bəy və podporuçik Həsən bəy başçılıq edirdilər. Üsyançıların qərargahı Köhnə Xudat kəndində yerləşirdi və qəzanın hər yerindən kəndlilər bura axışıb gələrək üsyançılara qoşulurdu. Yerli zəngin təbəqənin nümayəndələrinin böyük hissəsi üsyana qarşı çıxış edirdi.

Üsyanın xarakterik əlaməti onun açıq şəkildə ifadə olunan antiçar və antixristian istiqaməti idi ki, çar qoşunları ilə açıq-aşkar qarşıdurma ilə yanaşı, üsyançıların xristian dininə mənsub olan şəxslərə, hətta hakim sinfə mənsub olmayanlara da zərər yetirməsi buna dəlalət edirdi. Məsələn, 1877-ci ilin noyabrında “qəzəblənmiş dağıstanlılar və “qonşu kəndin tatar əhalisi” rus kəndi Mixaylovkaya hücum edərək, onu talan etmiş və yandırmışlar. Basqın haqqında əvvəlcədən xəbərdar edilmiş kənd sakinləri öz evlərini vaxtında tərk edə bilmişdilər, lakin, kəndin kilsəsindəki ikonalar təhqir edilmiş, zəngi sındırılıb Kubinka çayına atılmış, kilsənin özü isə yandırıl-mışdı. (118) Onu da qeyd etmək lazımdır ki, üsyançı kəndlilər yerli feodalların hamısına deyil, yalnız çar rejiminin tərəfində olanlara qarşı çıxış edirdilər.

1877-ci ilin üsyanı qan içində yatırıldı, onun bütün iştirakçıları - Qafqaz dağlıları, qubalılar, nuxalılar və başqaları amansızcasına cəzalandırıldı. Daha fəal üsyançılar hərbi-səhra məhkəməsinə verildi, üsyanın bütün rəhbərləri və onların yaxın silahdaşları – 300 nəfərdən artıq adam edam edildi. Dağıstanın 8 əyalətindən, habelə Quba qəzasından yaşından, cinsindən, və günahının dərəcəsindən asılı olmayaraq, 5 000 nəfərə yaxın adam sürgün edildi. Onlardan çoxu aclıqdan və adət etmədikləri iqlim şəraitindən həlak oldular. Hətta
üsyan yatırıldıqdan sonra da kəndlilərin köçürülməsi davam edir, üsyançılar tərəfindən vurulmuş zərərin ödənilməsi bəhanəsi ilə onlara vergi və müxtəlif növ töycülər tətbiq olunurdu. Edam edilmiş və köçürülmüş sakinlərin torpaqları müsadirə olunaraq zəngin zümrənin üsyanın yatırılmasında iştirak etmiş yerli nümayəndələrinə paylanılırdı. “Hakimiyyət qəddarlaşmış,
bəylər özbaşınalıq edirlər... Qafqaz canişini böyük knyaz Mixail Nikolayeviç görülən bu sərt tədbirlərə onunla haqq qazandırırdı ki, üsyanın yalnız əsas səbəbkarlarının cəzalandırılması heç də həmişə vəziyyətdən çıxış nümunəsi və yerdə qalan əhaliyə xəbərdarlıq kimi qəbul oluna bilməz”. (119) Buna görə, gələcəkdə mümkün itaətsizliyə “xəbərdarlıq” kimi bir çox günahsız insanlar cəzalandırılmışdı. Üsyan zamanı çar hakimiyyətinə və əhaliyə vurulan zərərin ümumi həcmi 233 972 rubla çatmışdı və çar hökuməti “qəzanın bütün əhalisini üsyanda fəal iştirakına və ya üsyançılara yardım etməsinə görə cəzalandırmaq” niyyətində idi. Lakin 52 800 adamın hamısının cəzalandırılması “qətiyyən siyasi və iqtisadi münasibətlər çərçivəsinə sığmırdı” və bu da qubalıların öz əzəli torpaqlarından kütləvi surətdə köçürülməsinin qarşısını aldı. (120)

Növbəti illərdə Azərbaycanda kəndli çıxışları qaçaq hərəkatı formasını aldı: çar hökumətinə və mülkədarlara qarşı partizan üsulları ilə mübarizə aparan və xalq tərəfindən geniş dəstəklənən qaçaqlar – xalq qisasçıları ortaya çıxdı. Quba qəzasında qaçaq Məşədi Məcid, Şıxzadə və digərləri çox məşhur idilər. Qaçaqlar hakimiyyət tərəfindən ən ciddi şəkildə cəzalandırılır, onlara qarşı bir qayda olaraq ölüm və ya müddətsiz katorqa hökmləri çıxarılırdı. Cəza tədbirləri qaçaqlara göstərilən köməyə görə əhaliyə qarşı da tətbiq olunurdu
və kənd cəmiyyətləri özləri starosta-starşina seçmək hüququndan məhrum edilirdilər. Belə hallarda starşina yeni hakimiyyət tərəfindən təyin edilir, ona kömək etmək üçün bir neçə gözətçi verilir, onların saxlanılması üçün vəsait isə kəndlilərin özlərindən bərabər qaydada alınırdı. Kəndləri bu hüquqdan məhrum edilmiş Azərbaycan qəzaları arasında Quba qəzası xüsusilə seçilirdi – 46 %, bu da qəzada qaçaq hərəkatının fəallığından xəbər verirdi. (121) Ayrı-ayrı qaçaqların həbs edilməsinə və bir sıra qaçaq dəstələrinin məhv edilməsinə baxmayaraq, hakimiyyət XX əsrin 30-cu illərinədək davam edən qaçaq hərəkatını tam yatıra bilməmişdi.

* * *


Quba kəndlilərinin 1877-ci il üsyanı yatırıldıqdan sonra Quba qəzasının ictimai-siyasi həyatında demək olar ki, yarım əsrə qədər nisbi sakitlik dövrü (permanent xarakter alan qaçaq hərəkatı nəzərə alınmadan) hökm sürmüşdür. XX əsrin müjdəçisi olan siyasi ideyalar da qubalıların həyatına daxil ola bilmir. Hərçənd ilk rus inqilabı dövründə (1905-1907)
Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) Bakı Komitəsi dəfələrlə Qubaya öz təbliğatçılarını göndərmək cəhdləri edir, həmçinin qəzada 49 qısamüddətli çıxışlarla ifadə olunan kəndli hərəkatı yenidən güclənir. (122) Hətta XX əsrin əvvəllərində Cənubi Qafqazda ən qanlı hadisələr – sonradan millətlərarası qırğına çevrilən və 1905-1907-ci illərdə demək olar ki, bütün Azərbaycanı, habelə Tiflis quberniyasını əhatə edən ilk erməni-azərbaycanlı qarşıdurması Quba qəzasından yan keçir. Bir hissəsi Quba şəhərində, bir hissəsi də kəndlərdə yaşayan azsaylı Quba erməniləri bu zaman hər hansı bir təcavüzkarlıq nümayiş etdirmir, Quba qəzasının yerli erməni əhalisindən sayca dəfələrlə üstün olan müsəlman əhalisi isə bütün Cənubi Qafqazın istər erməni, istərsə də Azərbaycan mühitində hökm sürən ümumi qarşılıqlı nifrət və qisasçılıq əhval ruhiyyəsinin təsiri altına düşmür. Rusiya İmperiyasının siyasi əsaslarını surətdə sarsıdan birinci dünya müharibəsi illəri, onun ardınca iki inqilabın – Fevral və Oktyabr inqilablarının baş verdiyi 1917-ci il hadisələri, Quba qəzasının sabit və öz axarı ilə davam edən həyatında hakimiyyətin dinc şəkildə əvəz olunması, şəhər və kənd elitasının müəyyən hissəsinin siyasi baxımdan bir qədər fəallaşması, ümumilikdə isə, əhalinin passiv şəkildə müşahidəçi mövqeyi ilə xarakterizə olunurdu.

Petroqradda baş vermiş fevral inqilabı haqqında xəbərlər – 1917-ci ilin martında Dövlət Dumasının çara tabe olmaqdan imtina etməsi, çarın taxtdan əl çəkməsi və Müvəqqəti Hökumətin yaradılması Tiflisə – Cənubi Qafqazın inzibati mərkəzinə 15 mart 1917-ci il tarixdə yetişir. Son vaxtlaradək qüdrətli mərkəzin dəstəyindən məhrum olan imperiya aparatı döyüşsüz təslim olur: dövlət müəssisələri sadəcə olaraq fəaliyyətini dayandırır. Qafqaz canişini, böyük knyaz Nikolay Nikolayeviç dərhal vəzifədən gedir, Tiflis polisinin rəisi isə həbs edilir. Cənubi Qafqaza nəzarəti əlində saxlamağa çalışan Müvəqqəti Hökumət bu diyarın idarə edilməsi üçün 22 mart 1917-ci il tarixdə Dövlət Dumasının üzvlərindən ibarət Xüsusi Zaqafqaz Komitəsini (XZAKOM) yaradır. Lakin XZAKOM-nin əlində real hakimiyyətin, əyalətlərdə əlaqələrinin olmaması ona gətirib çıxardı ki, Cənubi Qafqazda hakimiyyət faktiki olaraq sovetlərin və digər inqilabi təşkilatların əlində cəmləşdi. Yaranmış vəziyyətdən istifadə edən sosial-demokratlar hakimiyyətdə möhkəmlənməyə can atırdı.


Artıq 1917-ci ilin 16 mart tarixdə RSDFP-in Qafqaz Diyar Komitəsi konfrans çağıraraq Cənubi Qafqazda “sosialist işinə” rəhbərlik etmək üçün icraiyyə komitəsini seçdi, martın 18-də isə ali hakimiyyətin bir çox funksiyalarını yerinə yetirməli olan Tiflis fəhlə və əsgər deputatları Soveti yaradıldı. Fevral inqilabı ərəfəsində Cənubi Qafqazın inqilabi qüvvələri arasında
menşeviklər üstünlük təşkil edirdi və buna görə də inqilabi hadisələrin inkişafının birinci mərhələsində Sovetlərə rəhbərlik onların əlinə keçdi. Yaranan menşevik sovetləri, komitələri və digər təşkilatları əsasən rəsmi hakimiyyət orqanları ilə birgə işləyirdi, onların XZAKOM-da öz nümayəndələri var idi və Tiflis Sovetinin fəaliyyətinə onlar nəzarət edirdilər. Bolşeviklər bu zaman digər siyasi qüvvələri kifayət qədər inqilabi olmamaqda və “burjuaziya ilə əməkdaşlıqda” günahlandıraraq onlardan ayrılmağa və uzaqlaşmağa yönəlmiş siyasi kurs seçmişdilər.


1917-ci il martın 19-da Bakıda da köhnə hakimiyyət strukturlarını özü ilə əvəz etmək iddiasında olan fəhlə deputatları Soveti yaradıldı. Lakin, bu Sovetlə yanaşı tam başqa əsaslarda fəaliyyət göstərən daha bir orqan – ictimai təşkilatların İcraiyyə Komitəsi də təşkil edildi ki, onun da tərkibinə bütün milli partiya və qrupların, həmçinin Neft Sənayeçiləri İttifaqının, Bakı şəhər Sovetinin və digər nümayəndələri daxil oldu. Bakı Sovetinin sədri Stepan Şaumyan seçilmişdi, lakin tezliklə onu bu vəzifədə eser Sako Saakyan əvəz etdi. Sovetdə sayca açıq-aşkar azlıq təşkil edən bolşeviklər artıq 1917-ci ilin yayına doğru digər partiya və qrupların nümayəndələrinə qarşı birbaşa konfrontasiyaya keçdilər. 1917-ci ilin oktyabrında Sovetə yeni seçkilər keçirildi və məlum oldu ki, səslərin çoxunu – 40% azərbaycanlıların milli qüvvələrini təmsil edən “Müsavat” partiyası qazanmışdır. Rus əhalisinin əksəriyyətinin
səs verdiyi eserlər – sosial inqilabçılar və bütün ermənilərin yekdilliklə səs verdiyi “Daşnaksütun” partiyaları da çox səs aldı. Bolşeviklər və menşeviklər azlıqda qaldılar – onlara əsasən fəhlələr səs vermişdi. (123)


Sovetə seçkilər göstərdi ki, Bakıdakı siyasi güclər milli mənsubiyyət üzrə ayrılır və bu amil bütün regionda gələcəkdə baş verəcək hadisələrin xarakterini demək olar ki, əvvəlcədən üəyyən etdi.


Yeni hakimiyyətin qurulması ilə bağlı analoji vəziyyət Azərbaycanın qəzalarında, o cümlədən Quba qəzasında da təkrar olundu. 1917-ci il martın 6-da Qubada vergi müfəttişi Aleksandr Canturaşvilinin sədrliyi altında yerli məmurların, mülkədarların və ruhanilərin nümayəndələrinin daxil olduğu ictimai təşkilatların İcraiyyə Komitəsi yaradıldı. (124) XZAKOM qəza komissarı vəzifəsinə keçmiş rus ordusunun kapitanı, Qubanın ən iri mülkədarlarından biri olan Əli bəy Zizikskini təyin etdi. (125) Eyni zamanda, Quba şəhərində yerləşən hərbi hissələrdə əsgər deputatları Soveti yaradıldı, 1917-ci ilin mart ayının ortalarında isə “tərkibinə 500 fəhlə və qulluqçu tərəfindən 14 nümayəndənin seçildiyi” fəhlə deputatları Soveti təşkil edildi. (126) Bu Sovetin İcraiyyə komitəsinin tərkibi 4 nəfərdən ibarət idi. Fəhlə və kəndli deputatları Sovetlərində eserlərin, menşeviklərin və burjua millətçilərinin nümayəndələri çoxluq təşkil edirdi. (127) Beləliklə, Quba qəzasında da ikihakimiyyətlilik bərqərar oldu. Yaranmış vəziyyətdən narahat olan bolşeviklər, “Hümmət” və “Ədalət” bolşevik təşkilatları vasitəsilə şəhərin müsəlman əhalisi arasında öz fəaliyyətlərini genişləndirməyə başladılar və H.Sultanovun və M.İsrafilbəyovun səyləri nəticəsində Quba qəzasında “Hümmət” təşkilatının şöbəsini yaratdılar. 1917-ci ilin aprel ayının əvvəlində Quba şəhərində 17 nəfərin iştirakı ilə yerli bolşevik fəallarının təsisedici yığıncağı keçirildi və həmin yığıncaq konfrans elan edilərək, RSDFP-in Quba qəza komitəsini yaradıldı. (128) Quba bolşevikləri əsasən Quba və Qusarda yerləşən yerli qarnizonların əsgərləri arasında və qulluqçu kollektivlərinin mövcud olduğu ərazilərdə iş aparırdılar. Məsələn, Xaçmaz və Dəvəçi stansiyalarının dəmiryolçuları arasında partiya özəklərini yaratmaq, Deqtyarov qardaşlarının Qızıl-Burun balıq vətəgəsinin və Şollar-Bakı su kəmərinin fəhlələrinin tətillərini təşkil etmək mümkün olmuşdu. (129)

Bu dövr Quba qəzasının azərbaycanlı əhalisi də fəallaşırdı. Milli ziyalıların nümayəndələri “Müsavat” milli-demokrat partiyasının qəzada şöbələrini yaratmağa başladılar. Partiyanın Quba şöbəsinin təşkilatçısı Əbil Qasım Rüstəmov, “Müsavat” partiyasının qəza komitəsinin sədr müavini Qubanın tanınmış bəy nəslinin nümayəndələrindən biri olan Əli Pənah bəy
Şəfibəyov idi. (130) 1917-ci ilin iyul ayında “Müsavat” partiyasının şöbələri Dəvəçidə, Dəvəçi nahiyəsinin Qələgah kəndində və digər iri kəndlərdə də yarandı. (131) Az sonra Quba cəmiyyətinin tanınmış nümayəndələri – Əli bəy Zizikski, Həmdulla Əfəndi Əfəndizadə və başqaları tərəfindən Quba qəzasında həmçinin “İttihad” dini-siyasi partiyasının şöbəsi yaradıldı. (132)


Siyasi partiyalarla yanaşı 1917-ci ilin mayında Qubada əsasən mülkədarların, tacirlərin və ruhanilərin nümayəndələrinin daxil olduğu Müsəlman milli komitələri təşkil edildi. (133)
Lakin yaranmış hakimiyyət strukturlarından heç biri mövcud aqrar münasibətləri – Azərbaycanın və Cənubi Qafqazın bütün qəzalarında olduğu kimi Quba qəzasında da on illər ərzində sosial-siyasi sabitliyin başlıca müəyyənedici faktoru olan ən əsas problemi dəyişmək iqtidarında deyildi. İkihakimiyyətliliyin yaratdığı vəziyyətdən və yaxud ümumiyyətlə heç bir hakimiyyətin olmadığından istifadə edən kəndlilər əvvəllər çar hakimiyyəti və mülkədarlar tərəfindən onlardan alınmış torpaqlarının qaytarılmasını tələb edir, bəzən isə həmin torpaqları özbaşına geri qaytarmağa cəhd edirdilər. XZAKOM Rusiyadakı Müvəqqəti Hökumətin mövqeyini ifadə edərək, xəzinə və xüsusi mülkiyyət torpaqlarının kəndlilərə veriləcəyini vəd edir, lakin eyni zamanda Təsisedici qurultay tərəfindən aqrar məsələ həll edilənədək, onları gözləməyə çağırırdı. Bolşeviklər isə, əksinə, kəndliləri yubanmadan mülkədar torpaqlarını mütəşəkkil şəkildə ələ keçirməyə və müsadirə etməyə çağırırdı ki, bu da əhali arasında hökm sürən əhval-ruhiyyəyə daha çox uyğun gəlirdi. Hərçənd həmin dövr Azərbaycan kəndlərində bolşeviklərin hər hansı bir fəal fəaliyyəti barəsində söhbət ola bilməzdi. Bununla belə, artıq 1917-ci ilin mart ayından etibarən bütün Azərbaycan qəzalarında
kəndlilər tərəfindən dövlət meşələrinin kütləvi şəkildə qırılması, torpaq və su sahələrinin zəbt edilməsi, vergilərin, icarə haqqının ödənilməsindən imtina və sair halların sayı sürətlə artmağa başladı. Quba qəzasında “irimiqyaslı iğtişaşlar” haqqında ilk məlumatlar 1917-ci ilin aprel ayında gəldi və məlum oldu ki, “kəndlilər vəliəhd Rılskinin “Vələmir” mülkünü ələ keçiriblər,...və azğınlıqları davam etdirərək arpa cücərtilərini məhv edir, mal-qaranı oğurlayır, mülkün fəhlələrini sahə işlərinə buraxmır, hazırlanmış odunun meşədən çıxarılmasına imkan vermir və torpaqları zəbt edirdilər”. (134)

Həmin ilin yayında Müşkür nahiyəsinin Zeyid kənd cəmiyyətinə daxil olan Şıxqapıt kəndinin kəndliləri Şıxlar bəylərinə qarşı çıxış etmişdilər. (135) Kəndlilərin özbaşına hərəkətlərinə müəyyən mənada anarxiya və çoxhakimiyyətlilik nəticəsində əmələ gəlmiş ərzaq problemi də güclü təkan verirdi. Bakı quberniyası ərzaq komitəsinin protokolundan göründüyü kimi,
1917-ci ilin mayında Quba qəzasında da ağır vəziyyət yaranmışdı: “Quba qəzası iki rayona: taxılı olmayan dağlıq və taxıllı aran rayonlarına bölünür. Lakin aran rayonundan taxıl, polis pristavlarından tutmuş dəmiryolçulara və meşə keşikçilərinədək, hər kəs tərəfindən çıxarılırdı. Beləliklə də demək olar ki, taxılın hamısı çıxarılmışdı. Lakin aran hissədə hələ ehtiyatlar var və komissar onları aşkar etmişdir. Dağlıq hissədə isə elə kəndlər var ki, əsil aclıq hökm sürür. ...Qubada ərzaq komitəsi düzgün fəaliyyət göstərir. Kəndlərdə komitələr təşkil edilir, amma çox böyük çətinliklə. Nə Quba, nə də Göyçay qəzalarında nüfuzlu yerli hakimiyyət yoxdur. Hətta İcraiyyə komitələri də yoxdur. Kənd cəmiyyətlərində katib yoxdur. Quba qəzasında dəmir yolunun mühafizəsi təşkil edilmişdir. Gözətçilər əhalinin köməyi ilə mühafizə edirlər. Əhali həm də ərzaq komitəsinə köməklik göstərir”. (136) Bununla belə, Azərbaycanın digər qəzalara, xüsusilə kəndli çıxışlarının vüsət aldığı Yelizavetpol və Qazax qəzalarına nisbətən, həm Quba şəhərinin özündə, həm qəzada ümumən vəziyyət sabit idi, kəndlilər tərəfindən mülkədar mülklərinin ələ keçirilməsi halları isə tək-tək baş verirdi. 1917-ci ilin payızında başlanmış və 1918-ci ilin may ayının sonunadək Azərbaycanın bir çox qəzalarını əhatə etmiş kəndli üsyanları hərəkatının yeni dalğası da Quba qəzasından yan keçmişdir. Doğrudur, bu dövr Quba qəzasında da kəndlilərinin ayrı-ayrı çıxışları baş vermişdi – məsələn, Qaraqurd və Hacı Qurbanoba kəndlərinin sakinləri “knyaz V.P.Bebutovun onların torpaqları ilə qonşu olan mülklərini” ələ keçirmişdilər (137), Dəvəçi nahiyəsində bir neçə kəndin sakinləri “mülkədar mülklərinə hücum etmiş, torpaqlarını zəbt etmiş və öz aralarında bölmüşdülər”. (138) Bununla belə, qəzada kəndli çıxışları kütləvi hal almamış və Yelizavetpol, Nuxa və digər qəzalardakı silahlı kəndli çıxışları üçün xarakterik olan zorakılıq və amansızlıqla müşayiət edilməmişdir.

Burada qeyd etmək lazımdır ki, XZAKOM-a, daha sonra onun yerinə yaradılmış Zaqafqaziya Komissarlığına tabe olan Qubanın yerli hakimiyyət orqanlarında təmsil olunan Quba bəyləri, mülkədarları, məmurlar və yerli ziyalılar vəziyyətə ümumilikdə nəzarət edir və zərurət olduqda, öz silahlı dəstələrinin gücü ilə həm kəndli çıxışlarının, həm də ayrı-ayrı silahlı qrupların qanunsuz hərəkətlərinin qarşısını alırdılar. Məsələn, belə silahlı əməliyyatlardan biri Əli bəy Zizikskinin “drujinaları” tərəfindən 1918-ci ilin yanvarında Xaçmazda aparılmışdı. (139) Ə.b.Zizikskinin dəstələri eyni zamanda qəzanın müsəlman əhalisinin təhlükəsizliyi üçün təminat funksiyasını yerinə yetirirdilər. Belə ki, bu dövr, yəni 1917-ci ilin payızından 1918-ci ilin yanvarınadək - qəzada Qafqaz cəbhəsindən, çox zaman əlində silah ilə, qayıdan rus, yəhudi və erməni əsgərlərindən ibarət silahlı dəstələr meydana çıxmışdı. Bu dəstələr mülkədar malikanələrinin, evlərin və s. talan və qarət olunması ilə məşğul olurdular. Yerli hakimiyyətin onları tərksilah etmək cəhdləri çox vaxt silahlı toqquşmalara səbəb olurdu ki, bu da bəzən milli zəmində qarşıdurma təsəvvürü yaradırdı. Bununla belə, həmin dövr qəzada vəziyyətin ümumən nəzarət altında olduğunu söyləməyə əsas vardır ki, bu da bir çox hallarda elə Ə.b.Zizikskinin dəstələri sayəsində mümkün olmuşdu. (140)

Qeyd edilməlidir ki, az sonra azərbaycanlıların milli-azadlıq hərəkatının fəal iştirakçılarından birinə çevrilən, Azərbaycan Parlamentinin gələcək üzvü, qəza komissarı Əli bəy Zizikski, qəzada hakimiyyətin Bakı Sovetinə keçməsi və ya zəbt edilməsi cəhdlərinin də qarşısını almağa çalışaraq, əslində öz dəstələri ilə qəzada siyasi vəziyyətə nəzarət edirdi. (141) Digər ictimai xadim, Quba qəzasında tanınmış və nüfuzlu şəxslərdən biri, həmçinin Azərbaycan parlamentinin gələcək üzvü – Həmdulla Əfəndi Əfəndizadə qəzanın Dəvəçi nahiyəsində sakitliyi və sabitliyi təmin edirdi. (142)

Əlbəttə ki, belə şəraitdə Quba fəhlə, əsgər və matros deputatları Sovetində təmsil olunan inqilabi qüvvələrinin qəzada təkhakimiyyətliyə nail olmaq uğrunda hər hansı bir uğurlu mübarizəsindən söhbət gedə bilməzdi. Buna baxmayaraq, 1917-ci ilin ortalarından başlayaraq, Qubada əsas mübarizə iki hakimiyyət strukturu arasında deyil, Sovetin özündə,
bolşeviklərlə eser-menşeviklər arasında gedirdi ki, burada birincilər heç cür çoxluq əldə edə bilmirdilər. Azərbaycan qəzalarında, o cümlədən Qubada “Sovetlərin bolşevikləşdirilməsinin” ləngiməsi səbəbini, qismən “sosial və milli münasibətlərin mürəkkəb şəkildə uzlaşması, milli və xırda burjua partiyaları və qruplarına qarşı mübarizənin çətinlikləri ilə” izah etmək olardı. (143) Lakin, hətta Sovetlər kimi inqilabi bir orqanda mötədil siyasi xətt tərəfdarlarının üstünlük təşkil etməsi faktı özlüyündə onu göstərirdi ki, Azərbaycanın istər siyasi cəhətdən fəal, istərsə də geniş xalq kütlələri hakimiyyət dəyişikliklərinin və digər problemlərin həllinin zorakılıq yolu ilə həyata keçirilməsini qəbul etmirlər. Buna baxmayaraq, bolşeviklər əhalinin ayrı-ayrı qrupları, əsasən, rus kəndlərinin sakinləri, Quba və Qusar qarnizonlarının əsgərləri arasında fəaliyyətlərini davam etdirirdilər. 1917-ci ilin iyun ayında onların təşəbbüsü ilə Qubada Kəndli İttifaq Komitəsi yaradıldı. Komitə kəndlilər arasında onların öz maraqlarını mülkədar və bəylərdən müdafiə etməsi üçün iş aparmalı idi. (144) Avqustun sonunda bolşeviklər həmin Komitənin, habelə rus əsgər və fəhlələrin köməkliyi ilə Sovetlərin yenidən təşkil edilməsi üçün təkrar seçkilərin keçirilməsinə nail oldular. Lakin, 6 nəfərdən ibarət olan yeni Sovetin rəyasət heyətində yalnız 3 nəfər bolşevik var idi. Belə nəticə ilə qane olmayan bolşeviklər 1917-ci ilin oktyabrında yenidən Quba fəhlə və əsgər deputatları Sovetinin iclasının keçirilməsinə nail oldular və burada “bolşevik və sazişçi partiyalar arasında kəskin ideya toqquşması baş verdi. Sazişçilər zəhmətkeşlərin güclü təzyiqi altında geri çəkilməli oldular. Menşevik-eser icraiyyə komitəsi istefa verdi, Q.Musabəyovun sədrliyi ilə tərkibində bolşeviklərin çoxluq təşkil etdiyi Sovetin müvəqqəti icraiyyə komitəsi seçildi. Bolşeviklərdən onun tərkibinə M.N.Yaqubov, M.M.Mehdiyev, Y.M.Məmmədov və b. seçildilər”. (145)

Lakin, Quba qəzasında hakimiyyətin yalnız bir qolunda üstünlük əldə etmiş bolşeviklər nəinki bütövlükdə qəza və ya Quba şəhərinə, hətta ayrı-ayrı yaşayış nahiyələrinə belə nəzarət etmək gücündə deyildilər. Nəticədə onların qəzada bütün əsas fəaliyyəti yalnız Xaçmaz dəmiryolu stansiyası fəhlələrinin həmkarlar ittifaqının təşkili, həmin həmkarlar ittifaqının təşəbbüsü ilə dəmir yolunun milis mühafizəsinin yaradılması və rus kəndlilərinin iştirakı ilə heç bir əhəmiyyəti olmayan “Sovet hakimiyyətinin dəstəklənməsi haqqında” qətnamələrin qəbul edildiyi bir neçə yığıncağın keçirilməsi ilə məhdudlaşdı. Belə iclaslardan biri Qusar, Nikolayevka, Petropavlovka, Alekseyevka, Mixaylovka, Borispol, Novo-Mixaylovka, Şibyakin kəndlərinin və Drujba xutorunun kəndlilərinin iştirakı ilə Müşkür nahiyəsinin Yelenovka kəndində keçirilmişdi ki, kəndlərin adları özlüyündə bolşeviklərin nüfuz dairəsini göstərirdi. (146)

1918-ci ildə martın 12-də isə bolşeviklərin əsas şüarını - öz məqsədlərinə silah gücünə nail olmaq şüarını əldə rəhbər tutaraq, “Quba qəzası kəndlilərinin” yığıncağı artıq aşağıdakı məzmunda qətnamə qəbul etmişdi: “1. Vahid Sovet hakimiyyətini tanıyaraq, fəhlə, əsgər və matros deputatları Sovetindən bizə mümkün olan müdafiə və dəstək göstərilməsini xahiş edirik. Quba qəza komissarına kəndlilərin və onların əmlakının müdafiəsi üzrə ciddi və təsirli tədbirlərin görülməsi tapşırılsın. Şəxsi döyüş qüvvəmizin çatışmazlığını
nəzərə alaraq, fəhlə, əsgər və matros deputatları Sovetindən bizə döyüş bacarığı olan real qüvvənin verilməsini xahiş edirik və o zaman bizim silaha sarılmağa qadir olan gənclərimiz də bu təşkilatlanmış qüvvəyə qoşulacaqlar; 2. İmkan daxilində qısa müddətdə istisnasız olaraq bütün millətlərdən qəza kəndli qurultayının çağırılmasını Sovetlərdən xahiş edirik; 3. Silah daşıya bilən bütün əhalinin özünü müdafiə məqsədilə silahlandırılmasını xahiş edirik”. (147)

“Quba qəzasının kəndliləri” adlananların özlərini kimdən “müdafiə etməyə” hazırlaşdığı qətnamədə dəqiqləşdirilmirdi. Lakin sənədin özü bolşeviklərin Quba qəzasında öz hakimiyyətini silah yolu ilə qurmaq və yerli əhalinin nümayəndələrini də məhz bu məqsədlə qabaqcadan silahlandırmaq niyyətindən xəbər verirdi. Qəzanın rus əhalisinin, yəni özünün potensial
tərəfdarlarının azsaylı olmasını nəzərə alaraq, bolşeviklər digər millətlərin etibarını da qazanmağa çalışırdılar. 1918-ci ilin mart ayının ortalarında, “Hümmət” partiyasının rəhbərlərindən biri və RSDFP-nın (bolşevik) Bakı və Şəhər komitələrinin üzvü, 1918-ci ilin yanvarında qızıl qvardiya dəstələrinin təşkili üzrə komissiyaya seçilmiş Məşədi Əzizbəyov Xaçmaza gələrək burada bolşevik təşkilatlarının nümayəndələri ilə müşavirə keçirir və həmin yığıncaqda Bakının təhlükəsizliyinin təminatı üçün Quba qəzasının mühüm strateji əhəmiyyətini vurğulayır. Belə çıxırdı ki, guya bolşevikləri Dağıstanda dağlılar hərəkatının güclənməsi narahat edir. (148) Bir neçə gündən sonra Quba şəhərinin yəhudi qəsəbəsində, “Qırmızı qvardiyanın fəal təşkilatçılarından biri olan İ.İfraimovun mənzilində bolşeviklərin müşavirəsi keçirilir və qırmızı qvardiya dəstələrinin yaradıl-masının sürətləndirilməsi qərara alınır”. (149)

Bolşeviklərin tərəfdarlarını mümkün qədər çox sayda silahlandırılmasının zəruriliyi müzakirə olunan bütün bu müşavirə və iclaslar artıq sadəcə danışıqlar deyildi. İstər Bakı şəhərində, istərsə də qəzalarda hakimiyyətin bolşeviklər tərəfindən ələ keçirilməsi üçün ciddi və planauyğun hazırlıqlar gedirdi. Quba qəzası əhalisinin bolşeviklərin bu planlarından nə dərəcədə xəbərdar olduğu məlum deyil. Lakin, artıq 1918-ci ilin mart ayının əvvəlində Qubanın erməni əhalisinin bir hissəsi şəhərdəki evlərini tələsik sataraq və yaxud müsəlman qonşularına onların ev və əmlaklarından muğayat olmalarını xahiş edərək, Bakıya köçməyə başladılar. Tezliklə başında Stepan Şaumyanın durduğu Bakı Soveti öz planlarını həyata keçirməyə başladı və hadisələrin sonrakı inkişafı göstərdi ki, bu planlar yalnız hakimiyyətin əldə edilməsi ilə məhdudlaşmırdı. Bakıda 1918-ci ilin mart hadisələri bu yolda ilk mərhələ oldu.

* * *


1918-ci ilin mart ayının son günlərində Bakı Soveti “əksinqilab elementlərlə mübarizə” şüarı altında irimiqyaslı silahlı aksiyaya başladı. “Əksinqilabı element” adı altında başda “Müsavat” partiyası olmaqla azərbaycanlıların milli qüvvələri nəzərdə tutulsa da bu “cəza aksiyası” Bakı şəhərinin və onun ətraf kəndlərinin bütün müsəlman əhalisinə qarşı yönəldi
və başladığı andan kütləvi talan və qırğınlar xarakteri aldı. (150) Bu hərbi əməliyyata “İnqilabı müdafiə komitəsi” adlı komitə rəhbərlik edirdi. “Bakı şəhəri və onun rayonlarının ali hərbi-siyasi orqanı” elan edilən bu komitənin tərkibinə bolşeviklərdən - S.G.Şaumyan, Q.Korqanov, P.Caparidze, İ.Suxartsev, sağ eserlərin lideri S.Saakyan və “Daşnaksütun” partiyasının Bakı təşkilatının rəhbəri S.Melik-Yolçuyan daxil edilmişdi. Komitədə azərbaycanlılardan yeganə namizəd “əksinqilab elementlər ilə mübarizənin” ilk günlərində dinc azərbaycanlı əhalisinə qarşı vəhşiliklərin miqyasından dəhşətə gəlmiş bolşevik N.Nərimanov idi. Bir həftə davam edən, onun üç günü - martın 30-u axşamından aprelin 2-dək – xüsusilə kütləvi xarakter alan qırğın və talanlar nəticəsində Bakı şəhəri və qəzasının əsasən müsəlman-türk əhalisinin, əksəriyyəti dinc sakinlərdən ibarət – “fəhlə və aralarında minlərlə qadının, uşaqların və silah daşıya bilməyən adamların olduğu əhalinin məzlum hissəsini” (151) təşkil edən – 12 min nəfər vəhşicəsinə qətlə yetirildi. Şəhərin müsəlman məhəllələrində həmçinin on minlərlə ev, müsəlmanlara məxsus sənaye, mülki, ticarət obyektləri, habelə azərbaycanlıların sosial-mədəni və dini mərkəzlərini təcəssüm edən bir sıra binalar yandırıldı və talan edildi. Bakının müsəlman əhalisinə vurulmuş maddi zərər, təkcə istintaqa məlum olan faktlar əsasında, rublun (manatın) köhnə dəyəri ilə
təxminən 400.000.000 rubl təşkil edirdi. (152)

Mart hadisələrinin ilkin səbəbləri, gedişi, xüsusiyyətləri və nəticələri üzərində ətraflı dayanmadan, (153) bunu qeyd etmək lazımdır ki, artıq qanlı hadisələrin başladığı andan, müsəlman qırğınlarının rəhbərləri və səbəbkarları, başda S.Şaumyan olmaqla, bu qırğınları ““Müsavat” partiyasından olan millətçilərin və onların arxasınca gedən əksinqilabi elementlərinin qiyamının”, sonradan isə – “vətəndaş müharibəsinin” yatırılması kimi qələmə verirdilər. (154) Lakin, mart hadisələrinin mahiyyətinin bu “qiyam” və “vətəndaş müharibəsi”
şərhləri heç bir tənqidə davam gətirmir. Mart hadisələri ərəfəsində Bakıda və onun ətrafında azərbaycanlıların, o cümlədən ““Müsavat” partiyasından olan millətçilərin”, düşmənin 12 minlik “Qızıl ordusu” qarşısında “qiyam” qaldıracaq hər hansı iri hərbi birləşmələrinin olmaması (155) yalnız “Müsavat” partiyasının lideri Məmməd Əmin Rəsulzadə tərəfindən deyil, həm də həmin hadisələrin digər iştirakçıları və şahidləri tərəfindən təsdiq olunurdu.

M.Ə.Rəsulzadə bu məsələ ilə bağlı yazırdı: “Mart hadisələrində “Müsavatı” günahlandırırlar. Bu tamamilə əsassız idi, belə ki, müharibə elan etmək üçün heç olmasa müəyyən fiziki qüvvəyə malik olmaq lazım idi ki, bu da “Müsavat”da yox idi”. (156) Bu faktı 1918-ci il mart hadisələrinin mahiyyətini açıqlayan ilk sovet tədqiqatçıları da, ümumən qərəzli mövqelərinə baxmayaraq, təsdiq edirdilər: “Müsavat” partiyasının rəhbər özəyi 18 (30) mart günü döyüşlərin başlayacağını gözləmirdi. Rayonlarda yerləşən müsavat qüvvələri şəhərə çəkilib gətirilməmişdi. Həmin gün şəhərdə “Müsavat” partiyasının müntəzəm hərbi hissələri yox idi”. (157)

Eyni millətdən olan on minlərlə dinc əhalinin öldürüldüyü və yaralandığı 1918-ci ilin mart hadisələri vətəndaş müharibəsinin V.İ.Lenin tərəfindən verilmiş tərifinə də uyğun gəlmirdi. Bolşevizm ideoloquna görə vətəndaş müharibəsi “bir sinfin nümayəndələrinin əlində silah digər sinfə qarşı apardığı sinfi mübarizənin ən kəskin forması”dır. (158)

Tamamilə aydındır ki, dinc müsəlman sakinlərin qırğınını törədən silahlı erməni-daşnak dəstələrini (həmin dövrdə Qızıl Ordunun 70%-ini onlar təşkil edirdi), habelə azərbaycanlı qırğınlarının hazırlanmasında və həyata keçirilməsində böyük rol oynamış Erməni Milli Şurasının başçılıq etdiyi Bakı şəhərinin çoxsaylı erməni əhalisini heç cür “sinif” kimi xarakterizə
etmək olmazdı. Yəqin ki, “əsil rus marksisti” kimi bu məqamı S.Şaumyan özü də anlayırdı və mart hadisələrinin faciəvi miqyasları qarşısında baş vermiş hadisələrə hər hansı bir izahat vermək məcburiyyəti qarşısında etiraf edirdi ki, “Daşnaksütunun” iştirakı “vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdir”. Lakin Şaumyan elə oradaca qırğınlara bəraət qazandırırdı: “Lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verirdik... Əgər onlar Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan
edilərdi”. (159)

Beləliklə, 1918-ci ilin martında Bakı şəhərində baş verən faciəli hadisələr faktiki olaraq bolşeviklər tərəfindən planlaşdırılmış, bolşevik-daşnak tandemi tərəfindən isə həyata keçirilmişdi. Azərbaycanın tanınmış siyasi və ictimai xadimi, Bakı şəhərində hərbi əməliyyatların dayandırılması məqsədilə bolşeviklərin ultimatumunu qəbul etmiş Azərbaycan nümayəndə heyətinin üzvlərindən biri və hadisələrin gedişində bolşeviklər tərəfindən həbs edilmiş Əli Mərdan bəy Topçubaşov həmin günlər, hadisələrin isti izi ilə həmin qüvvələri azərbaycanlılara qarşı münasibətdə çox dəqiqliklə xarakterizə edirdi: “Öz mahiyyətinə görə müdhiş olan vətəndaş müharibəsi bolşeviklər tərəfindən yalnız onlara xas olan nifrət və
dağıdıcı instinktlə rəvac verilmiş kütləvi qırğınlara və dinc müsəlmanların qətlə yetirilməsinə gətirib çıxarmışdır. Həm də bu yalnız bir məqsədlə – hakimiyyətə gəlmək məqsədilə həyata keçirilmişdir”. Bunun ardınca Əli Mərdan bəy baş vermiş faciənin mahiyyətini açıqlayan çox vacib məqamı vurğulayır: “...Şəhərin müsəlman əhalisinin məhv edilməsinə gətirib çıxaran bu hadisələrdə erməni elementinin bilavasitə iştirakı da çirkin rol oynamışdır ”. (160)

Bununla bərabər, həmin dövrün hadisələrinin və sənədlərinin hərtərəfli araşdırılması belə deməyə əsas verir ki, mart hadisələrində bolşeviklər üçün hakimiyyət məsələsi nə qədər vacib və əhəmiyyətli olsa da, erməni faktoru həmin hadisələrdə birmənalı olaraq, müəyyənedici amil olmuşdur. 1918-ci ilin mart hadisələrində azərbaycanlıların kütləvi şəkildə fiziki
cəhətdən məhv edilməsində şəxsən bolşeviklərin (və ya rusların) marağı olmamışdır və bu, bir çox faktlarla, o cümlədən Bakı Sovetinin rəhbərlərindən biri olan bolşevik A.Caparidzenin, həmçinin hərbi əməliyyatların və sonrakı qırğınların dayandırılmasında iki piyada rus alayının fəal iştirakı ilə təsdiq edilir. Məlumdur ki, Bakıda kütləvi mart qırğınlarına Qafqaz cəbhəsindən qayıdan və bolşeviklər tərəfindən qəsdən şəhərdə saxlanılan 36-cı Türküstan alayının rus komandanlığı və əsgərlərinin qətiyyətli bəyanatı nəticəsində son qoyulmuşdur. Həmin bəyanatda əgər bolşeviklər bundan sonra qan tökülməsini dayandırmazsa, alayın yubanmadan onlara qarşı çıxış edəcəyi bildirilirdi. Bu kontekstdə ümumiyyətlə bolşeviklərdən söhbət getsə də, əslində hakimiyyət qoşunlarının tərkibində olan daşnak hissələri nəzərdə tutulurdu. Hadisələrin əvvəlində öz gəmilərindən şəhəri atəşə tutan Xəzər
donanmasının rus matrosları da, vəziyyətdən baş açdıqdan sonra Bakı Sovetini hədələmiş və bildirmişlər ki, “əgər ermənilər müsəlman qırğınını davam edərlərsə” onlar Sovetin tabeliyindən çıxacaq və şəhərin ermənilər yaşayan hissəsini toplardan atəşə tutacaqlar. Həmin günlər “İcraiyyə Komitəsinin sədri Caparidzenin məsələyə qətiyyətlə müdaxiləsi də” qırğınların dayandırılmasına öz təsirini göstərmişdi. (161)

Bu halda sadəcə olaraq Bakı fəhlə deputatlarının Sovetinin milli tərkibinə diqqət yetirmək kifayətdir və bu zaman asanlıqla görmək olar ki, Sovet rəhbərliyində mühüm mövqelər başda Stepan Şaumyan olmaqla erməni “bolşeviklərin”, və yaxud qatı millətçi “Daşnaksütun” erməni partiyasının liderlərinin əlində cəmlənmişdi. Bütün bu “hərbi əməliyyatlara” başçılıq edən
“İnqilabı müdafiə komitəsinin” yuxarıda adı çəkilən rəhbər heyəti, həmçinin o dövrdə fəaliyyət göstərən Qızıl Ordunun komanda heyətinin tərkibi də “erməni” məzmunlu idi. Burada bir məqam dəqiqləşdirilməlidir ki, regionda ciddi siyasi gücə malik olan Azərbaycan milli hərəkatının darmadağın edilməsində, istər bolşeviklər – sinfi baxımdan, istərsə də daşnaklar – milli
baxımdan, həmrəy idilərsə, Azərbaycan xalqının kütləvi qırğınında ilk növbədə və istisnasız olaraq, bütün ermənilər maraqlı idi. Düşünürəm ki, erməni-bolşeviklər üçün isə bu məsələdə hər hansı bir fərqin olduğunu söyləmək artıqdır.

Dünya görmüş müdrik bir insan, 1905-1907-ci illərdə azərbaycanlıerməni qanlı toqquşmalarının şahidi kimi həmin hadisələri yaşamış və 1906-cı il Erməni-Müsəlman barışıq Komissiyasının tərkibində azərbaycanlıların hüquqlarını qətiyyətlə müdafiə etmiş, Azərbaycan Parlamentinin gələcək sədri, Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin başçısı Əli Mərdan bəy Topçubaşov 1918-ci ilin martında bir daha yaşadığı qanlı faciələrinin miqyasından dəhşətə gələrək erməni özbaşınalığının və qəddarlığının kökünü anlamağa çalışırdı: “Hadisələrə səbəb axı nə olmuşdur? ...Ermənilərin bolşeviklərlə birlikdə hakimiyyət əldə etmək arzusu, yoxsa milli zəmində yaranmış qisas hissi?” Özü bu suala birbaşa cavab verməyərək: “Gələcəkdə tarixçilər bütün həqiqətləri üzə çıxararlar” – deyən A.M.Topçubaşov, bununla belə mart hadisələrinin mahiyyətini və onun Azərbaycan xalqının taleyində buraxdığı izləri dəqiq müəyyən etmişdi: “...Bakı hadisələrinin əsas nəticəsi bolşevik rejiminin həm şəhərdə, həm də Bakı rayonunda tam şəkildə bərqərar edilməsi və möhkəmlənməsi olmuşdur ki, bu da bəşər sivilizasiyasının təməl sütununu təşkil edən bütün insanı dəyərlərinin planauyğun şəkildə məhv edilməsinə başlanmasının özünəməxsus impulsu sayıla bilər ”. (162)

Lakin tarix sübut etdi ki, erməni hərəkatı “hakimiyyətin ələ keçirilməsi” və “bolşevik rejiminin” qurulması “hay-küyü altında” Bakını “erməni” şəhərinə çevirməyə ümid və cəhd edirdi ki, bu da Azərbaycanın tədricən gələcək Erməni dövlətçiliyinin ərazi bazasına çevrilməsində növbəti addım olmalı idi. Belə ki, dünyada siyasi vəziyyətin sürətlə dəyişməsi səbəbindən,
1917-ci ilin sonuna doğru Türkiyənin ərazisində “Böyük Ermənistan” yaratmaq ümidini itirməyə başlayan erməni millətçi təşkilatları, bu ideyanı Cənubi Qafqazda həyata keçirməyə qərar verirlər. “Ermənistan dövlətini” əsasən azərbaycanlı əhalinin yaşadığı geniş ərazilərdə yaratmaq planlaşdırılırdı. Bu isə, öz növbəsində, çox qısa müddət ərzində iri miqyaslı
etnik təmizləmələrin həyata keçirilməsini tələb edirdi. 1918-ci ilin əvvəlində ermənilər azərbaycanlıların öz əzəli torpaqlarından sıxışdırılması planını həyata keçirməyə başlayırlar və 1918-ci ilin mart ayına qədər Cənubi Qafqazın cənub-qərbində – Qarsda, İrəvan quberniyasında, Zəngəzurda, Göyçədə, Yelizavetpol quberniyasının bir neçə qəzasında və Qarabağda dinc sakinlərin-azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi şəkildə qırılması yolu ilə hələ mövcud olmayan erməni dövləti üçün ərazilərin etnik təmizlənməsinə nail olurlar.

Mart hadisələrindən sonra ermənilər, demək olar ki, Bakı şəhərində də öz məqsədlərinə qismən nail olmuşdular, belə ki, şəhərdə real hakimiyyət 25 aprel 1918-ci il tarixdən artıq Bakı Xalq Komissarları Sovetinə adlanan keçmiş Bakı Sovetinin əlində idi. Bakı Xalq Komissarları Sovetinin sədri S.G.Şaumyan olmaqla, 12 nazir vəzifəsindən yarısını ermənilər tutur, mühüm olan bütün hakim mövqelərdə – sədr, xarici işlər, ordu və donanma, hərbi-inqilab komitəsi, dəmir yolu və dəniz nəqliyyatı, Fövqəladə Komitə və Dövlət Nəzarəti – həmçinin ermənilər təmsil olunurdular. Bakı şəhəri və onun ətraf kəndlərində azərbaycanlıların qırğınını həyata keçirmiş erməni hərbi birləşmələrinin adı dəyişdirilərək “sovet qoşunları” qoyulmuşdu və onlar eyni erməni komandirlərin – Amazasp, podpolkovnik Bek Zurabyan və Arutyunyanın rəhbərliyi altında üç briqadada cəmləşdirilmişdilər. Bu “Sovet” qoşunlarının korpus komandiri polkovnik Kazaryan, ştab rəisi isə polkovnik Avetisyan idi. (163)


Az sonra məhz bu ordu başçılarının komandanlığı altında Azərbaycanın qəzalarında “Sovet hakimiyyətinin qurulması” adlı ermənilərin sonrakı qanlı özbaşınalıqları davam etdiriləcəkdi.


* * *

1918-ci il mart ayının sonlarında, təxminən Bakı hadisələri ilə eyni zamanda, Azərbaycanın digər iri şəhəri Şamaxıda azərbaycanlı əhalinin kütləvi qırğınları başladı. Bakıda olduğu kimi Şamaxı hadisələri də bolşevik-daşnak qüvvələrini tərəfindən əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilirdi. Dan yeri söküləndə yatmış şəhərin top atəşinə tutulması ilə başlayan silahlı hücum, onun ardınca şəhərin yandırılması, kütləvi talanlar, günahsız dinc azərbaycanlı əhaliyə qarşı dəhşətli vəhşiliklər və qəddarlıqlardan sonra viran qalmış Şamaxının və onun sağ qalmış əhalisinin köməyinə gələn İsmayıl Xan Ziyadxanovun başçılığı ilə Gəncə qoşunları erməni və onları dəstəkləyən yerli rus-molokanlarından ibarət silahlı qoşunları şəhərdən vurub çıxarsalar da, hadisələrin istiqamətini dəyişə bilmədilər. Bakıdan göndərilən böyük sayda hərbi sursat və yaxşı silahlanmış 3 minlik ordunun qarşısında Gəncə qoşunları şəhəri tərk etməli oldular. Bir neçə gündən sonra Şamaxıya ikinci dəfə həmlə edən bolşevik-erməni birləşmələri bütün müsəlman məhəllələrini, azərbaycanlıların erməni məhəlləsində olan evlərini, şəhərdəki bütün 13 məscidi, içərisində sığınacaq tapmış insanlarla birlikdə, azərbaycanlılara məxsus bütün ticarət və mülki obyektlərini tamamilə yandıraraq qədim şəhəri xarabazarlığa çevirdilər. Belə ki, şəhərdə 5 min evdən yalnız 4-5 bina, o cümlədən erməni və rus kilsələri salamat qalmışdı. Şamaxı şəhərinin 21127 min müsəlman əhalisinin 8 min nəfərdən çoxu qətlə yetirildi. Şəhərə və sakinlərə vurulan maddi zərər 1 milyard manatdan artıq hesablanmışdı. (164)

Qırğınlar Şamaxı qəzasının kəndlərinə də yayıldı, və sonrakı aylar da nəzərə alınmaqla qəzanın ümumilikdə 110 azərbaycanlı kəndi məhv edildi, yandırıldı və dağıdıldı. Kəndlərdə qətlə yetirilən dinc sakinlərin sayı, 4359 nəfəri qadın və uşaq olmaqla, 10 341 min nəfər, kəndlilərə vurulan maddi zərər 607167420 rubl təşkil edirdi. (165) Qeyd edilməlidir ki, Şamaxı qırğınlarından sonra sağ qalan azərbaycanlı əhali şəhəri və bir çox kəndləri tərk etmiş, on minlərlə insan Türk-Azərbaycan qoşunları tərəfindən Azərbaycan torpaqları azad edilənədək (1918-ci il iyulun ortaları) qaçqın qismində ağır və fəlakətli
şəraitdə yaşamış və bu səbəbdən də böyük insani tələfata uğramışlar.

Qeyd olunduğu kimi Şamaxıda və onun kəndlərində azərbaycanlı qırğınlarının hazırlanmasında, eləcə də həyata keçirilməsində yerli erməni əhalisi, habelə bir sıra malakan kəndlərinin əhalisi fəal iştirak etmişdi. Bakıda baş vermiş analoji hadisələrə cəmi bir neçə saat qalmış Şamaxı şəhərinə hücumun başlanması bir sıra digər faktlarla yanaşı Azərbaycanın müxtəlif
regionlarında dinc azərbaycanlı əhalisinə qarşı bolşevik-daşnak qüvvələrinin cəza aksiyalarının hamısının vahid bir mərkəzdən koordinasiya olunduğuna təkzibedilməz sübut idi.

* * *

Quba qəzası 1918-ci il qanlı mart hadisələrindən sonra bolşeviklərin Bakı və Şamaxı qəzalarında qurduqları Sovet hakimiyyətini genişləndirmək istədikləri üçüncü Azərbaycan regionu oldu. Lakin, Qubada olan şərait Bakı və Şamaxıdan bir qədər fərqli idi. Tarixi xülasədən aydın olduğu kimi, vaxtilə Quba xanlığının və eyni adlı qəzanın sosial-siyasi və iqtisadi həyatında erməni elementi heç bir gözə çarpan rol oynamamışdır. 1918-ci ildə Quba şəhərində və yığcam şəkildə qəzanın 2-3 erməni kəndində yaşayan azsaylı erməni əhalisinin öz kilsələri, dini məktəbləri və s. olsa da, yerli zadəgan dairələrində nüfuzlu elitasının və gözəçarpan zəngin təbəqəsi olmadığından onlar, demək olar ki, şəhərin və qəzanın inzibati-idarəçilik və ictimai strukturunda demək olar ki, təmsil olunmurdular. Həmin strukturlarda əsas vəzifələri və rütbələri rus, azərbaycanlı, tat, ləzgi və yəhudi xalqlarının nümayəndələri tuturdu.

Artıq yuxarıda deyildiyi kimi, Quba fəhlə və əsgər deputatları Sovetində Quba bolşeviklərinin mövqeyi də yeni Sovet hakimiyyətinin qurulması işində dayaq olmaq üçün kifayət qədər güclü deyildi. Bu dövrdə Quba qəzasında rəsmi olaraq real hakimiyyəti, az öncə Zaqafqaziya komissarlığını ləğv etmiş Zaqafqaziya Seyminə tabe olan ictimai təşkilatların İcraiyyə komitəsi təmsil edirdi. Bu səbəblərdənmi, yaxud tarixi qanunauyğunluğa əməl edərək, hər halda, bir zamanlar rus çar hakimiyyətində olduğu kimi, Bakı Xalq Komissarları Soveti də bu qəzanı əvvəlcə sülh yolu ilə ələ almağa, yəni, qubalılara bolşeviklərin hakimiyyətini könüllü olaraq tanımağı təklif etməyə qərar verdilər. Diqqətəlayiq haldır ki, bu iş üçün əsas “elçi” – danışıqlar aparacaq şəxs roluna Bakı bolşeviklərinin siyasi dairələrində tamamilə təsadüfi adam olan David Aleksandroviç Gelovani adlı bir şəxs seçilmişdi. 30 yaşlı, gürcü knyaz nəslinə mənsub, sosial-demokrat-menşevik, Moskvada ali tibb məktəbinin tələbəsi olmuş, siyasi əqidəsinə görə sürgün edilmiş və yalnız oktyabr çevrilişindən sonra azadlığa buraxılmış D.A.Gelovani 1918- ci ilin əvvəlində qohumları ilə görüşmək üçün Qafqaza gəlmiş, lakin Rusiyaya geri dönə bilməmiş və “işsiz-gücsüz Bakıda peyda olmuşdu”. Onun nə yolla Bakı bolşeviklərinin rəhbərliyinə çıxdığı, bu işdə gürcü faktorunun nə dərəcədə həlledici rol oynayıb-oynadığı məlum deyil, lakin A.Caparidze şəxsən ona milis müfəttişi vəzifəsini təklif etmişdi. (166) Gelovaninin özünün dediyinə görə, guya Bakıda mart hadisələrindən dərhal sonra o, tamamilə digər tapşırığın yerinə yetirilməsi üçün göndərilmiş, lakin hadisələrin
gedişi nəticəsində, əsasən ermənilərdən ibarət olan və Xaçmaz dəmir yolu ilə naməlum istiqamətdə hərəkət edən 2 minlik əsgər eşelonuna başçılıq etməli olmuş və məhz bu “eşelon” ona, “bitərəf şəxs” kimi bolşeviklərin hakimiyyətinin tanınması haqqında qubalılara ultimatum verməsini həvalə etmişdir. (167)

Görünür ki, Gelovanidən fərqli olaraq dəmir yolu boyunca yaşayış nahiyələrinin əhalisi həmin eşelonun təyinatını daha yaxşı başa düşürdü: “Yol boyu, eşelonun yaxınlaşdığını görən müsəlman əhalisi kəndi tərk edərək qaçırdı. Mən müsəlmanları saxlayır və yerlərində qalmaq üçün dilə tuturdum, çünki onları təhlükə gözləmirdi”. (168) Qubalılar, şübhəsiz ki, Bakıda və Şamaxıda baş vermiş qanlı toqquşmalardan və bu qəzaların şəhər və kəndlərinin müsəlman əhalisi üzərində erməni əsgərləri tərəfindən törədilmiş zorakılıqlardan xəbərdar idilər.
Bakıda yaşayan bir çox qubalılar ermənilərin özbaşınalıqlarından xilas olmaq üçün ailələri ilə birlikdə Qubaya köçmüşdülər və həmyerlilərinə baş vermiş hadisələrin faciəvi nəticələrindən danışmışdılar. Bununla bərabər, Bakıda və Şamaxıda törədilənlərin qisasını almaq üçün yerli erməniləri cəzalandırmağı qərar vermiş bəzi Quba sakinlərinin bir neçə erməni evinə hücum edərək onları qarət etməsi kimi halların qarşısı şəhər hakimiyyəti və müsəlman cəmiyyəti tərəfindən dərhal alınmış, Qubanın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülmüşdü. Doğrudur, bu tədbirlərdən biri özünün qeyri-adiliyi ilə fərqlənirdi. Belə ki, Qubada yaşayan onlarla erməninin (40-dan 200-dək) həyatını hər hansı təcavüzdən qorumaq məqsədilə müsəlmanlar onları yeri camaatdan təcrid etməyi lazım bilmiş və etibarlı mühafizə təyin edərək şəhər həbsxanasında yerləşdirmişdilər.
Qubalılar “məhbusları” yaxşıca yedirdir, müsəlman qonşuları onları ziyarət edir, özləri ilə yemək gətirir, onların evlərindən və əmlakından muğayat olurdular.

Şəhərdə vəziyyət o dərəcədə sakit və nəzarət altında idi ki, Sovet hakimiyyətinin Qubaya gəlmiş ilk “müjdəçisi” – David Aleksandroviç Gelovani, ermənilərə qarşı hər hansı bir təhlükənin gözlənilmədiyini qərara alaraq dərhal onları “azad edir”. (169)

Lakin az sonra məlum olur ki, Sovet hakimiyyətini tanımaq və ona tabe olmaq haqqında həmin Gelovani tərəfindən irəli sürülən ultimatum qəbul edilməyəcəyi təqdirdə, artıq bütün şəhəri təhlükə gözləyir. Bakı və Şamaxı hadisələrindən sonra kifayət qədər qorxmuş və “imtina edildiyi halda şəhər yerlə yeksan ediləcək” hədəsi ilə düşünməyə cəmi 2 saat vaxt verilmiş qubalıların bu ultimatuma necə cavab verəcəyini anlamaq çətin deyildi. Qubalılar ultimatumu qəbul edirdilər və düz 8 gün Sovet hakimiyyəti altında yaşadılar. Bu qısamüddətli hadisə dərhal Bakı bolşeviklərinin qəzetlərində əks olunur və göstərilir ki, aprelin 23-də Qubada, şəhər meydanında təntənəli surətdə Sovet hakimiyyəti elan olunmuş və “zəhmətkeşlər bu hadisəni böyük ruh yüksəkliyi ilə qeyd etmişlər”. (170)

Elə həmin gün Quba qəzasında hərbi inqilab komissarlığı yaradılmış, “siyasi məhbuslar (şəhər erməniləri - ? S.R.T.) həbsxanalardan azad edilmiş”, yerli burjuaziyanın üzərinə 1 milyon rubl məbləğində kontribusiya qoyulmuşdur. (171)


Gelovani özünü Qubanın qəza komissarı elan edir. Qeyd etmək lazımdır ki, bu hadisələr ərəfəsində Qubada şəhər rəisi və aşağı inzibati orqanlardan savayı hər hansı hakimiyyət mövcud deyildi. Həmin vaxt qəza komissarı Əli bəy Zizikski, Bakıda və Şamaxıda mart hadisələrindən dərhal sonra öz hərbi dəstələri ilə birlikdə Qubadan çaxaraq Dağıstandan azərbaycanlıların köməyinə gəlmiş Nəcməddin Qotsinskinin dəstələri ilə birlikdə artıq Bakının girəcəyində, Xırdalan yaxınlığında şəhəri və onun müsəlman əhalisini xilas etmək məqsədilə bolşevik-daşnak qoşunları ilə döyüşlər aparırdı. (172)

Qubaya gəlmiş hərbi birləşmələrə hər hansı müqavimət göstərmək imkanına malik olmasalar da, Quba ictimaiyyəti Sovet hakimiyyətinin qurulmasının perspektivlərinə kifayət qədər ciddi yanaşır. Belə ki, şəhərin tanınmış nümayəndələri hələ ultimatum elan edilənədək, “onun nəzəriyyəsi” ilə tanış olmaq arzularını bəyan edirlər. Gelovaninin əsasən ermənilərdən
və bir neçə nəfər rus və yəhudidən ibarət olan beynəlmiləl dəstəsinin Quba yaxınlığında yerləşdiyi haqda məlumat alan qubalılar da şəhərin müsəlman, rus və yəhudi cəmiyyətlərinin nümayəndələrindən ibarət beynəlmiləl bir heyəti bolşeviklərin dayandığı Xaçmaz stansiyasına göndərirlər. Nümayəndələr hərbi dəstənin Qubaya nə məqsədlə gəldiyini öyrənmək istəyir, daha sonra “bolşeviklərin proqramı ilə tanış olmaq və bu proqramın qubalılar üçün nə dərəcədə məqbul olub-olmadığını müəyyənləşdirmək məqsədilə” özlərinin Bakıya buraxılmasını xahiş edirlər. Siyasi əqidəsinə görə sosial-demokrat - menşevik olan Gelovani qubalıların xahişinə hörmətlə yanaşır və özü şəxsən onlara Bakıya getməyi və bu məsələni “bolşeviklərin rəhbərləri ilə” araşdırmağı tövsiyə edir. (173) Lakin bolşevik hakimiyyətinin qubalılar tərəfindən “könüllü olaraq” tanınmasını gözləmədən, Gelovani bu hadisədən 2 gün sonra
187 əsgərdən ibarət silahlı dəstə ilə şəhərə daxil olur və qubalıları fakt qarşısında qoyur. Bununla bərabər, Qubanın müsəlman əhalisinin dinc əhval-ruhiyyəsindən əmin olan Gelovani“ Quba nümayəndələrini bolşevizmin ideyaları ilə ümumi şəkildə tanış etmək” qərarına gəlir. Bu məqsədlə Quba məscidində Qubanın müsəlman cəmiyyətinin tanınmış nümayəndələrinin və həm sünni, həm də şiə məzhəbindən olan ali ruhani şəxslərin – Molla Hacı Baba Axundzadənin və Əbdürrəhman Əfəndi İmamın dəvət edildiyi yığıncaq – “məclis” çağırılır.

Sonralar Molla Hacı Baba Axundzadə, guya qubalıların hər iki dini rəhbərinin “bolşevizmin əsasları” mövzusunda məruzəni dinlədikdən sonra onların şəriətə qətiyyən zidd olmadığını bildirdikləri barədə Gelovaninin iddiasını rədd edərək, göstərirdi ki, onu və Əbdürrəhman Əfəndi İmamı o məclisə zor gücünə gətirmiş və digərləri ilə birlikdə bolşeviklərin hakimiyyətini tanımağa məcbur etmişdilər. (174)


Bununla belə, Gelovaninin bu məsələ ilə bağlı şübhə doğurmayan şəhadətlərinə istinad edilərsə, görünür ki, “bolşevizmin əsaslarının” qubalılarla müzakirəsi ciddi diskussiyalar ilə müşayiət olunmuşdur: Mən onların hər ikisini (Qubanın dini rəhbərlərini) ümumi şəkildə bolşevizmin əsas ideyaları ilə tanış etdim və hər ikisi bolşevizm nəzəriyyəsinin şəriətə zidd olmadığı barədə fikir söylədilər. Bu zaman yığıncağın (məclisin) üzvü, hazırda Quba şəhərinin müstəntiqi, onlardan: “əgər biz iri mülkədarların torpaqlarını əllərindən alsaq, buna şəriət nöqteyi-nəzərindən yol verilirmi?”- deyə soruşduqda, Əbdürrəhman Əfəndi bir az fikirləşdikdən sonra cavab verdi: “Şəriət zorakılığı qəbul etmir, amma əgər bu sülh yolu ilə baş verərsə, bu hətta yaxşı olardı, çünki, çoxlu torpağı olanlar başqalarını işləməyə məcbur edirlər və bununla da günaha batırlar. Hacı Baba Axund bu fikirlə razılaşdı. Onlar hər ikisi öz fikirlərini sərbəst, təzyiq və zorakılıq olmadan bildirirdilər”. (175)

Beləliklə, hər necə olduğuna baxmayaraq, siyasi məsələlərin həllinə zorla cəlb edilmiş Quba müsəlman ruhanilərinin Qubada baş verən hadisələrə dair açıq şəkildə öz münasibətini bildirmək və öz dindaşlarını müdafiə etmək imkanı onları hələ qarşıda gözləyirdi.

Qəza komissarı Gelovaninin başçılığı ilə Qubada Sovet hakimiyyətinin hələ nə qədər davam edə biləcəyini söyləmək mümkün deyil, çünki, tarixən yaranmış ənənələrə uyğun olaraq, yenə də dağlılar – yeni hakimiyyəti qəbul etməyən və tanımayan ətraf kənlərin ləzgi əhalisi hadisələrə müdaxilə etdi. Hadisələrin 9-cu günü şəhərin yəhudi məhəlləsi tərəfindən əsasən ləzgilərdən ibarət dəstələrin şəhərə silahlı hücumu başlandı. Gelovaniyə Xaçmazdan “2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik” hərbi dəstək gəldi. (176) Üçgünlük şiddətli döyüşlərdən sonra ləzgi dəstələri bolşeviklərin ilk “komandasını” Qubadan qovub çıxara bildi. Ləzgilərin “azadlıq” əməliyyatının təşəbbüskarı qubalıların özlərimi olmuşdu? Bir çox şəhər sakinlərinin şəhadətinə görə, ləzgilərin şəhərə hücumu onlar üçün gözlənilməz olmuş və şəhər camaatı bu vuruşlarda iştirak etməmişdir. Gelovani özü də təsdiq edirdi ki, ləzgilər gələrkən qubalılar bolşeviklərə hücum etməmişlər. Hərçənd bu etiraf bolşeviklərə guya ləzgiləri qarşılamağa çıxmış 27 nəfər Quba sakinini güllələməyə mane olmamışdı. (177)

Gelovaninin dəstəsi ilə ləzgilər arasında silahlı toqquşmanı mahiyyətcə Qubada “Sovet hakimiyyətinin qurulması” uğrunda birinci və sonuncu mübarizə adlandırmaq olar. Və menşevik-gürcü knyazının başçılıq etdiyi ermənilərin, bir neçə rus və yəhudi əsgərlərinin şəxsində “bolşevizm ideyası tərəfdarları” bu mübarizədə məğlub olurlar. Hər iki tərəf itkilərə məruz
qalır, ləzgilərdən 200 nəfər öldürülür, həmçinin dinc sakinlərdən 70 nəfər həlak olur. “Geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırmış, Bazar küçəsində 16, Komendant küçəsində – 7, şəhərin kənarında, köhnə həbsxananın yaxınlığında isə 35 nəfəri qətlə yetirmişdi. Bolşeviklər geri çəkilərkən Qəza İdarəsi, Şəhər Duması və Barışıq məhkəməsinin binalarına od vurmuş və Cümə məscidini yandırmağa cəhd göstərmişdilər”. (178)

“Vətəndaş müharibəsinin” bu ilk döyüşünün “siyasi” xarakterinə baxmayaraq, ermənilərin həmin döyüşdə iştirakı və geri çəkilərkən törətdikləri hərəkətlər artıq ona “milli” çalar verir. Belə ki, bolşeviklərin Qubadan getməsi onunla əlamətdar olur ki, “müstəntiqlər Manuylov və Esman istisna olmaqla, onlarla birlikdə rus məmurlarının hamısı, həmçinin əczaçılar və bütün ermənilər də şəhəri tərk edir”. (179) Bu məqam qubalıların çoxunun şəhadətlərində vurğulanır və qeyd edilir ki, Gelovani bütün evləri bir-bir gəzərək ermənilərlə rusları yığdı və özü ilə apardı”. Gelovaninin özü isə iddia edirdi ki, erməni dəstəsinin rəhbəri – Ağacanyan “Qubanın bütün xristian əhalisini, əsasən də erməniləri, Qubadan çıxarmaq məqsədilə, toplayırdı”. Bu halda Gelovaninin dedikləri həqiqətə daha uyğun gəlir və bunu onun sonrakı sözləri də sübut edir: ““Biz geri çəkilməyə başladıq. Mən dəstə ilə qabaqda gedirdim. Onun (Ağacanyanın) əsgərləri qaçqınları ataraq qaçırdılar. Qeyd etməliyəm ki, qaçqınlar erməni əsgərlərdən xahiş edirdilər ki, ləzgilərə atəş atmasınlar. Qaçqınların bir hissəsini mənim dəstəm apardı, qalan hissəsi isə Leontyev bağının yanında qaldı və ləzgilər onları öldürdülər”. (180) Atışmalar zamanı “çıxıb gedən” və ya erməni-bolşevik dəstəsi tərəfindən zorla “çıxarılan” xristian əhalisindən bir neçə rus, yəhudi və erməni, o cümlədən rus və erməni keşişləri ölmüşdü. “Ölənlərdən bir neçəsinin meyiti bolşeviklər tərəfindən götürüldü, qalanları isə yerindəcə qaldı. Onların kimin – bolşeviklərin və ya ləzgilərin gülləsindən öldüyü müəyyən edilməmişdir”. (181)

Hadisələrin sonrakı gedişi göstərdi ki, qubalılara dinc yaşamaq üçün cəmi iki həftəlik fasilə verilibmiş. 1918-ci ilin may ayının 1-də Amazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət olan 3 minlik hərbi birləşmələr üç tərəfdən Quba şəhərinə daxil oldular. Amazaspın alaylarının Quba şəhərində və qəzasında yenidən “Sovet hakimiyyətini təsdiq etməyə” necə başladıqlarını qubalıların özləri təsvir edirlər: “1918-ci ilin may ayının 1-də səhər məşhur daşnaksakan Amazaspın və onun köməkçisi Nikolayın rəhbərliyi altında yalnız ermənilərdən ibarət olan adı çəkilən dəstə, şəhəri mühasirəyə alaraq, onu toplardan, pulemyot Siyasət İdarəsinin (DSİ) sədri olduğu zaman yazdığı tərcümeyi-halında Quba qırğınları ərəfəsində və həmin günlərdə baş verən hadisələrə toxunmuş, o cümlədən onu talançıların düşərgəsinə gətirib çıxaran səbəbləri açıqlamışdı. Sözsüz ki, Mir Cəfər Bağırovun özü tərəfindən təsvir edilən bir çox məqamlar həqiqətə, və ya digər sənədlərdən məlum olan hadisələrə uyğun gəlmir, yaxud onlarla ziddiyyət təşkil edirdi. Quba səhifələri Bağırovun tərcümeyihalının,
demək olar ki, ən dolaşıq, bir çox hallarda onun özü tərəfindən dolaşdırılmış hissəsi olmaqla bu tarixi şəxsiyyətin həyatında heç də işıqlı, yaxud şərəfli hesab edilə bilməz. Lakin, onun bolşevik kimi siyasi karyerasının özü tərəfindən parlaq boyalarla təsvir edilən və çox zaman həqiqətə uyğun olmayan ilk dövrünün detallarına varmadan, qeyd etmək lazımdır ki, Quba
hadisələrinin əvvəllərində Mir Cəfər Bağırov artıq bolşeviklərlə birgə idi. Əgər həmin sənəddən, yəni Bağırovun özü tərəfindən yazılan tərcümeyihalından çıxış edilərsə, Qubada hakimiyyətin, Gelovani başda olmaqla, ələ keçirilməsi cəhdinin təşəbbüskarı az qala Bağırov olmuşdur: “Mənim qarşımda nə olursa olsun Bakıya çatmaq, Quba qəzasında olan vəziyyəti təfsilatı ilə təsvir etmək və hakimiyyəti ələ keçirmək üçün sanksiya tələb etmək vəzifəsi dururdu, lakin bu vəzifə çox çətin idi və az qalmışdı ki, mən, bunun üçün həyatımla cavab verim. Onda mən, geriyə, Qubaya qayıtmaq və mərkəzin heç bir xəbəri olmadan, hakimiyyəti ələ keçirmək qərarına gəldim. Fikirləşdim ki, sonradan öz yoldaşlarım qarşısında məsuliyyət daşımaq Zizikskiyə və Qosinskiyə Bakıdan geri qayıdarkən Quba qəzasında öz mövqelərini möhkəmlətməyə imkan verməkdən daha yaxşıdır. Mən belə də etdim. Amma, elə həmin gün Bakıya teleqram vurdum və bu hadisə Bakı quberniyasında vətəndaş müharibəsinin ümumi gedişatına kömək etdi. Belə ki, Zizikski Quba qəzasında nəinki möhkəmlənə, hətta orada burnunu belə göstərə bilmədi və Qosinski ilə birlikdə Dağıstana qaçdı, orada yeni qüvvələr toplayaraq Qubaya may hücumuna hazırlaşmağa başladı. Bakı və Qızıl Burun
arasında yol açılan kimi mən dərhal mən Georgiy Sturua, Artak (Stambulyants) və Barski yoldaşların şəxsində Bakı Qızıl qvardiyasının avanqardı ilə əlaqə saxladım və onlara hər şeyi olduğu kimi geniş təsvir etdim, və onlar mənə məsləhət gördülər ki, mərkəzin nümayəndəsi kimi Gelovani adlı bir nəfəri Quba qəzasına aparım”. (194) Yeri gəlmişkən, Mir Cəfər Bağırov elə buradaca qeyd edir ki, Gelovani “sonradan təxribatçı çıxdı”, lakin, bu son dərəcə ciddi ittihamın səbəblərini açıqlamır. (195)

Çox maraqlıdır ki, Gelovaninin özü FTK-ya verdiyi ifadələrdə Bağırovla – Qubada az-çox tanınan və sonradan onun müavini olacaq bir şəxslə ilk görüşündən ümumiyyətlə danışmır və yalnız bir dəfə onun adını çəkir: “Caparidze mənim keçmiş müavinim qubalı Mir Cəfər Bağırovun imzası ilə teleqram almışdı”. (196)

Hər halda, qubalıların şahidliyinə görə, onlara Qubada Sovet hakimiyyətinin tanınması tələbi ilə ultimatum elan edildiyi zaman, “Quba müsəlmanı, qatı bolşevik” Mir Cəfər Bağırov da Gelovani və “iki yəhudi” ilə birlikdə öz həmyerlilərinin qarşısında dayanmışdı. (197) Sonralar Quba camaatı dəfələrlə Bağırovu Gelovaninin dəstəsindən olan bolşeviklərin arasında görür: gah onun mənzilində yerli müsəlmanlar evlərinin yandırılmaması üçün yerli erməni qoçularına haqq verirlər, (198) gah da “doqquzuncu gün müsəlmanlardan qarət edilmiş bütün əmlak Bağırovun evindən arabalara yüklənərək Ayrapetovun nəzarəti altında şəhərdən çıxarılır” və s. (199) Yeri gəlmişkən, sonuncu epizodu Mir Cəfər Bağırov özü də, lakin başqa yozumda təsdiq edir: “Amazaspın dəstələri bir həftə bütün Quba qəzasında azğınlıq etdikdən sonra qarət etdikləri bütün qiymətli əşyaları götürərək Bakıya tərəf hərəkə etdilər. Mən az qala diz üstə çökərək ondan yandırılmış evlərin sahibləri üçün ev əşyalarından nə isə qoparmağa nail oldum. Alınan şeylər paylanmaq üçün anbara yığıldı”. (200)

Lakin, hələ Amazaspın hücumuna qədər, Mir Cəfər Bağırov Gelovani ilə birlikdə Quba şəhərində və yaxın kəndlərdə inqilab komitələri – revkomlar təşkil edir, “normal qayda qanun yaradır”, qəza idarələrini ələ keçirir, yerli Qızıl Qvardiya yaratmağa başlayır, Oqanesovun başçılıq etdiyi dəstələri çağırtdırır. (201)

Lakin ləzgi döyüşçülərinin hücumu Quba qəzasında Sovet hakimiyyətinin qurulması tədbirlərinə son qoyur. Burada xüsusi qeyd etmək lazımdır ki, yekdilliklə şəhərə “qonşu kəndlərdən olan ləzgilərin” girdiyini göstərən qubalılardan fərqli olaraq, M.C.Bağırov “Qubaya hücumun” təşkilatçısı kimi konkret şəxsin – məhz Əli bəy Zizikskinin adını çəkir. O, həm də 3 günlük döyüş ərzində həlak olanların sayı haqqında məlumat verir: “200-ə yaxın öldürülmüş döyüşçü və təxminən 1500-ə qədər doğranmış və çapılmış tamamilə günahsız dinc müsəlman əhalisi (rus, erməni, yəhudi və sair)”. (202) Göründüyü kimi, bu rəqəmlər şəhər başçısı Əli Abbas bəy Əlibəyovun göstərdiyi rəqəmlərdən çox fərqlənir: 200 nəfər ləzgi, 70 nəfər dinc əhali. (203)

Şübhəsiz ki, M.C.Bağırov bundan sonra daha şəhərdə qala bilməzdi. Əgər onun tərcümeyi-halına əsaslansaq, 1917-ci ildən başlayaraq, ruhanilər də daxil olmaqla, Qubanın yerli elitası, guya ki, inqilabi fəaliyyətinə və bolşeviklərlə əlaqəsinə görə, ona elə də “hörmət etmirdilər”: “Məni kəndlilərin qarşısında Bakı ermənilərinin casusu, din və millət satqını kimi təsvir edərək, mənə qarşı vicdansızcasına təbliğat aparılırdı. İş o yerə çatmışdı ki, Qubanın ən nüfuzlu iki dini lideri ... Əbdül Rəhim Əfəndi və Hacı Molla Baba Axundov
məni güllələmək əmri vermişdilər”. (204)

Əgər bu sözlər həqiqətə uyğun idisə, Quba qəzasının dini rəhbərləri Bağırovu yalnız “cəbhədən qayıtmış yəhudilərdən, qismən ruslardan..., və bir neçə cinayətkar müsəlman ünsürlərdən” ibarət quldur dəstəsinin başında olmaqla, törətdiyi əməllərə görə “lənətləyə” bilərdilər. Bu dəstə ən əvvəl “keçmiş qəza siyasət idarəsinin cəbbəxanasını dağıdıb və bu yolla silah əldə edərək”, “imkan olan yerdə bəyləri və onların tərəfdarlarını öldürməklə” məşğul idi. M.C.Bağırov öz tərcümeyi-halında bu quldur dəstəsini “Quba qəzasının əksinqilabi elementləri ilə” mübarizə aparan “uçağan dəstəsi” adlandırırdı. (205) Lakin, 1956-cı ildə M.C.Bağırov məhkəmədə ittiham olunarkən bu dəstə ilə bağlı əhvalat da ortaya çıxdı. İstintaq materialları ilə “sübuta yetirilirdi ki, Bağırovun bir sıra sənədlərdə partizan dəstəsi adlandırdığı “uçağan” dəstənin inqilabi fəaliyyətə heç bir aidiyyatı yox idi, əsl quldur dəstəsi idi. Bu bandit qrupuna Bağırov başçılıq edirdi”. M.C.Bağırov özü məhkəmədə həm cəbbəxanaya hücum faktını, həm də dəstə tərəfindən bəylərin və onların tərəfdarlarının öldürülməsi ittihamını rədd edirdi. (206)

İstintaq materialları ilə 1917-ci ildə M.C.Bağırovun bolşeviklərin partiyasına daxil olması faktı da təkzib edilirdi. Əksinə, göstərilirdi ki, 1917-ci ilin fevral ayından sonra M.C.Bağırov Quba şəhərinin ikinci (yəhudi) hissəsinin milis komissarı təyin edilmiş və bu təyinat Quba qəzası administrasiyasının rəhbəri – qəza komissarı Əli bəy Zizikski tərəfindən edilmişdir. 1917-ci ilin may ayından noyabr ayınadək isə o qəza komissarının, yəni elə həmin A.Zizikskinin köməkçisi işləmişdir. (207)

“Fevral inqilabının elə ilk günlərindən gənc xalq müəlliminin Qubanın yəhudilər yaşayan hissəsinin komissarı vəzifəsinə”, (208) yəni, “Quba qəzasının rəhbərləri sırasına” irəli çəkilməsi Ə.B.Zizikskinin Bağırova olan yaxşı münasibəti ilə bağlı idi. Bu dövrdə heç bir bolşevizmdən söhbət gedə bilməzdi. Buna baxmayaraq, 1917-1918-ci illərin kəsiyində - Zizikski “bolşevizmlə və Bakı Sovetinin antimilli rejimi ilə mübarizə mövqeyinə” keçdikdə, M.C.Bağırov isə “Bakı Sovetinin timsalında mərkəzi hakimiyyətin nümayəndəsi rolunu öz
üzərinə götürdüyü andan” onların ...yolları ... ayrılır. (209)

Buradan aydın olur ki, 1918-ci ilin aprel ayının sonunda Zizikskinin dəstələri tərəfindən Quba alındıqdan sonra Quba İnqilab Komitəsi sədrinin köməkçisi M.C.Bağırov nə üçün şəhərdə qala bilməzdi. “Belə ki, M.C.Bağırov qeyri-ixtiyari Bakı bolşevik hökumətinin qırmızı bayrağı altında çıxış edən erməni millətçilərlə bir dəstəyə düşmüş oldu. Yəqin ki, bu onun tərcümeyihalının ən ləkəli səhifəsi sayıla bilər ”. (210)

M.C.Bağırov tərəfindən hadisələrin sonrakı gedişini, yəni onun hansı şəraitdə Amazaspın dəstəsinə daxil olmasını açıqlayan səhnələr, eyni zamanda həmin dəstənin təyinatı barədə çox mühüm şəhadətdir: “...biz Petrovskdan gəlmiş xalis daşnak dəstəsinin himayəsi altında dəmir yolu xəttinə tərəf geri çəkildik... Biz Dərbəndə geri çəkilməyi qərara aldıq. Biz oraya çatdıqda yoldaş Naneyşvilinin Şimali Qafqazdan qayıdan eşelonları ilə qarşılaşdıq. Məşvərətdən sonra dağıdılmış dəstələrin yenidən təşkil edilməsi və Qubaya yeni hücumu hazırlamaq üçün Bakıya doğru hərəkət etmək qərarına gəldik … Çox çətinliklə Dəvəçiyə çata bildik. Bu zaman Bakı tərəfdən Daşnaksütunun liderlərindən biri olan Amazaspın məşhur dəstəsinin olduğu 4 eşelon göründü və Amazasp bəyan etdi ki, mərkəzin, şəxsən yoldaş Şaumyanın əmri ilə Qubanı yer üzündən silmək üçün şəhərə tərəf hərəkət edirlər. Amma onlar yoldaş Naneyşvilidən bu işdə bizim partiyanın nümayəndəsinin də iştirakını təmin etməyi xahiş etdilər. Hərçənd Amazaspın yanında fövqəladə komissar kimi eser (əslində, qatı daşnak) Velunts var idi. Çox düşündükdən sonra yoldaş Naneyşvili mənə onlarla getməyi təklif etdi. Mən qəti şəkildə bundan imtina etdim, çünki bu dəstənin nə edə biləcəyini qabaqcadan görürdüm”.(211)

Beləliklə, yalnız sıravi qubalılar deyil, indiki halda bolşevik “partiyasının nümayəndəsi” də təsdiq edirdi ki, Amazaspın dəstəsi Qubaya məhz mərkəzin, konkret olaraq – Stepan Şaumyanın əmri ilə müsəlman əhalisinə divan tutmaq məqsədilə göndərilmişdi. Burada belə bir sual meydana çıxır – bolşevik, eyni zamanda həm də müsəlman və əslən qubalı olan M.C.Bağırov hadisələrin gedişinə hər hansı bir təsir göstərə bilərdimi? Çox güman ki, yox. M.C.Bağırov özü sonradan etiraf edirdi: “Çox təəssüf edirəm ki, mənim iradəmin əksinə olaraq mənə Qubada baş vermiş dəhşətli mənzərənin şahidi olmaq qismət oldu. Mən nəinki əhalinin günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qorunmaq üçün heç bir
köməklik göstərə bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim. Mənim 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu – Mir Həşim, kürəkənimiz Hacı Heybət və digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər”. (212)

Burada, Bağırov tərəfindən edilən daha bir qeyd – özünü gələcəkdə təmizə çıxarmaq məqsədiləmi yazdığı, yaxud həqiqətən baş vermiş bir məqam da diqqəti cəlb edir: “Yeri gəlmişkən, yoldaş Naneyşvili məni Amazaspın dəstəsi ilə Qubaya göndərərkən onun müavinlərindən zəmanət aldı ki, ... mən onların himayəsi altında olacağam, mən isə öz növbəmdə Viktor Naneyşvilidən söz aldım ki, o, mənim öz xoşumla getmədiyimi təsdiq edir ...”. (213) Öz xoşu iləmi, ya yox, hər halda Mir Cəfər Bağırov əks tərəfdəki düşərgədə olsa da, öz həmyerliləri ilə birlikdə Quba faciəsini yaşamalı olur. Bununla belə, Mir Cəfər Bağırov “o dəhşətli mənzərənin” qarşısının alınması üçün olmasa da, heç olmasa dayandırılması üçün hər hansı bir cəhd etməyə də təşəbbüs göstərir. Bu fakt D.Gelovaninin sonrakı izahatı ilə təsdiq olunur: “Caparidze mənim keçmiş müavinim, qubalı Mir Cəfər Bağırovdan teleqram almışdı. Teleqramda deyilirdi ki, qubalılar onları xilas etmək üçün mənim Qubaya gəlməyi xahiş edirlər, çünki Amazasp sağa-sola hər tərəfi yandırır və hamını qətlə yetirirdi. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi. Mən razılaşdım və geniş səlahiyyətlər alaraq, Qubaya gəldim. Mən burada törətdiklərinə görə Amazaspı danladım. O, və dəstənin komissarı Velunts mənə cavab verdilər ki, şəhərə öz aralarında müharibəyə başlayan şiə və sünnilər od vurmuş və bir-birini qırmışlar. Mən onlara inanmadım və Amazaspa öz dəstəsi ilə birlikdə Qubadan çıxıb getməyi təklif etdim. O əvvəlcə tərəddüd etdi, lakin sonra gedəcəyini bildirdi və həqiqətən, burda olduğu müddətin doqquzuncu günü bütün dəstəsi ilə çıxıb getdi. Onun arxasınca mən də çıxıb getdim”. (214)

Mir Cəfər Bağırov özü D.Gelovaninin ikinci dəfə Qubaya qayıtdığından danışmır, lakin özünün Caparidzenin adına teleqram göndərdiyini təsdiq edir. Bu dəfə o, yəqin ki, Amazaspın dəstələrinin törətdiklərinə qarşı onun mövqeyinin anlaşılacağı ümidi ilə şəhərdə qalır. Lakin, Amazasp Qubadan çıxıb gedəndən 4 gün sonra şəhərə gələn “Alyoşa Caparidzenin fövqəladə səlahiyyətli nümayəndəsi yoldaş Levon Qoqoberidze” onu hətta dinləməyi belə lazım bilmir, əksinə, onu və onun adamlarından daha dörd nəfəri qan tökülməsində iştirak etməkdə günahlandıraraq həbs edir. Şəhərdə Çurayevin başçılığı ilə yenidən İnqilab Komitəsi yaradılır. Yeni Komitə bu dəfə özünün “gürcü” tərkibi ilə - Caparidze tərəfindən göndərilmiş gürcülər – partiya işçiləri və zabitlər - seçilir. Yeni İnqilab Komitəsi bu zaman Quba qəzasının Qusar bölgəsində olan Ə.b.Zizikski ilə əməkdaşlıq barədə danışıqlara başlayır, lakin Ə.b.Zizikski tərəfindən rədd cavabı alır. Mir Cəfər Bağırov isə bu zaman “gələcək taleyini gözləyən müttəhim kimi...nəzarət altında oturur...və şəxsən Stepan Şaumyana ətraflı məktub yazır ”. (215) Həbsdə olan Mir Cəfər Bağırov həmin məktubun məzmununu açıqlamır, lakin guya Quba üzərinə hazırlanan yeni basqın haqqında məlumat alaraq, “Həmdulla Əfəndinin və Əli bəy Zizikskinin əlinə düşməmək üçün mümkün qədər gizlənərək və Qoqoberidzenin icazəsi olmadan” gizlicə Qubadan qaçır və Bakıya gəlir. (216)

Bundan sonra, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulanadək Mir Cəfər Bağırov Qubaya qayıtmır. Mir Cəfər Bağırovun sonrakı illərdə - karyerasının yüksələn xətt üzrə
inkişaf etdiyi və nəhayət 1932-cı ildə - Azərbaycan KP MK-nın rəhbəri - respublikanın faktiki “Sahibi” olduğu dövrədək öz qubalı həmyerliləri, həmçinin özünün “kiçik vətəni” ilə əlaqələri artıq ayrıca söhbətin mövzusudur. 1918-ci ilin hadisələri də zaman keçdikcə tarixə qovuşdu və xüsusilə, erməni və Azərbaycan xalqları arasında “ömürlük” sülh və dostluğun bərqərar olduğu nəzərə alınarsa, “arzuolunmaz” mövzuya çevrilir. Lakin düz 30 il sonra, 1918-ci il Quba hadisələri yenidən gündəmə gəldi, həm də bu məsələ M.C.Bağırovun 1949-cu il 25-28 yanvar tarixlərində Bakıda keçirilən Az.K(b)P-nın XYII qurultayındakı yekun nitqində bilavasitə “daşnakların” istər ölkənin – SSRİ-nin xaricində, istərsə də daxildə “canlanması” bağlı idi. Və əgər “xaricdəki daşnakların antisovet fəaliyyətində” əsas yeri ərazi iddiaları - Sovet Ermənistanının ərazisinin əsasən Sovet Azərbaycanının, qismən də Sovet Gürcüstanının əraziləri hesabına artırmaq “tələbi” tuturdusa (217), ölkə daxilində bu məqam açıq-aydın Azərbaycan əleyhinə yönəlmiş kitab və yazıların nəşrində təzahür olunurdu.

“Azərbaycanın geniş ictimaiyyəti və partiya fəallarının hiddətinə səbəb olan” belə kitablardan biri - Georqiy Xolopovun (Xalapyan) yazdığı “Buxtanın işıqları” adlı roman M.C.Bağırovu birbaşa ÜK(b)P MK-ya, Q.İ.Malenkova məktubla müraciət etməsinə səbəb olur. Bu məktubda Bağırov Bakı haqqında, Azərbaycanın paytaxtı haqqında roman yazan müəllifin Azərbaycan xalqını bilərəkdən tamamilə “kənara qoyduğunu”, azərbaycanlı obrazların isə təxribatçı kimi təsvir olunduğunu” vurğulayır: “Romanda bir nəfər də müsbət azərbaycanlı, neft uğrunda mübarizə aparan əsl qəhrəman surəti yoxdur”. Tanınmış Sovet dövlət xadimi, 1921-1926-cı illərdə Azərbaycan partiya təşkilatına rəhbərlik etmiş Serqey Mironoviç Kirova həsr edilmiş bu əsərin mərkəzi qəhrəmanı isə Tiqran adlı bir şəxsdir. “Səfil, küçələrdə siqaret satan, ayaqqabı silən, meyxanalarda içki paylayan, gecə evlərinin, oğru
yığıncaqlarının müştərisi olan bir şəxs Kirovla təsadüfü görüşdən dərhal sonra, elə ikinci günü onun sürücüsü, yaxın və inandığı adamı olur, müəllifin dili ilə desək, “Kirovun sevimlisi”nə çevrilir”. (218)

Kitabın müəllifi - Şamaxıda doğulmuş və Bakıda yaşamış, erməni əsilli G.K.Xolopov (Xalapov-Xalapyan) 1930-cu ildə Leninqrada köçsə də, qohumlarına baş çəkmək və gələcək kitabı üçün material toplamaq məqsədilə mütəmadi olaraq Bakıya gəlirdi. Nəhayət, həmin kitab ərsəyə çıxanda məlum olur ki, qarşısına “C.M.Kirovun rəhbərliyi altında Azərbaycanda neft sənayesinin bərpa olunması prosesini işıqlandırmaq” məqsədi qoyulmuş bu əsər “Bakı neftçilərinin fədakar əməyindən bəhs edən səhnələrlə deyil, Bakıda Sovet hakimiyyətinin qurulduğu gün – 1920-ci il 28 aprel tarixdə guya “qırğına” məruz qalmış Bakının erməni əhalisinin, o cümlədən Tiqranın iztirablarını təsvir olunan epizodlarla zəngindir”. Bağırov haqlı olaraq kitabda gətirilən bu cür səhnələri yalan və böhtan adlandırır, belə ki, 1920-ci il aprelin 28-də baş verən hadisələr hamıya məlum idi və o gün milli zəmində iğtişaşlar, xüsusilə erməni əhalisinə qarşı “gözlənilən” hər hansı qırğınlar barədə danışmaq belə mənasız idi. Məlum idi ki, 28 aprel tarixdə Azərbaycanda hakimiyyət Azərbaycan Parlamenti
tərəfindən azərbaycanlı kommunistlərə dinc yolla təhvil verilmişdi, hələ bu hadisədən əvvəl suveren dövlət sayılan Azərbaycanın sərhədlərini qanunsuz olaraq keçən XI Qızıl Ordu həmin gün Bakıya gəlirdi, hakimiyyət dəyişikliyinin ertəsi günü isə artıq Azərbaycanın görkəmli dövlət, siyasət, hərbçi və s. xadimlərinin, “Musavat”, “İttihad” və digər partiyaların üzvlərinin həbs olunmasına başlanmışdı.

Təsadüfü deyil ki, M.C.Bağırov Malenkova ünvanladığı məktubunda 1920-ci il deyil, 1918-ci il hadisələrinə müraciət etməyi lazım bilir və göstərirdi ki, “romanda nəinki daşnakların milli qırğınların qızışdırılmasında oynadığı rol, onların 1918-ci il müdafiə xəttinin qırılmasına və ingilis imperialistlərinin şəhərə girməsinə gətirib çıxaran satqın əməlləri, Lalayev cəlladlarının timsalında 26 Bakı komissarlarına qanlı divan tutulmasında iştirakı ifşa edilmir, hətta bir dəfə də olsun “daşnak” sözü işlədilmir”. Xolopovun kitabının əsas təyinatını məhz bunda – tarixin erməni-daşnak mövqelərdən təhrif edilməsində və saxtalaşdırılmasında görən Bağırov, müəllifin özünü və onun qəhrəmanı Tiqranı “yad, daşnak ideologiyasının
ifadəçisi” adlandırır və bunun təsadüfü olmadığını hesab edir. Kitab müəllifinin, həmçinin Tiqran surətinin prototipi olan Karapet Ayrapetov adlı birisinin tərcümeyi-halını aydınlaşdıraraq, Azərbaycan rəhbərliyi müəyyən edir ki, Xolopov (Xalapyan) ana tərəfdən tanınmış erməni ailəsi Lalayevlər – “erməni-azərbaycanlı qırğınlarının təşkilatçıları və iştirakçıları” ilə qohumdur.

Dəqiq deyilərsə, 1918-ci ildə Bakıda və Şamaxıda azərbaycanlı qırğınları zamanı azərbaycanlı əhaliyə qarşı ağlasığmaz qəddarlığı ilə ad çıxarmış Stepan Lalayevin dayısı oğludur. (Stepan Lalayev sonradan Fövqəladə Təhqiqat Komissiyası tərəfindən öz cinayətlərinə görə həbs olunmuş və 1919-cu ilin noyabr ayında Gəncə həbsxanasında ölmüşdür).
Həmçinin məlum olur ki, Karapet Ayrapetov heç vaxt S.M.Kirovun sürücüsü olmamışdır. 1921-1926-cı illərdə, yəni Kirov Bakıya gələndən Leninqrada gedənədək onun yanında sürücü işləmiş K.A.Vasilenko adlı bir şəxsin dul qadını Mariya Vasilenko bu haqda həyəcanla xəbər verərək bildirirdi ki, “yalançı sürücü” əhvalatını o, Karapet Ayrapetovun özündən eşitmişdir. Belə ki, Karapet iki dəfə onun mənzilinə gəlmiş və qadından xahiş etmişdir ki, əgər onu çağırıb soruşsalar, qadın Ayrapetovun Kirovun sürücüsü olduğunu təsdiq etsin. Bu zaman Ayrapetov onun ərinin divardakı şəklini öpərək, boynuna almışdır ki, onun tərcümeyi-halı ilə maraqlanan orqanlara yalan deyib. Karapet Ayrapetovun əsl tərcümeyi-halından isə görünürdü ki, o heç vaxt Kirovun maşınını sürməmiş, sadəcə onun sürücüsü Vasilenkonun köməkçisi işləmişdir, yəni Az.K(b)P MK qarajında maşına baxmış, onu yalnız yuyub təmizləmişdir. Ali rəhbər şəxsin təhlükəsizliyi baxımından isə sürücünün şəxsiyyəti məsələsi o qədər ciddi idi və xüsusilə “Kirov öz “Kadillak”ını o dərəcədə qoruyurdu” ki, Vasilenko xəstə olanda belə “işə ya tramvayda gedir, yaxud da partiyanın Mərkəzi Komitəsindən başqa maşın çağırtdırırdı”. 1923-1924-cü illərdə bəzən Kirova Aleşin Yakov Larionoviç adlı başqa bir sürücü də xidmət etmiş, onu şəhərin neft mədənlərinə aparmışdır. (220)

Respublikanın rəhbəri ilə heç bir təmasda olmayan maşın yuyucusu, təbii ki, tarixi şəxsə həsr edilmiş kitabın əsas qəhrəmanlarından biri ola bilməzdi. Həm də burada qondarma tərcümeyi-halın Karapetin özü tərəfindən uydurulduğunun, yaxud həmin obrazın üzərinə qoyulmuş ideya yükünü çatdırmaq üçün erməni yazıçısı tərəfindən Kirovun “sürücüsü təyin
edildiyinin” artıq elə bir əhəmiyyəti yox idi. Lakin M.C.Bağırov Tiqran surətinin prototipinin şəxsiyyətinə ciddi yanaşmaq qərarı verir və K.Ayrapetovun tərcümeyi-halı əlaqədar orqanlar tərəfindən diqqətlə araşdırıldıqdan sonra o dövrün meyarlarına görə kifayət qədər “şübhəli” görünür. Məlum olur ki, Ayrapetov 1918-ci ildə “Sentrokaspi” hökumətinin, sonra polkovnik Biçeraxovun qoşunlarında xidmət etmiş, ADR zamanı isə maşınla türk zabitlərini gəzdirmişdir. Belə tərcümeyi-halın sahibi kommunistlərin rəhbəri S.M.Kirovun
sürücüsünün prototipi ola bilərdimi...

Lakin bütün bu məqamlar, görünür ki, kitabın müəllifi Xolopovu (Xalafyanı) narahat etmirdi. Bundan əlavə, Sovet Rusiyasının, o cümlədən Xolopovun yaşadığı Leninqradın yazıçı təşkilatları onu öz himayələri altına alırlar. Moskvanın mərkəzi ədəbi qəzet və jurnallarının səhifələrində həmin əsər haqqında müsbət rəylər dərc olunur. Azərbaycan Yazıçılar İttifaqından Moskvaya, SSRİ Yazıçılar İttifaqına, eləcə də bir sıra mərkəzi qəzet və jurnalların redaksiyalarına göndərilən etiraz məktubları, həmçinin, həmin kitabla bağlı mənfi rəylərin dərc olunduğu respublika mətbuatından nümunələr cavabsız qalır. Mərkəzi mətbuat azərbaycanlı tənqidçi Mikayıl Rəfilinin Xolopovun kitabı haqqında tənqidi resenziyasını dərc etmir. Moskvada bununla kifayətlənirlər ki, müəllif “Kirov obrazının yaradılmasında heç bir təhrifə yol verməmişdir”. (221) Bütün digər məsələlərə tam etinasızlıq göstərilir. Mümkündür ki, məhz bu vəziyyət M.C.Bağırovu həmin məsələni ən yüksək tribunadan – respublika kommunist partiyasının qurultayı kürsüsündən səsləndirməyə vadar edir. Bu qərarın verilməsinə həmçinin Stepan Şaumyanın oğullarının – Levon və Serqeyın bəzi hərəkətləri də həlledici təsir göstərir. Məlum olur ki, Levon Şaumyan mərkəzi “Literaturnaya qazeta”da 26
Bakı Komissarlarının güllələnməsinin 30 illiyi münasibəti ilə yazdığı məqalədə “Əzizbəyovun familiyasını silmişdir”, və bu, o zaman edilir ki, “yoldaş Stalin özünün bütün çıxışlarında Əzizbəyovun soyadını birinci çəkir, çünki söhbət Bakı komissarlarından gedir, Azərbaycandan gedir”. “Ən birinci komissarın” o biri oğlu – Serqey Şaumyan isə Bakıya gələrək Avakyans adlı bir “daşnakla” “Şaumyan – tənqidçi və polemikaçı” mövzusunda kitab yazmaq barədə danışıqlar aparmışdır. (222) Bağırovun ciddi narazılığına səbəb olmuş bu
faktlar da qurultay zamanı səsləndirilərək geniş ictimaiyyətə çatdırılır. Diqqətəlayiq haldır ki, Bağırov öz çıxışında demək olar ki, “erməni” sözü, yaxud “erməni-daşnak” ifadəsini işlətməyərək yalnız “daşnak” sözünü vurğulayır ki, bu da o dövr bu məsələlərdə son dərəcə diqqətli və həssas olmaq tələbindən irəli gəlirdi, hərçənd bu tənqidin əsl mahiyyəti və onun kimə ünvanlandığı bütün qurultay iştirakçılarına aydın idi. M.C.Bağırovun respublikanın ali partiya yığıncağının tribunasından partiyanın rəhbəri kimi özünün yekun nitqində ayrıca götürülmüş bir ədəbi əsərə bu qədər sərt və kəskin münasibət bildirməyinin səbəbi nə idi?

II Vətən müharibəsindən sonrakı illəri Azərbaycan xalqına qarşı torpaq iddiaları və azərbaycanlıların öz əzəli torpaqlarından çıxarılması ilə müşayiət olunan yeni irimiqyaslı erməni təcavüzünün başlanması kimi səciyyələndirmək olar ki, bu dəfə onların müdafiəçisi qismində artıq Sovet rəhbərliyi çıxış edirdi. Həmin qurultaydan demək olar ki, bir il əvvəl xaricdəki ermənilərin guya öz “tarixi vətənlərinə” köçürülməsi bəhanəsi altında 1918-ci ildə Ermənistan Respublikasına keçmiş və sonra Ermənistan SSR tərkibində qalmış Azərbaycan ərazilərindən azərbaycanlı əhalinin – 130 min nəfər – deportasiyasına – Azərbaycan SSR-ə köçürülməsinə başlandı. Sovet rəhbərliyi bu “köçürülməni” “hər iki respublikada baş verən təsərrüfat dəyişiklikləri ilə” əsaslandırmağa çalışsa da, bununla belə etiraf edilirdi ki, “azərbaycanlı əhali köçürüləndən sonra boşaldılmış torpaqlar və yaşayış, Ermənistana gələn xarici erməni kəndlilərin yerləşdirilməsi üçün istifadə oluna bilər”. (223)

Bundan bir qədər əvvəl isə Bağırov böyük çətinliklə, uğurlu bir fənd işlətməklə ermənilərin Dağlıq Qarabağa yeni iddialarının qarşısını ala bilmişdi. Belə ki, 1945-ci ilin payızında Ermənistan K(b)P MK birinci katibi Arutinov ÜK(b)P MK qarşısında Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin maraqları baxımından həmin vilayətin Azərbaycan SSR tərkibindən Ermənistan SSR-ə verilməsi məsələsini qaldırmışdı. Məktub bu məsələ ilə bağlı fikrini bildirmək üçün M.C.Bağırova göndərilmişdi. Bağırov Arutinovun gətirdiyi dəlillərin hamısını təkzib etsə də, Arutinovun kimin göstərişi və icazəsi ilə hərəkət etdiyini anlayırdı. Odur ki, ümumən Arutinovun təklifi ilə razı olduğunu, lakin bir şərtlə - Ermənistan SSR-in azərbaycanlı əhali yaşayan üç rayonunun Azərbaycan SSR tərkibinə verilməsi şərti ilə - bildirir, həmçinin Şuşa rayonunun Ermənistana verilməsinə etiraz edir. (224) Bundan
sonra Sovet rəhbərliyi bir daha bu məsələyə qayıtmır. Lakin ermənilərin bu və ya digər formada təxribatları davam edirdi. Yuxarıda göstərilən siyasi xarakterli misallardan əlavə həmin illər erməni müəllifləri tərəfindən istər Ermənistanda, istərsə də mərkəzdə nəşr olunan elmi ədəbiyyatda və dövri mətbuatda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənətinin təhrif olunması ilə bağlı onlarla nümunələr gətirmək olardı ki, bu da respublika ictimaiyyətində, həmçinin partiya rəhbərliyində haqlı olaraq kəskin etiraz və narazılıq doğururdu. Xolopovun (Xalapyanın) kitabı belə nümunələrdən yalnız biri idi. Lakin görünür ki, bu əsərin yaxın keçmişdə baş vermiş hadisələrlə birbaşa əlaqəsi erməni millətçiliyinin yeni forma və təzahürlərdə əks olunan təcavüzkar xarakterini ölkə rəhbərliyinin nəzərinə çatdırmaq üçün Bağırovu məhz bu kitaba ciddi diqqət yetirməyə sövq edir. “Xolopov kitab yazıb. Həm də çox xarakterikdir ki, onun kitabında “daşnak” sözü yoxdur, - M.C.Bağırov qurultaydakı çıxışında deyirdi – onun kitabında “daşnak” sözünü tapa bilməzsiniz. Kitabı Karapet Ayrapetov adlı birisinin sözlərindən yazıb. Orada Tiqran qəhrəman kimi verilir. Müəllif göstərir ki, Kirov səfilin birini öz himayəsinə alıb, halbuki Dövlət arxivinin sənədlərindən görünür ki, bu səfil, 1895-ci il təvəllüdlü, keçmiş müharibə iştirakçısı, sonra daşnak, daha sonra “Sentrokaspi” hökumətinin ordularında xidmət edib, “Sentrokaspi” dağılandan sonra Biçeraxovla çıxıb gedib. Bax bu, aşkar düşmənin, əlində silah Sovet hakimiyyətinə qarşı vuruşan, sonra təsadüfən il yarım Mərkəzi Komitənin qarajında işə düşərək maşın yuyan adamın sözləri əsasında müəllif Kirov haqqında kitab yazır. O kitabı Kirov haqqında yazmayıb, o kitabı xüsusi tapşırıqla, daşnaklara bəraət qazandırmaq və başqalarına iftira yaxmaq üçün yazıb...” – deyə Bağırov nəticə çıxarır.


Bu çıxışında Bağırov Xolopovu (Xalapyanı) - SSRİ Yazıçılar İttifaqının üzvünü, tanınmış sovet yazıçıları N.Tixonov və D.Zaslavski tərəfindən mərkəzi mətbuatın səhifələrində müdafiə olunan bir adamı - “daşnakların sonbeşiyi – sonuncu tərəfdarı” adlandırır, “vaxtilə Şamaxını məhv etmiş, Kürdəmirdə qırğınlar törətmiş məşhur Lalayevlərin” bu qohumunun onu heç kəsin tanımadığı Leninqradda özünə yer etdiyini vurğulayır. Qabaqcadan deyək ki, M.C.Bağırovun Azərbaycan kommunistlərinin qurultayındakı yekun çıxışının mətni, digər sənədlər və şəxsən Stalinə ünvanlanmış məktubla birlikdə Moskvaya göndərilir və Bağırov “Buxtada işıqlar” kitabı haqqında məsələnin ÜK(b)P MK-da qoyulmasına nail olur. (225)
Lakin Bağırovun Azərbaycan Kommunist Partiyasının XYII qurultayındakı bu çıxışının əhəmiyyəti yalnız ölkə rəhbərliyinin diqqətinin “bu zərərli kitaba” və onunla bağlı məsələlərə cəlb edilməsi ilə məhdudlaşmır.

Bilavasitə 1918-ci il hadisələrinə toxunan Bağırov öz nitqində rəsmi “vətəndaş müharibəsi” tezisini əsas tutsa da, eyni zamanda qeyd edirdi ki, “1918-ci ildə Bakı Xalq Komissarları Şurasındakı bəzi yoldaşların buraxdığı səhvlərdən məharətlə yararlanan daşnaklar və müsavatçılar, xüsusilə daşnaklar, bu məqamdan istifadə edərək bəzi yerlərdə vətəndaş müharibəsini əslində milli vuruşa çevirdilər, milli qırğınlar təşkil etdilər”. (226) Burada xüsusi olaraq qeyd edilməlidir ki, 1918-ci il hadisələri ilk dəfə olaraq yüksək mənsəbli bolşevik xadiminin dilindən “səhvlər buraxmış” bolşevik hökumətinin “yol verməsi” nəticəsində erməni-daşnak qüvvələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi milli qırğın kimi səciyyələndirilirdi.
Lakin Bağırov yalnız bununla kifayətlənmirdi: “Amazasp, Abram Velunts, polkovnik Avetisov – axı bunlar Sovet hakimiyyətinin tərəfində deyildilər. Mən özüm şahidəm, mən, təəssüf ki, həmin hadisələrin iştirakçısıyam, bəzi yoldaşların təklifi ilə mən Amazaspın dəstəsində nümayəndə idim və görürdüm ki, onlar Qubada nələr edirlər, hələ Şamaxı və s. barədə
danışmıram...”. (227)


Beləliklə, yalnız 30 ildən sonra, nəhayət ki, azərbaycanlı bolşevik Bağırovun simasında olsa belə, Sovet hakimiyyətinin nümayəndəsi partiya qurultayının yüksək kürsüsündən, “kommunist partiyasının ən layiqli nümayəndələri” qarşısında etiraf edir ki, 1918-ci il Quba hadisələrinin qəzada Sovet hakimiyyətinin qurulması ilə heç bir əlaqəsi yox idi və “Qızıl Ordunun” komandirləri, başda Amazasp olmaqla, Qubada tamamilə başqa bir tapşırığı həyata keçirirdilər.

* * *

Amazaspın 3 min nəfərlik dəstəsinin Quba qəzasına “cəza yürüşü” boyu etdiyi bütün əməllər bir daha sübut edir ki, bu dəstə heç də 3 günlük döyüşlər zamanı öldürülmüş cəmi bir neçə Quba ermənisinin və yaxud “türklər və kürdlər tərəfindən öldürülən Türkiyə ermənilərinin” qisasını almaq üçün gəlməmişdi. Qubanın şəhər əhalisi həmin döyüşlərdə iştirak belə etməmişdi, lakin minlərlə günahsız qubalılar guya məhz bu səbəbdən Amazasp tərəfindən “cəzalandırılırdı”. Əslində, “Şaumyanın başçılıq etdiyi mərkəz” tərəfindən Amazaspın qarşısına qoyulan əsas vəzifə qəzanın müsəlman əhalisinin kütləvi şəkildə məhv edilməsi və onun öz əzəli torpaqlarından sıxışdırılaraq çıxarılması idi. Bu həqiqət bir daha onunla təsdiq edilirdi ki,
silahlı erməni quldur dəstələri hələ Qubaya çatana qədər, Bakıdan Qubaya və əksinə hərəkət edərkən, bütün dəmir yolu xətti boyunca, yolun hər iki tərəfində yerləşən müsəlman kəndlərinə basqın edir, onları talan etdikdən sonra odlayır, məscidləri və müqəddəs Quran kitablarını yandırır, kəndlilərin əmlakını talayır, rastlarına çıxan hər kəsi isə dərhal, qadın, qoca və uşaqlara rəhm etmədən öldürürdülər.

1918-ci ilin əvvəlində inzibati-ərazi bölgüsünə görə Quba qəzası Quba şəhəri və 5 polis nahiyəsini – Dəvəçi, Qusar, Müşkür, Rustov, 5-ci Fəthibəy – əhatə edirdi. Hər bir polis nahiyəsi öz növbəsində 2-dən 30-dək kəndin daxil olduğu bir neçə cəmiyyətdən ibarət idi. Qəzada qışlaqlar da daxil olmaqla kəndlərin ümumi sayı 540 idi və bu kəndlərin əhalisi 55 cəmiyyətdə birləşirdi. (228) 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək – cəmi iki həftə ərzində Amazaspın dəstəsi tərəfindən Quba qəzasında, erməni birləşmələrinin yalnız qarətlə kifayətləndiyi kəndlər istisna olmaqla, ən azı 167 kənd yandırılmış və talan edilmişdi. Bu zaman bir çox kəndlər iki dəfə - yolboyu Bakıdan Qubaya və ya Qusara və sonra geriyə qayıdarkən - talana məruz qalmışdılar. (229)

Evlər, tikililər, ictimai binalar talan edilməklə, daşınan əmlak və malqara qarət olunmaqla, hələ təkcə məlum olan faktlar əsasında, Amazaspın quldur dəstələri tərəfindən Quba qəzasının sakinlərinə on milyonlarla rubl dəyərində hesablanan zərər vurulmuşdu. Qırğınlar zamanı bu kəndlərdə min nəfərdən artıq insan, o cümlədən qadın, qoca və uşaq qətlə yetirilmiş və
yaralanmışdı. Burada bir faktı nəzərə almaq lazımdır ki, bir çox kəndlərin əhalisi həm qubalılar, həm də digər kəndlərin sakinləri tərəfindən ermənilərin hücumu haqda əvvəlcədən xəbərdar edildiyindən, həyatlarını xilas etmək üçün, qabaqcadan elliklə öz kəndlərini tərk edərək dağlara çəkilmişdilər.

Müşkür nahiyəsinin Seyidlər kənd sakini Hacı Seyid Əbdül Xəlil Hacı Seyid Əli oğlunun izahatından məlum olurdu ki, ermənilərin basqını haqqında onların kəndini “digər müsəlman kəndlərinin sakinləri” kimi, “qəza rəisi Əli bəy”, yəni Əli bəy Zizikski xəbərdar etmişdi. (230) Kəndlərdə qalmaq həqiqətən təhlükəli idi və bunu hətta əldən düşmüş
qocaların və xəstələrin, habelə vaxtında evlərini tərk edə bilməyən qadın və azyaşlı uşaqların öldürülməsi barədə çoxsaylı xəbərlər təsdiq edirdi. Məsələn, Sədan kəndindən Şahnaz İbrahim Xəlil qızı və xəstə qoca Qərib Məlik oğlu erməni talançılarının süngüləri ilə öldürülmüşdülər, (231) qaçmağa macal tapmayan azyaşlı Püstə Məmməd bəy qızını ermənilər ayaqları altına salıb tapdalayaraq, qıçlarını qırmışdılar və o, aldığı yaralardan 12 gündən sonra ölmüşdü, qızının yanında qalmış anası İmamə də ermənilər tərəfindən qətlə yetirilmişdi. (232)

Bununla yanaşı, bir sıra kəndlərin sakinləri onları gözləyən təhlükə haqqında xəbər alaraq, qadınları və uşaqları təhlükəsiz yerə göndərir, evlərini, təsərrüfat və əmlaklarını qorumaq üçün, kişilər kəndlərdə qalırdı. Bəzən bu məqsədlə sakinlər kəndlərinin talan edilməməsi xahişi ilə ermənilərin qabağına elçilər göndərirdi. Lakin, bir çox hallarda elçilər geriyə qayıtmır,
kəndlər isə talan və yanğından xilas ola bilmirdi. Məsələn, Dəvəçi-Bazar və Qızıl-Burun kəndlərindən duz və çörəklə ermənilərin yanına yollanmış 15 nəfərdən ibarət nümayəndə heyətinin hamısı öldürülmüşdü. (233) Əlixanlı cəmiyyəti adından ermənilərdən kəndlərin yandırılmaması haqda xahiş edən Əlixanlı kəndinin starşinası Mirzə Məmməd Dostəli oğlu öz
həmkəndlisi Gülhüseyn Məhərrəm oğlu ilə birlikdə qətlə yetirilmişdi. (234) Xudat nümayəndələrinin də aqibəti eynilə olmuşdu. (235) Sakinləri ölümdən, kəndləri isə talan və yanğınlardan ağ bayraqların qaldırılması da xilas etmirdi. Məsələn, ağ bayraq qaldırmaqlarına baxmayaraq, Dəvəçi kəndində öz evlərini tərk etməyə macal tapmayan və ya tərk etmək istəməyən 40 nəfərdən artıq kişi öldürülmüş, kəndə isə od vurulmuşdu. (236) Lakin, elə kəndlər də var idi ki, qeyri-bərabər güc nisbətinə baxmayaraq öz kəndlərini talandan qorumaq üçün erməni quldur dəstələrinə müqavimət göstərirdi. Məsələn, Tarcal və Möhüç kəndlərinin kişi əhalisi, ailələrini dağa göndərərək, ermənilərlə atışmaya girmiş və onları öz kəndlərinə
buraxmamışdılar. Siyəzən və Xaçmaz kəndlərinin əhalisi də ermənilərin Qubaya keçməsinin qarşını almağa cəhd edərək, erməni dəstələri ilə vuruşmuş və yalnız uzun çəkən döyüşlərdən sonra Amazaspın bir neçə minlik qoşunu qarşısında geri çəkilməyə məcbur olmuşdular. (237)

Qeyd etmək lazımdır ki, bu zaman qəzanın müsəlman əhalisindən ibarət ayrı-ayrı silahlı dəstələr də erməni quldur birləşmələrinə qarşı təşkil edilmiş müqavimət göstərirdilər. Quba qəzası ictimaiyyətinin görkəmli xadimləri – Əli bəy Zizikski, Həmdulla Əfəndi Əfəndizadə, Əli Abbas bəy Əlibəyov, Şıxlar bəylərindən - Mürsəl bəy və İbrahim bəy, Möhübəli Əfəndi
Kuzunlu, Hətəm ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri xüsusi süvari bölmələr yaradaraq, erməniləri qəzanın digər iri yaşayış nahiyələrinə buraxmamaq üçün Quba şəhərinin girişlərini mühasirəyə almışdılar . (238)

Amazaspın özünün də təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri uğrunda erməni və qubalıların silahlı dəstələri arasında şiddətli döyüşlər gedirdi. (239) Sayca bir neçə dəfə üstün olan ermənilər, nəhayət ki, qubalıların müqavimətini yararaq, bu iki kəndi alova bürüdülər. Digah və Xucbala kəndləri arasındakı dərədə mühasirəyə düşən Qusar ləzgilərindən
ibarət olan dəstənin taleyi daha faciəli oldu – onları burada qanlarına qəltan etdilər. Bu döyüşlərdən sonra həmin yer “Qanlı dərə” adı aldı. (240) Amazasp tərəfindən darmadağın edilmiş və yandırılmış müsəlman kəndlərinin sakinlərinin vəziyyəti o dərəcədə ağır və çıxılmaz idi ki, 15-45 gün dağlarda və meşələrdə sərgərdan dolaşdıqdan sonra, əyin-başları yırtıq, ac, xəstə halda öz köhnə yurdlarına qayıdan insanlar artıq istənilən hakimiyyəti qəbul etməyə hazır idilər, təki onların taleyi azacıq da olsa yüngülləşsin və təhlükəsizliklərinə təminat verilsin. 1918-ci ilin iyul ayında Quba qəzasının 77 kəndində dərhal kəndli deputatları Sovetinin yaradılması faktı da elə bununla izah edilir. (241)

Qəzalarda kəndli Sovetlərinin yaradılmasının tarixi “vətəndaş müharibəsindən sonra olduqca ağır şəraitdə Bakı Soveti tərəfindən necə böyük təşkilati işin yerinə yetirildiyini göstərməklə” (242) bərabər, əslində bolşevik-erməni Bakı Sovetinin ucqarlarla mümkün qədər tez əlaqə yaratmaq, kəndlilərin, ilk növbədə müsəlman əhalisinin etibarını qazanmaq
cəhdini açıq-aydın nümayiş etdirirdi. Eyni zamanda, yerlərdə real vəziyyətin mahiyyəti də açıqlanırdı. Məsələn, quberniya komissarı təyin edilmiş Məşədi Əzizbəyov ”özünə xas olan elə bir coşqunluqla kəndlərdə təşkilatların yaradılmasına başladı ki”, “yoldaş Əzizbəyovun fəaliyyətindəki ciddilik və qızğınlıq tezliklə öz nəticələrini verdi”. (243).

Bu “nəticələr” həqiqətən son dərəcədə sarsıdıcı idi: lap yaxınlarda mart hadisələrini yaşamış Bakı kəndləri bir-birinin ardınca Sovet hakimiyyətini tanımağa başladı. Lakin bu kəndlərin “yoxsullarının” ümumi yığıncaqlarında qəbul edilən bütün qətnamələrdə yeni hakimiyyətə sədaqət ifadə edildikdən dərhal sonra mütləq konkret xahişlər irəli sürülürdü. Məsələn: “1) Biz bütün kasıbların və kəndlilərin tərəfdarı olan İcraiyyə Komitəsini (Bakı Sovetinin) tanıyırıq. 2) Bizim kəndimizlə (Fatmayı) şəhər arasında əlaqə qırıldığı üçün İcraiyyə Komitəsindən xahiş edirik ki, iğtişaş günlərində öldürülmüş qohumlarını dəfn etmək istəyən qaçqınların şəhərə göndərilməsinə yardım etsin. Çünki kənddən şəhərə getmək çox təhlükəlidir”. (244)
1918-ci il iyunun əvvəllərində Quba qəzasının Qalaşıxlı kənd cəmiyyətinin sakinlərinin ümumi iclasında qəbul edilmiş qətnamə də təxminən eyni məzmunda idi: “Biz, kəndli deputatları Sovetinin üzvləri, Xalq komissarlarının hakimiyyətini həm mərkəzdə, həm də yerlərdə tanıyaraq, ona xidmət etməyə, hər işdə yardım göstərməyə hazırıq. Təxminən 3000 sakindən ibarət olan Qalaşıxlı cəmiyyətinin kənd yığıncağında seçilmiş icraiyyə komitəsi son dərəcə çıxılmaz vəziyyətdədir; kəndlilər torpaqlarını, evlərini qoyub dağa qaçıblar. Dəmir yoluna yaxın gələ bilmirlər. Zəmilər, otlaq sahələri yol boyu yerləşir, tezliklə taxıl yığımı başlayacaqdır. Biz, Qalaşıxlı cəmiyyətinin səlahiyyətli kəndliləri fəhlə, əsgər, matros və kəndli deputatları Sovetinə müraciət edərək xahiş edirik ki, bizə köməyə gəlsinlər, dinc əhalinin mənafeyinin və şəxsi təhlükəsizliyinin təmin edilməsi üçün təcili tədbirlər görsünlər və bizə dağlardan enərək öz sığınacaqlarımıza qayıtmağa imkan versinlər”. (245)

Qəzalarda kənli sovetlərinin hansı şəraitdə yarandığı və kəndlilərin özləri tərəfindən necə qəbul edildiyi Bakı Sovetinin Bakı qəzası kəndli deputatları Sovetinin 1-ci qurultayı ilə birgə keçirdiyi təntənəli iclasında Məşədi Əzizbəyovun çıxışında da açıq şəkildə əks olunurdu: “Deyirlər ki, Əzizbəyov kəndliləri qorxuya salan silahlı dəstə ilə kəndləri gəzir və onlar
da Sovet hakimiyyətinin tanınması haqqında qətnamə çıxarırlar. Yox, yoldaşlar, mən heç vaxt silahlı dəstə ilə yola çıxmamışam. Mən yola tək, və ya ikilikdə çıxırdım, və özümlə də erməni aparırdım, çünki mən daha çox öz əsgərlərimizdən qorxurdum, nəinki müsəlmanlardan. Buna görə mən özümlə qeyri-müsəlman aparırdım”. (246) Bu deyilənlərdən 1918-ci ilin yaz-yay aylarında Bakıda və Azərbaycanın qəzalarında hökm sürən vəziyyət tam çılpaqlığı ilə açıqlayırdı. Göründüyü kimi, yalnız müsəlman kəndliləri dağdan öz evlərinə enməyə qorxmurdu, Bakı Sovetinin Komissarı da, müsəlman və azərbaycanlısı olduğu üçün, “öz əsgərlərinin”, yəni erməni qızıl əsgərlərin qorxusundan ucqarlara erməni -
müşayiətçi olmadan getməyə cürət etmirdi. “Zəhmətkeşlərin “Qırmızı bolşevik respublikası” adlandırdığı” (247)


Quba qəzasında Sovet hakimiyyəti məhz bu şəraitdə 1 avqust 1918-ci il tarixinədək davam gətirdi. Həmin gün Bakı komissarları Şaumyanın başçılığı ilə Bakıda hakimiyyəti “Sentrokaspi diktaturası” adlanan yeni hakimiyyətə təhvil verərək şəhərdən qaçmağa cəhd etdilər. Bundan sonrakı dövrdə Bakı quberniyasının qəzalarında, o cümlədən Quba qəzasında hər hansı rəsmi hakimiyyət mövcud deyildi və vəziyyətə yerli hakimiyyət strukturları tərəfindən nəzarət olunurdu. 1918-ci il 15 may tarixdə Bakı şəhəri türkazərbaycanlı
hərbi qüvvələri tərəfindən azad edildikdən və Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti Bakıya köçdükdən sonra Quba qəzasında da AXC hakimiyyəti quruldu.

1918-ci il 28 may tarixdə Zaqafqaziya Seymi buraxıldıqdan sonra Azərbaycan fraksiyası tərəfindən yaradılmış Milli Şuranın ilk iclasında Azərbaycan müstəqil respublika elan edildi. Yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsdiq edən “Azərbaycanın müstəqilliyi haqqında akt” qəbul olundu və yeni dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti təsdiq edildi. Elə bu iclasda ilk Azərbaycan hökuməti formalaşdı, Fətəli Xan Xoyski hökumət başçısı, Məmməd Həsən Hacınski xarici işlər naziri, Xəlil bəy Xasməmmədov
ədliyyə naziri və digər təyinatlar oldu. Fəaliyyətə başladıqdan və Tiflisdən Gəncəyə köçdükdən ay yarım sonra, 1918-ci ilin iyul ayının ortalarında, AXC Nazirlər Kabinəsi xarici işlər
naziri M.H.Hacınskinin məruzəsini dinləyərək respublikada baş vermiş hadisələrə, xüsusilə də dinc azərbaycanlı əhalisinə qarşı törədilən kütləvi zorakılıq hallarına öz mövqeyini bildirməyi vacib hesab etdi. Məruzədə deyilirdi: “Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri bandalar tərəfindən dağıdılır, bolşevik adı ilə məsuliyyətsiz erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yalan məlumatlar əsasında Avropa ölkələrində bütün ictimai fikir tamamilə əks istiqamətdə yönəldilir”. Məruzədə qeyd edilirdi ki, həm dövlətin ümumi mənafeyi, həm də əhalinin zərərçəkən qruplarının mənafeyi elə bir təşkilatın yaradılmasını zəruri edir ki, o bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatını aparsın; 2. bu zorakılıqların törədildiyi
şəraiti müəyyənləşdirsin; cinayətkarları aşkar etsin və onların vurduqları zərərin ümumi miqyasını müəyyənləşdirsin”. Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası şəklində yaranmalı, onun işinin nəticələri müxtəlif Avropa və türk dillərində nəşr edilməli və geniş yayılmalı idi. M.H.Hacınski xüsusilə vurğulayırdı ki, Təhqiqat Komissiyasının təşkilinə yubanmadan başlamaq lazımdır, “çünki, adamların dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər maddi sübutların əldə edilməsi mənasında indi, isti-isti görülməsi mümkün olan bir çox şeyləri etmək sonradan çətin olacaqdır, və ya, ola bilsin ki, ümumiyyətlə mümkün olmayacaqdır”. (248)

AXC hökuməti özünün Gəncədə keçirdiyi 15 iyul 1918-ci il tarixli həmin iclasında bu məsələni geniş və ətraflı müzakirə edərək, “Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqazın hüdudları daxilində müsəlmanlar və onların əmlakı üzərində törədilmiş zorakılıq hallarının araşdırılması üçün, Fövqəladə Təhqiqat Komissiyasının (FTK) yaradılması” haqqında qərar qəbul etdi. Həmin il avqust ayinin 31-də AXC hökumətinin başçısı, eyni zamanda xarici işlər naziri olan F.X.Xoyskinin imzaladığı fərmana əsasən 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Tanınmış hüquqşünas, andlı iclasçı Ələkbər bəy Xasməmmədov FTK-nın sədri təyin edildi. Əvvəlcə 7 nəfərdən ibarət tərkibdə müəyyən edilən FTK-nın tərkibinə, sonradan Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər əməkdaşları cəlb edilmişlər. Komissiyanın işində Andrey Fomiç Novatski,
Nikolay Mixayloviç Mixaylov, Aleksandr Yevgenyeviç Kluqe, Məmməd xan Təkinski, Aley Adamoviç Aleksandroviç (Litovskiy) və digər peşəkar hüquqşünaslar və ictimai-siyasi xadimlər daha fəal iştirak etmişlər. (249)

Xarici İşlər Nazirliyinin yanında təşkil edilən FTK, artıq həmin ilin sentyabr ayından başlayaraq faktiki olaraq Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərir. Komissiyanın üzvləri qruplara bölünərək, Azərbaycan hökumətinin nəzarətində olan, və ya bolşevik-erməni qoşunlarından xilas edilmiş ərazilərdə, respublikanın müxtəlif qəza və şəhərlərində baş vermiş faciəli hadisələrin araşdırılmasına başladılar. Beləliklə, 1918-ci ilin sentyabr ayının əvvəlindən müstəntiqlər artıq Bakı və Yelizavetpol quberniyalarının müxtəlif qəzalarında fəal şəkildə işləyirdilər. Bakı azad edildikdən və Azərbaycan Hökuməti Gəncədən Bakıya köçdükdən sonra isə Fövqəladə Təhqiqat Komissiyası da öz fəaliyyətini Gəncədən Bakıya keçirdi, və dərhal Bakı şəhərində və onun ətraflarında baş vermiş mart hadisələrinin araşdırılmasına başladı. 1918-ci ilin dekabrında Gəncə Dairə Məhkəməsinin üzvü Andrey Fomiç Novatski Fövqəladə Təhqiqat Komissiyasının üzvü qismində köməkçisi Əyyub bəy Xanbudaqov ilə birlikdə həmin ilin aprel-may aylarında Quba şəhərində və Quba qəzasında baş vermiş məlum hadisələrin araşdırmaq məqsədilə Quba şəhərinə gəldi. Bir neçə ay ərzində A.F.Novatskinin istintaq qrupu onlarla şahidi dindirdi, hadisələrin baş verdiyi yerlərə baxış keçirdi və 3 cild və 451 vərəqdən ibarət istintaq sənədləri topladı. Həmin istintaq işinin materialları əsasında A.F.Novatski “Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi və adı çəkilən şəhər və kəndlərin əhalisi üzərində törədilmiş zorakılıq halları haqqında məruzə” hazırladı və FTK-nın sədrinə təqdim etdi. (250)

1919-cu ilin noyabr ayında Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası “Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi və adı çəkilən şəhər və kəndlərin əhalisi üzərində törədilmiş zorakılıq halları haqqında” işə və Komissiyanın üzvü Novatskinin məruzəsinə baxaraq, bir sıra şəxslərin “müttəhim” qismində istintaqa cəlb edilməsi haqqında Qərar qəbul etdi. Bu şəxslər aşağıdakı cinayətlərdə kifayət qədər ifşa olunurdular: “müsəlman əhalisinə qarşı dini və tayfa düşmənçiliyindən irəli gələn səbəblərdən ...öz aralarında və hələlik istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan razılığa gələrək, odlu və soyuq silahla silahlanmış bir neçə min nəfərlik quldur dəstəsi yaratmışlar və öz qarşılarına müsəlman əhalisinin qırılması, onun əmlakının qarət olunması və məhv edilməsi məqsədini qoyaraq, 1918-ci ilin aprel ayı ərəfəsində Bakı quberniyasının Quba şəhərinə basqın edərək, onu darmadağın etmiş, iki minə yaxın kişi, qadın və uşaqları qətlə yetirmiş, şəhər əhalisinin daşınan əmlakını talan etmiş, şəhər binalarına od vurmuş və təxminən 105 ev və tikili yandırmışlar, həmçinin, həmin quldur dəstəsi Qubaya hərəkət edərkən yol boyu müsəlman kəndlərinə hücum etmiş, Quba qəzasında 122 kəndi yandırmış və darmadağın eləmiş, əhalinin bütün daşınan əmlakını qarət etmiş, qadın və uşaqlara rəhm etmədən, bu kəndlərin sakinlərini öldürmüşdür”. (251)

Müttəhimlərin siyahısı, əlbəttə ki, Amazaspdan başlayırdı, ardınca isə onun “döyüş silahdaşları” – köməkçisi Nikolay və komissar Velunts, daha sonra Quba şəhərinin və kəndlərinin müsəlman qırğınlarında fəal iştirak edən erməni sakinlərinin adları gəlirdi. Quba şəhərinin və qəzasının yerli erməni əhalisinin müəyyən hissəsinin müsəlman əhaliyə qarşı qırğınlarda iştirakı Bakıda və Şamaxıdakı qədər geniş miqyaslı olmasa da, erməni vəhşiliklərinin şahidi olmuş bütün Qubalı müsəlmanları – istər azərbaycanlı, istərsə də ləzgi, tat, avar və s., həmçinin qazanc dalınca Qubaya gəlmiş iranlı əhalinin, əslən cənubi azərbaycanlı əhalini çox sarsıtmışdı. Bolşevik-daşnak birləşmələrinin hədəfinin, etnik faktor nəzərə alınmadan, qəzanın bütün müsəlman əhalisinin olduğu, yalnız azərbaycanlı-türk deyil, ləzgi və tat kəndlərinin dağıdılması və yandırılması ilə sübut edilirdi. (252) Qəzanın rus kəndlərindən heç birinin erməni basqınlarına məruz qalmadığı faktı bunu bir daha təsdiq edirdi.

Müsəlman qırğınlarında ittiham olunan Quba ermənilərinin sayının azlığı onunla izah edilirdi ki, onlar yalnız ayrı-ayrı zərərçəkən qubalılar tərəfindən tanınaraq göstərilən şəxslər idi, və təbii ki, qubalılar müsəlman qırğınlarında şəxsən iştirak edən və yaxud Amazaspın dəstəsindən olan erməni əsgərlərinə bələdçilik edən yerli ermənilərin hamısını üzdən tanıya bilməzdilər. Quba ermənilərin şəhər üzərinə hazırlanan hücumla əlaqələrinin olduğunu, və yaxud, ən azı bundan xəbərdar olduqlarını qubalılar tərəfindən göstərilən faktlar sübut edirdi: “Mən gördüm ki, bu ilin mart ayının 1-dən Quba ermənilərinin bir çoxu Qubadakı öz daşınan və daşınmaz əmlakını satmağa və çıxıb getməyə başlayıblar, məsələn, Aleksandr Melikov, Cavad Parseqov, Mirzə Parseqov, Maqaks Poqosov, Artaşes Melikov, Nerses Sarumov və digərləri öz əmlakını sataraq çıxıb getdilər. Mən Aleksandr Melikovdan və Baqdasarovdan əmlaklarını niyə satdıqlarını və çıxıb getdiklərini soruşduqda, onlar mənə dedilər ki: “Sizinlə bizim aramızda nə isə gözlənilir. Komitə bizi geri çağırır”. (253) “Mən Amazaspın
dəstəsində silahlı Quba ermənilərindən Arutyunu, Karomezin oğlunu öz oğlu ilə, və Quba hadisələrindən bir neçə ay əvvəl öz mülkünü satmış Qriqorinin oğlunu gördüm. Həmin bu Qriqori müsəlmanlara deyirdi: “Biz evlərimizi sizə satdıq, bəs siz kimə satacaqsınız?” (254)

Qubalıların çoxu müstəntiqin “müsəlmanların ermənilər tərəfindən bu dərəcədə qəddarcasına və kütləvi şəkildə öldürülməsinin səbəblərini nə ilə izah edə bilərsiniz?” sualına cavab tapa bilmirdi. Qubalıların özləri tərəfindən erməni əsgərlərinə verilmiş bu suala isə belə cavab almışdılar ki: onlar “türklərin və kürdlərin Türkiyədə və Qafqazda öldürdükləri ermənilərə”,
və ya “Gelovaninin dəstəsi geri çəkilərkən öldürülən Quba ermənilərinə”, yaxud da “1905-ci ildə müsəlmanlar onlara qarşı çıxış etdiklərinə” görə qisas alırlar. (255) Bu sonuncu “səbəb” qubalıları xüsusilə hiddətləndirirdi: “Burada, Qubada 1905-ci ildə bir erməni belə zərər çəkməmişdi”; “1905-ci ildə bizim Qubada heç bir erməni zərər çəkməmişdi”. (256)
Amazaspın dəstəsindən olan gəlmə erməni əsgərlərinin müsəlmanlara qarşı hədsiz vəhşiliklərlə bağlı göstərdikləri “səbəblərinin” tam əsassızlığı özü-özlüyündə aydın olsa da, bu məsələyə “öz ermənilərinin” münasibəti qubalılarda xüsusi qəzəb doğururdu: “Məscidin qarşısında mən Quba ermənisi Arutyun Mirzəcanovla rastlaşdım, o mənə dedi ki, əgər ermənilər
yüz qat artıq müsəlman öldürsələr belə, yenə də müsəlmanların ermənilərə etdiklərinə çata bilməzlər”. (257)

Bununla bərabər Quba müsəlmanlarının ermənilərə qarşı münasibəti haqqında konkret nümunələr göstərilirdi: “Mən öz evimdə ləzgilərdən qorxan dörd erməni və üç rus gizlətmişdim”; (258) “Mənim ərazimdə erməni kəndi Kilvar yerləşir. Bu kənd nə təsvir edilən hadisələrədək, nə də sonra müsəlmanlar tərəfindən hücuma məruz qalmamışdır, bu kəndin bir sakini
belə zərər çəkməmişdir, ermənilərdən müsəlmanlar tərəfindən bir kibrit belə oğurlanmamışdır”; (259) “Bəzi qara fikirli adamlar ermənilərə hədə-qorxu gələndə, biz onları müdafiə etdik və onlar təhlükəsizlik məqsədilə təcrid edildikdə və etibarlı mühafizə altında həbsxana binasında yerləşdirildikdə, biz onlara yemək aparırdıq. Şəxsən mən erməni tacir Mirzə Əmircanova yemək aparırdım. Onlar, Quba erməniləri isə bizə satqınlıqla cavab verdilər. Məsələ ondadır ki, onlar həmin hadisələrdən xeyli əvvəl Quba şəhərində olan bütün
daşınan və daşınmaz əmlaklarını satdılar və Qubadan çıxıb getdilər. Biz onlardan soruşanda ki, niyə çıxıb gedirsiniz, cavab verirdilər ki, Bakıda yaşamaq istəyirlər. Biz onların qaçmağının səbəbini yalnız indi başa düşürük: erməni qardaşlarının bizimlə və bizim şəhərimizlə nə edəcəkləri onlara məlum idi, və onlar bizə xəbərdarlıq etmədilər”. (260)
Ermənilərin Qubanın dinc, günahsız müsəlman əhalisi ilə nə “etdikləri” isə heç bir insanlıq anlayışına sığmırdı: “ermənilər evlərin birindən 17 kişini bayıra çıxardılar və onların hamısını güllələdilər. Bu qurbanlar arasında ata və oğul da var idi. Oğul bu hadisədən bir həftə əvvəl evlənmişdi. Ermənilər onu öldürmək istədikdə, atası onlara min rubl pul təklif etdi ki, oğlana rəhm etsinlər və oğlunun əvəzinə onu öldürsünlər. Ermənilər pulu aldılar, sonra atasının gözü qarşısında oğlunu, daha sonra isə atanı öldürdülər”; “Ermənilər Əli-Paşa Kərbəlayı Məhərrəm oğlundan pul və qızların gətirilməsini əmr etdilər və onların əmrini yerinə yetirilmədiyinə görə Əli-Paşanın gözü qarşısında süngülərlə oğlunun gözlərini, sifətini və qarnını dəlik-deşik etdilər, onun özünü isə yalnız döydülər”. (261)

Valideynlərin gözü qarşısında övladlarının xüsusi qəddarlıqla öldürmək yəqin ki, erməni quldurlarının ən kəskin - “kamillik həddinə çatdırılmış” bir üsulu idi: “Mən, arvadım Hökümə Kərbəlayı Cəfər qızı və iki qızımız – 14 yaşlı Hökümə və 6 yaşlı Bəsrə evdə oturmuşduq və çay içirdik. Ermənilər evimizə girdilər və heç bir səbəbsiz bizə birdən atəş açdılar. Qızım Hökümə yerindəcə öldü, mən sol baldırımdan, arvadım sol qolunun biləyindən yaralandı, qızım Bəsrə isə sol çiynindən və sol ayağından yaralandı. Arvadım onu qucaqlayaraq sinəsinə sıxdı. Ermənilərdən biri xəncərini çıxarıb qızımın başına elə bərk vurdu ki, onun sifətini boğazınadək çapdı. Qızım ölü halda yıxıldı. Mən və arvadım huşumuzu itirdik. Lakin arvadım bir azdan özünə gəldi və ermənilərə yalvarmağa başladı ki, onu da öldürsünlər ki, öz qızlarının meyitlərini görməsin. Ermənilər cavabında dedilər ki, onu öldürməyəcəklər, çünki, qoy qızlarının meyiti qarşısında gündə üç dəfə ölüb-dirilsin. Onlar eyni zamanda süngü ilə arvadımın boynunu bir neçə yerdən deşməklə, ona kiçik yaralar vurdular. Məni isə döydülər”. (262)

Erməni təcavüzünün qurbanı olaraq, təsadüf nəticəsində sağ qalmış uşaqların şəhadəti də eyni dərəcədə faciəvi idi. Məsələn, istintaqın dindirdiyi ən kiçik zərərçəkən – 7 yaşlı İsmayıl Kərbəlayı Məmməd Tağı oğlu göstərirdi: “Ermənilər şəhərə gələndə biz bütün qohumlarımızla birgə Sitarə nənəmin bağında gizləndik. Oraya 15-ə yaxın tüfənglərlə və xəncərlərlə silahlanmış erməni gəldi və bizim hamımıza atəş açmağa, süngülərlə deşməyə və xəncərlərlə doğramağa başladılar. Bu qayda ilə onlar Sitarə nənəni, Hacı Ağa babanı, mənim atamı, bacımı, körpə Soltan Nisəni, dördyaşlı qardaşımı, südəmər körpə Məmməd Paşanı, Heybət əmini, onun beş yaşlı oğlu Qasımı, Əli Mərdan dayını, Ağa Baba əmini, Cəmilə xalanı öldürdülər. Anam sinəsindən yaralanmışdı, amma sağ qaldı. Məni xəncərlə sol çiynimdən vurdular və mən meyitlərin arasına yıxılaraq özümü ölülüyə vurdum. Mən meyitlərin arasında
beş gün uzanaraq qaldım, lakin meyitlər iylənməyə başladıqda artıq dözə bilmədim, küçəyə çıxdım və qonşumuz Hacı Məmməd Tağıgilə getdim. Anam meyitlərin arasında dörd gün qalmışdı. O mənim sağ olduğumu bilmirdi və dördüncü gün tək çıxıb getmişdi”. (263)

Quba şəhərinin və qəza kəndlərinin talan olunması işi üzrə FTK üzvü A.F.Novatski tərəfindən aparılan istintaq, əldə edilmiş faktların və sübutların yekunu üzrə tezliklə özü, “ermənilər tərəfindən müsəlmanların bu dərəcədə amansızlıqla və kütləvi şəkildə qətlə yetirilməsinin” izahını verdi. Artıq yuxarıda deyildiyi kimi, dəqiq müəyyənləşdirildi ki, ermənilər öz qarşılarına
məhz “müsəlman əhalisinin qırılması, onun əmlakının talan olunması və məhv edilməsi” məqsədi qoymuşlar. (264)

Lakin, erməniləri “odlu və soyuq silahlarla silahlanmış bir neçə min nəfərlik quldur dəstəsi yaradaraq” həmin məqsədin yerinə yetirilməsinə “sövq edən” səbəb - “müsəlman əhalisinə qarşı dini və tayfa düşmənçiliyi” - istintaq tərəfindən irəli sürülən bu izah - nə dərəcədə dolğun və mükəmməl idi?” (265)

Şübhəsiz ki, tam hüquqi vəzifəni yerinə yetirməklə, nə müstəntiq Novatski, nə də ümumən Fövqəladə Təhqiqat Komissiyası araşdırdıqları hadisələrə siyasi qiymət verə bilməzdilər və bunu etməli də deyildilər, hərçənd həmin hadisələrin səbəbi heç də dini və tayfa düşmənçiliyi ilə, məqsədi isə təkcə müsəlman əhalisini qırmaq və onun əmlakına sahib olmaqla məhdudlaşmırdı.

Burada daha bir məqamı nəzərə almaq lazımdır ki, təhqiqat zamanı istintaq yalnız şahidlərin və ya zərərçəkənlərin verdikləri şəhadətlərlə kifayətlənməyərək, hər bir fakt üzrə müqəssirlərin yalnız şəxsiyyətini deyil, həm də millətini müəyyən etməyə çalışırdı. Rusların və yəhudilərin qətllərdə və qarətlərdə iştirakı haqqında qubalılara verilən suallar və istintaqın əldə etdiyi cavablar bir daha təsdiq edir ki, Qubada və Quba qəzasının kəndlərində törədilmiş müsəlman qırğınları yalnız erməni milli silahlı qüvvələri tərəfindən planlaşdırılmış və həyata keçirilmişdi. Belə ki, qubalıların ifadələrində “ruslar” əsasən Gelovaninin dəstəsinin ləzgilərlə üçgünlük “müharibədə” döyüşmüş üzvləri kimi xatırlanırdı”. Amazaspın dəstəsində rusların olması, yalnız iki sənəddə, lakin birbaşa deyil, eşidilmiş izahat əsasında göstərilir, eləcə də onların talanlarda iştirak faktı təsdiq edilmirdi, əksinə: “Biz bolşevikləri görməmişik, amma onları kim görübsə, danışır ki, onlar yalnız ermənilərdən ibarət idi, az sayda ruslar var idi, lakin onlar nə yanğınlar törətməkdə, nə də qətllərdə iştirak etməmişlər, onlar hətta erməniləri müsəlmanlara qarşı zorakılıqlardan çəkindirirdilər”; “Biz bolşevikləri görməmişik, amma onları kim görübsə, danışır ki, onlar yalnız ermənilərdən, yəhudilərdən və bir neçə rusdan ibarət idilər, kəndləri isə ancaq ermənilər yandırırdılar”. (266)

Yalnız şəhər rəisi Ə.b.Əlibəyov iddia edirdi ki, şəhərdəki qırğınlarda ermənilərlə birgə ruslar və yəhudilər də iştirak etmişlər, amma hansı rusların – gəlmə, yoxsa yerli rusların olduğu dəqiqləşdirilmirdi. (267) Qırğınlarda iştirak edən yerli sakinlər arasında qubalılar tərəfindən yalnız bir rusun adı çəkilirdi – ifadə verən şəxsin qardaşı oğlu tərəfindən tanınmış Saşa Lukyanov. (268) Lakin “Quba şəhərinin... talan edilməsi haqqında” istintaq işində ittiham edilənlərin arasında bu ada təsadüf olunmur. Quba şəhərinin rus əhalisinə gəldikdə isə, Gelovaninin dəstələri Quba şəhərindən geri çəkilən zaman bütün rusların şəhəri tərk etdikləri, - həm də “öz iradələri ilə deyil” - çoxsaylı şahid ifadələri ilə təsdiq edilir: “Onlar
özləri ilə rus məmurlarını və erməniləri apardılar. Atışma zamanı ruslardan və ermənilərdən bir neçə nəfər öldürüldü”; “Şəhərdə yalnız müsəlmanlar idi, çünki ermənilər və ruslar əvvəlcədən çıxıb getmişdilər”; “O, (Gelovani) bütün evləri və qapıları gəzdi, və rusları və erməniləri toplayaraq, onları özü ilə apardı”; “...Şəhərdə olan bütün erməni və rusları topladılar və onlarla birlikdə Xaçmaza tərəf getdilər”; “Bolşeviklər... gedərkən, şəhərdə olan bütün xristianları özləri ilə apardılar...” və s. (269)

Gelovani özü də təsdiq etdirdi ki, onun dəstəsi ləzgilərin təzyiqi qarşısında çıxıb gedərkən, “əksəriyyəti ermənilər olan Qubanın xristian əhalisinin hamısı” onlarla birlikdə çıxıb getdi, lakin, onları “poruçik Ağacanyan toplamışdı”. (270) Dinc xristian, o cümlədən rus əhalisinin “şəhərin bombalanması və yandırılması hədələri altında” şəhərdən zorla çıxarılmasını Quba qəzasının baytar həkimi О.О.Qank da təsdiq edirdi. (271) Quba qəzasının kəndlərdəki rus əhalisinin müsəlman qırğınlarında iştirakı haqqında hər hansı bir məlumat yoxdur, həmçinin, yuxarıda deyildiyi kimi, qəzanın rus kəndləri erməni zorakılığına məruz qalmamışdılar. Qubanın yəhudi əhalisi ilə bağlı vəziyyət isə daha fərqli və daha mürəkkəb idi.

* * *

1918-ci ilin aprel-may aylarında baş vermiş Quba faciələrində istər gəlmə, istərsə də yerli yəhudilərin iştirakı, habelə həmin dövr Quba qəzasının yəhudi əhalisinin taleyi məsələsi, baş vermiş hadisələrin mümkün qədər dolğun mənzərəsini yaratmaq və tarixi gerçəklikləri aşkar etmək baxımından çox böyük əhəmiyyət kəsb edir. Sənədlərdən göründüyü kimi, qubalılar öz şahid ifadələrində yəhudiləri bolşevik və ermənilərin ümumi komandasından ayrılıqda qeyd edirlər. Məsələn, bolşeviklərin Xaçmaz stansiyasında duran ilk dəstələrində yəhudilər də var idi, və onlardan ikisi Gelovani və M.C.Bağırovla birlikdə qubalılarla danışıqlar aparmışdı. (272) Lakin, artıq yuxarıda deyildiyi kimi, gəlmə yəhudilər Qubada peyda olmazdan əvvəl qubalılar öz nümayəndələrini – “müstəntiq Manuylovu, yəhudi Nuvax Ağababayevi və Şükür Babayevi bolşeviklərin hansı məqsədlə Qubaya gəlməyə hazırlaşdıqlarını
öyrənmək üçün” Xaçmaz stansiyasına göndərmişdilər. (273) Bu fakt şəhər əhalisinin əsas cəmiyyətlərindən hər üçünün – müsəlman, rus və yəhudi – Quba şəhərinin yaxınlığında silahlı dəstələrin görünməsindən eyni dərəcədə narahat olduğunu göstərirdi. Lakin Gelovani, qubalıları bolşevik hakimiyyətini qəbul etməyə məcbur edərək getdikdən və bir neçə gündən
sonra artıq 200 nəfərə yaxın əsgərdən ibarət dəstə ilə Qubaya qayıtdıqda, “burada onlara 200 nəfərə yaxın yəhudi qoşulur”. (274) Gelovaninin dəstəsinin “guya şəhərə hücum etməyə gələn ləzgiləri qarşılamağa çıxmış 27 nəfər müsəlmanı öldürməklə özünü tanıtdığı” (275) kimi hadisə istisna olmaqla, Gelovaninin dövründə şəhərdə dinc əhaliyə qarşı yönəldilmiş heç bir hadisənin baş vermədiyi nəzərə alınarsa, bu 200 nəfər yəhudinin fəaliyyəti, o cümlədən onların 27 nəfərin öldürülməsi aksiyasında iştirakı haqda hər hansı bir fakta təsadüf edilmir. 8-10 gündən sonra “ləzgilərin dəstəsi şəhərə yaxınlaşdı və zorakı qoşunu qovmaq üçün şəhəri yəhudi qəsəbəsi tərəfdən atəşə tutdu. Bolşeviklər pulemyotlardan atəşlə cavab verirdi. Atışma 3 gün davam etdi”. Ləzgilərin təzyiqi altında bolşeviklər şəhəri tərk etməyə başladılar, və bir çox şahid ifadələrindən, o cümlədən Gelovaninin ifadəsindən göründüyü kimi, zorlamı, və yaxud, “müstəntiqlər Manuylov və Esmandan başqa, bütün rus məmurları, əczaçılar və bütün ermənilər könüllü olaraq onlarla birlikdə çıxıb getdi... Dəstə, ləzgilərlə atışaraq geri çəkilirdi. Dəstənin önündə bolşeviklər tərəfindən şəhərdən çıxarılmış ermənilər və ruslar gedirdi. Onlardan M.Kasparov, erməni keşişi, rus keşişi, əczaçı Qolubçin, aksiz
məmuru Poloxnıy, həkim Mixels, meşəbəyi Abrasimov, erməni Aleksandr Boqdanov, Duxan Poqosov öldürüldü”. (276) Əlbəttə ki, bu, atışma zamanı ölənlərin tam siyahısı deyildi və şəhər rəisi Ə.b.Əlibəyov bu döyüşlər zamanı ən azı 70 dinc sakinin öldüyünü qeyd edirdi. Onların arasında yəhudilər ola bilərdimi? Şübhəsiz ki, ola bilərdi və var idi. Həm də bu artıq Əlibəyovun yuxarıda çəkdiyi adlardan məlum olur. Həmçinin məlumdur ki, Gelovani ilə birlikdə bir neçə Quba yəhudisi də çıxıb getmişdir. İki həftə sonra Amazaspın 3 minlik dəstəsi Qubaya girir və şəhərdə qətllər və qarətlər başlanır. Yəhudilər özlərini necə aparırlar? “Mən eşitmişəm ki, Quba yəhudiləri ermənilərə evlər göstərir, ermənilər də onları yandırırdılar”;
“Ermənilərin sözlərinə görə onların dəstəsində üç min nəfərə yaxın adam var idi. Dəstə yalnız ermənilərdən ibarət idi. Deyirdilər ki, dəstədə həmçinin yerli və gəlmə yəhudilər də vardı, amma mən onları görməmişəm”. (277)


Quba kəndlərinin bəzi sakinləri də müsəlmanlara qarşı zorakılıq əməllərində yəhudilərin iştirakı haqqında ancaq eşitdiklərini söyləyirlər: “Biz bolşevikləri görməmişik, amma görənlər danışırdılar ki, onlar yalnız erməni və yəhudilərdən və bir neçə nəfər rusdan ibarət idilər, kəndləri ancaq ermənilər yandırırdılar”; “Mən dəstəni yaxın məsafədən görməmişəm və orada olanlardan heç kimi tanımadım, ad da çəkə bilmərəm. Dəstədə ermənilərdən başqa rus və yəhudilərin də olduğunu deyə bilmərəm”. (278)

Lakin, Nügədi cəmiyyətinin starşinası Rüstəm Fileydan oğlu artıq birmənalı şəkildə təsdiq edir ki: “Quba şəhəri talan edildikdən sonra bizim kəndə erməni və yəhudilərin piyada və atlı dəstəsi gəldi. Onlar sakinləri qarət etməyə başladılar və qarət etdiklərini furqonlara doldurub apardılar. Müqavimət göstərənləri ölümlə hədələyirdilər...”. (279) Alpan cəmiyyətindən
Digah kəndinin 60 yaşlı sakini Ömər Şıx Kərim oğlu hətta onların adlarını çəkir: “... ermənilər Quba şəhərini ikinci dəfə talan edərkən, oradan bizə əksəriyyəti erməni və yəhudilərdən ibarət olan böyük bir qoşun dəstəsi gəlmişdi. Biz hamımız qaçıb dağılışdıq, yalnız üç qoca və iki qarı qaldı ki, onları da öldürdülər. Erməni və yəhudilər bizim kəndimizi darmadağın etdilər: 2-3 evdən başqa bütün evlərə od vurdular, kənddə ümumilikdə 84 ev vardı, məscidi və Quranı da yandırdılar... Bizim kəndimizi ermənilər iki dəfə talan etmişdilər: birinci dəfə Qusara gedərkən, ikinci dəfə isə geri qayıdarkən. Mən bu dəstədə çoxlu Quba yəhudilərini, məsələn, Daniil Yov oğlunu və yalnız üzdən tanıdığım başqalarını gördüm...”. (280)

Quba şəhər rəisi Ə.b.Əlibəyov də yəhudilərin qarətlərdə və müsəlmanlara qarşı zorakılıqlarda iştirakını birmənalı olaraq təsdiq edirdi: “Ermənilərlə yanaşı olaraq dəstədə olan ruslar və yəhudilər də göstərilən azğınlıqları törədirdilər”. (281)

Sənədlərdən götürülmüş bu parçalardan nə nəticə çıxarmaq olardı? Əlbəttə ki, Qubanın yəhudi əhalisi Şamaxı malakanları kimi, özlərinin müsəlman həmyerlilərinə qarşı çıxış etməmişlər, bununla belə Qubanın yəhudi cəmiyyətinin bəzi nümayəndələrinin ermənilərlə birlikdə Quba qəzasının müsəlman əhalisinə qarşı zorakılıq aktlarında iştirak etdikləri
qubalıların şahid ifadələri ilə təsdiq edilir. Qubada həmin günlər baş vermiş hadisələr haqqında daha geniş və həqiqətəuyğun təsəvvür yaradan Əli Abbas bəy Əlibəyovun şəhadətində
Quba yəhudilərinin taleyi ilə bağlı çox mühüm bir məlumat verilir və şəhərin çoxsaylı yəhudi cəmiyyətinin Amazaspın Qubadan çıxıb getdiyi ərəfədə özləri üçün, mümkündür ki, o qədər də düzgün olmayan bir qərar qəbul etdiyi aydınlaşır: “9-cu gün, mən öldürülmüş insanların cəsədlərinin torpağa tapşırılmasına icazə verilməsi xahişi ilə Amazaspın yanında olanda, o mənim yanımda aşağıdakı sözlərlə yəhudilərə müraciət etdi: “Bir saat sonra və ya bu gecə sizin başınıza bəlalar gələcək, çünki müsəlmanlar və ləzgilər sizə hücum
edəcək və sizi doğrayacaqlar”. Yəhudilərin arasında çaxnaşma düşdü və onlardan 6 min nəfərə qədəri şəhəri tərk etdi və ermənilərlə çıxıb getdi”. (282)

Ə.b.Əlibəyov tərəfindən verilən bu şəhadət 1918-ci il mayın 16-da Xaçmaz stansiyasından Dərbənd istiqamətində yola çıxmış qırmızı batalyonların ümumi dəstə komissarı Kasradzenin məruzəsindəki məlumatla təsdiq olunar: “Biz Xaçmazdan geri çəkilərkən yəhudi kütlələrinin qorxu içərisində Qubadan və digər kəndlərdən qaçdığının şahidi olduq. Onlar ayaqyalın, əldən düşmüş vəziyyətdə, açıq səma altında, palçıq içində sığınacaq taparaq istər-istəməz yatalaq, çiçək və digər xəstəliklərin epidemiya ocağına çevrilmişdilər”. (283)
Həqiqətən Qubanın yəhudi əhalisini “müsəlman və ləzgilər” tərəfindən təhlükə gözləyirdi? Qubanın və qəzanın müsəlman əhalisinin Quba hadisələrindən əvvəl, həmin dövrdə, və ya sonra yəhudilərə qarşı yönələn hər hansı niyyətləri ilə bağlı nəinki sənəd, hətta işarə belə yox idi. 1917-ci ilin payızından başlayaraq Ə.b.Zizikskinin hərbi birləşmələrinin qəzanın bütün
əhalisini qorxuda saxlayan quldur dəstələrinə qarşı apardıqları əməliyyatları, bu dəstələrdə cəbhədən qayıtmış yəhudilər və ya ermənilər də olduğuna görə, qətiyyən qəzanın yəhudi, yaxud erməni əhalisinə qarşı çıxışlar kimi səciyyələndirmək olmazdı, çünki həmin əməliyyatlar eyni dərəcədə müsəlman quldurlara qarşı da aparılırdı. Əslində isə həmin quldur dəstələrinin bir çoxu öz tərkibinə görə beynəlmiləl idi və bu məqam M.C.Bağırovla bağlı yuxarıda gətirilən sənədlərlə də təsdiq olunur.


Nəzərə almaq lazımdır ki, Amazaspın dəstəsi getdikdən sonra Qubada və ümumən qəzada yenidən, bu dəfə “gürcü” çaları ilə - Caparidzenin göndərdiyi gürcü zabitləri tərəfindən Sovet hakimiyyəti bərpa edilmişdi və həmin dövrdə hər hansı etnik zəmində qarşıdurmalar, xüsusən də yəhudilərə qarşı hər hansı qiyam baş verməmişdi. 1918-ci il iyul ayının sonunda
bolşevik hakimiyyəti yıxıldıqdan sonra, yeni hakimiyyət şəhərin əsasən rus və yəhudilərdən ibarət olan hakim strukturlarının nümayəndələri ilə birlikdə qəzada ümumi vəziyyətə nəzarət etməkdə davam edən Əli bəy Zizikski, Həmdulla Əfəndi, Möhübəli Əfəndi və digər nüfuzlu müsəlman xadimləri ilə də razılığa gələ bilir. Qubada sakitlik və sabitlik Azərbaycan Demokratik Respublikasının hakimiyyəti qurulduqdan sonra da davam edir. 1918-ci ilin dekabrında A.F.Novatskinin rəhbərlik etdiyi FTK istintaq qrupu Quba şəhərində işə başlayır və həm hakimiyyət strukturlarına, həm də əhaliyə müraciət edərək erməni quldur dəstələri tərəfindən Quba şəhəri və qəzasının dinc əhalisinə qarşı edilmiş zorakılıq halları haqqında onlara məlum olan faktları Komissiyaya bildirməyi xahiş edir. Sənədlərdən göründüyü kimi, Komissiya yalnız müsəlmanları deyil, digər xalqların nümayəndələrini
də - “müsəlman əhalisinə qarşı heç bir zorakılıq törətməmiş, və erməni quldur dəstələrinin Quba şəhərinə basqını, onu talan etməsi və bu şəhərin müsəlman əhalisi üzərində zorakılıqlar törətməsi haqqında məlumat verə biləcək” – sakinləri, o cümlədən şahid qismində dindirmək fikrində idi. (284)

Nümunə üçün göstərmək olar ki, Bakıda mart hadisələri zamanı zərərçəkmiş qismində FTK-ya digər millətlərdən yalnız ruslar, yəhudilər, polyaklar, gürcülər deyil, hətta ermənilər də müraciət edirdi və Komissiya üzvləri müsəlmanlarla birlikdə onların da bütün şəhadətlərini sənədləşdirirdilər. (285) Lakin, FTK-nın sənədlərindən göründüyü kimi, istintaq qrupunun Qubada olduğu bütün müddət ərzində Qubada yaşayan, və ya artıq Qubaya və yaxud öz kəndlərinə qayıtmış yəhudi əhalisindən heç kim özlərinə qarşı hər hansı zorakılıq halı, yaxud dəymiş zərər haqqında Komissiyaya heç bir ərizə ilə müraciət etməmişdi. İstintaq işində “erməni quldur dəstələrinin şəhərə basqını zamanı yaralanmış və şikəst edilmiş şəxslər” haqqında yalnız bir sənəd - Quba şəhəri 2-ci hissəsinin pristavı Məmmədbəyov tərəfindən təqdim edilmiş və 6 nəfər Quba yəhudisinin: Avraam Avşalumovun, Nuri Raxamilin, Rafael İsrail Nafşalın, Qurşum Peaxın, Zaxarya Nisimin, Şulum İsxayın adlarının sadalandığı bir siyahı var idi. Lakin həmin şəxslərin hansı şəraitdə, nə zaman və kim tərəfindən yaralandığı və ya şikəst edildiyi göstərilmirdi”. (286)

Beləliklə, FTK-nın sənədlərindən irəli gələrək, yuxarıda göstərilən bütün halları, habelə ayrı-ayrı Quba yəhudilərinin ermənilərlə əməkdaşlığı faktlarını nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, Quba qırğınları zamanı müsəlmanlardan fərqli olaraq, yəhudilər bilavasitə qırğın obyekti olmamışlar və ola da bilməzdilər. Onlar nə erməni quldur dəstələri tərəfindən, nə də müsəlman və ləzgilərə qarşı görünməz vəhşiliklər törətmiş Amazaspın həyasızcasına qorxutduğu kimi, “müsəlman və ləzgilər” tərəfindən, zorakılığa məruz qalmamışlar. Burada bir məqam da nəzərə alınmalıdır ki, bolşeviklərin, o cümlədən Bakı Soveti Komissarları arasında yəhudilər az deyildi və yəhudi əhalisinə qarşı hər hansı zorakılıq əməlləri ermənilərə bağışlanmazdı. Quba hadisələri zamanın şəhərin yəhudi əhalisi də itkilər vermişdi. İstər Gelovaninin dəstələri şəhərdən geri çəkilərkən, istərsə də Amazaspın quldur
birləşmələrinin üç tərəfdən şəhərin top atəşinə tutulması ilə müşayiət olunan Qubaya hücumu zamanı yəhudi əhalisinin də ayrı-ayrı nümayəndələri həlak olmuşdu. Yəhudilərin Qubadan kütləvi surətdə qaçmasını isə, yəqin ki, yaşadıqları yerlərdə baş verən bütün qiyam və iğtişaşlar zamanı bir qayda olaraq günahsız qurbana çevrilən yəhudi xalqının qəlbində onilliklər boyu kök salmış qorxu hissi ilə izah etmək olardı.

Bu baxımdan təkcə Qubada baş vermiş məlum hadisələr zamanı həlak olmuş yəhudilər deyil, qırmızı komissar Kasradzenin təsvir etdiyi kimi, sərgərdanlıq zamanı xəstəlikdən, aclıqdan və əziyyətdən ölmüş yüzlərlə digər yəhudi qubalılar da öz həmyerliləri – müsəlman qubalılar kimi ermənilərin təcavüzkar millətçilik siyasətinin qurbanları sayılırlar.

* * *

Amazaspın erməni dəstələri Qubadan çıxıb getdikdən sonra şəhər daha böyük təhlükə ilə – xəstəliklər və epidemiyanın başlanması ilə üzləşdi. Şəhərin küçə və məhəllələri, evləri və həyətləri eybəcər hala salınmış və doğranmış minlərlə kişi, qadın və uşaq cəsədləri ilə – Amazaspın dəstələrinin hücumunun həm ilk, həm də sonrakı günlərdə öldürülmüş və ölümün
haqladığı yerdə də qalan və çürüməyə başlayan meyitlərlə dolu idi. Artıq yuxarıda qeyd edildiyi kimi, şəhər rəisi Ə.b.Əlibəyovun qətlə yetirilənlərin meyitlərinin dəfn edilməsinə icazə ilə bağlı bütün müraciətlərinə Amazasp rədd cavabı verirdi. Meyitin uzun müddət torpağa tapşırılmaması müsəlmanlıqda günah sayıldığından, ola bilsin ki, “qisas almaq üçün göndərilmiş” “erməni xalqının qəhrəmanı” müsəlmanları bu yolla da “cəzalandırmaqdan” xüsusi zövq alırdı. (287)

Qubalıların verdikləri ayrı-ayrı ifadələrdən görünür ki, ermənilər tərəfindən qətlə yetirilmiş şəhər sakinlərini qırğınların yalnız dördüncü günü dəfn etməyə başlayırlar: “meyitlər dörd gün küçələrdə, evlərdə və həyətlərdə atılıb qalmışdı. Meyitlərin çürüməsindən şəhəri dəhşətli üfunət bürümüşdü. Dördüncü gün elə bil ki, bir qədər sükut və sakitlik çökdü, hətta meyitləri
basdırmağa başladılar”. (288)

Görünür, məhz bu səbəb – çürüməyə başlayan meyitlərdən şəhərə yayılan üfunət iyi Amazaspı öldürülmüş insanların dəfninə icazə verməyə vadar edir: “Dördüncü gün carçılar qışqırmağa başladılar ki, müsəlman kişilər qollarında ağ sarğı ilə qətlə yetirilənlərin meyitlərini basdırmağa çıxsınlar. Çox adam çıxdı, lakin daha evə qayıtmadılar, çünki ermənilər tərəfindən güllələnmişdilər. Biz yenidən gizləndik. Meyitlər ermənilər gedənədək küçələrdə qaldı. Qətlə yetirilənlərin əksəriyyəti qadınlar və uşaqlar idi. Çoxlarının başı kəsilmişdi”. (289) Qətlə yetirilənləri qırğınlar davam edən günlərdə basdırmaq çox nadir hallarda mümkün olurdu. Məsələn, ölümdən yaxa qurtarmış bəzi sakinlər qohumlarından xəbər tutmaq üçün bir təhər onların evlərinə keçməyə müvəffəq olarkən çox vaxt bütün ailə üzvlərinin qətlə yetirildiyini görür və onları elə həyətlərində dəfn edirdi. (290)

Beləliklə, istisna təşkil edən ayrı-ayrı hallar nəzərə alınmazsa, minlərlə qubalıların cəsədi bir neçə gün dəfn olunmamış qalır. Quba faciəsi qurbanlarının kütləvi surətdə torpağa tapşırılması da məhz bu səbəblə – şəhərdə yaranmış fəlakətli vəziyyətlə izah olunur və bu hal, bir sıra sakinlər, xüsusilə də hər mərhum üzərində dəfn ayinlərini həyata keçirməyə macal tapmayan şəhər mollaları tərəfindən təsdiq olunur. Məsələn, “qətlə yetirilənləri dəfn edən mollaların ifadələrinə görə, onlar torpağa 2800 cənazə tapşırıblar”. (291) Şəhərin 1-ci hissəsinin məhəllə mollası Molla Şıx Hüseyn Axundzadənin şəhadətinə görə, o, təkcə öz məhəlləsində 300 nəfərə qədər qətlə yetirilmiş insanı dəfn etməli olmuşdu: “Bir çox meyitlər xəncərlə eybəcər hala salınmışdı: əlləri, burunları, sifətləri şaqqalanmışdı”. (292)

Quba şəhərinin 2-ci məhəlləsinin mollası Musa Rza Əsgərzadə, şəhərin bu hissəsində “tüfənglərlə və xəncərlərlə qətlə yetirilənlərin sayının 250 nəfər..., qorxudan ölənlərin sayı 300, ümumilikdə isə 550 nəfər olduğunu” göstərərək, onu da əlavə edirdi ki: “cəsədlər ... 5 gün küçələrdə yığışdırılmamış qalmışdı. Sakinlər onları bir araba ilə daşıyır və 5 cəsədi bir yerdə dəfn edirdilər”. (293) Şəhərin digər hissələrində, o cümlədən 3-cü və 4-cü məhəllələrdə, habelə yəhudi qəsəbəsində qətlə yetirilənlərin sayı haqqında isə dəqiq məlumatlar yox idi.
Qətlə yetirilənlərin dəfn olunması haqqında ayrı-ayrı cüzi məlumatların olmasına baxmayaraq, şahid ifadələrində həlak olmuş qubalıların harada, dəqiq olaraq şəhərin hansı hissələrində torpağa tapşırıldığı demək olar ki, göstərilmir. Yalnız Bakıda yaşayan qubalı Abbas bəy Balabəy oğlu Həsənbəyov qeyd edir ki: “Mən Qubada müsəlmanlara tutulan qanlı divanın
bütün təfərrüatlarını öyrəndim, qəbiristanlığı ziyarət etdim və orada 300-dən çox yeni qəbir gördüm. Mənə dedilər ki, adamlar qəbirlərdə 4-5 nəfər birlikdə, yaxud iki-iki dəfn edilmişdir”. (294)

Lakin, özü-özlüyündə aydındır ki, 2000-dən çox cənazə bir şəhər qəbiristanlığında dəfn edilə bilməzdi. Güllələnən müsəlmanların ermənilər tərəfindən (habelə, ermənilərin göstərişi ilə cəsədləri dəfn etmiş qubalılar tərəfindən) basdırılması haqqında ifadələrin olmaması onunla izah edilir ki, sağ qalan bütün sakinlər güllələnmək qorxusundan demək olar ki küçəyə
çıxmamış, çıxanlar isə, o cümlədən ermənilərin çağırışına cavab olaraq öz həmşəhərlilərini dəfn etməyə gedən kişilər, artıq geri qayıtmamışlar. Ermənilər tərəfindən yaralanmış və ya şikəst edilmiş sakinlərin, o cümlədən istintaqa ifadə verə biləcək şahidlərin olmaması da məhz bununla izah edilir və şəhərin 1-ci müsəlman hissəsinin pristavının aşağıdakı məlumatı ilə təsdiq edilir: “Quba şəhərinin I hissəsinin ərazisində erməni quldurları tərəfindən yaralanan və şikəst edilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrast atırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə, onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra isə meyitləri eybəcər hala salırdılar”. (295)

Bu cəhətdən şəhər pristavları tərəfindən Fövqəladə Təhqiqat Komissiyasının qətlə yetirilmiş, yaralanmış və şikəst edilmiş şəxslər haqqında sorğusuna cavab olaraq təqdim etdikləri bir sənəd Quba şəhərində qırğınlar zamanı qətlə yetirilmiş insanların dəfn olunması qaydaları haqqında çox vacib şəhadət sayılır: “Erməni dəstələrinin və bolşeviklərin hücumu qarşısında
qorxudan ölənlər – Quba şəhərinin 100 nəfərdən artıq sakini. Bunlardan əlavə, 300 nəfər naməlum gəlmə insanlar – ermənilər və bolşeviklər tərəfindən öldürülmüşlər və meyitləri Quba şəhərində, bir qəbirdə əlli cəsəd olmaqla dəfn edilmişdir”. (296)

Lakin, həmin Abbas bəy Həsənbəyovun ifadəsindən göründüyü kimi, hətta kütləvi məzarlıqda dəfn edilmək kimi dəhşətli aqibət də günahsız erməni qurbanlarının hamısına qismət olmamışdı: “May ayında Xaçmazdan Qubaya gedərkən yol kənarındakı xəndəklərdə müsəlmanların çaqqallar və digər vəhşi heyvanlar tərəfindən gəmirilmiş meyitləri uzanıb qalmışdı. (297) Bu yerdə, əlbəttə ki, Quba faciələrinin əsas günahkarları, Quba şəhəri və qəzasının on minlərlə müsəlman sakininin həyatına son qoymuş və ya taleyinə ağır təsir etmiş dəhşətli qırğınların icraçılarının, ilk növbədə Quba hadisələrinin iki əsas “qəhrəmanının” – Gelovaninin və Amazaspın özlərinin taleyi haqqında danışmaq münasib olardı.

* * *


FTK-nın sənədlərindən göründüyü kimi, David Gelovani istintaq tərəfindən iki dəfə dindirilmişdi. Onun ifadələri son dərəcə dolaşıq, ziddiyyətli, həqiqətdən uzaq olmaqla hadisələrin təsvirində demək olar ki, bir birini təkrarlayan qubalıların ifadələri ilə heç də həmişə üst-üstə düşmürdü. Aydın deyildi ki, “Qudermes stansiyasına qədər dəmir yolu ilə hərəkəti bərpa
etmək” tapşırığı almış milis müfəttişi D.Gelovanini niyə naməlum istiqamətdə hərəkət edən 2000 nəfərlik, əsasən ermənilərdən ibarət olan əsgər eşelonları müşayiət edirdi və yaxud, guya “aralarında rus tipli, lakin daha çox ermənilərin olduğu təxminən 120 kişi, qadın və uşaq meyitləri” (298) gördüyü yerin demək olar ki, dəqiq koordinatlarını verən və özünün oraya haradansa peyda olmuş iki erməni tərəfindən gətirildiyini iddia edən Gelovani, bununla belə, həmin yeri göstərməkdən imtina edirdi. Nəhayət, hakimiyyətin rəsmi nümayəndəsi,
partiya üzvü və bu səbəbdən intizama tabe olan bir şəxs mərkəzin heç bir səlahiyyətləri olmadan, yalnız “qəzəblənmiş” və “həyəcanlanmağa başlayan” erməni əsgərlərindən ticarət eşelonunun tələbi ilə öz yolundan dönərək, Qubaya daxil ola və “neytral şəxs” kimi dinc əhalidən 2 saat ərzində Sovet hakimiyyətinin tanınmasını tələb edə bilərdimi?! Gelovaninin
özünün dediyinə görə, bu yolla o, guya ki, qəzəblənmiş erməni əsgərlərinin eşelonunu “sakitləşdirməyə çalışırdı”, hərçənd, məntiqə görə, həmin eşelon “öldürülmüş 120 erməniyə görə” Qubada Sovet hakimiyyətini qurmaqdansa, onu doğrudan da “darmadağın etməli” idi. Eləcə də, qeyd etmək lazımdır ki, Gelovaninin özünün Qubada necə peyda olması ilə bağlı verdiyi ifadə M.C.Bağırovun yuxarıda göstərilən və həqiqətə daha çox uyğun olan versiyası ilə uyğun gəlmirdi. (299) Lakin, D.Gelovanini dindirən A.F.Novatski bu məsələlərin dərinliyinə getməyərək, onun bilavasitə dinc sakinlərin ölümü , şəhərdəki evlərin və ictimai binaların yandırılması ilə başa çatmış birinci Quba hadisələrindəki rolunu aydınlaşdırmağa çalışırdı. Burada D.Gelovani həm özünün, həm öz dəstəsinin və hətta Amazaspın günahını tam inkar edirdi: “Mən və Amazasp Quba şəhərindən geri çəkilərkən bizim dəstə heç bir zorakılığa yol verməyib, heç kimi öldürməyib, evləri yandırmayıb, haradasa aşağıda bir ev yanırdı, amma o top gülləsindən alışmışdı”. (300) Bu zaman, insanların ölümü ilə nəticələnmiş ləzgilərlə atışmalarda iştirakını inkar etməyərək, Gelovani özünü təmizə çıxarmağa çalışırdı: “Mən iki gün ərzində ləzgilərə müqavimət göstərdim və onlara təslim olmadım, əvvəla, çünki zabit ləyaqətim bunu etməyə yol vermirdi, ikincisi də, mən təslim olmaq haqqında təklif almamışdım, əksinə, təslim olduqdan sonra bütün dəstəm ilə birlikdə güllələnməyəcəyim haqda heç bir təminat olmadan, təhdidedici təkliflər alırdım”. (301) Lakin Gelovani öz ifadələrində Quba şəhəri və Quba qəzasının dinc əhalisinə qarşı Amazaspın dəstələri tərəfindən törədilmiş zorakılıq və vəhşilik faktlarının hamısının həqiqət olduğunu tamamilə təsdiq edir, Amazaspla Veluntsun guya ki, “şəhəri öz aralarında müharibəyə başlayan sünni və şiələrin yandırdığını və bir-birini qırıb tökməsi” kimi həyasız və yalan ifadələrini rədd edirdi. Onun ifadələrinin bəzi hissələri - “Cəza dəstəsi Qubaya Şaumyanın arzusu ilə göndərilmişdi, lakin qoşunun seçimi hərbi nazir Korqanovdan asılıdır” – kimi müddəalar istintaq üçün xüsusi əhəmiyyət kəsb edirdi. Qubalılar kimi, Gelovani də təsdiq edirdi ki, “Amazaspın
dəstəsində bir nəfər də olsun rus yox idi, hamısı ermənilər, özü də ucdantutma daşnaksakanlar idi”. Həmçinin qeyd olunurdu ki, Amazasp özü də “qatı daşnaksakandır” və birmənalı şəkildə göstərilirdi ki, Quba şəhərindən bir neçə verstlik məsafədə yerləşən Dəvəçi və Alpan məhz müsəlman kəndləri olduğuna görə Amazaspın dəstəsi tərəfindən yandırılmışlar”. (302)


İstintaq zamanı əsasən düzgün ifadə verdiyi, istintaqla əməkdaşlıq etdiyi, hərəkətlərində şəxsi düşmənçiliyin və qərəzliyin olmaması, yoxsa ümumən baş vermiş hadisələrlə bağlı yaranmış şərait nəzərə alındığındanmı, bu məlum deyil, amma hər halda David Gelovani “Quba şəhərində qırğınlar haqqında” iş üzrə müttəhim qismində məsuliyyətə cəlb edilmir. Olduqca maraqlıdır ki, bolşevik hakimiyyəti dağıldıqdan sonra Gelovani Bakıdan getmir və 1919-cu ilin oktyabrına qədər Azərbaycan Xalq Cümhuriyyət hökumətinin Əmək müfəttişliyində xidmət edir. 1919-cu ilin sonunda isə Gelovani Sabunçu vağzalı yaxınlığında iki güllə ilə öldürülür. Qatil - erməni Sərkis Terunts, tapançasını tullayaraq hadisə yerindən
qaçmağa cəhd edərkən, yaxınlıqda olan və digər üç nəfərlə birlikdə onun Gelovaniyə necə atəş açdığını görən azərbaycanlı əsgər Əminov tərəfindən yaxalanır. S.Terunts təqsirini boynuna almayaraq, “silahdan atmadığını, atəş səsi eşitdikdə qaçdığını və buna görə də saxlanıldığını” iddia edir. (303) Kifayət sayda şahidlərin, o cümlədən iki qorodovoy və iki jandarmın olduğuna, “barıt qazlarının təzə qoxusu olan mauzer” tapançasının varlığına baxmayaraq, S.Terunts özünü müqəssir bilmir və bu səbəbdən də, cinayətin əsl səbəblərini açmaq mümkün olmur. Bununla yanaşı, S.Teruntsa inanmayan istintaqın Gelovaninin “Daşnaksütun” partiyası ilə əlaqəsinin olub-olmadığını aydınlaşdırdığı, S.Teruntsun işinin isə Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Prokurorluğuna verildiyi nəzərə alınarsa, ehtimal etmək olar ki, D.Gelovaninin qətli siyasi motivlərə görə törədilmişdi.


Burada bir məqamı vurğulamaq lazımdır ki, Fövqəladə Təhqiqat Komissiyası 1919-cu ilin sonunda öz fəaliyyətinin istintaq hissəsini başa vuraraq qərar layihələrini tərtib edir və işləri Məhkəmə palatasına təhvil verirdi. Həmin dövr üçün Bakı və Şamaxı şəhərlərində mart hadisələrinə görə müqəssir bilinən 100 nəfərə qədər erməni və molokan artıq həbsə alınmışdı.
FTK-nın məhkəmə-istintaq fəaliyyəti geniş əks-səda doğurmuş, ermənilər arasında xüsusilə böyük narazılıq yaratmış, erməni ictimaiyyəti arasında, erməni mətbuatında geniş müzakirələrə səbəb olmuş, “Daşnaksütun” partiyasının parlament fraksiyası isə Azərbaycan Parlamentində Fövqəladə Təhqiqat Komissiyasına qarşı geniş kampaniyaya başlamışdı. (304)

D.Gelovaninin Quba hadisələri ilə bağlı FTK-ya verdiyi ifadələr - müsəlman qırğınlarında erməniləri təqsirləndirdiyi, bu hadisələrin əsas səbəbkarlarının və icraçılarının adlarını – Şaumyanla Amazaspdan tutmuş erməni zabitlərinə və “Daşnaksütun” partiyasının üzvlərinədək – istintaqa açıqladığı ermənilərə məlum ola bilərdimi? Onun öldürülməsinin əsil
səbəbi də bu deyildimi? Həmin dövr FTK-nın fəaliyyəti ətrafında yaranmış ictimai-siyasi və hüquqi vəziyyət nəzərə alınarsa, hadisələrin bu variantı tamamilə mümkün sayıla bilər. Bəlkə məhz Fövqəladə Təhqiqat Komissiyası ilə əməkdaşlıq etdiyinə görə D.Gelovani Qubadakı keçmiş köməkçisi M.C.Bağırovdan olduqca xoşagəlməz siyasi xasiyyətnamə almışdı?
Hər halda, ictimai mənşəyinə görə irsi knyaz, əqidəsinə görə sosialdemokrat – menşevik olan David Aleksandroviç Gelovani, bolşeviklərə qoşulsa da və erməni daşnaklarla əməkdaşlıq etsə də, nə birincilər, nə də ikincilər tərəfindən qəbul edilmədi. D.A.Gelovaninin istər öz siyasi mübarizə yoldaşı – bolşevik Mir Cəfər Bağırov tərəfindən hansı səbəbdənsə “provokator” adlandırılması, istərsə də keçmiş silahdaşları – erməni daşnaksakanların həmtayfası Sərkis Terunts tərəfindən qətlə yetirilməsi aydınlaşdırılmamış qaldı.
Quba hadisələrinə dair məhkəmə istintaqı materiallarının olmaması Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu il noyabr tarixli Qətnaməsində adları göstərilən şəxslərin Quba şəhərinin və qəza kəndlərinin dağıdılmasına, əhalisinin isə kütləvi şəkildə qırılmasına görə məsuliyyətə cəlb edilibedilmədiklərini dəqiqləşdirməyə imkan vermir. (305)

Məlumdur ki, 3 cilddən ibarət “Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi haqqında Fövqəladə Təhqiqat Komissiyasının işi – 1) Quba şəhərinin talan
edilməsi haqqında; 2) Dəvəçi və Müşkür nahiyələrinin kəndlərinin talan edilməsi haqqında və 3) Quba qəzasının Qusar, 5-ci Fəthibəy və Quba-qəza nahiyələrinin talan edilməsi haqqında” – 1920-ci il 29 yanvar tarixdə təyinat üzrə Azərbaycan Məhkəmə palatası tərəfindən Bakı Dairə Məhkəməsinin prokuroruna göndərilmişdi. (306)

Lakin, bu da məlumdur ki, nə həmin işə, nə də FTK-nın digər istintaq işlərinə “sonrakı təyinatda” baxılmaq qismət olmadı. 11 yanvar 1920-ci il tarixdə Azərbaycan Respublikası üçün çox əlamətdar olan siyasi hadisə baş verdi – Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın müstəqilliyinin de-fakto tanınmaq haqqında qərar qəbul etdi. Həqiqətən böyük tarixi əhəmiyyəti olan bu hadisə ilə əlaqədar olaraq, Azərbaycan Parlamenti 9 fevral 1920-ci il tarixdə amnistiya haqqında qanun qəbul etdi. Bu qanunun 2-ci maddəsinə uyğun olaraq onun qəbul edildiyi ana qədər “milli ədavətdən irəli gələn məqsədlərlə cinayət əməlləri törətmiş” şəxslər təqib və cəzadan azad edilirdilər, 10-cu maddəsinə görə isə “Fövqəladə Təhqiqat Komissiyasının icraatında olan” bütün cinayət işlərinə həmişəlik xitam verilirdi. (307)

Həmin 1920-ci ilin sonlarında isə artıq Azərbaycan Sovet Sosialist Respublikasının məhkəmə orqanlarının qərarı ilə 9 fevral 1920-ci il tarixli qanun əsasında “Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi haqqında” cinayət işinin icraatına xitam veriliк və iş arxivə göndərilir. (308) Lakin, nə yuxarıda göstərilən əlamətdar hadisənin şərəfinə qəbul edilmiş əfv qanunu, nə də 1918-1921-ci illərdə Cənubi Qafqazda sürətlə dəyişən siyasi vəziyyət Qubadakı müsəlman qırğınlarının əsas günahkarı olan Amazasp Srvantsyanı layiq olduğu cəzadan xilas edə bilmədi. Quba hadisələrindən az sonra Amazasp bir daha sübut etdi ki, o, yalnız əliyalın və dinc müsəlman xalqlarına – türk, kürd, azərbaycanlı, ləzgi, tat və
digərlərinə – qarşı vuruşa və bu zaman özünü “erməni xalqının qəhrəmanı” hesab edə bilər: Qarsda, Vanda, Bitlisdə, Xizanda, Zəngəzurda, Bakıda, Qubada və s. yerlərdə olduğu kimi!
Bakıya doğru hərəkət edən türk-azərbaycanlı qoşunlarının mütəşəkkil hərbi hissələri ilə vuruşmaq lazım gəldikdə Amazasp, döyüş əməliyyatlarının ən qızğın vaxtında, Bakıda Sovet hakimiyyətinin taleyi həll olunarkən, öz süvari dəstəsini döyüşdən çıxarıb cəbhəni açıq qoydu və bununla Bakı rayonunun komissarı Q.K.Petrovu tamamilə çaşqın bir hala salmışdı. 1918-ci il iyunun 24-də, Bakıda bolşevik hakimiyyətinin süqutuna bir həftə qalmış, Q.K.Petrov Şaumyana və Korqanova göndərdiyi teleqramda Amazaspın bu hərəkəti ilə bağlı qəzəblə soruşurdu: “Mən anlamıram, nə baş verir, mən hara düşmüşəm – insanların açıq qəlblə “xalq uğrunda həyatını vermək” kimi böyük işlərə getdiyi cəbhəyə, yaxud, allah bilir, hara, bu nədir?” (309)

Eyni hərəkəti iki həftə əvvəl Amazasp Şamaxı ətrafında gedən döyüşlər zamanı etmişdi. Onda Amazasp “bərk qarnı ağrıdığını” bəhanə edərək... “atını götürüb cangüdənləri ilə birlikdə cəbhə mövqeyindən çıxıb getmişdi”, sonradan isə ümumiyyətlə əmr olmadan öz dəstəsi ilə Bakıya tərəf geri çəkilmişdi. Bu hadisəni təsvir edən Anastas Mikoyan, həmin dövrdə dəstə
komissarı olan Amazaspı xəyanətdə ittiham etmiş və onun məhkəməyə verilməsi tələbi ilə Şaumyana teleqram göndərmişdi. (310) 1918-ci ilin sentyabrında da, hücuma keçmiş Qafqaz İslam ordusunun və Azərbaycan qoşunlarının təzyiqi qarşısında erməni xalqının “qəhrəmanı” yenə də cəbhəni tərk etdi və öz əsgərlərini özbaşına buraxaraq, Bakıdan
İrana qaçmalı oldu. Birinci dünya müharibəsi başa çatdıqdan sonra Amazasp yenidən Qafqaza döndü və “Nor Bayazet rayonunda Ermənistan ordusunun komandiri” təyin edildi. (311) 1920-ci ilin noyabrında Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Amazasp, görünür ki, “erməni xalqı” qarşısında “xidmətlərinin” qiymətləndiriləcəyi ümidi ilə Yerevanda qaldı.

Lakin, tale, erməni bolşeviklərinin simasında onunla çox acı bir “zarafat” etdi. 1921-ci il yanvar ayının ortalarında Ermənistanın bolşevik hakimiyyəti guya Ermənistanın möhkəmləndirilməsinə dair planları müzakirə etmək adı ilə erməni zabitlərinin yığıncağını çağırdı. Sparapet Tovmas Nazarbekyan bolşeviklərə, erməni zabitlərinin əksəriyyəti isə Nazarbekyana inanaraq bu yığıncağa gəldi. Yığıncaq hökumətin iclas zalında keçirilməli idi, lakin gələn zabitlərin sayı o qədər çox idi ki, meydana çıxmalı oldular. “3 minə yaxın general
və zabit, parad geyimində, yeni hakimiyyətə qulaq asmaq üçün meydanda toplaşmışdı. Əslində isə bu, tələ idi. Meydan mühasirəyə alındı və zabitlər – həbs edildilər. Ermənistanın Kommunist hakimiyyəti həbs edilmiş zabitləri... Bakıya köçürmək qərarına gəldi. Ancaq onlar hətta qandallanmış aslanlardan da qorxurdular. Bu məqsədlə, yolda qiyam qaldırmaq iqtidarında olan erməni zabitlərini Yerevanda öldürmək qərarına gəldilər. Şəhərdə atəş səsləri eşidilməsin deyə, onları balta ilə doğramaq qərarı verildi. Məşhur Amazasp Srvandstyan ...məhz belə bir vəhşiliklə öldürüldü... Erməni məhbus zabitinin dediyinə görə, Amazasp, görünür, özünü müdafiə edirmiş, əlbəyaxa vuruşmanın səs-küyü eşidilirdi və Amazaspın səsi həbsxananın hər yerinə yayılırdı: “Nacinslər, məgər adamı belə öldürərlər!” Dəhşətli təfərrüat: Amazaspın bədəni və başı o qədər eybəcər hala salınmışdı ki, oğlu onu yalnız keçə çəkmələrindən tanıya bilmişdi”. (312)

* * *

1920-ci ildə arxivə göndərilmiş “Quba şəhəri və Quba qəzasının kəndlərinin talam edilməsi haqqında” istintaq işi düz 70 il sonra, XX əsrin 80-ci illərinin sonlarında, Fövqəladə Təhqiqat Komissiyasının materialları və ümumən, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə aid sənədlər “üzə çıxarılarkən” azərbaycanlı mütəxəssislərin və alimlərin ixtiyarına verildi. Bu dövr, keçmiş SSRİ-də aparılan yenidənqurma prosesi və bunun nəticəsində əvvəllər “məxfi” saxlanılan arxiv fondlarının açılması ilə, eyni zamanda, 1988-ci ilin fevralında azərbaycanlılara qarşı erməni təcavüzünün yeni mərhələsinin – Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin başlanması ilə səciyyələnirdi. Həmin münaqişənin tarixinin əsaslı surətdə, sənədlərə istinadən işıqlandırılması zərurət olaraq ortaya çıxdı. Arxivlər açıldıqca və sənədlər araşdırıldıqca, azərbaycanlıların ermənilər tərəfindən kütləvi surətdə qırılması, repressiyalara məruz qalması, öz dədə-baba torpaqlarından qovulması və digər, soyqırımı kimi xarakterizə edilə biləcək dəhşətli faktlar aşkarlanırdı. Bu baxımdan, 1918-ci ilin mart-sentyabr aylarında Azərbaycanın şəhər və qəzalarında baş verən hadisələr, o cümlədən Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti sayəsində hüquqi cəhətdən araşdırılmış və sənədlərlə rəsmiləşdirilmiş Quba hadisələri, Azərbaycan xalqına qarşı dəfələrlə həyata keçirilmiş faciəvi, heç nə ilə bəraət qazandırılmayan və uzun müddət ərzində lazımi siyasi-hüquqi qiymətini almayan təcavüzlər zəncirində xüsusi yer tutur.

Bu sənədlərdən göründüyü kimi, FTK-nın üzvü Andrey Fomiç Novatskinin başçılıq etdiyi kiçik istintaq qrupu Quba hadisələrinin araşdırılmasına 1918-ci ilin dekabr ayının əvvəlində başlayır. Hazırlıq mərhələsində təşkilati işlərin kifayət qədər yüksək səviyyəsi, yerli hakimiyyət orqanlarının yardımı, Novatskinin özünün və onun köməkçilərinin fədakar əməyi sayəsində təhqiqat qrupu təxminən bir ay ərzində, ümumi həcmi 451 vərəq olan 3 cilddən ibarət istintaq sənədlərini toplayaraq tərtib edir. Bu dövr ərzində Novatski Quba şəhərinin 20-dən çox sakinini, Quba qəzasının isə otuz sakinini – əsasən kənd cəmiyyətlərinin starşinalarını, eləcə də istintaqın əsas şahidlərindən biri olan David Gelovanini şəxsən dindirir. İstintaq qrupu tərəfindən yüzlərlə digər sənədlər – əhaliyə dəymiş zərərlər haqqında qərar aktları, qətlə yetirilənlərin, yaralananların siyahıları və s. toplanır. Həmin sənədlər 1918-ci il Quba hadisələrinə müxtəlif nəzərlərdən baxmağa, həmçinin Quba şəhərinin və Quba qəzası kəndlərinin dinc sakinlərinə vurulan mənəvi və maddi-fiziki zərərlərin miqyasları haqqında
kifayət qədər geniş təsəvvür yaratmağa imkan verir. Bununla belə, komissiya tərəfindən nəzərdə tutulmuş bir sıra məsələlərin yerinə yetirilməsi, demək olar ki, mümkün olmur. Belə ki, elə birinci iş günü Novatski yerli orqanlara müxtəlif xarakterli sorğular verir, məsələn, Quba şəhərinin daimi sakinlərindən şahid ola biləcək müsəlmanların adlarının, habelə erməni quldur dəstələrinin Quba şəhərinə hücumu zamanı yaralanmış və şikəst edilmiş sakinlərin siyahılarının təqdim edilməsini xahiş edir. Sənədlərdən məlum olur ki, Komissiya Qubada yaşayan digər xalqların nümayəndələrini – “müsəlman əhalisinə qarşı zorakılıq əməli törətməmiş və erməni quldur dəstələrinin Quba şəhərinə hücumu, onun talan edilməsi və müsəlman əhalisinə qarşı zorakılıq halları haqqında məlumat verə biləcək” Quba sakinlərini də şahid qismində dindirmək niyyətində idi. Lakin, dindirilən şahidlərin arasında belə insanların
olmaması göstərir ki, Komissiya hansı səbəblərdənsə bu niyyətini həyata keçirə bilməmişdir. Novatskinin sorğusuna Quba şəhərinin pristavlarından birinin verdiyi cavab – “hal-hazırda Quba şəhərinin I hissəsinin ərazisində başqa dinə mənsub olanlardan kimsə yoxdur” kimi qeyd, (313) təbii ki, burada qənaətbəxş izahat sayıla bilməz.

Həmçinin, FTK tərəfindən dindirilənlərin arasında sadəcə hadisələrin şahidi olmayaraq, Amazaspın dəstələrinə qarşı silahlı müqavimətin əsas təşkilatçıları, Quba qəzası ictimaiyyətinin tanınmış, nüfuzlu nümayəndələrindən - Əli bəy Zizikski, Həmdulla Əfəndi, Möhübəli Əfəndi, Hətəm Ağa Cağarvi və başqalarının olmaması sual doğurur. Bu da məlumdur ki,
Quba hadisələrindən dərhal sonra həmin xadimlər tərəfindən baş vermiş faciələr haqqında yubanmadan şahid ifadələri toplamaq məqsədilə bir növ komissiya yaradılmışdı. Bəzi məlumatlara görə, hələlik aşkar edilməyən bu sənədlərin bir hissəsi 1990-cı illərin ortalarınadək Dağıstanın arxivlərində saxlanılırdı. (314) Lakin, qəribədir ki, FTK-nın materiallarında nəinki həmin sənədlər, hətta belə bir mühüm tədbir haqqında məlumat belə öz əksini tapmamışdır.

Novatskinin istintaq qrupu tərəfindən Ə.Zizikskinin və Həmdulla Əfəndinin dindirilmədiyini bu zaman Bakıda Azərbaycan Respublikası Parlamentinin fəaliyyətə başlaması (1918-ci il 7 dekabr) və onların Quba qəzasından nümayəndə kimi parlamentin işində iştirakı ilə qismən izah etmək olar. Komissiya tərəfindən dindirilən qubalıların arasında, naməlum səbəblərdən,
istefada olan polkovnik Hacı Ələkbər Məşədi Mahmud oğlu adlı bir şəxs də yox idi. Halbuku, bu adam hələ 1918-ci il iyulun 18-də, yəni FTK yaradılandan təxminən üç gün sonra, Komissiyanın sədri Ə.Xasməmmədova və komissiya üzvlərinə məktubla müraciət edərək, onlardan təcili surətdə Quba qəzasına gəlmələrini və erməni cəza dəstəsi tərəfindən törədilmiş vəhşilik və vandalizm faktlarını təsbit etmələrini xahiş etmişdi. Məktubun müəllifi, Qubada üç mindən artıq uşaq, qadın və qocaları ağlasığmaz qəddarlıqla qətlə yetirmiş və “şəhərin böyük hissəsini qəbiristanlığa çevirmiş” ermənilərin cinayət əməllərini təsdiq edən “çoxlu sənəd və kifayət qədər canlı şahidlərin olduğunu” qeyd edərək, bu cinayətin təşkilatçılarının və icraçılarının – “Şaumyanın, Caparidzenin, hərbi komissar Korqanovun, qatil D.A.Gelovaninin, cəllad Amazaspın, onun köməkçisi Nikolayın və digərlərinin”
həbs olunmasını və hərbi tribunala verilməsini tələb edirdi. Məktubun sonunda, “bu müraciətin, evləri xarabalıqlara çevrilmiş, qohumları isə günahsız olaraq qan içində boğulmuş on minlərlə qubalıların fikrini ifadə etdiyi” qeyd olunaraq, bir daha təcili tədbirlərin görülməsi tələb edilirdi. (315)

Bununla belə, artıq yuxarıda deyildiyi kimi, Quba şəhərinin özündən FTK-nın istintaq qrupuna ifadə vermiş müsəlman şahidlərin sayı 20 nəfərdən bir qədər artıq idi. Quba hadisələrinin miqyası və minlərlə ölçülən zərərçəkənlərin sayı ilə müqayisədə istintaq işində şahid ifadələrinin azlığı, ilk növbədə, istintaq qrupunun imkanlarının həddən artıq məhdud olması
ilə izah olunurdu. Belə ki, Quba şəhər hakimiyyəti tərəfindən təqdim edilmiş texniki heyət istisna olmaqla, Qubada fəaliyyət göstərən istintaq qrupu A.F.Novatskinin özündən və onun köməkçisi, eyni zamanda tərcüməçi Əyyub bəy Xanbudaqovdan ibarət idi. Məhkəmə müstəntiqlərinin təsəvvür edilməz dərəcədə çatışmazlığı və vaxt məhdudiyyəti ümumən FTKnın
fəaliyyətinin əsas problemi idi ki, bu da, şübhəsiz, ölkənin müxtəlif regionlarında təhqiqatlar aparan istintaq qruplarının işində əks olunurdu. Bunu A.F.Novatskinin Quba şəhərinin Pristavına ünvanladığı 11 dekabr 1918-ci il tarixli məktubu da təsdiq edir. Həmin məktubda Novatski erməni quldur dəstələrinin Qubaya basqını haqqında Komissiyaya məlumat verə biləcək şəhərin daimi müsəlman sakinlərindən təxminən 15-20 nəfərin adlarının bildirilməsini xahiş edir. Təsadüfi deyil ki, Novatski tərəfindən dindirilən şahidlərin əksəriyyəti Quba ictimaiyyətinin nüfuzlu şəxsləri – şəhər rəisi, hər iki dini cəmiyyətin – şiə və sünnilərin yüksək rütbəli ruhaniləri, habelə digər hörmətli şəhər sakinləri olur.

İfadə verən şəxslərin arasında həmçinin Quba qəzası kənd cəmiyyətlərinin tanınmış nümayəndələri, o cümlədən Xaçmaz nahiyəsindən Şıxlar bəylərindən biri – Həsən bəy Şıxlarski, Dəvəçi nahiyəsinin pristavı, Həmdulla Əfəndinin qardaşı, Şəmsəddin Əfəndiyev, Alpan kəndinin mülkədarı Bəybala bəy Qayıbov və başqaları var idi. Bu şahidlərin, həmçinin aralarında 7 yaşlı oğlan və onun anasının da olduğu digər zərərçəkənlərin ifadələri ilə, 1918-ci ilin aprel-may aylarında Qubada baş vermiş faciəli hadisələrin ümumi mənzərəsi yaranırdı. D.Gelavanini çıxmaqla, dindirilənlər arasında qeyrimüsəlman şahidlərin, xüsusilə də yəhudi əhalisinin nümayəndələrinin olmadığı barədə artıq yuxarıda deyilmişdi. Komissiyaya müraciət edənlərin arasında Quba şəhərinin erməni əhalisinin nümayəndələri də yox idi ki, bunun da yeganə səbəbi erməni sakinlərin guya həmin vaxt hələ şəhərə qayıtmadıqları ola bilməzdi. Quba şəhərinin 1-ci hissəsinin pristavının, onun nahiyəsində “başqa dinə mənsub şəxslərin” olmadığı haqqında yuxarıda göstərilən qeydi heç də şəhərdə ümumiyyətlə ermənilərin olmadığından xəbər vermirdi. Bu halda Novatskinin Quba şəhərinin Pristavına ünvanladığı məktubdakı şahidlərin seçimi ilə bağlı digər xalqların nümayəndələrinə dair xüsusi bir tələbin - “Quba şəhərinin və Quba qəzasının müsəlman əhalisinə qarşı heç bir zorakılıq törətməyən” – nə dərəcədə rol oynayıb-oynamadığını isə söyləmək çətindir. (316)

Lakin, erməni sakinlərin bu dövr şəhərdə olmaması kimi izah əsas götürələrsə belə, qeyd etmək lazımdır ki, əvvəlcədən, və ya hadisələrin gedişi zamanı tələsik Bakıya köçmüş Quba erməniləri əgər zərər çəkmiş olsaydılar, 1918-ci il mart hadisələri zamanı zərər çəkmiş bir neçə bakılı soydaşları kimi, onların da Bakı şəhərinin özündə FTK-ya müraciət etmək imkanları var idi. Burada FTK-nın Bakıda və qəzalarda fəaliyyət göstərdiyi şərait və zaman – 1918-ci ilin sonu, 1919-cu ilin birinci yarısı – nəzərə alınmalıdır. Belə ki, həmin dövr Bakı quberniyası İngiltərə komandanlığının idarəçiliyində idi, və erməni əhalisi öz başçıları ilə birlikdə, saysız şikayətlərlə bütün mümkün instansiyalara – Azərbaycan hökumətinə, Türkiyə, daha sonra İngiltərə komandanlığına, müxtəlif xarici missiyalara və s. müraciət etməklə, görünməmiş bir fəallıq göstərirdilər.


Belə olan halda, 1917-1918-ci illərdə Quba ermənilərinin müsəlmanlar tərəfindən zorakılığa məruz qalması haqqında hər hansı sübut və ya sənədlərin olmaması guya “Quba şəhərində erməni əhalisinin qətlə yetirilməsi” və Quba qəzasında kütləvi müsəlman qırğınlarının da məhz bu səbəbdən baş verməsi kimi ermənilərin bütün iddialarını heçə çıxarır. Hərçənd, belə bir sənəd bir neçə onilliklər sonra Ermənistan Respublikasının Tarix arxivində aşkar olunubdur. Bu sənədin daxil edildiyi toplunun tərtibçiləri ona “Quba şəhərinin keçmiş erməni əhalisinin nümayəndəsinin Bakı Erməni Milli Şurasına 1918-ci ilin martında ermənilərin Quba şəhərində məruz qaldıqları qətllər, qarətlər, zorakılıqlar, bolşevik komissarı Gelovaninin xəyanəti və yerdə qalan Quba əhalisinin ağır vəziyyətdə olması haqqında ərizəsi” kimi başlıq vermişlər. (317)

6 fevral 1919-cu il tarixli, guya Bakıda yazılmış bu sənəddə nə “Quba şəhərinin keçmiş erməni əhalisinin nümayəndəsinin”, nə də “qətllərə, qarətlərə və zorakılıqlara” məruz qalmış konkret şəxslərin adları göstərilmir. Sənəddə əsas etibarilə Quba hadisələri ərəfəsində baş vermiş məlum epizod - şəhərin müsəlman xadimləri tərəfindən Qubanın erməni
əhalisinin bir hissəsinin Bakı və Şamaxıda törədilən vəhşiliklərin qisasını qubalı ermənilərdən almaq istəyən bəzi müsəlman sakinlərdən qorumaq məqsədilə şəhər həbsxanasının binasında yerləşdirilməsi barədə hadisədən danışılır. Qubalı müsəlman şahidlərin ifadələrində dəfələrlə xatırlanan bu hadisə haqqında yuxarıda bəhs edilmişdi. Sənədin adsız müəllifi də etiraf edir ki, bütün bu adamlar “onların həyatının təhlükəsizliyinin təmin edilməsi üçün həbsxanaya salınmışdılar”, habelə “xeyirxah insanların sayəsində onları acından öldürmək mümkün olmamışdır” və onlar bolşevik komissarı Gelovani tərəfindən azad edilmişlər. Lakin sənədin adsız müəllifi, “qətllər və zorakılıqlar” ifadəsini bir neçə dəfə yalnız ümumi şəkildə qeyd edərək, əsas diqqəti “erməni-məhbusların” məruz qaldığı “qarətlərə” yönəldir: “Cinayətkarların bütün vəhşiliklərini, qadınlara və azyaşlı uşaqlara qarşı təhqir və zorakılıqları təsvir etməyəcəyəm, lakin əlavə etməliyəm ki, bəzi zinət əşyalarını qadınların saçlarında, burun deşiklərində və geyimlərində xilas etmək mümkün oldu”… “Bolşevik komissarı Gelovaninin xəyanəti sayəsində, həbsxanadan xilas edilmiş 132 nəfər azad edildikdən sonra yolda əsir düşür. Anaların, arvadların gözü qarşısında bütün kişiləri qətlə yetirərək, qadınları geriyə götürürlər və qalan zinət əşyalarını da əllərindən alırlar…”. (318)

Erməni sakinlərinin “cinayətkarlar” tərəfindən “qarət edilməsi” faktını və bu “cinayətkarlar” sırasında tanınmış Quba zadəganlarının bəzi nümayəndələrinin də adlarının çəkilməsini həmin sənədin “müəlliflərinin” öz vicdanına buraxmaq olar. Adları çəkilən şəxslərin qadınları qarət etmək kimi alçaq bir hərəkəti heç vaxt özlərinə sığışdırmayacağı, elə bir niyyətləri ola
biləcəyi halda belə, itaətlərində böyük silahlı dəstələrin olduğu faktını da bir tərəfə qoyaraq, qeyd edək ki, sənəddə təkcə Gelovaninin adının soyğunçu müsəlmanların cinayət yoldaşı kimi qələmə verilməsi, özlüyündə artıq həmin sənədin saxta olduğunu göstərir. Məlumdur ki, D.Gelovani yalnız FTK-nın istintaq qrupu ilə əməkdaşlıq etməyə başladıqdan sonra erməni dairələrində “provokator” və “satqın” elan edilmiş və buna görə də tezliklə erməni terrorçu tərəfindən öldürülmüşdü. Buradan aydın olur ki, “Quba şəhərinin keçmiş erməni əhalisinin nümayəndəsi” nə üçün “qarət edilənlərin” qaytarılması xahişi ilə FTK-ya, Azərbaycan hökumətinə deyil, məhz Bakı Erməni Milli Şurasına - sənədlərin saxtalaşdırılmasında daha çox marağı və böyük təcrübəsi olan bir quruma müraciət edir. Qeyd etmək lazımdır ki, bu sənədə öz zamanında Erməni Milli Şurası tərəfindən rəvac verilməmişdir ki, bu da
yuxarıda deyilənləri bir daha təsdiq edir. Lakin həmin sənəd daha bir şəxsin, qəzada “milli müharibə mühitini gərginləşdirən adam” kimi qəza komissarı Əli bəy Zizikskinin adının çəkilməsi ilə də diqqəti cəlb edir ki, bu da təsadüfi deyildi. Bu sənədi Quba ictimaiyyətinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanda milli-azadlıq hərəkatının fəal iştirakçısı, Azərbaycan Parlamentinin üzvü Əli bəy Zizikskiyə qarşı ermənilər tərəfindən məqsədyönlü böhtanların başlanması kimi qiymətləndirmək olar. Məlumdur ki, ermənilərin Quba həbsxanasında saxlanılması ilə bağlı hadisələrdə Zizikski şəxsən iştirak etməmişdir və ümumiyyətlə bu vaxt şəhərdə olmamışdır. Bununla bərabər, artıq yuxarıda deyildiyi kimi, Zizikski
Quba qəzasında bolşevik-erməni birləşmələrinə qarşı silahlı müqavimətin təşkilatçılarından biri olmuşdu və bu, bütün Quba ictimaiyyətinə, o cümlədən ermənilərə də bəlli idi. 1920-ci ilin aprelində Azərbaycan sovetləşdirildikdən sonra, Zizikski İran Azərbaycanına, Ərdəbil şəhərinə köçür və yalnız 1923-cü ildə vətənə qayıdır. Vaxtilə Qubada onun işçisi olmuş və sonradan Azərbaycan Fövqəladə Komitəsinin sədri vəzifəsinə qədər yüksələn Mir Cəfər Bağırov, öz keçmiş rəisinə leqallaşmaqda - üzə çıxmaqda kömək edir və Zizikski Qubaya qayıtmayaraq Bakıda məskunlaşır. Bununla belə, onun təqib edilməsinə son qoyulmur və sonrakı illərdə Azərbaycan Daxili İşlər Xalq Komissarlığı Dövlət Siyasi İdarəsinin (ADİK Az.DSİ – keçmiş Az.FK) sədrinin – Bağırovun himayəçiliyinə baxmayaraq, “köhnələrə” qarşı növbəti kampaniya zamanı, Zizikski 1926-cı ilin dekabr ayının 28-də “agentura məlumatları” əsasında həbs edilir. Maraqlıdır ki, Zizikskinin həbsinin əsl səbəbləri onun bilavasitə tərcümeyi-halındakı məlum faktlarla bağlı olsa da, istintaq orqanları onu “yeni cinayətlərdə”: müsavatçıların xeyrinə gizli fəaliyyət, fəhlə sinfinə qarşı fəal mübarizə, xaricdəki əksinqilabi təşkilatlar ilə əlaqə və saxta pul kəsənlərin təşkilatında iştirak etməkdə ittiham edirlər. (319)

İstintaq, “Zizikski”nin işini Hacı İsmayıl Qantəmirovun başçılıq etdiyi “Şimali Qafqaz-Dağlı əksinqilabçıları” qrupu ilə əlaqələndirməyə çalışaraq, əvvəlcə bu istiqamətdə işləyir. Lakin, kifayət qədər sübutların olmaması, yaxud hər hansı başqa səbəbdənmi, bir il yarımdan sonra Zizikskinin 1918-ci il hadisələri zamanı fəaliyyətini də cinayət işinə əlavə etmək qərara alınır. 1928-ci il iyul ayının 9-da Az.DSİ-nin müstəntiqi Bakıda yaşayan bir qubalını dindirir. Zizikskinin “Quba keçmişi” üzrə ilk şahidin dindirilmə protokolunda Zizikski “kasıb Quba kəndlilərinin istismarçısı və zülmkarı” adlandırılır, onun Qubada “tezliklə proletar diktaturasının qurulacağını əvvəlcədən gördüyü” və “quldur dəstəsi yaradaraq Sovet hakimiyyətinə qarşı fəal mübarizə apardığı” qeyd olunur. Daha sonra oxşar ifadələrlə Zizikskinin xidməti tərcümeyi-halı bütün təfsilatı ilə şərh edilir və şahid belə iddia edir ki, müttəhim “ümumiyyətlə heç bir halda mövcud proletar diktaturası ilə barışa bilməz” və “Quba proletariatı uzun illər ərzində Zizikskinin verdiyi işgəncələrə görə ona nifrət edir”. (320) Ola bilsin ki, deyilənlərə dair hər hansı konkret sübutların olmaması, həmçinin ifşaedici ifadələrin məhz bu “ideoloji” üslubu 1920-ci illərdə formal da olsa, hələ hüquqi qanun və qaydalara riayət edən istintaqı qane etmir. Hər halda, 1928-ci il 11 iyul tarixdə Az.Dövlət Siyasi İdarəsinin sədr müavininin imzası ilə Quba İnformasiya Nahiyəsinin (QİM) rəisinə “məxfi” qrifi ilə gedən məktubda “bir həftə ərzində, öz məsuliyyəti altında, Əli bəy Zizikskinin yuxarıda göstərilən fəaliyyətini təsdiqləyən şəxslərin dindirilməsi və bütün materialın Az.DSİ-yə göndəriməsi” tələb olunur. Əli bəy Zizikskinin “yuxarıda göstərilən fəaliyyəti” dedikdə isə aşağıdakılar nəzərdə tutulurdu: “1918-ci ildə Dağıstanlı Uzun Hacı (Nəcməddin Qotsinski nəzərdə tutulur
- S.R.-T.) ilə birlikdə əksinqilabi quldur dəstələrinin Xırdalan tərəfdən Bakı şəhərinə hücumuna başçılıq etmişdir. Göstərilən hücum baş tutmadıqdan sonra və Quba qəzasında Sovet hakimiyyətinin qurulması ilə əlaqədar olaraq, Ə.Zizikski qiyam qaldırmış və nəticədə Quba şəhəri ələ keçirilmiş, qızıl ordu dəstəsi məhv edilmiş, erməni əhalisi qırılmış, həmçinin Qubanın yalnız kasıb əhalisindən ibarət olan günahsız vətəndaşları kütləvi şəkildə həlak olmuşdur”. (321)


QİM bu tapşırığı yerinə yetirir və 1928-ci ilin 16 və 19 iyul tarixlərində yeddi şahidi dindirərək, materialı Bakıya göndərir. 1928-ci il iyulun 28-də Bakıdan Qubaya daha bir məktub gəlir və bildirilir ki, göndərilən material dəyərli olsa da, kifayət deyildir. Həmin məktubda konkret bir ad çəkilir və “ bu ya digər material” əldə etmək üçün həmin adamı və onun göstərəcəyi başqa şəxsləri – cəmi 10 nəfərə yaxın şahidi dindirmək təklif edilir. Məktubun sonunda bu tapşırığın təcili icra olunmasının vacibliyi göstərilir, çünki, “iş 1 avqust tarixində məruzə edilməlidir”. (322)

Xidməti məktubun Qubada 30 iyulda alınmasına baxmayaraq, tapşırıq vaxtında yerinə yetirilir. Belə ki, iyulun 31-də daha yeddi nəfər dindirilir və materiallar təcili surətdə Bakıya göndərilir. Rekord müddətdə dindirilən on dörd şahidin verdiyi ifadələrdən göründüyü kimi, onların hamısı Əli bəy Zizikskinin fəaliyyətinin Az.DSİ-nin məktubunda göstərilən “tərəflərini” sözbəsöz “təsdiq etdilər”. Bununla belə, həmin ifadələr üçün səciyyəvi olan bir məqam dərhal nəzərə çarpır: məlum olur ki, “təsdiq etdikləri” faktları şahidlər yalnız “eşitmişlər”, və ya onlara “danışmışlar”, özləri isə “şəxsən heç nə görməmişlər”. Ə.Zizikskinin guya Quba sakinlərinə, istər “kasıb əhaliyə”, istərsə də ümumən müsəlmanlara, yəhudilərə, ermənilərə qarşı törətdiyi cinayətlərə dair heç bir dəlil gətirilmir. Eləcə də Qubada nə vaxtsa “erməni əhalisinin qırğını” baş verməsi və yaxud belə bir hadisə olmuş olsaydı belə, Əli bəyin konkret olaraq bu əməllərdə iştirakı haqqında hər hansı konkret fakt göstərilmir. Burada xüsusi qeyd olunmalıdır ki, şahidlərin arasında bircə nəfər də olsun erməni yox idi və onları Babenko adlı müstəntiq dindirirdi. Şahidlər əsasən 1918-ci ilin aprel-may aylarında Quba qəzasında baş vermiş məlum hadisələrin gedişi haqqında danışır, Zizikskinin xidməti tərcümeyi-halından məlumatları təsdiqləyirdilər. Bu şahid ifadələrində Əli bəy Zizikskinin “hökumət əleyhinə” fəaliyyəti sayıla biləcək aşağıdakı sözləri nümunə gətirilirdi: “1918-ci ildə Əli bəy Bakıdan kimdənsə teleqram aldı və bundan sonra Qubada camaatı topladı, kəndlərə isə nümayəndələr göndərərək, xəbər verdi ki, “Bakıda ermənilər müsəlmanları qırırlar”; “Quldur dəstəsinə adam yığarkən Əli bəy və onun köməkçiləri belə təbliğat aparırdılar ki, indi milli mübarizə gedir və biz öz millətimizi qorumalıyıq”; “Mən şəxsən heç nə görməmişəm, amma mənə danışıblar ki, Əli bəy dəstə yaratmışdı və kəndlərdə də təbliğat aparırdı ki, bolşeviklər ermənilərlə birlikdə müsəlmanları məhv etmək istəyirlər...” və s. (323)


Şahidlər iddia edirdilər ki, Əli bəy Zizikski Bakıdan teleqram alındıqdan sonra onun dəstələri Bakı üzərinə “hücuma keçdilər”. Onlar şəhəri və Bakının müsəlman əhalisini bolşeviklərdən azad etməyə hazırlaşırdılar, Bakının ətrafına – Xırdalanadək çatdılar, lakin məğlubiyyətə uğrayaraq, Qubaya qayıtdılar və bolşevik qoşunlarına qarşı silahlı müqavimət göstərdilər. Əli bəy tərəfindən yaradılmış dəstənin sayı 1500-dən 4-5 minədək, və yaxud 7-10 min nəfər göstərilirdi. Şahidlərdən biri iddia edirdi ki, bolşeviklər üçüncü
dəfə Qubanı ələ keçirdikləri zaman, o, “tərksilah olmaq, yüksək vəzifə tutmaq və bolşeviklərlə işləmək” təklifi ilə Əli bəy Zizikskinin yanına göndərilən 4 nümayəndədən biri olubdur, lakin Zizikski bu təklifləri rədd etdi. Bu məlumat başqa şahid tərəfindən də təsdiq edilirdi: “bolşeviklər dəstənin buraxılmasını xahiş edirdilər və bildirirdilər ki, onlar dinc əhali ilə vuruşmağa gəlməyiblər. Onlar Əli bəydən xidməti işə başlamaq üçün Qubaya gəlməsini xahiş edirdilər. Əli bəy buna cavab olaraq bildirdi ki, quldur bolşeviklərə tabe
olmayacaqdır və Quba və Xaçmazı onlardan təmizləyəcəkdir”. (324) Qeyd etmək lazımdır ki, burada söhbət Amazaspın dəstələri çıxıb getdikdən və Qubaya Levon Qoqoberidzenin rəhbərlik etdiyi artıq üçüncü bolşevik qrupu gəldikdən sonra baş vermiş hadisələrdən gedirdi. Şübhəsiz ki, bu sonuncu ifadələr Əli bəy Zizikskini bolşeviklər əleyhinə
mübarizədə ittiham etməyə əsas verirdi və bir çox hallarda həqiqətə uyğun idi. Buna baxmayaraq, istintaq işindən göründüyü kimi, müstəntiq, deyilənlərə dair, o cümlədən qəzanın erməni əhalisinə münasibətə dair konkret fakt və sübutlar əldə etməyə çalışırdı. Lakin, “erməni qırğınları”, erməni əhalisinin “qarət edilməsi”, Əli bəyin özü tərəfindən də olmasa, onun dəstəsi tərəfindən “qarətlər törədilməsi” haqqında bir şey eşitmək istəyən müstəntiq hər dəfə eyni cavab alırdı: “konkret faktlar göstərə bilmərəm”. Bir çox şahidlər bu məqamı onunla izah edirdilər ki, özləri bu vaxt şəhərdə olmamışlar, yaxud evdən bayıra çıxmamışlar, və yalnız bir şahid göstərirdi ki, “o savadsız adamdır, artıq hər şeyi unudub”. (325) Hətta Az.DSİ tərəfindən tövsiyə olunan “şahid” də, müstəntiqin işinə yaramaq üçün bütün səylərinə baxmayaraq, bu suala dair konkret sübutlar göstərə bilməmişdi. Müstəntiq Babenkonun Quba şəhərinin, və ya Quba qəzasının erməni sakinlərini niyə dindirmədiyi sual olaraq qalır. Bununla belə, həmin məqama aşağıda aydınlıq gətiriləcəkdir.

Burada qeyd edilməlidir ki, Əli bəy Zizikski bütün istintaq boyu ona qarşı irəli sürülən ittihamlarının heç bir bəndində özünü müqəssir saymamış, “Şimali Qafqaz – Dağlı qrupunun” işi üzrə adları keçən şəxslərin etiraf ifadələrinə baxmayaraq, hətta üzləşdirmələr zamanı özünü çox ləyaqətlə aparmışdır. O, özünün Quba dövrü xidməti haqqında kifayət qədər az və
yığcam danışmış, 1918-ci ilin mart-may hadisələri haqqında danışmaqdan isə ümumiyyətlə imtina edərək, aradan uzun müddət keçdiyini və heç nə xatırlamadığını qeyd etmişdi. Müstəntiq ona 1918-ci ilin Quba hadisələrindəki rolu haqqında “öz taleyini yüngülləşdirmək məqsədilə səmimi ifadə verməsini” təklif etdikdə, qısa və dəqiq cavab eşitmişdir: “Mənim Quba hadisələrində heç bir iştirakım olmayıb”. (326)

Qubadan alınmış yeni materialların Az.DSİ müstəntiqlərini nə dərəcədə qane edib-etmədiyi məlum deyil, amma görünür ki, bu iş üzrə artıq avqustun 1-də “mərüzə edilir”. Belə ki, artıq 2 avqust 1928-ci il tarixdə Əli bəy Zizikski “siyasi quldur” kimi əksinqilabi fəaliyyətdə, xarici əksinqilabi təşkilatlarla əlaqədə və saxta pul kəsənlərin təşkilatında iştirakda ittiham edilərək, haqqında Qəti Hökm çıxarılır. Bu sənəd əsasında 1928-i il avqustun 6-da Əli bəy Zizikski Az.DSİ Kollegiyası tərəfindən “sosial müdafiənin ən yüksək cəzasına – güllələnməyə” məhkum edilir. (327) Az.SSR təhlükəsizlik orqanları Oktyabr İnqilabının 10 illiyi münasibətilə hökumət tərəfindən verilmiş amnistiyanın Zizikskiyə şamil edilməməsi haqqında vəsatət qaldırırlar və həmin vəsatətin Azərbaycan, Cənubi Qafqaz Federasiyası və Sovet İttifaqının dövlət strukturları tərəfindən təsdiqi bir ildən bir qədər çox vaxt çəkir. Həmin vəsatət təsdiq edildikdən dərhal sonra Əli bəy Zizikski haqqında ölüm hökmü 1929-cu il sentyabr ayının 16-dan 17-ə keçən gecə yerinə yetirilir. Burada ermənilər tərəfindən imzalanmış və son dərəcə böyük əhəmiyyət kəsb edən daha bir sənədə diqqət yetirmək vacibdir. 1918-ci il hadisələrindən bəhs edən bu sənəd Quba qəzasının erməni əhalisinə qarşı müsəlmanlar tərəfindən hər hansı zorakılıq əməllərinin olub-olmamağı, həmçinin Azərbaycan xadimlərinin bu dövr fəaliyyətinə dair konkret faktlarla bağlı məsələlərə müəyyən mənada aydınlıq gətirir. Bu sənəd Quba qəzasının digər görkəmli nümayəndəsi, həmçinin 1918 – 1920-ci illərdə Azərbaycan Parlamentinin üzvü olmuş Həmdulla Əfəndi Əfəndizadənin adı ilə bağlıdır. Dəvəçi nahiyəsinin Gələgəh kəndindəki ata-baba mülkündə yaşayan Həmdulla Əfəndi bütün mahalda böyük nüfuza malik olan məşhur ruhani ailəsinə mənsub idi. Onun babası İbrahim Əfəndinin qəbri müsəlman əhalisinin ziyarət yeri idi, atası İsmayıl Əfəndi və əmisi Əbdül Vahab Əfəndi hələ 1880-ci ildə, “müridizmi qızışdıranlar” kimi, Sibirə, azad məskunlaşmaya sürgün edilmişdilər, İsmayıl Əfəndi orada vəfat etmiş, Əbdül Vahab Əfəndi isə yalnız 17 ildən sonra vətənə qayıtmışdı. (328) Həmdulla Əfəndi özü bütün qəzada ictimai xadim, şərəfli və ədalətli insan kimi tanınırdı, bu da ona, yalnız müsəlmanlar arasında deyil, bütün əhali arasında böyük nüfuz qazandırmışdı. Ölkədə hökm sürən anarxiya və hərc-mərclik illərində Həmdulla Əfəndinin silahlı dəstələri qəzanın Dəvəçi nahiyəsində qayda-qanunun və sabitliyin qorunmasına nəzarət edirdilər. 1918-ci ilin Quba hadisələri zamanı Həmdulla Əfəndinin bir neçə yüz nəfərdən ibarət olan tərəfdarları Möhübəli Əfəndinin və Hətəm Ağa Cağarvinın başçılıq etdikləri ləzgi dəstələri ilə birlikdə bolşevikerməni
hərbi birləşmələrinə qarşı müqavimət göstərmişdi. Azərbaycanda Sovet Hakimiyyəti qurulandan dərhal sonra Həmdulla Əfəndini həbs etmək cəhdi 1920-1921-ci illərdə qəzada sovet hakimiyyəti əleyhinə üsyanın başlanmasına səbəb olmuş, üsyanın yatırılması “yüzlərlə qızıl əsgərin həyatı hesabına” başa gəlmişdi. Bu hadisələrdən bir müddət sonra dağlarda gizlənən Həmdulla Əfəndi hakimiyyət qarşısında “bəraət qazana bilmiş” və azad dinc yaşamaq üçün hökumətdən “mandat” almışdı. 1920-1926-cı illərdə respublika DİXK DSİ tərəfindən dəfələrlə Həmdulla Əfəndini “aradan götürmək” üçün müxtəlif tədbirlər görmüş, lakin bütün bu cəhdlər əhalinin ayıqlığı və “onun bacarıqlı siyasəti” nəticəsində boşa çıxmışdı. DSİ-nin
bütün məxfi yazışmalarda Həmdulla Əfəndi Sovet hakimiyyəti üçün “təhlükəli element” sayılırdı: “Bığıcı, Zığlı, Gəndob, Ügah, Leyti, Ləcəd və digər kəndlərin Əfəndiyevin təsiri altında olan kəndlilərindən heç biri hakimiyyətin gördüyü işlərdə fəal iştirak etmir, bütün seçkilər Əfəndiyevlərin göstərişi və qərarları ilə keçirilir, hətta bu kəndlərin heç birində partiyaçıya və ya komsomola rast gəlmək mümkün deyildir, çünki Əfəndiyev buna icazə vermir …”. (329)


1927-ci ildə, bütün ölkədə “əksinqilabi elementlərin ləğv edilməsi” üzrə fəal kampaniya aparılarkən və SSRİ DİXK tərəfindən böyük siyahılar tərtib edilərkən, Həmdulla Əfəndinin adı Az.SSR Dəvəçi rayonu üzrə belə bir siyahıya başçılıq edirdi. O, 1927-ci ilin avqustunda həbs edilərək Bakıya gətirilir və burada, Az.DSİ tərəfindən Az.SSR Cinayət Məcəlləsinin 76-cı maddəsi ilə – quldurluqda ittiham edilir. Lakin belə bir gərgin və son dərəcə mürəkkəb siyasi şəraitdə qohumları və dindaşları ilə bərabər Quba qəzasının erməni kəndi Kilvarın əhalisi də Həmdulla Əfəndinin müdafiəsinə qalxır. Həmdulla Əfəndinin istintaq işində bu kəndin 90 nəfər erməni kəndlisi tərəfindən imzalanmış bir sənəd var. Bu sənəddə deyilir: “Biz, 1927-ci ilin 19 avqust tarixində, aşağıda imza edən Kilvar kəndinin sakinləri, öz imzamızla təsdiq edirik ki, Gələgah kəndinin sakini vətəndaş Həmdulla Əfəndiyev bizə qarşı
həmişə xeyirxah olmuşdur, bizə xeyirdən başqa heç bir pisliyi dəyməmişdir; əlavə olaraq, 1905-ci ildə iğtişaşlar zamanı qonşu kəndlərə bizimlə daima dinc dolanmağı məsləhət görmüşdür və hər cür münaqişələrin qarşısı alınmışdır. 1918-ci ildən 1920-ci ilədək həm bizə, həm də bizim əmlakımıza toxunmağa heç kimə imkan verməmişdir, ümumiyyətlə heç vaxt bizimlə qonşularımız arasında milli ədavət aparmamışdır. Bütün bu yuxarıdakı işləri o, mənfəət niyyəti ilə yox, açıq ürəkdən etmişdir. Bu səbəbdən biz, aşağıda imza edənlər,
yuxarıda deyilənləri nəzərə almağınızı xahiş edirik və imzalayırıq”. (330) Bunun ardınca əksəriyyəti erməni əlifbasında olan 90 sakinin imzası gəlirdi. (Sənədin surəti kitabdakı fotoşəkillərə əlavə edilmişdir). Çox maraqlıdır ki, kilvarlı ermənilər bu sənədin – “Qərarın” yalnız imzalanması ilə kifayətlənməyərək, ayrıca məktubla Kilvar Kənd Sovetinin
sədri A.A.Ambarsumova onların imzalarını möhürlə təsdiq etmək xahişi ilə müraciət etmiş və bu xahiş yerinə yetirilmişdi. (331)

Lakin bu məktub əhvalatı bununla bitmirdi. Belə ki, istər məktubun məzmunundan, istərsə də erməni əhalisinin fəallığından açıq-aydın narahat olan istintaq, belə bir məktubun nəinki tərtib edilməsi, həm də A.A.Ambarsumov kimi rəsmi şəxs tərəfindən möhürlə təsdiq edilməsi ilə bağlı olaraq Quba qəzasının Dəvəçi Dairəsi Kilvar Kənd Sovetinin sədri – Ambarsum
Aleksandroviç Ambarsumovu dindirir, və həmin dindirmənin gedişində üzə çıxan daha bir məqam xüsusi diqqət tələb edir. A.A.Ambarsumov bildirir ki, “O, Həmdulla Əfəndinin yaxşı davranışı ilə bağlı belə bir sənəd - Qərar verməkdən imtina etdikdə... Kilvar kəndinin sakinləri öz adlarından iltizam verdilər ki, bütün sonrakı nəticələrə görə Kənd Soveti yox, əhali özü cavabdehdir”. (332)


Bu məktub, təbii ki, həbsdə olan Həmdulla Əfəndinin taleyinə təsir göstərmir. 4 mart 1928-ci il tarixində o, “Sovet quruluşu idarəçiliyinə qarşı cinayətlərdə və quldurluqda iştirakda” ittiham edilir, 17 iyul 1928-ci ildə isə Az.DSİ Kollegiyası tərəfindən “sosial müdafiənin yüksək cəzasına – güllələnməyə” məhkum edilir. (333) Hökm Oktyabr İnqilabının 10 illiyi
münasibətilə elan olunmuş amnistiyanın Həmdulla Əfəndi Əfəndizadəyə şamil edilməməsi haqqında Az.SSR təhlükəsizlik orqanlarının vəsatəti təsdiq edildikdən dərhal sonra – 1929-cu il avqustun 3-də yerinə yetirilir. (334)

Lakin Kilvar ermənilərinin bu məktub-müraciətinin əhəmiyyəti yalnız, onu imzalayan və bu hərəkətin “nəticələri” üçün cavab verməyə hazır olan erməni sakinlərinin yüksək vətəndaşlıq borcu, ədalət və minnətdarlıq hissinin ifadə edilməsi ilə məhdudlaşmırdı. Hərçənd, həmin dövrün sərt qanunları nəzərə alınarsa, bu, özlüyündə kifayət qədər cəsarətli və təqdirəlayiq addım idi. Bu sənəd, həmçinin, Quba qəzasında 1918-ci ilin hətta ən ağır və qanlı hadisələri zamanı, Azərbaycan xadimlərinin erməni hərbi birləşmələri ilə qəzanın yerli erməni əhalisi arasında fərq qoyduqlarının ən parlaq nümunəsi idi. Sənəd bir daha təsdiq edirdi ki, dinc müsəlman əhalisini kütləvi şəkildə məhv edən erməni quldurlarına qarşı əllərində silah, fədakarcasına vuruşan müsəlman liderləri eyni zamanda qəzanın erməni sakinlərinə nəinki toxunmamış, hətta onları bəzi soydaş-larının qisasından müdafiə etmiş və qorumuşlar.

Burada kiçik bir haşiyə çıxaraq qeyd edilməlidir ki, Sovet hakimiyyəti tərəfindən yalnız Quba qəzasının deyil, öz dövründə Azərbaycanın tanınmış siyasi və ictimai xadimləri olan Əli bəy Zizikski və Həmdulla Əfəndi Əfəndizadə məhv edilməmişlər. Bir neçə ildən sonra Quba ictimaiyyətinin bir çox nümayəndələri, istər AXC, istərsə də Sovet hakimiyyəti illərində əhali arasında böyük nüfuz sahibi olan insanlar artıq Stalin repressiyalarının qurbanı olurlar. Sovet hakimiyyətinin nəzərində bu insanların ən başlıca “təqsiri” onların öz xalqına namusla xidmət etməsindən, lakin əvvəlki – çar və “Musavat” rejimlərində xidmət etməsindən ibarət idi. Repressiyaya məruz qalanlar arasında çoxlu sayda 1918-ci il Quba faciələrini yaşamış, eləcə də bolşevik-erməni birləşmələrinə qarşı vuruşlarda fəal iştirak etmiş adamlar var idi. Az.DİXK tərəfindən həbs olunanlardan iki nəfəri isə 1918-ci ildə AXC Fövqəladə Təhqiqat Komissiyasının işində bilavasitə iştirak edərək Komissiyaya ifadə vermiş və istintaqa kömək etmişdi. Əli Abbas bəy Əlibəyov, Qubanın 67 yaşlı keçmiş şəhər rəisi, Az.DİXK
Quba Rayon şöbəsi tərəfindən 1937-ci il avqustun 6-da həbs edilir. 1920-ci illər Əli Abbas bəy üçün çox gərgin və həyəcanla dolu keçir. 1920-ci aprel ayının 20-si, Azərbaycan sovetləşənədək şəhər rəisi vəzifəsində qalan Əli Abbas bəy, narahat 1918-ci illərdə olduğu kimi, yenə də şəhəri tərk etmir, Qubaya daxil olan Sovet qoşunu qarşısında qorxuya düşən xalqı qaçıb dağılışmağa qoymur və vaxtilə Amazaspla təhlükəli danışıqlar apardığı kimi, yenə də özü bolşeviklərin qarşısına çıxır. Yaranmış vəziyyətdən çox tez baş açan Əlibəyov
Azərbaycan ordusunun şəhərdə olan azsaylı zabitlərini yaxşı silahlanmış qırmızı ordunun böyük dəstələrinə topla atəş açmaqdan çəkindirir və bununla da mütləq insan tələfatına gətirib çıxaracaq silahlı toqquşmaların qarşısını alır.

Bununla belə, kifayət qədər tanınmış şəxs olan Əli Abbas bəy yeni hakimiyyət tərəfindən dərhal həbs olunur, lakin bir müddət sonra azad edilir və bu zaman onun demək olar ki, bütün əmlakı, o cümlədən, 2 mərtəbəli evi, dükanları və s. müsadirə olunur. 1929-cu ildə o, “keçmiş qolçomaq” kimi seçki hüququndan məhrum edilir, lakin ay yarımdan sonra Əli Abbas
bəy bu hüququn bərpa edilməsinə nail olur. Hələ çar vaxtından məhkəmə orqanlarında iş təcrübəsinə malik olan Ə.b.Əlibəyov vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayır və 1937-ci ildə həbs edilənə qədər Azərbaycan Sovet Sosialist Respublikası Müdafiəçilər Kollegiyasının üzvü olur. İstintaq vaxtı Az.DİXK müstəntiqi tərəfindən Əlibəyovun nəinki “təqsiri” sübut edilmir, hətta ona qarşı konkret olaraq hansı ittihamın irəli sürüldüyü belə axıra qədər dəqiq ifadə olunmur. Bununla belə Əli Abbas bəy aşağıdakılarda “müqəssir” bilinir: “Müsavat hökuməti dövründə keçmiş qəza rəisi, böyük müsavatçı Xan Xoyski (Əmirxan) ilə sıx əlaqədə olmuşdur və bu sonuncu tərəfindən şəhər rəisi təyin edilmişdir. Sovetləşdirilmədən sonra qolço-maqlıqdan salınmış və seçki hüququndan məhrum edilmişdir. Mütəmadi surətdə təbliğatla məşğul olmuş, mövcud quruluşa qarşı narazılığını bildirmişdir. Öz söhbətlərində teztez
Müsavat dövrünü xatırlayır və hər dəfə keçmiş Müsavat hakimiyyətinin qayıtması arzusunu bəyan edir”. (335)


Bu sətirlər artıq Az.DİXK Xüsusi Üçlüyünün 26 avqust 1937-ci il tarixli iclasının Protokolunda yer almışdı və onların əsasında həbsindən cəmi 20 gün sonra müttəhim haqqında hökm çıxarılır. Qeyd edilməlidir ki, “sovet hakimiyyətinə qarşı təbliğatda” ittiham yalnız qondarma şahidlərin ümumi və sübutsuz ifadələri üzərində qurulmuş və heç bir konkret fakt ya dəlillə
əsaslandırılmamışdı, “müttəhim Əlibəyov isə ona qarşı irəli sürülən ittihamlarda özünü müqəssir hesab etməmişdi”. Bununla belə, hökm birmənalı idi: “Güllələnsin. Əmlakı müsadirə olunmaqla”. Hökm bir həftədən sonra yerinə yetirilmişdi, hərçənd Əli Abbas bəyin taleyindən xəbərsiz olan ailəsi 1940- cı ildə ittifaq üzrə DİXK orqanlarına onun işinə yenidən baxılması xahişi ilə müraciət edərkən Az.DİXK Quba Rayon Şöbəsinin rəisinə belə bir göstəriş gəlmişdi ki, Əlibəyovun ailəsinə bu məzmunda xəbər verilsin: “1937-ci ildə
Ə.b.Əlibəyov 10 il müddətinə məhkum edilmiş və qohumları ilə yazışmaq hüququ olmadan xüsusi rejimli düşərgəyə göndərilmişdir”. Bu fakt Sovet hakimiyyət orqanlarının, hər şeydən əlavə, həm də həyasızlığının ən bariz nümunəsi idi. (336)

Bununla belə, Əli Abbas bəy Əlibəyovun istintaq materiallarından göründüyü kimi, bütün bu istintaq, o cümlədən bütün arayışlar, dindirmə protokolları, şahid ifadələri və s. sənədlər, hamısı birlikdə işdə olan yalnız bir - kiçik, lakin çox mühüm - vərəqənin ətrafında formal quraşdırmadan başqa bir şey deyildi. Həmin vərəqə isə, “Az.SSR DİXK-nın “aradan götürmək” üzrə təsdiq olunmuş Siyahısından Çıxarış (siyahı № 1, kateqoriya 1, sıra № 42)” idi. 42 № sıra sayı altında Əli Abbas bəy Əlıbəyovun adı gəlirdi, 1-ci kateqoriya
isə - cəza növünü nəzərdə tuturdu. (337)


Belə bir vərəqə - “Az.SSR DİXK-nın Quba rayonu üzrə təsdiq olunmuş Siyahısından Çıxarış” ilə Quba şəhərinin digər sakini – Məşədi Hacı Ağa Kərbəlayı Əhməd oğlu Qasımovun istintaq işi başlayırdı. “52 yaşlı..., “keçmişdə iri tacir...,seçki hüququndan məhrum edilmiş...”. M.H.A.Qasımov həmin “...Siyahıdan Çıxarış” əsasında 1938-ci il fevralın 10-da həbs olunmuş və elə həmin gün onun haqqında cinayət işi açılmışdı. Çıxarışda müttəhimin tərcümeyi-halı əks olunan “Müəyyən edilmiş məlumatlar” bölməsindən sonra “Xasiyyətnamə” hissəsi gəlirdi ki, məhz bu hissədə Qasımov haqqında yazılan sətirlər ona qarşı irəli sürülən ittihamın əsasını təşkil etməli idi: “Antisovet əhval-ruhiyyəli bir şəxs, mövcud Sovet hakimiyyətinə nifrət edir, Sovet hakimiyyətinin guya yaxın vaxtlarda məhv olacağının labüdlüyü haqqında təxribatçı şayiələr yayır”. (338)

20 gündən artıq davam etməyən istintaq müddətində Məşədi Hacı Ağa “ əks-inqilabçı antisovet təbliğatı yaymaq” kimi ona qarşı irəli sürülən ittihamı qətiyyətlə rədd edərək özünü müqəssir bilmir. Hərçənd istintaqın gedişində onunla iki dəfə üzləşdirmə təşkil edilir və bu üzləşdirilmə zamanı “şahidlər” ona “xatırladırlar” ki, guya bir dəfə çayxanada müştərilərin biri
qəzet oxuyarkən SSRİ-nin beynəlxalq münasibətlərinə dair məqaləni Məşədi Hacı Ağa “uca səslə” belə “şərh etmişdi”: “Axır ki, bir azdan Sovet hakimiyyəti məhv olacaq. İndi ona daha heç nə kömək edə bilməz”. (339)

İstintaqın “Sovet hakimiyyətinin tədbirlərindən narazılıq” və ya “partiya və hökumətin rəhbərlərinə böhtan” kimi müəyyən etdiyi bu və ya digər mülahizələrin M.H.A.Qasımov tərəfindən həqiqətən deyilib-deyilmədiyi məlum deyil. Əslində, istintaq üçün bunun elə bir əhəmiyyəti də yox idi. Bunlardan daha mühüm və həqiqətə daha uyğun olan sözlər – ittihamçı
tərəfin şahidlərinin ifadələrindən qırmızı xətt ilə keçən “M.H.A.Qasımovun Quba şəhəri və qəzanın kənd əhalisi arasında böyük və inkaredilməz nüfuzu olması” haqqında şəhadət istintaq tərəfindən daha ciddi qəbul edilirdi. M.H.A.Qasımovun adının “Az.SSR DİXK-nın Quba rayonu üzrə təsdiq olunmuş Siyahısına” – özü də 1-ci kateqoriya ilə – düşməsinin əsl səbəbi bu deyildimi?


“Güllələnsin. Əmlakı müsadirə edilsin” – Məşədi Hacı Ağa Qasımov haqqında Az.DİXK Xüsusi Üçlüyü 1938-ci il martın 9-da məhz belə bir hökm çıxarır, həmin il martın 22-dən 23-nə keçən gecə isə hökm yerinə yetirilir. (340) Burada qeyd olunmalıdır ki, Azərbaycan SSR DİXK orqanları tərəfindən 1920-1930-cu illərdə repressiyalara məruz qalmış və “xalq düşməni” elan edilmiş keçmiş Quba qəzasının bütün sakinləri ölümlərindən sonra bəraət almış, onların təmiz adı və şərəfi bərpa edilmişdir. Öz xalqının və ölkəsinin həqiqətən ləyaqətli övladı və vətəndaşı olmuş bu insanların faciəvi sonluğunun şahidi olan istintaq işləri isə çoxdan arxivlərə verilmişdi. Lakin bir neçə on illikdən sonra onların adları yenidən, artıq başqa arxiv sənədlərində Fövqəladə Təhqiqat Komissiyasının materiallarında gündəmə gəlir. Həm də bu dəfə onlar həmin Komissiyanın sənədləri vasitəsilə ilə istər özlərinin, istərsə də də bütün xalqın taleyində faciəvi iz qoymuş başqa bir dövr və hadisələr – 1918-ci il Quba hadisələri – haqqında həqiqəti öz varislərinə çatdırırlar.

* * *


Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin “Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi haqqında məruzəsi” ilk dəfə 1990-cı ildə dərc edilmişdir. (341) 1918-ci ilin aprel-may aylarında Qubada baş vermiş hadisələr haqqında ən mühüm və ətraflı məlumatlardan ibarət olan bu məruzə, eləcə də istintaq işinin ayrı-ayrı materialları sonrakı illərdə qismən, Azərbaycan və AXC tarixi, 1917-1920-ci illər milli hərəkatı, erməniazərbaycanlı münasibətləri, Cənubi Qafqazda erməni millətçiliyi və s. kimi geniş spektrli mövzuları araşdıran alim və mütəxəssislərin tədqiqat obyektinə çevrilmişdir. (342)


Lakin bütün bu illər ərzində FTK-nın sənədləri tam həcmdə dərc edilməmiş qalırdı. FTK-nın materiallarının bir hissəsini təşkil edən, 1918-ci il Bakı şəhəri və onun ətraf kəndlərində baş vermiş mart hadisələrinə həsr edilmiş sənədlərdən ibarət ilk toplu müəllif tərəfindən tərtib edilərək 2009-cu ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən nəşr edilmişdir. (343)


2010-cu “Fövqəladə Təhqiqat Komissiyasının materialları” silsiləsindən olan ikinci sənədlər toplusu nəşr olunmuş və bu kitaba “Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi haqqında” istintaq işinin bütün sənədləri daxil edilmişdir. (344)


2011-ci ildə müəllif tərəfindən xarici arxivlərdə FTK tərəfindən çəkilmiş və 1919-cu ildə Fransaya Versal Sülh Konfransında Əli Mərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinə göndərilmiş 102 fotoşəkil aşkar edilmişdir. Həmin şəkillər, onların məhz Komissiya tərəfindən çəkildiyini sübut edən FTK-nın müvafiq sənədləri ilə birlikdə 2012-ci ildə üç dildə – rus, ingilis və türk dillərində kitab-albom şəklində dərc edilmişdir. Kitab-alboma həmçinin Azərbaycanın qəzalarında baş vermiş faciəli hadisələrə
aid FTK üzvlərinin məruzələri də daxil edilmişdir. (345)

FTK materiallarından ibarət topluların nəşri, həmin sənədlərin 1918-ci ildə Azərbaycanın müxtəlif regionlarında əlli mindən artıq günahsız insanların-azərbaycanlıların qırılmasına, ölkənin müsəlman əhalisinə məxsus yüzlərlə yaşayış məskənlərinin, minlərlə ictimai, mülki, ticarət, mədəniyyət obyektlərinin, memarlıq abidələrinin və s. məhv edilməsinə gətirib çıxarmış
dəhşətli terror hadisələrinin əsl miqyası və xarakteri barədə həm Azərbaycan, həm dünya ictimaiyyətinin məlumatlandırılması işində fövqəladə dərəcədə əhəmiyyəti və aktuallığı ilə şərtlənir.

“Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi haqqında” sənədlər, FTK materiallarının bir hissəsi olmaqla, böyük elmimənbəşünaslıq, tarixi, siyasi və diplomatik əhəmiyyətə malikdir. Eyni zamanda, bu sənədlər 1918-ci il Quba hadisələrinin həmin dövr Bakıdakı hakimiyyətin erməni rəhbərləri və erməni millətçiləri tərəfindən gələcək
Ermənistan dövləti üçün potensial ərazi kimi nəzərdə tutulan Azərbaycan torpaqlarında müsəlman əhalinin sayının maksimal dərəcədə azaldılmasına yönəldilmiş daha genişmiqyaslı əməliyyat və planlarının tərkib hissəsi olduğunun inkaredilməz sübutudur.


Quba hadisələrinə dair Fövqəladə Təhqiqat Komissiyasının materialları 2007-ci ildə Qubada arxeoloji qazıntılar zamanı yüzlərlə insan cəsədlərinin olduğu bir neçə kütləvi məzarlıqların aşkar edilməsi baxımından bu gün daha da böyük aktuallıq kəsb edir.

Bu sənədlərin dəyəri və əhəmiyyəti onların “Fövqəladə Təhqiqat Komissiyasının materialları” silsiləsində ayrıca toplu şəklində yenidən nəşr edilməsini şərtləndirmişdir. Oxuculara təqdim edilən bu topluya daxil edilmiş sənədlər öz məzmununa və xarakterinə görə, 2010-cu ildə nəşr edilmiş və 266 sənəddən ibarət olan toplunun tam versiyasına uyğun nömrələr
saxlanılmaqla, üç fəsildə sistemləşdirilmişdir.


Sənədlər toplusunun I fəslinə Fövqəladə Təhqiqat Komissiyasının üzvü, Quba hadisələrini araşdıran A.F.Novatskinin Quba şəhərinin və Quba qəzasının yerli hakimiyyət strukturları ilə yazışmalarından ibarət olan sənədlər daxil edilmişdir. Təcrübəli hüquqşünas olan A.F.Novatski qısa müddət ərzində Quba hadisələrinə dair hüquqi əsası olan faktlardan ibarət geniş həcmli material toplaya bilmişdi.

Məsələn, şəhər hakimiyyəti və sakinlərlə işləməklə yanaşı, Komissiya eyni zamanda nahiyə pristavları (polis idarəsinin rəisi) və starşinalar (starşinalar) vasitəsilə Quba qəzasında yandırılmış və qarət edilmiş kəndlərinin siyahılarının hazırlanmasını xahiş edir. Bundan əlavə aşağıdakı konkret və dəqiq məlumatları: bütün zərərçəkənlərin, qətlə yetirilənlərin və sərgərdanlıq vaxtı ölənlərin adları; yandırılmış və dağıdılmış evlərin, məscidlərin, digər tikililərin dəqiq sayı; yandırılmış və qarət edilmiş əşyaların, mal-qaranın və s. sayı və qiyməti və s. - əks etdirən sənədlərin hazırlanması təklif olunurdu. Bu zaman starşinaların işinin yüngülləşdiril-məsi üçün onlara tərtib edilməli “Qərar-aktların” Azərbaycan və rus dillərində nümunələri verilirdi. (Sənəd № 21) Sənədlərdən aydın olur ki, komissiyanın üzvü A.F.Novatski köməkçisi Ə.b.Xanbudaqov və şəhər rəisi Ə.b.Əlibəyov ilə birlikdə talanlar zamanı Qubada yandırılmış evlərin və ictimai binaların sayını müəyyənləşdirmək məqsədilə şəhərə bir neçə baxış keçirmişlər. Həmin baxışlar zamanı tərtib edilmiş protokollar bu fəslə daxil edilmişdir. Bu protokollardan o da məlum olur ki, baxış zamanı fotoqraf Bağırov tərəfindən yandırılmış evlərin şəkilləri çəkilmişdir. (Sənəd № 16) Lakin, təəssüf ki, bu şəkillər nə işin içində, nə də Parisə, Versal Sülh konfransında Azərbaycan nümayəndə heyətinə göndərilən FTK–nın materialları arasında aşkar olunmamışdır. Quba qəzasının ayrı-ayrı polis nahiyələrinin pristavları tərəfindən təqdim edilmiş raportlardan görünür ki, kənd cəmiyyətlərinin əksəriyyəti ümumi yığıncaqlar keçirməyə və Komissiyanın tələb etdiyi sənədləri tərtib etməyə müvəffəq olmuşdur.


Habelə, Komissiyanın tələbinə əsasən yerli strukturlar tərəfindən təqdim edilən və konkret informasiyadan ibarət olan sənədlər, məsələn, Quba şəhər rəisi Ə.b.Əlibəyovun şəhər əhalisinin, o cümlədən erməni əhalisinin sayı, yandırılmış və dağıdılmış binalar, erməni dəstələrinin Quba şəhərinə hücumunun başlanması tarixi və s. haqda hazırladığı arayış, (Sənəd
№ 5) və s. bu kimi materiallar böyük əhəmiyyət kəsb edir. Novatskinin FTK Sədrinin adına yazdığı “Quba şəhərinin və Quba qəzasının kəndlərinin talan edilməsi və adı çəkilən şəhərin və kəndlərin sakinləri üzərində törədilmiş zorakılıq əməlləri haqqında” məruzəsi (Sənəd № 37) I fəslin ən mühüm sənədlərindəndir. Məruzədə Quba hadisələrinə dair Komissiyanın təhqiqatlarına yekun vurulur və istintaqın müəyyən etdiyi müqəssirlərin adları göstərilir. İkinci mühüm sənəd “Quba şəhərinin və kəndlərinin talan edilməsi haqqında iş üzrə Fövqəladə Təhqiqat Komissiyasının Qərarı”dır ki, (Sənəd № 38) burada qırğınlar zamanı Quba şəhərinin müsəlman əhalisinə qarşı cinayətlərdə ifşa edilmiş şəxslərə qarşı ittiham irəli sürülür. I fəsli Azərbaycan SSR-in məhkəmə-istintaq orqanlarının sənədləri tamamlayır ki, həmin istintaq işi üzrə icraata 1920-ci ilin sonlarında məhz bu orqanların çıxardıqları Qərarlar əsasında xitam verildiyi məlum olur. (Sənədlər №№ 41-45)

Toplunun II fəsli Quba şəhərinin talan edilməsinə dair sənədləri əks etdirir və 2 hissəyə bölünür. 1-ci hissəyə Quba şəhər sakinlərinin şahid ifadələri daxil edilmişdir. Bu sənədlərdə Qubada müsəlman qırğınları başlanmazdan əvvəl və sonra, Amazaspın dəstələrinin şəhərdə olduğu günlərdə baş vermiş hadisələr geniş təsvir edilir. 1918-ci ilin aprel-may aylarında Qubada faciəli hadisələrin başlanmasının və inkişafının xronolo-giyasını yaratmağa imkan verən son dərəcə qiymətli məlumatları əks etdirən bu sənədlərdə şəhərin müsəlman əhalisinin, o cümlədən qadın, qoca və uşaqların vəhşicəsinə qətlə yetirilməsi, onlarla müsəlman qadınlarının, həmçinin azyaşlı qız uşaqlarının zorlanması, şəhərin məscidlərində yerli sakinlərin əsir saxlanması, müsəlmanlara məxsus ictimai binaların dağıdılması, kitabxanaların, kitabların, və xüsusilə Quran kitablarının yandırılması haqqında konkret hadisələr göstərilir, qırğınlarda iştirak edən şəxslərin adları çəkilir, qətlə yetirilmiş və zərər çəkmiş dinc vətəndaşlar haqqında məlumatlar verilir. Bu şəhadətlərin içində Quba şəhərinin başçısı Əli Abbas bəy Əlibəyovun, şəhər ruhanilərinin, habelə Bakı hakimiyyətinin nümayəndəsi David Gelovaninin ifadələri (Sənədlər №№ 56, 61, 68, 69, 70) xüsusi əhəmiyyət kəsb edir, belə ki, həmin ifadələrdə Quba şəhərində törədilən müsəlman qırğınların birbaşa təşkilatçılarının – Şaumyanın və Korqanovun adları çəkilir və Amazaspın cəza missiyasının əsil məqsədi – müsəlman əhalisinin kütləvi şəkildə qırılması – açıqlanır. Qeyd etmək lazımdır ki, əsas şahidlərdən biri – Quba şəhərinin şiə cəmiyyətinin başçısı Molla Hacı Baba Axundzadə A.F.Novatski tərəfindən Bakıda, onun müvəqqəti olaraq yaşadığı Təzə Pir məscidində ifadəsi alınmışdı və bu da istintaq üçün xüsusi əhəmiyyət daşıyan sənədin alınması üçün müstəntiqin öz işinə nə qədər dəqiq yanaşdığının bariz nümunəsi idi.


Fəslin 2-ci hissəsi Amazaspın erməni dəstələrinin hücumu zamanı Quba şəhərinin sakinlərinə vurulmuş zərərlər, müxtəlif xarakterli itki və ziyanlar haqqında sənədlərdən ibarətdir. Bu sənədlər arasında Quba şəhərinin 1-ci, 2-ci, 3-cü, 4-cü hissələri üzrə zərərçəkənlərin adları, qarət edilmiş və məhv edilmiş əşyaların adı və dəyəri göstərilən ümumi siyahılar, ayrı-ayrı
vətəndaşların müraciət və ərizələri vardır. Dəymiş zərərlər haqqında hər bir ümumi siyahı şəhərin müvafiq hissəsinin məhəllə mollasının imzası ilə təsdiq edilmişdir, bu siyahılar həmçinin ermənilər tərəfindən qətlə yetirilmiş sakinlərə vurulmuş zərərlər haqqında məlumatları da əks etdirir. Ümumi siyahılardan başqa ayrı-ayrı vətəndaşlar tərəfindən Komissiyaya
daxil olmuş müraciət və ərizələrdə də qarət edilmiş əşyaların adları, onların hər birinin ayrılıqda dəyəri və zərərin ümumi həcmi göstərilir, bəzi hallarda zərərin hansı şəraitdə vurulduğu təsvir edilir. Ərizələrdən göründüyü kimi, qarətlərə və basqınlara şəhərin bütün təbəqələrinin həm zəngin, həm də kasıb nümayəndələri məruz qalmışlar. Şəhər rəisi Ə.b.Əlibəyovun özünün, Quba şəhəri və qəza xəfiyyə idarəsinin rəisi Məcid Qasımovun evləri qarət edilmiş, habelə məşhur bəy nəsillərinin nümayəndələrinin – Şıxlar bəylərinin, İbrahimbəyovların və digərlərinin evləri, o cümlədən Ə.b.Zizikskinin evi yandırılmış və qarət edilmişdi. Bu sənədlərin arasında Quba qəzasının baytar həkimi O.O.Qankın çox müfəssəl yazılmış ərizəsi maraq doğurur, belə ki, bu ərizədə Gelovaninin və ermənilərin dəstələri geri çəkilən zaman, şəhərin bombalanması və yandırılması təhlükəsi altında, Qubanın dinc xristian əhalisinin zorla çıxarılması faktı öz təsdiqini tapır. Bu sənəddən aydın olur ki, Qubadan qaçan xristianların dəstəsindən qadınlara və uşaqlara heç bir xətər yetirilməmişdir və onlar ləzgilər tərəfindən şəhərə qaytarılaraq İbrahim bəy Şıxlarskinin evinə gətirilmişlər.


Kitabın III fəsli iki hissədən ibarət olmaqla Quba qəzasının kəndlərinin talan edilməsi haqqında sənədləri əhatə edir. 1-ci hissədə kənd cəmiyyətləri starşinalarının və kənd sakinlərinin şahid ifadələri verilir, Amazaspın dəstələrinin Bakıdan Qubaya və əks istiqamətdə bütün yolboyu Quba qəzası kəndlərinə hücumlarının təfərrüatları açıqlanır. Bu ifadələrdən məlum olur
ki, əksər kəndlərin əhalisi gözlənilən erməni basqınları haqqında qubalılar və digər kəndlərin sakinləri tərəfindən əvvəlcədən xəbərdar edildiyindən on minlərlə insan labüd ölümdən xilas ola bilmişdir. Həmçinin, sənədlərlə təsdiq edilir ki, erməni hücumlarına bütün müsəlman kəndləri – həm azərbaycanlı, həm də tat, ləzgi, qrız və s. kəndlər məruz qalmışdır. Quba kəndlilərinin şahid ifadələrində erməni əsgərlərinin azyaşlı körpələrə, ahıl qocalara, qadınlara rəhm etmədən törətdikləri ayrı-ayrı vəhşilik və qəddarlıq hadisələri xatırlanır. Toplunun bu hissəsinə həmçinin ermənilər tərəfindən yaralanmış şəxslərin tibbi-ekspert müayinəsinin protokolları daxil edilmişdir ki, Novatski tərəfindən həkimin iştirakı ilə tərtib edilən həmin sənədlərdə ayrı-ayrı insanlara yetirilən xətərlərin xarakter və dərəcəsi müəyyən edilmişdir. Kənd sakinlərinin bütün şahid ifadələrində kəndlərdə yandırılmış evlərin, məscidlərin, digər tikililərin, habelə qətlə yetirilənlərin və yarala-nanların sayı haqqında məlumatlar verilir, bəzi kəndlərdə erməni dəstələrinə qarşı silahlı müqavimət göstərilməsinə dair nümunələr gətirilir.


Bu hissəyə həmçinin Quba qəzasının ayrı-ayrı kənd sakinlərinin ərizə və müraciətləri də daxil edilmişdir ki, həmin sənədlərdə evlərin yandırılması, anbar, dəyirman və digər tikililərin dağıdılması, maq-qaranın oğurlanması, əşyaların qarət edilməsi və s. nəticəsində zərərçəkənlərin hər birinə vurulmuş zərərin miqdarı haqqında məlumat verilir.


III fəslin 2-ci hissəsi Quba qəzasının kənd cəmiyyətlərinə dəymiş zərərlər haqqında, Fövqəladə Təhqiqat Komissiyası tərəfindən təklif edilmiş şərtlərə uyğun olaraq tərtib olunmuş “qərar”larından ibarətdir. Qərarlar zərər çəkmiş kəndin bütün sakinlərinin birgə yığıncağında tərtib edilmiş və tələb olunan bütün bəndlər üzrə məlumatları özündə əks etdirir: qətlə
yetirilən, yaralanan, dağlarda, meşələrdə sərgərdan dolaşarkən xəstəlikdən, acından və qorxudan həlak olan kişi, qadın və uşaqların sayı, yandırılmış və dağıdılmış məscidlər ayrıca göstərilməklə, yandırılmış və dağıdılmış evlərin və tikililərin sayı, oğurlanmış mal-qaranın, qarət edilmiş ev əşyalarının sayı, zərərçəkənlərin adları, onların itkiləri barəsində məlumatlar və s. Qərarın sonunda bütün bu məlumatlara yekun vurularaq, həmin kəndə dəyən zərərin ümumi həcmi göstərilir. Qərarlar kəndin birgə yığıncağında iştirak etmiş bütün sakinlərin imzaları və starşinanın möhürü ilə təsdiq edilir. FTK-nın bu sənədləri xüsusi əhəmiyyətə malikdir, çünki onlar zərərçəkənlərin sayı, qətlə yetirilmiş və əzab verilmiş insanların adı, cinsi, yaşı haqqında daha dəqiq rəqəmləri, vurulmuş zərərin miqyasını, yandırılmış, dağıdılmış və viran qoyulmuş kəndlərin, ictimai və fərdi müəssisələrin, tikililərin və s. adlarını və sayını müəyyən etməyə imkan verir. Quba şəhərinin əhalisinə dəyən zərərlər haqqında sənədlər kimi, kənd cəmiyyətlərinin bütün qərarları da Azərbaycan dilində, ərəb əlifbasında tərtib edilmiş və qismən rus dilinə tərcümə olunmuşdur. Mümkündür ki, məhz bu məqam bəzi kəndlərin adlarının FTK-nın sənədlərində, o cümlədən Novatskinin məruzəsində təhrif olunmasına səbəb olmuşdur. Həmçinin, əvvəlcədən Komissiyaya göndərilən siyahılarda adları çəkilən zərərçəkmiş kəndlərin cəmiyyətlərinin bir hissəsi qərar təqdim etməmişlər. (Sənəd № 23, 24, 25) Nəticədə, siyahılarda göstərilmiş, lakin qərarlarını təqdim etməmiş kəndlər zərər çəkmiş kəndlərin Novatskinin məruzəsində göstərilən siyahısına düşməmişdir. Görünür ki, Novatski siyahını tərtib edərkən bütün tələb olunan məlumatların göstərildiyi rəsmi sənədə əsaslanmışdır. Bu səbəbdən, Amazaspın erməni dəstələrinin hücumu zamanı Quba qəzasının zərər çəkmiş kəndlərinin ümumi sayı Novatskinin məruzəsində dəqiq göstərilməmişdir. Belə ki, istintaq işində həm Azərbaycan, həm də rus dilində olan bütün sənədlər müqayisə və təhlil edilərkən müəyyən olunmuşdur ki, 1918-ci ilin aprel-may hadisələri zamanı Quba şəhəri nəzərə alınmadan, Quba qəzasında, 122 deyil, 167 kənd və yaşayış məskəni talan və qırğınlara məruz qalmışdır.

Həmçinin, Novatskinin məruzəsində Quba hadisələri zamanı qətlə yetirilənlərin (60 nəfər) və yaralananların (53 nəfər) sayı düzgün göstərilməmişdir. Sənədlərdən göründüyü kimi, yalnız starşinalar tərəfindən təqdim edilən adbaad düzəlmiş siyahılar üzrə Quba qəzasının kəndlərində müsəlman qırğınları nəticəsində 580 nəfər qətlə yetirilmiş, 55 nəfər yaralanmışdır. Qorxudan, dağlarda və meşələrdə sərgərdan dolaşarkən xəstəlikdən və aclıqdan 781 nəfər ölmüşdür ki, onlar haqda məlumatlar məruzədə ümumiyyətlə öz əksini tapmamışdır. Novatskinin məruzəsində yalnız Quba qəzasının kənd sakinlərinin məruz qaldığı zərərin ümumi məbləği – 58 121 059 rubl göstərilmişdir. Lakin, həmin sənəddə Quba şəhər sakinlərinə dəyən ziyanın ümumi məbləği göstərilməmişdir. Quba şəhər sakinlərinin çəkdiyi maddi ziyana dair ümumi siyahılar və ayrı-ayrı ərizələr əsasında həmin məbləğin – 63 703 760 rubl
olduğu müəyyən edilmişdir. Beləliklə, 1918-ci aprel-may hadisələri zamanı Quba şəhəri daxil olmaqla Quba qəzasının müsəlman əhalisinə vurulan zərərlərin ümumi məbləği 121 824 819 rubl təşkil etmişdir. FTK-nın sənədləri əsasında alınmış bütün bu məlumatlar “1918-ci ilin aprel-mayında müsəlman qırğınları nəticəsində insan tələfatı və Quba şəhərinin və Quba qəzasının əhalisinə vurulan maddi zərər haqqında ümumi məlumat” adlı 3 №-li Əlavədə göstərilmişdir.


Sənədlər toplusuna həmçinin aşağıdakı əlavələr daxil edilmişdir: № 1 – Quba hadisələri ərəfəsində şəhərin və qəzanın ayrı-ayrı əhali qruplarının say nisbəti haqqında dəqiq təsəvvür yaratmağa imkan verən “Quba şəhəri və Quba qəzası əhalisinin 1916-cı ilə olan milli-dini tərkibi”; № 2 – “Quba qəzasının 1918-ci ilin aprel-may aylarında qırğınlara məruz qalmış kəndlərinin siyahısı” – hər kəndin və yaşayış nahiyəsinin daxil olduğu cəmiyyətin və polis nahiyəsinin adı, həmçinin əhalisinin etnik mənsubiyyəti göstərilməklə; № 4 – “Quba qəzasının 1918-ci ilə olan xəritəsi” – Quba qəzasının qırğınlara məruz qalmış bütün yaşayış məskənləri göstərilməklə. Kitaba daxil edilmiş İnzibatı-coğrafi adlar göstəricisi 1918-ci ildə Quba
qəzasının tərkibinə daxil olan və sənədlərdə adları çəkilən, o cümlədən ermənilərin hücumuna məruz qalmamış, bütün yaşayış nahiyələri haqqında informasiyanı əks etdirir. Göstəriciyə həmin yaşayış nahiyələrinin müasir inzibati-ərazi bölgüsü üzrə məlumat da daxil edilmişdir. Qeyd olunmalıdır ki, Göstəricidə “bu gün mövcud deyildir” kimi qeyd edilmiş kəndlərin əksəriyyəti 1918-ci ildə tamamilə viran edilmiş və sonradan bərpa olunmamışdır. Göstəricidə həmçinin sənədlərdə xatırlanan digər inzibati-coğrafi adlar haqqında məlumatlar verilir.

Sənədlərdə mətn üzrə qeydlər rəqəmlərlə işarələnmiş və kitabın sonuna çıxarılmışdır.


Sənədlərin dili və üslubu olduğu kimi saxlanılmışdır. Azərbaycan Demokratik Respublikası hökumətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında 15 iyun 1918-ci il tarixli rəsmi sənədləri topluda ayrıca olaraq təqdim edilmişdir.


Sənədlər toplusuna aşağıdakı məzmunda foto-şəkillər daxil edilmişdir: köhnə Qubanın və Quba qəzasında yaşayan müxtəlif millətlərin nümayəndələrinin şəkilləri; FTK-na ifadə vermiş Quba sakinlərinin şəkilləri, FTK sənədlərinin və Kilvar kəndinin erməni sakinlərinin məktubunun fotosurəti; 2007-ci ildə arxeoloji qazıntılar zamanı tapılmış kütləvi məzarlıqların
təsvir edildiyi şəkillər.

Solmaz Rüstəmova-Tohidi,
tarix elmləri doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiyası
Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun aparıcı elmi işçisi

 

Mənbələr:


1. Azərbaycan Respublikası Dövlət Arxivi, fond 1061, siyahı 1, iş 96, vərəq 13 (Bundan sonra: AR DA, f., s., iş, v.).
2. AR DA, f. 1061, s. 1, iş 96, v. 2.
3. Ətraflı bax: Гусейнзаде А. Об этимологии топонима Куба. Советская тюркология, 1971, № 2, s.119-125.
4. Aşurbəyli S.B. Şirvanşahlar dövləti (VI—XVI əsrlər). Bakı, 2006, s. s.20, 125
5. Bax: Гусейнзаде А. Об этимологии топонима Куба...., s. 122-123; Гейбуллаев Г.А.Топонимия Азербайджана, Баку, 1986, s. 64
6. Aşurbəyli S.B. Şirvanşahlar dövləti.... s. 125.
7. Yenə orada, s. 20.
8. История Азербайджана. С древних времен по 1970 г. Под редакцией С.Алиярлы. Баку, 1996, s.24
9. Aşurbəyli S.B. Şirvanşahlar dövləti...s. 31.
10. Гейбуллаев Г.А.Топонимия Азербайджана... s. 110.
11. Bax: Fərzəlibəyov Ş.F. Qubanın tarixi. Bakı, 2001.s.20.
12. Yenə orada.
13. Сумбатзаде А.С. Азербайджанцы-этногенез и формирование народа. Баку, 1990, s. 232; Рахмани А.А. Азербайджан в конце XVI-XVII веке. Баку, 1981, s. 45.
14. Сумбатзаде А.С. Азербайджанцы-этногенез и формирование народа..., s. 232.
15. Yenə orada, s.233.
16. Yenə orada, s.241; Рахмани А.А. Азербайджан в конце XVI-XVII веке..., s. 86.
17. Алиев F.М. Миссия посланника Русского государства А.П.Волынского в Азербайджане. Баку, 1979, s.58
18. Yenə orada, s.78
19. Dəlili H.A. Azərbaycanın cənub xanlıqları. Bakı, 1979, s. 11.
20. Fərzəlibəyov Ş.F. Qubanın tarixi... s. 22.
21. Yenə orada,s. 39.
22. Абдуллаев Г.Б. Азербайджан в XVIII в. и его взаимоотношение с Россией. Баку, 1965, s. 89.
23. Yenə orada.
24. Dəlili Х.А. Azərbaycanın cənub xanlıqları.., s. 16.
25. История Ирана с древнейших времен до конца 18-го века. V. 1958, s. 302.
26. Сумбатзаде А.С. Азербайджанцы-этногенез и формирование народа..., s. 245
27. Fərzəlibəyov Ş.F. Qubanın tarixi.., s. 42.
28. Bax: Абдуллаев Г.Б. Азербайджан в XVIII в. и его взаимоотношение с Россией... s. 192.
29. Алиев Ф.М. Антииранские выступления и борьба против турецкой оккупации в Азербайджане в первой половине XVIII века. Баку, 1975, s. 216.
30. Сумбатзаде А.С. Азербайджанцы-этногенез и формирование народа...s. 247.
31. Алиев Ф.М. Азербайджан в XVIII веке. В книге: Историческая география Азербайджана, Баку, 1987, s.133.
32. Абдуллаев Г.Б. Из истории северо-восточного Азербайджана в 60-80-х гг. XVIII века. Баку, 1958, s. 36-52
33. Абдуллаев Г.Б. Азербайжан в XVIII веке и взаимоотношение с Россией,...s. 558
34. Yenə orada.
35. Абдуллаев Г.Б. Из истории северо-восточного Азербайджана..., s. 102
36. Сумбатзаде А.С. Азербайджанцы-этногенез и формирование народа..., s. 255
37. Абдуллаев Г.Б. Из истории северо-восточного Азербайджана...,s.125; Памятные записки А.В.Храповицкого\Чтение в Императорском обществе истории древностей российских при Московском ун-те. М., 1782, Кн. 2, s. 37
38. Сумбатзаде А.С. Азербайджанцы-этногенез и формирование народа..., s. 257;
39. Bax: Bakıxanov A.Q. Gülüstani-İrəm, Бакı, 1991; Сумбатзаде А.С. Азербайджанцы-этногенез и формирование народа. Баку, 1990; Fərzəlibəyov
Ş.F. Qubanın tarixi. Bakı, 2001; Mustafazadə T.T. Quba xanlığı. Bakı, 2005;
40. Акты Кавказской Археографической Комиссии (АКАК), т. IV, Тифлис, 1870, док. 1011, s.654 (Qafqaz Arxeoqrafiya Komissiyasının aktları, c. IV, Tiflis, 1870)
41. АКАК, c.IV, док. 1012, s. 655
42. АКАК, т.IV, док. 1018, s. 660
43. АКАК, т.IV, док. 1021, s. 662
44. АКАК, т.IV, док. 1017, s. 659
45. АКАК, т.IV, док. 1013, s. 655
46. АКАК, т.IV, док. 1017, s. 659
47. АКАК, т.IV, док. 1013, s. 655
48. АКАК, т.IV, док. 1015, s. 657
49. АКАК, т.IV, док. 1015, s. 658
50. АКАК, т.IV, док. 1022, s. 664
51. АКАК, т.IV, док. 1021, s. 664
52. Yenə orada.
53. Mustafazadə Т.Т., Quba xanlığı..., s. 217
54. Козубский Е.И. История города Дербента. Темирхан-Шура, 1906, с. 159-160
55. АКАК, т.IV, док. 1030, s. 671
56. АКАК, т.IV, док. 1028, s. 670
57. АКАК, т.IV, док. 1026, s. 666
58. АКАК, т.IV, док. 1027, s. 666
59. Баберовски Йорг. Цивилизаторская миссия и национализм в Закавказье. Kitabda: Новая имперская история постсоветского пространства. 1996, s. 307
60. Тагиев F.А. История города Баку в первой половине XIX века (1806-1859). Баку, 1999, s.19
61. История Азербайджана, т.2. Баку, 1960, s.35-40
62. История Азербайджана, Баку, 1996, s. 635-636
63. Ахмедов Э.М. А.-К.Бакиханов. Эпоха, жизнь, деятельность. Баку, 1989, s. 16.
64. Мамедов Н.Р. История города Кубы в XIX - начале XX века. Elmlər namizədi dissertasiyasının avtoreferatı, Bakı, 1989, s.19
65. Yenə orada, s. 16
66. Броневский Г.С. Исторические выписки о сношениях России с Персией, Грузией и вообще с горскими народами в Кавказе, обитающими со времен Ивана Васильевича доныне. СПб., 1996.
67. Rusiya Dövlət Hərbi-Tarix arxivi, (bundan sonra RDHTA...), f.VAU, iş 301, v.513-514
68. Yenə orada, v.516
69. Баберовски Йорг. Цивилизаторская миссия и национализм в Закавказье..., s. 309
70. RDHTA, f.VAU, iş 301, v.517.
71. Sankt-Peterburq, Rusiya Elmlər Akademiyası Arxivinin filialı (REA), f.99, s. 2, iş.
41, v. 126-132.
72. Yenə orada.
73. Bax: Гейбуллаев Г.А. Топонимия Азербайджана...
74. Bax:Буниятов З.М. Несколько замечаний по поводу этнических процессов в Ширване (до первой трети XIII века). Доклады Академии Наук Азербайджанской ССР, 1986, т. ХIII.
75. Yenə orada.
76. См.: Гейбуллаев Г.А. Топонимия Азербайджана...
77. Bax: Анисимов Ш.И. «Кавказские евреи-горцы» , СПб. 1888; Буниятов З.М. Несколько замечаний по поводу этнических процессов в Ширване ....
78. Bax: Велиев М.Г. Население Азербайджана – «музей этнографических сокровищ». Азербайджанский настольный календарь, Баку, 1924-1925 гг, s.391; Буниятов З.М.Несколько замечаний по поводу этнических процессов в Ширване...s. 73
79. Sankt Peterburq. Rusiya Elmlər Akademiyasının filialı, f.СПб, 99, siy. 2, iş. 41, v. 132
80. Мамедов Н.Р. История города Кубы..., s. 17
81. RDHTA, f.VAU, iş 301, v.520.
82. История Азербайджана, т.1, Баку, 1954, s. 233
83. Bax: Сумбатзаде А.А. Кубинское восстание 1837 г. Баку, 1961, s.67
84. Yenə orada, s. 92
85. Yenə orada, s. 86
86. Yenə orada, s.87
87. Yenə orada, s.93-95
88. История Азербайджана, т.2. Баку, 1960, s. 87,88
89. Yenə orada, s.88-90
90. История Азербайджана, т.2. Баку, 1957, s.238-239
91. Bax: Fərzəlibəyov Ş.F. Qubanın tarixi... s.216-218
92. Мамедов Н.Р. История города Кубы..., s. 22
93. История Азербайджана.т.2, Баку, 1957, s. 262
94. Колониальная политика российского царизма в Азербайджане в 20 - 60 гг. XIX в., ч.1. М.- V., 1936., s. 280
95. RDHTA, f.400, Asiya hissəsi, siy. 261\911, iş. 81\86, 1890, v. 10.
96. О русских переселенцах в Закавказском крае. Кавказ, 1850, 22 апреля, s.
127-128; Багиров F.Э. Переселенческая политика царизма в Азербайжане.
1830-1914 гг., М., 2009, s.19
97. Bax: Багиров Ф.Э. Переселенческая политика... s. 17
98. Gürcüstan Dövlət Tarix Arxivi, f.242, iş 508, v.132
99. Yenə orada, f.12, siy. 7, iş 415, v. 3-4
100. Yenə orada, iş.268, 1900, v.3-7
101. Юницкий А. История православных церквей и приходов Бакинской губернии. Бакинские губернские ведомости. Баку, 1905 № 1-52; 1906 г. №
1-52; См.: Багиров Ф.Э. Переселенческая политика..., v.635-636
102. Багиров Ф.Э. Переселенческая политика..., v. 643-644
103. Ихилов М.М. Народности лезгинской группы. Этническое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов. Махачкала, 1967.
104. RDHTA, f.VAU, iş 301, v.519.
105. Yenə orada, v. 517
106. Yenə orada.
107. Багиров Ф. Переселенческая политика..., с. 42
108. Yenə orada, s.633
109. Yenə orada, s. 27
110. Yenə orada, s. 626
111. Ətraflı bax: Юницкий А. История православных церквей и приходов Бакинской губернии. Бакинские губернские ведомости. Баку, 1905 № 1-52; 1906 г. № 1-52; Bax: Багиров F.Э. Переселенческая политика..., s.626-646
112. Yenə orada; Багиров Ф.Э. Переселенческая политика..., s. 646
113. Мамедов Н.Р. История города Кубы..., s. 24
114. Yenə orada.
115. Bax: Fərzəlibəyov Ş.F. Qubanın tarixi... s.24-25
116. Магомедов Р. Восстание горцев Дагестана в 1877 г. Махачкала, 1940, s.54
117. Гюльмалыев М.М. Крестьянское движение в Азербайджане в последней четверти XIX века. АКД, Баку, 1984, s. 18
118. Bax.: Багиров Ф.Э. Переселенческая политика..., s. 633
119. Bax: Магомедов Р. Восстание горцев Дагестана в 1877 г..., s.87
120. Fərzəlibəyov Ş.F. Qubanın tarixi... s.187
121. Гюльмалыев М.М.Крестьянское движение в Азербайджане..., s. 21
122. Гусейнов Дж.Х. Крестьянское движение в Азербайджане в начале ХХ в. (1900-1907 гг.), Elmlər namizədi dissertasiyasının avtoreferatı, Bakı, 2008, s.22
123. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivi, (bundan sonra:ARPİİ SSA), f.276, siy.8, iş.463, v.82
124. “Каспий” qəzeti, № 57, 1917-ci il, 11 март; ARPİİ SSA, f.1,siy. 405, iş.107, v.8
125. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (bundan sonra:AXC ensiklopediyası…) c.2, Bakı, 2005, s. 468
126. Ибрагимов З. Борьба трудящихся Азербайджана за социалистическую революцию (1917-1918 гг.). Баку, 1957, s.83
127. ARPİİ SSA, f.456, siy.16, iş.42, v.54, 59
128. Bax: Рустамбейли М.Г. Борьба трудящихся Кубинского уезда за установление и упрочение Советской власти в уезде (1917-1922 гг.). Elmlər namizədi dissertasiyasının avtoreferatı, Bakı, 1970, v.12
129. Yenə orada, v.9
130. Mir Cəfər Bağrovun məhkəməsi. Bakı, 1993, s. 35
131. “Каспий” qəzeti, № 163, 1917-ci il, 23 iyul; № 169, 1917-ci il, 30 iyul.
132. AXC ensiklopediyası, c.2, s.469
133. “Каспий” qəzeti, № 109, 1917-ci il, 19 may; № 139, 1917-ci il, 24 iyun; № 176,
1917-ci il, 8 avqust.
134. “Баку” qəzeti, № 90, 1917-ci il, 25 aprel (8 may) .
135. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi (bundan sonra AR DTA), f.169, siy.4, iş.151, v.1
136. “Баку” qəzeti, , № 107, 1917-ci il , 17 may.
137. “Каспий” qəzeti, № 234, 1917-ci il, 19 oktyabr.
138. AR DA, f.97, siy..3, iş.9, v.146
139. “Баку” qəzeti, № 23, 1918-ci il, 30 yanvar.
140. ARPİİ SSA, f.1, siy.405, iş.107, v.6-11; Исмаилов Э.Р. Власть и народ. Послевоенный сталинизм в Азербайджане. 1945-1953. Баку, 2003, v. 51
141. AXC ensiklopediyası, c.2,... s. 468
142. AXC ensiklopediyası, c.1,…, s.325
143. Рустамбейли М.Г. Борьба трудящихся Кубинского уезда..., s.11
144. Yenə orada, s. 10
145. AR DA, f.1046, siy.1, iş.232, v.9
146. “Известия Бакинского Совета” qəzeti, № 51, 1918-ci il, 20 март.
147. Yenə orada.
148. ARPİİ SSA, f. 456, siy.16, iş 212, v.12, 57, 148
149. Yenə orada.
150. ARPİİ SSA, f.276, siy.1, iş 94.(типографский экземпляр)
151. AR DA, f. 894, siy. 10, iş 148, v. 30
152. ARPİİ SSA, f.277, siy.2, iş14, v. 1-4
153. Ətraflı bax: Рустамова-Тогиди С.А. Мартовские события 1918 г. в Баку: предпосылки, характер, последствия. Kitabda: Рустамова–Тогиди С.А. Март
1918 г.Баку. Азербайджанские погромы в документах, Баку, 209, s.9-74;
154. Большевики в борьбе за победу социалистической революции в Азербайджане. Документы и материалы. 1917-1918 гг., Баку, 1957, s.
329-330; Şaumyan S.G. Seçilmiş əsərləri,c.2, Bakı, 1978, s.264.
155. ARPİİ SSA, f.276, siy. 8, iş155, v.8
156. “Azərbaycan”qəzeti, Bakı, 1919-cu il, 6 dekabr.
157. Ратгаузер Я. Революция и гражданская война в Баку. 1917-1918. Баку, 1927, s. 145
158. Ленин В.И. Военная программа пролетарской революции. Полное собрание сочинений, т.30, М., 1962, s.131
159. Şaumyan S.G. Seçilmiş əsərləri, c.2,... s.260
160. Топчибашев А.М. Меморандум, предъявленный находящимся в Константинополе почетным представителям держав Антанты, членом правительства Азербайджанской Республики, чрезвычайным посланником при правительствах Блистательной Порты, Армении и Грузии Али Марданбеком Топчибашевым (ноябрь 1918 г.). Баку, 1993, s. 31-32
161. ARPİİ SSA, f. 277, siy. 2, iş 14, v. 51; Байков Б.V. Воспоминание о революции в Закавказье. Архив русской революции, Т.9-10, М., 1991, s.114
162. Топчибашев А.М. Меморандум..., s.32
163. Ermənistan Respublikası Mərkəzi Hərbi-Tarix Arxivi, f.121, siy. 2, iş 99, v. 66; Bax: «Армянский вестник», 1999, № 1-2.
164. AR DA, f. 1061, siy. 1, iş 3, v.56.
165. Bax: Приложение № 3; Kitabda:С.Рустамова-Тогиди. Шемаха. Март-Июль
1918 г. Азербайджанские погромы в документах. Баку, 2013.
166. AR DA, f. 1061, siy.1, iş 96, v. 62
167. Yenə orada
168. Yenə orada, v.168
169. AR DA, f. 1061, siy. 1, iş 96, v. 34, 113
170. «Известия Бакинского Совета» qəzeti, № 77, 1918-ci il, 26 aprel.
171. “Бакинский рабочий” qəzeti, № 76, 1918-ci il, 27 aprel.
172. AXC ensiklopediyası, c.2,... s. 468; Токаржевский Е.А. Бакинские большевики - организаторы борьбы против турецко-германских и английских интервентов в Азербайджане в 1918 г., Баку, 1949, s.85.
173. AR DA, f. 1061, siy. 1, iş 96, v. 34
174. Yenə orada, v. 113- 114
175. Yenə orada, v. 118-119
176. Yenə orada, v. 41
177. Yenə orada, v.64
178. Yenə orada, v.37
179. Yenə orada, v.38
180. Yenə orada, v.65
181. Yenə orada, v.37
182. Yenə orada, v. 36
183. Yenə orada, v. 36-39
184. Yenə orada, v.113-114
185. Yenə orada, v. 48
186. Yenə orada, v. 35
187. Yenə orada, v. 114
188. Yenə orada, v. 49
189. Yenə orada, v. 39
190. Yenə orada, v. 119
191. Yenə orada, v. 116
192. Yenə orada, v. 49
193. Yenə orada, v. 119-119
194. ARPİİ SSA, f.1, siy. 405, iş107, v. 8
195. Yenə orada.
196. AR DA, f. 1061, siy. 1, iş 96, v. 63,65
197. Yenə orada, v. 34, 41
198. ARPİİ SSA, f.277, siy.2, iş15, v.84
199. AR DA, f. 1061, siy. 1, iş 96, v. 38
200. ARPİİ SSA, f.1, siy.405, iş107, v.8
201. Yenə orada, v. 8
202. Yenə orada.
203. AR DA, f. 1061, siy. 1, iş 96, v. 37
204. ARPİİ SSA, f.1, siy.405, iş107, v. 7
205. Yenə orada.
206. Mir Cəfər Bağrovun məhkəməsi...., s. 17
207. Yenə orada, s.15
208. “Бакинский рабочий” qəzeti, 1937-ci il, 28 noyabr.
209. Исмаилов Э.Власть и народ. Послевоенный сталинизм в Азербайджане.
1945-1953..., s.50-51
210. Yenə orada, s.52
211. ARPİİ SSA, f.1, siy.405, iş107, v. 8
212. Yenə orada.
213. Yenə orada, v.9
214. AR DA, f. 1061, siy. 1, iş 96, v.65
215. ARPİİ SSA, f.1,siy.405, iş107, v. 9
216. Yenə orada.
217. ARPİİ SSA, f.1, siy.35, iş 217, v. 92,
218. ARPİİ SSA, f.1, siy.33, iş 206, v.127-134.
219. Yenə orada.
220. Yenə orada, v. 167, 171.
221. Yenə orada, v. 133
222. ARPİİ SSA, f.1, siy. 35, iş 9, v. 563-568
223. ARPİİ SSA, f.1, siy. 222, iş 48, v.1.
224. Yenə orada, v. 294
225. ARPİİ SSA, f.1, siy. 33, iş 206, v. 196
226. ARPİİ SSA, f.1, siy. 35, iş 9, v. 563-568
227. Алиев Играр.Нагорный Карабах.История, факты, события. Баку, 1989, s.89.
228. Кавказский Календарь на 1917 г., вып. 1, Тифлис, 1916 г., s. 8-13
229. AR DA, f. 1061, siy. 1, iş 98, v. 102-102
230. Yenə orada, iş 97, v. 101-101
231. Yenə orada, v. 17
232. Yenə orada, iş 98, v. 104-104
233. Yenə orada, iş 96, v. 47
234. Yenə orada, iş 97, v. 25
235. Yenə orada, v. 101
236. Yenə orada, v. 3
237. Yenə orada, iş 98, v. 16, 96; iş 97, v. 47, 186-187; Bax:M.Məlikməmmədov. Qanlı dərə. 1918-ci il Quba faciəsi.Bakı, 2009.
238. Fərzəlibəyov Ş.F. Qubanın tarixi... s.269.
239. AR DA, f. 1061, siy. 1, iş 96, v. 37
240. Fərzəlibəyov Ş.F. Qubanın tarixi... s.269
241. “Знамя труда” qəzeti, № 95, 1918-ci il, 18 iyul; “Известия Бакинского Совета” qəzeti, № 143, 1918-ci il, 21iyul.
242. “Известия Бакинского Совета”, qəzeti № 143, 1918-ci il, 21iyul.
243. “Hümmət” qəzeti, № 39, 1918-ci il, 8 aprel.
244. Yenə orada.
245. “Известия Бакинского Совета” qəzeti, № 107, 1918-ci il, 6 iyun .
246. “Известия Бакинского Совета”qəzeti, № 105, 1918-ci il, 4 iyun.
247. AR DA, f.894, siy. 2, iş 26, v.20, 23
248. AR DA, f.1061, siy. 1, iş 105, v.1
249. Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti haqqında ətraflı bax: Рустамова-Тогиди С.Р. Мартовские события 1918 г. в Баку: предпосылки, характер, последствия...
250. AR DA, f. 1061, siy. 1, iş 95, v. 5-8
251. Yenə orada, v. 9
252. Bax. Əlavə № 2: “Quba qəzasının 1918-ci ilin aprel-may aylarında qırğınlara məruz qalmış kəndlərinin siyahısı”.
253. AR DA, f. 1061, siy. 1, iş 96, v. 38
254. Yenə orada, v. 49
255. Yenə orada, v. 16, 23, 52; 43; 29
256. Yenə orada, v. 29; 45
257. Yenə orada, v. 116
258. Yenə orada, v. 47
259. Yenə orada, iş 97, v. 4
260. Yenə orada, iş 96, v. 29
261. Yenə orada, v. 116; 48
262. Yenə orada, v. 24
263. Yenə orada, v. 58
264. Yenə orada, iş 95, v.5-8
265. Yenə orada.
266. Yenə orada, iş 97, v. 3, 110
267. Yenə orada, iş 96, v. 36
268. Yenə orada, v. 18
269. Yenə orada, v. 41, 45, 47, 54, 113
270. Yenə orada, v. 65
271. Yenə orada, v. 123- 124
272. Yenə orada, v. 36, 41, 47, 63
273. Yenə orada, v. 34
274. Yenə orada, v. 41
275. Yenə orada.
276. Yenə orada, v. 14; 36
277. Yenə orada, v. 19; 53
278. Yenə orada, iş 97, v. 110, 104
279. Yenə orada, iş 98, v. 95
280. Yenə orada, v. 102-102
281. Yenə orada, iş 96, v.37
282. Yenə orada, v. 38
283. “Известия Бакинского Совета” qəzeti, № 128, 1918-ci il, 3 iyul; Большевики в борьбе за победу....Документы и материалы,..., s. 512
284. AR DA, f.1061, siy.1, iş 96, v. 21
285. Yenə orada, v.3
286. ARPİİ SSA, f. 277, siy.2, iş15, v.44; Рустамова-Тогиди С.Р. Март 1918 г. Баку. Азербайджанские погромы в документах..., s.450;
287. AR DA, f.1061, siy.1, iş 96, v.36-37
288. Yenə orada, v.116
289. Yenə orada, v.46
290. Yenə orada, v. 19
291. Yenə orada, v. 16
292. Yenə orada, v. 116
293. Yenə orada, v.148
294. ARPİİ SSA, f.277, siy. 2, iş 15, v.84
295. AR DA, f. 1061,siy.1,iş 96, v. 13
296. Yenə orada, v. 140
297. ARPİİ SSA,, f.277, siy. 2, iş 15, v. 84
298. AR DA, f. 1061, siy. 1, iş 96, v. 63
299. ARPİİ SSA, f.1, siy. 405, iş107, v.8
300. AR DA, f. 1061, siy. 1, iş 96, v.119
301. Yenə orada.
302. Yenə orada, v.119
303. AR DA, iş100, siy. 2, iş 149, v.3-4
304. Рустамова-Тогиди С. Мартовские события в Баку..., с.47
305. AR DA, f. 1061, siy. 1, iş 95, v. 9- 10
306. Yenə orada, v. 11
307. AR DA, f. 895, siy. 3, iş 301, v.16-17
308. AR DA, f. 1061, siy. 1, iş 97, v. 190
309. ARPİİ SSA, f.303, siy.1, iş 79, v.13
310. Микоян А.И. Дорогой борьбы. Москва, 1971, s. 151, 158
311. www.FEDAYI.ru, «Дети Арарата».
312. ИА Регнум. Февральское восстание и судьба армянских офицеров. Elektron versiyası.
313. AR DA, f.1061, siy.1, iş 96, v. 3
314. Bax: A.C.İskəndərov. Azərbaycan türk-müsəlman soyqırımının tarıxşünaslığı. Bakı, 2006, s. 66-77
315. AR DA, f.41, siy.1, iş 16, v.5
316. AR DA, f. 1061, siy. 1, iş 96, v. 3.
317. Погромы армян в Бакинской и Елизаветпольской губерниях в 1918-1920 гг. Сборник документов и материалов. Ереван, 2003, s. 217-218, sənəd № 194.
318. Yenə orada.
319. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivi, iş ПР – 42448, Əli bəy Harun bəy oğlu Zizikskinin istintaq işi, v. 7-8.
320. Yenə orada, v. 54-56.
321. Yenə orada, v. 97 (zərfdə).
322. Yenə orada.
323. Yenə orada, v. 57-71.
324. Yenə orada, v. 64, 68.
325. Yenə orada, v.71.
326. Yenə orada, v. 19, 21.
327. Yenə orada, v.85-91.
328. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivi, iş ПР –42411, Həmdulla Əfəndiyevin və başqalarının istintaq işi, v.6.
329. Yenə orada, v. 37
330. Yenə orada, v. 53-54.
331. Yenə orada, v. 74.
332. Yenə orada, v. 110.
333. Yenə orada, v. 171-176.
334. Yenə orada, v. 183
335. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivi, iş ПР –21748, Əli Abbas bəy Hacı Niftulla oğlu Əlibəyovun istintaq işi, v.19.
336. Yenə orada, v. 24.
337. Yenə orada, v. 1.
338. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivi, iş ПР –39946, Məşədi Hacı Ağa Kərbəlayı Əhməd oğlu Qasımovun istintaq işi, v.1
339. Yenə orada, v.12.
340. Yenə orada, v. 23.
341. Bax: История Азербайджана по документам и публикациям. Под редакцией aкаd. З.М.Буниятова, составитель Н.М.Велиханлы, Баку, 1990, s.182-187.
342. Bax: Azerbaycan belgelerinde ermeni sorunu (1918-1920). Ankara, 2001; Геноцид азербайджанцев в 1918-1920 гг. Документы и материалы. Баку, 2001; Азербайджанская Демократическая Республика, Баку, 1998; А. Балаев. Азербайджанское национальное движение в 1917-1918 гг. Баку, 1998; B.Nəcəfov. Düşmənin iç üzü. I Hissə. Bakı, 2006; II Hissə, Bakı, 2007; А.Халилов. Геноцид против мусульманского населения Закавказья в исторических источниках. Баку, 2000; A.Paşayev. Açılmamış səhifələrin izi ilə.Bakı, 2001; M.Məlikməmmədov. Qanlı dərə. 1918-ci il Quba faciəsi.Bakı, 2009 və s.
343. Рустамова-Тогиди С. Март 1918 г.Баку. Азербайджанские погромы в документах. Баку, 2009, 864 стр.
344. Рустамова-Тогиди С. Куба. Апрель-Май 1918 г. Мусульманские погромы в документах. Баку, 2010, 552 стр. с фотографиями.
345. Рустамова-Тогиди С. Азербайджанские погромы в фотографиях и документах. Баку, 2012, 208 стр. С фотографиями.

 

 

 

 

 

 





Flag Counter